“Ermənistanın məqsədi sərhəddə vəziyyəti gərginləşdirməkdir” - Politoloq

  26 May 2021    Oxunub :522
“Ermənistanın məqsədi sərhəddə vəziyyəti gərginləşdirməkdir” -  Politoloq
Ermənistan Azərbaycanla sərhəddə gərginlik yaratmaqda davam edir. Son günlər belə təxribatlar intensiv hal alıb.
Ekspert və politoloqlar İrəvanın sərhəddə süni əngəllər yaratdığını, bununla Azərbaycanı təxribata çəkməyə çalışdığını bildirirlər.

Məsələni Azvision.az –a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Azərbaycan müharibədə qələbə qazandıqdan sonra Ermənistanla sərhəddi müəyyənləşdirməyə başlayıb, lakin bu proses qarşı tərəfdə narazılıq yaradıb:

“30 ilə yaxındır sərhədin nə olduğunu bilmirdilər, Qarabağ və ətraf rayonların əbədi nəzarətlərində qalacağını zənn edir və buna alışmışdılar. İndi Azərbaycan hərbçiləri onların bu “alışqanlığına” son qoyur. Ermənistan hakimiyyəti çox istəyir ki, Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı prosesə müdaxilə etsin. Ancaq Rusiya və məlum təşkilat prosesə müdaxilə etmir və bu da İrəvanın narazılığına səbəb olur. Ermənilər bu məsələdə özlərini təklənmiş kimi hiss edirlər. Bu arada, Ermənistan belə bir xəbər yaydı ki, Azərbaycan sərhədçiləri onlara atəş açıblar və bir erməni həbçisi həlak olub. Ancaq bu xəbəri rəsmi Bakı təkzib etdi. Əksinə onlar bizə tərəf atəş açırlar”.

Politoloq hesab edir ki, Ermənistan hakimiyyətinin məqsədi sərhəddə vəziyyəti gərginləşdirmək və Rusiyadan dəstək almaqdır. Ona görə ki, Ermənistan müharibədə itirdiklərinin yerini doldura bilməyib, sərhədini qoruya biləcək durumda deyil:

“Ermənistanın xarici işlər naziri Ara Ayvazyan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşdə Moskvanın işə qarışmasını xahiş edib. Rusiya niyə müdaxilə etməlidir ki? Sərhəd iki dövlət – Azərbaycan və Ermənistan arasında həll olunmalıdır. Əgər Rusiya prosesə müdaxilə edərsə, bu ölkənin Azərbaycanla münasibətləri gərginləşəcək. Kreml bunu istəmir”.

İyunun 20-də Ermənistanda parlament seçkilərinin keçiriləcəyini xatırladan politoloq Rusiyanın Ermənistanda hakimiyyətə kimin gəlməsini müəyyənləşdirmək istədiyini söyləyib.
Azərbaycanı isə Ermənistandakı parlament seçkisi və onun nəticələri maraqlandırmamalıdır:

“Biz fasilə vermədən sərhəddin müəyyənləşdirilməsi prosesini davam etdirməliyik. Sərhəd müəyyənləşdikcə Azərbaycan sərhədçiləri strateji məntəqələrə nəzarəti ələ alırlar. Bu sıraya Ermənistanın yollarını, hava limanlarını və şəhərlərini göstərə bilərik. Bu, Azərbaycan üçün strateji üstünlük qazandırır. Bu, o deməkdir ki, Ermənistan gələcəkdə yenə Azərbaycana qarşı təxribata baş vurarsa, yenidən Qarabağda separatçılığa başlayarsa, bu halda müharibə yalnız Qarabağı əhatə etməyəcək. Bu dəfə Azərbaycan ordusu sərhəddən nəzarətdə saxladığı Ermənistanın yollarını, hava limanlarını və şəhərlərini hədəf seçə biləcək”.

Tural Tağıyev
Azvision.az

Teqlər: Sərhəd   Politoloq   Ermənistan   Moskva