Zəngəzura necə qayıdacağıq – TƏHLİL

   Zəngəzura necə qayıdacağıq –    TƏHLİL
  24 Aprel 2021    Oxunub:12929
II Qarabağ müharibəsinin başa çatması ilə bağlı Azərbaycan, Rusiya və Ermənistanın dövlət rəhbərlərinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları birgə bəyanata əsasən, regionda mövcud olan bütün nəqliyyat marşrutlarının – o cümlədən, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən nəqliyyat xətlərinin bərpası nəzərdə tutulub. Həmin müddəanın icrasının təmin edilməsi məqsədilə bu ilin 11 yanvar tarixində Moskvada Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın iştirakı ilə keçən görüşdə hər üç ölkənin baş nazirlərinin müavinlərinin rəhbərliyilə birgə komissiyanın yaradılması haqqında razılıq əldə olundu.
Təbii ki, nəqliyyat marşrutlarının bərpa edilməsi regiondakı bütün dövlətlərə - Azərbaycan, Ermənistan və Rusiya ilə yanaşı İran və Türkiyəyə böyük iqtisadi səmərə vəd edir. Ermənistan ərazisindəki Meqri dəhlizinin bərpası Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsini və Türkiyəyə də çıxışını təmin edir. Bununla da, Azərbaycanın Naxçıvana çıxış üçün İrandan, Türkiyəyə çıxış üçün isə İran və Gürcüstandan asılılığı aradan qalxır. Ermənistanın isə Rusiya, İran və Türkiyə bazarlarına çıxışı yaranır və ölkə faktiki olaraq iqtisadi blokadadan qurtulur.

Baş nazir Nikol Paşinyanın dəfələrlə nəqliyyat marşrutlarının bərpa olunmasının ölkəsinin iqtisadi dirçəlişinə şərait yaradacağını bəyan etməsinə baxmayaraq, Ermənistan ictimaiyyətində bu planlar ciddi narahatçılıq doğurur. Ermənilər öz ərazilərindən Azərbaycanın marşrut xətti kimi istifadəsindən narahatçılıq keçirdiklərini gizlətmir və hətta rəsmi Bakının Zəngəzuru geri qaytarmaq planlarının olduğundan ehtiyatlanırlar.

ADA universitetində keçirilən beynəlxalq konfransda prezident İlham Əliyev azərbaycanlıların tarixi torpaqlarına qayıdışı ilə bağlı kifayət qədər maraqlı və diqqətçəkən fikir irəli sürüb. “Mən demişəm ki, biz oraya qayıdacağıq. Ancaq mən demədim ki, biz oraya tank üzərində qayıdacağıq” – deyən prezident, əlavə edib ki, “Biz Zəngəzur dəhlizinə qayıdıb, orada yoldan istifadə edəcəyiksə, niyə biz İrəvana qayıtmayaq? Hesab edirəm ki, vaxtı gələndə biz bunu da edəcəyik”.

Bu fikirlər təbii olaraq bir sualı ortaya çıxarır: “Necə?”. Yəni azərbaycanlılar müharibəsiz Zəngəzur və İrəvana necə qayıda bilərlər?

Əvvəlcə onu demək lazımdır ki, ermənilik ideyası erməni dövlətini paradoksal çıxılmaz vəziyyətə salıb. Erməniliyin əsas ideyasının türklərlə düşmənçilik olması Ermənistan dövlətinin monoetnik qalmasını tələb edir. Türk düşmənçiliyi ideyası üzərində qurulmuş monoetnik Ermənistan dövləti yerləşdiyi coğrafiyada Qərb, Rusiya və İranın öz maraqları naminə istifadə etdiyi geosiyasi təzyiq alətidir. Rusiya Ermənistan dövlətindən hərbi platsdarm kimi istifadə etməklə, Cənubi Qafqazı nəzarətində saxlayır və bu yolla Türkiyə də daxil olmaqla, Qərbə qarşı müdafiə buferini qurur.

