Azərbaycan tarixçiləri Baydenə etiraz etdilər

 Azərbaycan tarixçiləri Baydenə etiraz etdilər
  25 Aprel 2021    Oxunub:3410
Tarix institutu ABŞ prezidenti tərəfindən 1915-ci il hadisələrinin "erməni soyqırımı" kimi adlandırılmasını qəti şəkildə qınayır.
AMEA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a daxil olan məlumatda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində -İkinci Qarabağ müharibəsində tarixi qələbə, bu dövrdə Türkiyənin Azərbaycana mənəvi-siyasi dəstəyi, iki ölkə arasındakı münasibətlərin yeni üfüqləri regionda və dünyada onların rolunu daha da artırdı. Azərbaycan tərəfindən Ermənistanın kapitulyasiyası isə ermənilərin və ermənipərəst qüvvələrin anti-Azərbaycan və anti-Türkiyə platformasında konsolidasiyasını gücləndirdi. Bu proses qondarma "erməni soyqırımı" vasitəsilə Türkiyəyə təzyiqin artırılmasına yeni vüsət verdi.

ABŞ prezidenti 24 aprel münasibətilə çıxışında 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi adlandırdı. Bu aktın heç bir tarixi, hüquqi və siyasi əsası yoxdur, bu siyasiləşdirilmiş bir məsələdir. Belə olmasaydı, ermənilərin Birinci dünya müharibəsinin gedişi zamanı və ondan sonrakı dövrdə istər Türkiyədə, istərsə də Azərbaycanda törətdikləri sözsüz soyqırımı, xüsusilə 1992-ci ildə Xocalıda törədilmiş soyqırımı birmənalı şəkildə tanınardı. Digər tərəfdən, 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələr tarixin predmetidir. Tarixi faktlar da, burada heç bir soyqırımı aktı baş vermədiyini təsdiq edir.

Bu zamana qədər AMEA Tarix institutunun tarixçiləri türkiyəli həmkarları ilə birlikdə, 1915-ci il hadisələri üzrə həqiqətlərin ortaya çıxarılması və dünya ictimaiyyətinə çatdırılması üzrə ortaq tədqiqatlar aparmışdır. Azərbaycan tarixçiləri faktlara əsaslanaraq, 1915-ci ildə Osmanlı dövlətində "erməni soyqırımı" olması haqqındakı bütün iddiaları rədd edir. Bundan sonra da həmin hadisələrə dair həqiqətlərin araşdırılması sahəsində türkiyəli həmkarlarının yanındadır. ABŞ prezidentinin bu bəyanatı tarixi reallığı inkar edə bilməz, əksinə Azərbaycan və Türkiyə tarixçilərinin bu sahədə əməkdaşlığına yeni stimul verərək, qondarma "erməni soyqırımı" haqqında siyasiləşmiş qərarların ləğv olunmasınadək davam edəcəkdir. Məsələnin tarixin prioriteti olması nəzərə alınaraq, AMEA Tarix institutunun Elmi şurası xüsusi müzakirə keçirəcək və onun nəticələrinə əsasən bəyanatla çıxış edəcəkdir”.

Azvision.az


Teqlər: Tarix-İnstitutu   Bayden  





Xəbər lenti