Heydər Əliyevin arzuladığı Azərbaycan: Şuşa azaddır, Qarabağımız dirçəlir!

  Heydər Əliyevin arzuladığı Azərbaycan:  Şuşa azaddır, Qarabağımız dirçəlir!
  10 May 2021    Oxunub:13551
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi və ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndər fəaliyyəti dövründə daim bu amal uğrunda çalışır, torpaqlarımızın işğaldan azad olunması üçün bütün gücünü səfərbər edirdi.
“Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır”, - deyən Ulu Öndər bir gün yurdumuzun düşmən əsarətindən azad olunacağına əmin idi. O, həm də inanırdı ki, memarı olduğu Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi dövründə daha da güclənəcək, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirəcək və qüdrətli ordusu ilə tarixi ədaləti bərpa edəcək.



1988-ci ildən yaranan Dağlıq Qarabağ münaqişəsinin həlli, Qarabağ bölgəsi hər zaman ulu öndər üçün xüsusi əhəmiyyətə malik olub. O, hələ Sovet dönəmində rəhbər vəzifələrdə çalışarkən Qarabağa həssaslıqla yanaşıb, buranın ictimai-siyasi həyatının, xüsusən də mədəniyyət sektorunun dirçəlməsində əvəzsiz rol oynayıb. Ulu Öndərin Şuşaya dair sözləri Qarabağa necə sevgi ilə yanaşmasını sübut edirdi: “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.



Təkcə bir məqamı xatırladaq ki, 1982-ci il iyul ayının sonları, avqustun əvvəllərində Azərbaycan KP MK-nın birinci katibi olmuş Heydər Əliyevin Dağlıq Qarabağ Muxtar Vilayətinə səfəri zamanı bir çox mühüm hadisələr baş vermişdi. Heydər Əliyev Vaqif poeziya bayramında, Xurşudbanu Natəvanın abidəsinin açılışında iştirak etmişdi. Həmçinin Üzeyir Hacıbəyovun evini-xatirə muzeyini ziyarət edən ulu öndər bəstəkarın xatirə kompleksini yaratmağın vacibliyini vurğulamışdı.

Şuşa şəhərinə daim diqqət və qayğı göstərən Heydər Əliyev şəhərin qədim mənzərələrinin saxlanılmasının, tariximizin qorunmasının zəruriliyini səfər zamanı xüsusilə qeyd etmişdi. Elə həmin il Şuşada dahi şairimiz Vaqifin məqbərəsinin açılması Heydər Əliyevin dərin zəhmətinin nəticəsi idi. Ulu öndər hələ Sovetin Azərbaycanı dar çərçivəyə salıb, ədəbi-mədəni həyatını tarixdən silməyə çalışdığı illərdə belə Qarabağın tarixi şəxsiyyətlərinin adının əbədiləşməsində böyük rol oynamışdı.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə Dağlıq Qarabağda separatçı meyllər, çağırışlar baş qaldırmırdı. Məhz onun SSRİ rəhbərliyindən uzaqlaşdırılmasından sonra bunu fürsət bilən erməni ideoloq və separatçılar Moskvaya-Kremlə yol tapa, öz mənfur ideyalarını həyata keçirə bildilər.

Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali sovetlərinin deputatı olub və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb. Bütün bu müddətdə daim xalqın və dövlətin taleyüklü problemlərini həll edən ümummilli lider 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.



Ulu öndər 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək burada cəsarətli addım atıb, media orqanları qarşısında etiraz bəyanatı ilə çıxış edib.

Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərlik etməsi xalqın tələbi və çağırışları ilə baş tutub. Belə ki, 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi nəticəsində ölkədə vətəndaş müharibəsinin baş verməsi təhlükəsi yaranmışdı. Nəinki vətəndaş müharibəsi, müstəqilliyin itirilməsi belə hər an reallaşa bilərdi. Belə bir qarışıq vəziyyətdə xalq Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və Azərbaycanın həmin dövrdəki rəhbərliyi Heydər Əliyevi Bakıya dəvət etməli oldu.
Onun müstəqil Azərbaycanın lideri kimi yenidən idarəçiliyi ələ alması daha çətin, məsul və riskli bir dövrə təsadüf etdi. Dahi şəxsiyyətin 1993-cü ildə Bakıya gələrək xalqı bəladan xilas etməsi tarixə qurtuluş günü kimi düşdü. Çünki 90-cı illərin əvvəllərində Azərbaycanda xaos yaradaraq 20 faiz torpaqların işğalına səbəb olmuş ovaxtkı səbatsız rəhbərlər ölkəni uçuruma, ağır bəlaya düçar etmişdi, xalqın sinəsində sağalmaz görünən bir yara buraxmışdı. Bu yara Qarabağın xəyanətlər nəticəsində əldən verilməsi idi.

