Ölkədə dollar qıtlığı yoxdur – TƏHLİL

   Ölkədə dollar qıtlığı yoxdur –    TƏHLİL
  04 May 2021    Oxunub:5619
Ölkədə fəaliyyət göstərən banklar tərəfindən ABŞ dollarının satışının məhdud çərçivədə həyata keçirildiyinə dair narazılıqlar vardır. Hətta bunun pandemiya ilə əlaqəsinin olub-olmadığı müzakirəyə çevrilib. Məsələ bundadır ki, valyutaya tələb də yoxdur, yəni pandemiyaya qədər olan dövrdəki vəziyyət hələ müşahidə edilmir - turizm ölü vəziyyətdədir, iqtisadi fəallıq normal səviyyədə deyil, gediş-gəliş, ticarət zəifdir və s. Belə bir fonda dolların ehtiyatla satışı nə ilə əlaqədardır?
Ölkənin valyuta bazarında sabitlikdir. Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov da bu günlərdə açıqlamasında valyuta bazarında profisit olduğunu və tam tarazlığın hökm sürdüyünü bildirib. AMB rəhbəri buna əyani misal olaraq nəzərə çatdırıb ki, il başlayandan Dövlət Neft Fondu (ARDNF) tərəfindən dövlət büdcəsinə nəzərdə tutulan illik transfert məbləğindən manat-dollar mübadiləsi çərçivəsində dollar ödənişində qənaətə yol açılıb. Başqa sözlə desəm, yanvar-aprel ayları ərzində 1 milyard 989,8 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirilib. Yəni, valyuta satışı həcmi azalıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 40 faiz az deməkdir.

Bunun iki səbəbi var. Birincisi, bayaq da qeyd etdim ki, ölkədə turizmin ölü vəziyyəti, iqtisadi fəallığın aşağı olması və gediş-gəlişin, həmçinin ticarətin zəifliyi ucbatından dollara tələb aşağı səviyyəyə düşdüyündən, xarici valyutaya ehtiyac minimum həddə təşkil edir. Təkcə aprel ayında valyuta satışının həcmi 509,9 milyon dolları təşkil edib ki, bu da ötən ilin eyni ayındakı rəqəmə nisbətən 4 faiz azdır.

İkincisi, dövlət büdcəsinin gəlir mənbələri üzrə icrası yaxşı vəziyyətdə hesab edilir. İlin ilk 3 ayı ərzində ARDNF tərəfindən dövlət büdcəsinə 2 milyard 513,7 milyon manat transfert həyata keçirilib ki, bu da nəzərdə tutulan proqnozdan 536,3 milyon manat və yaxud 17,6 faiz azdır.

Buna İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Dövlət Gömrük Komitəsi tərəfindən ilin ilk rübü ərzində mədaxil planına artıqlaması ilə əməl edilməsi səbəb olub. 2021-ci ilin birinci rübü ərzində vergi xətti ilə dövlət büdcəsinə 2 milyard 85,7 milyon manat, gömrük xətti ilə isə 943,6 milyon manat vəsaitin köçürülüb. Bu da proqnoza nisbətən uyğun olaraq 363,8 milyon manat və ya 21,1 faiz, 158,6 milyon manat və ya 20,2 faiz çox deməkdir.

ABŞ valyutasına tələbin azalmasında xarici ticarət dövriyyəsinin, xüsusən də ölkəyə idxalın azalması da mühüm rol oynayıb və oynayır. 2021-ci ilin yanvar-fevral aylarında ölkənin xarici ticarət dövriyyəsi 4515,0 milyon dollara bərabər olmaqla, 2903,0 milyon dollarını və ya 64,3 faizini ölkədən ixrac olunan, 1612,0 milyon dollarını və ya 35,7 faizini isə idxal məhsullarının dəyəri təşkil edib. Bu da o deməkdir ki, 1291,0 milyon dollarlıq müsbət saldo təşəkkül tapıb. 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 7,5 faiz, real ifadədə 17,1 faiz, o cümlədən idxal 28,3 faiz, ixrac isə 10,6 faiz azalıb.