Qərb öz ərazisində təşkilatlandırdığı erməni diaspor təşkilatlarının “tələbi”ni əllində bayraq edərək, Türkiyəni “soyqırımı”nı tanımaqla şantaj edir, İran isə, öz sərhəddində güclü Azərbaycan dövlətinin olmasından ehtiyatlanaraq, Ermənistanın düşmənçilik siyasətini davam etdirməsini məqsədəuyğun sayır. Burada əsas amil Ermənistanda monoetnik tərkibin qorunub saxlanılmasıdır ki, ümumi ictimai rəy vahid erməni ideyasından kənara çıxmasın.

Paradoks ondan ibarətdir ki, Qafqaz regionunu Rusiyanın təsirindən azad etmək üçün Ermənistanı Rusiyanın təsirindən çıxarmaq lazımdır. Bunun üçün Ermənistanın açıq dövlət olması və dünya iqtisadiyyatına inteqrasiya etməsi lazımdır. Lakin belə olan təqdirdə Ermənistanda monoetnikliyin tədricən pozulması və erməni ideyasının məhvi baş verəcək ki, bu zaman Ermənistan geosiyasi alət kimi faydalılığını itirəcək. Güman ki, Qərb Ermənistanın özünə inteqrasiyası və Rusiyanın təsirindən çıxması müqabilində ermənilik ideyasını qurban verməyə razılaşmışdı.

Kreml anladı ki, Qərb institutlarının köməyi ilə hakimiyyətə gəlmiş Nikol Paşinyan gec-tez Avropaya inteqrasiya yolunu tutatacaq və bunun üçün Gürcüstan-Qara dəniz marşrutundan istifadə oluncaq. Buna imkan verməmək və Paşinyanın reytinqini zədələmək üçün Rusiya Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinə göz yummalı oldu. Rusiya məhz Azərbaycan vasitəsilə Ermənistanın iqtisadi cəhətdən özünə bağlanmasını təmin etməklə Qərblə intaqrasiyasının qarşısını aldı.

Zəngəzur dəhlizinin işə düşməsi Ermənistanın iqtisadi cəhətdən Rusiya ilə inteqrasiyasına şərait yaratsa da, paralel olaraq ermənilərin Türkiyə, Azərbaycan və İran ilə qarşılıqlı iqtisadi-ticari münasibətlərə daxil olmasını ehtiva edir. Bu münasibətlərin inkişafı uzunmüddətli perspektivdə demoqrafik nöqteyi-nəzərdən Ermənistan əhalisinin say tərkibinin türklərin və azərbaycanlıların hesabına zənginləşməsi və etnik tərkibin dəyişməsi ilə nəticələnəcək.

Son 10 ilin demoqrafik göstəricilərinə diqqət yetirsək görərik ki, Azərbaycanda bu müddət ərzində əhali artımı 1milyon, Türkiyədə 12 milyon, İranda təxminən 10 milyon təşkil edib. Ermənistanda isə bu müddətdə əhalinin sayı 100 min azalıb. Eyni zamanda, nəzərə alınmalıdır ki, Zəngəzur dəhlizinin keçdiyi Ermənistanın Meqri rayonunun kəndlərilə birlikdə ümumi əhalisi 5 min nəfərdən bir qədər artıqdır.

Meqridən Ermənistanın paytaxtı Yerevana gedən yeganə dəmir yolu xətti Naxçıvandan keçir. Odur ki, Yerevanla Rusiya arasında dəmir yolunun bərpa edilməsi də yalnız Azərbaycan vasitəsilə baş verəcəyi üçün Ermənistanın Azəbaycanla əməkdaşlıq etməkdan başqa çıxış yolu qalmır. Bu tip əməkdaşlığın qurulması isə gələcək 10-20 il ərzində Ermənistanda əhalinin etnik tərkibinin 50 faiznin azərbaycanlılar və türklərin təşkil edəcəyini deməyə əsas verir. Güman ki, azərbaycanlıların Zəngəzur və İrəvana qayıtması da məhz bu yolla baş tutacaq.

Tofiq Vahid
Azvision.az


Teqlər: Zəngəzur  





Xəbər lenti