Azərbaycana uçuşların bərpası turizmi canlandırır - Rəsmi

   Azərbaycana uçuşların bərpası turizmi canlandırır -    Rəsmi
  23 İyun 2021    Oxunub:747
Azərbaycanda COVID-19 pandemiyası ilə əlaqədar sanitar-epidemioloji vəziyyətin stabilləşməsi fonunda bir sıra yumşalamalara gedilir. Operativ Qərargahın qərarı ilə artıq bir sıra ölkələrdən Azərbaycana uçuşların həyata keçirilməsinə başlanılıb. Türkiyə, Rusiya, ABŞ, Macarıstan, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, İsrail kimi ölkələrdən vətəndaşlar müəyyən olunmuş qaydalara əsasən Azərbaycana gələ biləcəklər.
Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə Azvision.az -a açıqlamasında bildirib ki, Azərbaycanın bir sıra ölkələrlə hava əlaqələrini bərpa etməsi, həmin ölkə vətəndaşlarının Azərbaycana gəlməsi turizmin canlanmasında mühüm rol oynayır. O bildirib ki, hava əlaqəsinə icazə verilən ölkələrin əksəriyyəti Azərbaycanın prioritet turizm bazarlarıdır:

“Pandemiyadan öncəki ilk üçlükdə Türkiyə və Rusiya ölkələri dururdu ki, artıq bu ölkələrlə hava əlaqəsi bərpa edilib və uçuşların sayı artırılıb. Bu coğrafiyanı daha da genişləndirməyi düşünürük. Bu da mərhələ ilə olacaq. Əsas vəzifəmiz nəzarətdə olan pandemiya ilə bağlı şəraiti qoruyub saxlamaqdır ki, nə vətəndaşların, nə də ölkəmizin qonaqlarının səhhətinə təhlükə yaransın”.

K.Quluzadə bildirib ki, tezliklə turizm bazarında aktivliyi müşahidə edə biləcəyik:

“Turistlərin ölkəyə axın tempi pandemiyadan əvvəlki kimi olmasa da, müəyyən aktivlik müşahidə olunacaq”.

Aytən Zəhra

Azvision.az



Teqlər: Turizm   Uçuş  





Xəbər lenti