Sözün qısası, ölkədə xarici valyuta satışı üzərində hər hansı məhdudiyyət üçün heç bir əsas yoxdur və banklar tərəfindən əgər belə hallar nümayiş etdirilirsə, bu, bilavasitə sektorun özündə mövcud olan problemlərlə əlaqədar izah edilməli və məsələnin kökü bankların özlərində axtarılmalıdır.

Başqa sözlə desəm, banklarda kifayət qədər dollar olmadığı ehtimalını irəli sürmək mümkündür ki, bu da ya ölkədə fəaliyyət göstərən banklar tərəfindən AMB-dən istədikləri məbləğdə valyuta ala bilməmələri və yaxud da ki, valyuta satışı əvvəlkitək gəlirli xarakter daşımadığından, bankların bunda maraqlı olmamaları ilə izah edilə bilər. Təkrar edirəm, ölkədə valyuta qıtlığı yoxdur. Əvvəla, neftin dünya bazar qiymətləri uzun müddətdir yaxşı səviyyədədir, ikincisi, dollara tələb aşağı həddədir.

Yaxşı, bəs elə isə, manat niyə bahalaşmır? Yəni, dolların qarşısında nədən dəyərə minmir? Bir halda ki, bazarda tələb aşağı həddədir, üstəlik, ölkəyə valyuta axını qənaətbəxş vəziyyətdədir, o zaman dollar niyə dəyər itirmir?

Əlbəttə, qeyd oluna bilər ki, buna səbəb valyuta bazarının inzibati yolla tənzimlənməsi və hökumətin buna imkan verməməsidir. Odur ki, dərhal sual yaranır: banklarda süni dollar qıtlığı yaradılması bunun üçün əlavə vasitə və rıçaq sayıla bilərmi? Müəyyən mənada, bəli!

Məsələ bundadır ki, istehlak bazarında qiymətlər sarıdan vəziyyət yaxşı deyil. Cari ilin birinci rübündə orta illik inflyasiya 2,2 faiz olub, martda isə 4,1 faiz təşkil edib. İlin əvvəlindən keçən dövr ərzində istehlak bazarında çox işlənən ərzaq məhsullarının, geyimlərin və s. malların qiymətlərində ciddi yüksəliş müşahidə olunur. Xüsusən də, yerli məhsullar daha sürətlə bahalaşır. Bu isə çox təhlükəli faktor sayılır. Özü də sözügedən tendensiya idxalın azalması fonunda baş verir.

Odur ki, düşünürəm, ölkəyə dollar axınının indiki vəziyyətində onun daxili valyuta bazarında da bütün kanallar üzrə axınını təşkil etmək, yəni mövcud süni baryerləri götürmək bəlkə də mənfi nəticələr törədə bilər. İqtisadi aktivlik sağlam əsaslarda bərpa olunsa, yaxşıdır.


Pərviz Heydərov
Azvision.az üçün

Müəllifin əvvəlki yazıları:

İxrac iqtisadiyyatı: Naxçıvan bunu necə bacardı – TƏHLİL
Ermənistanın iqtisadi inkişaf yolu Azərbaycandan keçir - TƏHLİL
Su təsərrüfatında daha nələr dəyişməlidir - TƏHLİL
Bank sektorunda “tromblaşma”: Çıxış yolu nədir? - TƏHLİL
İstehlak bazarı niyə “yanır” və nə vaxt “sönəcək”? – TƏHLİL
"Pandemiya böhranı" nə vaxt bitəcək? - TƏHLİL
Avtomobil idxalı 2014-cü ilə qədərki vəziyyətə qaytarılmalıdır – TƏHLİL



Teqlər: Dollar   Manat   İnflyasiya  





Xəbər lenti