1993-cü il oktyabrın 3-də və 1998-ci il oktyabrın 11-də Azərbaycan Prezidenti seçilən Heydər Əliyevin son nəfəsinə kimi əsas amalı əvvəlki hakimiyyətin qoyub getdiyi çox çətin bir problemi - Dağlıq Qarabağ münaqişəsini həll etmək olub.



Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etməsi ermənilərin kabusuna çevrildi

1993-cü ildən yenidən ölkəyə rəhbərlik edən ulu öndərin Azərbaycanda hakimiyyəti gücləndirməsi Qarabağı müvəqqəti olaraq işğalda saxlamağı bacaran Ermənistanın hərbi-siyasi rəhbərliyi üçün kabusa çevrilmişdi. Ümummilli lider hər bir səfəri, beynəlxalq tədbirlərdə iştirakı, çıxışlarında Qarabağ məsələsini daim diqqətdə saxlayır, işğalçıların mənfur siyasətini dəmir məntiqi ilə ifşa edirdi. Hələ ulu öndər prezident səlahiyyətlərini həyata keçirən zaman ATƏM-in Dağlıq Qarabağa dair Minsk Konfransının sədri Margioa Raffaelli ilə birgə mətbuat konfransında münaqişəyə dair əsl həqiqətləri beynəlxalq mətbuatın diqqətinə çatdırmış, qarşı tərəfin bölgəyə səfərlərin təşkil olunmasında süni əngəllər yaratmasını ifşa etmişdi.

“Minsk konfransının, hörmətli beynəlxalq təşkilat olan ATƏM-in, Birləşmiş Millətlər Təşkilatının nüfuzu böyük olsa da, Dağlıq Qarabağla bağlı münaqişənin dincliklə aradan qaldırılması sahəsində istər ATƏM, istərsə də Minsk konfransının ötən dövrdə gördüyü iş, göstərdiyi səylər, təəssüflər olsun, heç cür bir nəticə verməmişdir. Biz böyük təəssüflə qeyd edirik ki, bir tərəfdən həmin dövrdə həm Minsk konfransı, həm də ATƏM münaqişənin dincliklə aradan qaldırılması istiqamətində fəaliyyət göstərmişdir, digər tərəfdən, bu dövrdə müharibə getmiş, qan tökülmüşdür, erməni silahlı birləşmələri Azərbaycan ərazisində dəfələrlə təcavüzkar basqınlar etmişlər və bu müddət ərzində Azərbaycan ərazisinin bir hissəsini erməni silahlı birləşmələri işğal etmiş, ələ keçirmişlər”, - deyə ulu öndər zamanında bu qurumun yarıtmaz fəaliyyətini tənqid etmişdi.



Heydər Əliyevin 1993-cü ilin dekabrın 24-də MDB dövlət başçıları şurasının iclasında səsləndirdiyi, tutarlı faktlara əsaslanan bəyanatı da diqqət çəkirdi:

“Təəssüflər olsun, son dövrün təcrübəsi göstərir ki, qətiyyətsizlik, tərəddüdlük, təcavüzkarın mənafeyi ilə onun qurbanlarının mənafeyi arasında tamamilə yolverilməz olan tarazlıq yaratmaq nəinki təcavüzkara münasibətdə səhlənkarlıqdır, həm də bütün Qafqaz regionunda əmin-amanlığı sarsıtmaq və münaqişənin MDB sərhədlərindən kənara genişlənməsi qorxusu törədir. Bütün bunlar Kollektiv Təhlükəsizlik haqqında müqavilə imzalamış MDB ölkələrindən Ermənistanın Azərbaycana qarşı təcavüzünün səbəblərinə və onun nəticələrinə ciddi yanaşmağı tələb edir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, baş verən hadisələr təkcə bizim regiona deyil, həm də bütün MDB məkanına aiddir”.

Bundan əlavə, ümummilli lider 1994-cü ildə Brüsseldə NATO Şurasındakı çıxışı zamanı əsas diqqəti Qarabağ münaqişəsinin həllinin vacibliyinə çəkməyi bacarmışdı. O, işğal faktının ortada olmasına rəğmən beynəlxalq güclərin buna səssiz yanaşmasını aşkar şəkildə qınamışdı:

“Sizə yaxşı məlumdur ki, Azərbaycan ərazisinin bir hissəsini ilhaq etmək, Dağlıq Qarabağı Ermənistana birləşdirmək məqsədi güdən Ermənistanın hərbi təcavüzü nəticəsində erməni silahlı birləşmələri Azərbaycan ərazisinin xeyli hissəsini işğal etmişlər. Altı ildən bəri davam edən müharibə nəticəsində 20 mindən çox adam həlak olmuş, təqribən 4 min nəfər əsir düşmüş və ya girov götürülmüş, Azərbaycan ərazisində minlərlə yaşayış evi, xəstəxana, məktəb, sosial obyekt, sənaye və kənd təsərrüfatı müəssisəsi məhv edilmişdir. Ölkəmizə milyardlarla dollar zərər dəymişdir. Lakin ən dəhşətlisi odur ki, Azərbaycan ərazisinin 20 faizə qədəri erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdur və bu rayonların sakinləri – bir milyondan çox adam yaşayış yerlərini itirmişdir, çox ağır sosial iqtisadi vəziyyətdədir və öz ölkəsində qaçqına çevrilmişdir. Dağlıq Qarabağın ərazisində yaşayan azərbaycanlıların hamısı oradan qovulmuşdur. Dağlıq Qarabağ və onun ətrafında Azərbaycanın daha yeddi rayonu, bayaq dediyim kimi, erməni silahlı birləşmələrinin işğalı altındadır”.

