"Ermənilərin amansız işgəncələrini unuda bilmirəm" - Keçmiş əsir
Azvision.az xəbər verir ki, bunu bu gün Yasamal rayon Məhkəməsində Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verən erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclasındakı ifadəsində zərərçəkmiş Elşən İslamov deyib.
Şahid deyib ki, ona ermənilər ağır işgəncələr verib: “Qış idi, məni əsgərlərinə təhvil verdilər. Əsgərlər məni yerə uzadıb əllərimi bağladı, üstümə benzin tökdülər. Onlar benzin qabını da başımın altına qoydular. Hazırlaşırdılar ki, məni yandırsınlar. Bu zaman xəbər gəldi ki, məni yandırmasınlar, aparırlar. Yenidən döyməyə başladılar. Maşına mindirdilər, yemək verdilər, yenə döydülər. Döyə-döyə kəndə gətirdilər. Maşından düşəndə başımdan vurdular və özümdən getdim. Ayılandan sonra Şuşa həbsxanasında olduğumu gördüm. Orda çoxlu yaralı azərbaycanlı var idi. Birinin gözünü çıxarmışdılar. Dedilər ki, 1992-ci ildə əsir düşəndi. Betonun üstünə su tökürdülər biz orda yatırdıq. Tualetə gedib-qayıtmaq üçün 3 dəqiqə vaxt vermişdilər. Tualetə qaça-qaça gedəndə 4 dəqiqəyə çatırdıq. Artıq qayıdanda 7 dəqiqə olurdu və məni amansızcasına döyürdülər.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi gəldi, gördü ki, bizim yatmağa yerimiz yoxdu. Tapşırıq verdi ki, bizə yatmağa yorğan-döşək versinlər. Komitə nümayəndəsi gedəndən sonra yorğan-döşəyi aldılar. Sonra məni iki nəfər maşına mindirib bir dağa apardı. Orada düşürdülər ki, “dayan güllələyirik”. Sevindim ki, canım qurtarır. Geriyə dön dedilər. Döndüm bizim postumuzdur. Məni saxladılar, başladılar bizimkilərə tərəf atəş açmağa. İstəyirdilər ki, bizim postdakılar da atəş açsın və bizi vursun. Amma bizimkilər məni vurmadılar”.
E.İslamov söyləyib ki, ona L.Mkrtiçyan Şuşa həbsxanasında işgəncələr verib: “O, kəlbətinlə ağzımdakı qızıl dişləri çıxartdı. Mən Mkrtiçyan tərəfindən işgəncələrə məruz qalmışam, Xosrovyanı tanımıram. Mkrtiçyan mənə elə işgəncələr verib ki, onu hələ də unuda bilmirəm”.
Azvision.az
Teqlər: Keçmiş-əsir