Ulu Öndər Heydər Əliyev Qarabağ problemini nəinki beynəlxalq tədbirlərdə, nüfuzlu təşkilatların tribunalarında qabartmış, müxtəlif vaxtlarda səfər etdiyi ayrı-ayrı ölkələrdə görüşlər və əcnəbi jurnalistlərin suallarını cavablandıranrkən də münaqişənin həlli istiqamətində qətiyyətli mövqeyini ortaya qoymuşdu. Onun 1994-cü ildə Türkiyədə, Böyük Britaniyadakı Kral Beynəlxalq Münasibətlər İnstitutunda, Çinin paytaxtı Pekində, Almatıda, Tehranda və digər aparıcı ölkələrin paytaxtlarında etdiyi çıxışlarda Qarabağ məsələsini ana xətt olaraq tutması münaqişənin həllinin Ulu Öndər üçün nə dərəcədə əhəmiyyət daşıdığını göstərirdi.

Ümummilli lider fəaliyyəti dövründə hər zaman Qarabağ məsələsinə həssaslıqla yanaşmış, BMT-dən tutmuş, müxtəlif beynəlxalq təşkilatların ali kürsülərində, dünya liderləri ilə görüşlərdə bu istiqamətdə görülən işlərin effektiv nəticə verməsi üçün səylərin artırılmasını tələb etmişdi. Buna dair yüzlərlə çıxışlar, görüşlərdə səslənən fikir və bəyanatlar var ki, bütün bunlar sənədləşdirilərək tarixin arxivlərində gələcək nəsillər üçün saxlanılır.

Ulu öndərin layiqli davamçısı Şuşa vəsiyyətini reallaşdırdı



Adını tariximizə, xalqın qəlbinə qızıl hərflərlə yazdırmağı bacarmış Ulu Öndərin qoruyub saxladığı, dirçəldib müstəqil ölkə kimi irəli daşıdığı Azərbaycan bu gün dünyada 21-ci əsrin müharibəsini aparan qalib dövlət kimi tanınır. Heydər Əliyevin vəsiyyəti Dağlıq Qarabağın, Şuşanın yenidən əzəli sahibinə qaytarılması olmuşdu ki, bu tarixi missiyanı onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən il uğurla həyata keçirdi.

Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də Şəhidlər Xiyabanından xalqa müraciətində Şuşanın azad olunması müjdəsini verərək Ulu Öndərin vəsiyyətini yerinə yetirdiyini qürurla qeyd etdi:

“Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!

Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!”


Ulu öndərin 2003-cü ilin oktyabrın 13-də Azərbaycan Gənclərinin Üçüncü forumunda gənclərə müraciətində səsləndirdiyi tövsiyə və tapşırıqları artıq reallığa çevrildi. Heydər Əliyev gənclərə səslənərək demişdi:

“Bu gün Azərbaycan Respublikası öz tarixinin şərəfli və mürəkkəb bir dövrünü yaşayır. Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, o cümlədən işğal olunmuş torpaqlarımızın azad olunması, ölkə iqtisadiyyatının sürətlə inkişaf etdirilməsi, əhalinin sosial problemlərinin həll edilməsi, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması yolunda görüləsi işlər hələ çoxdur. XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə görüləcək bu əzəmətli işlərin həyata keçirilməsinin əsas ağırlığı və məsuliyyəti isə bugünkü gənclərin üzərinə düşür. İnanıram ki, zəngin və dərin mənəviyyata sahib, vətənpərvər gəncliyi olan xalqımızın daha böyük, daha parlaq gələcəyi var. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətçiliyini yaşatmaq, onu qüdrətli etmək üçün siz, yüksək amallı Azərbaycan gəncləri daim hazır olmalısınız”.



Bu gün Ümummilli Liderimizin arzuladığı bir Azərbaycan var, dövlətçilik əmin əllərdə yaşayır, Qarabağ, onun tacı Şuşa tarixi sahibinə qovuşub, doğma yurdumuza 30 ildən sonra yenidən həyat qayıdır. Ulu Öndərin bu gün ruhu şaddır ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, şanlı bayrağımız Qarabağ torpağında dalğalanır. Onun dediyi kimi, Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!

Bu gün həm Qarabağımız, həm də Şuşamız azaddır.

Tural Tağıyev


Teqlər: Heydər-Əliyev   Qarabağ   Şuşa   Çıxış   Bəyanat   BMT  





Xəbər lenti