Zəfərdə Liderin rolu: Sarqondan Əliyevə qədər örnəklər nə deyir? – TARİXİ TƏHLİL

      Zəfərdə Liderin rolu:    Sarqondan Əliyevə qədər örnəklər nə deyir? –    TARİXİ TƏHLİL
  16 Avqust 2021    Oxunub:9345
Müharibəni xalq qazanır, yoxsa, lider? Yaxud, döyüşü udan ordudur, yoxsa, sərkərdə? Bu suallar nə qədər qəribə görünsə də, hər zaman aktual və müzakirəyə açıqdır. Məntiqli və əsaslı cavab üçün, gəlin, Əlahəzrət Tarixin özünə müraciət edək.
Şübhəsiz ki, istənilən savaşda ordunun psixoloji-texnoloji hazırlığından tutmuş, xalqın əzmi, inadı, mənəvi halının hansı səviyyədə olmasına qədər son dərəcə önəmli faktorlar var. Lakin razılaşmaq lazımdır ki, istənilən müharibədə nəticəni sərkərdənin düzgün təhlili, taktiki gedişləri, strategiyası müəyyən edir.
Tarixdə yüzlərlə, bəlkə də minlərlə belə nümunə var ki, uduzulmaqda olan savaşın taleyi liderin dəyişməsilə necə əksinə çevrilir, məğlub durumda olan tərəf necə qalib gəlir. Onlardan bəzilərini xatırlayaq.

Siyasi tarixin başladığı Mesopatomiya

Eradan əvvəl XXIII əsrdə tarixdəki ilk mərkəzləşmiş dövlətin banisi, Umma və Urukun çarı Luqalzaqesi cənubi Mesopotamiyanın şəhər-dövlətlərini vahid mərkəzdə birləşdirdikdən sonra akkadlıların yaşadığı əraziyə - Şimali Şumerə hücuma keçir. Burada Kiş çarı Urzababa Luqalzaqesiyə məğlub olur. Məğlubiyyətdən sonra Urzababa qoşununa başçılığı sərkərdəsi Sarqona həvalə edir.
Yüksək sərkərdəlik bacarığı olan Akkadlı Sarqon Luqalzaqesini məğlub edir, düşmən ordusunu Akkad torpaqlarından uzaqlaşdırmaqla yanaşı, cənuba doğru hücuma keçir və Şumer torpaqlarını da Akkada birləşdirir.
Antik mənbələrdən “Akkad əsgərlərinin qılınclarını Bəsrə körfəzində yuduqlarını” bilirik. Ardından öz kralı Urzababaya tabe olmadığını bildirən Sarqon Akkad krallığını qurduğunu elan edir, Şimali Mesopotamiyaya, Kişə hücum edərək ərazini öz hakimiyyəti altında birləşdirir.
Sarqonun dövlətçilik fəaliyyəti bununla yekunlaşmır. Elam (Cənub-Şərqi İran) , Suriya və Anadoluya hücum edib, torpaqlarını Aralıq dənizinə qədər genişləndirərək, tarixin ilk imperiyası olan Akkad İmperiyasını yaradır.
Əgər müharibəni udan xalq və ordu idisə, necə oldu ki, Sarqondan az müddət əvvəl eyni xalq və eyni ordunun başında duran Urzababa nəinki Sarqonun uğurları əldə edə bilmiş, əksinə, uruqluların hücumları qarşısında əzilmişdi?!

Pun müharibələri

Eradan əvvəl 216-cı ildə Kann yaxınlığında İkinci Pun müharibəsi zamanı Hannibalın rəhbərlik etdiyi Karfagen ordusu Roma qoşunlarını ağır məğlubiyyətə uğratdı. Roma ordusunun komandanı konsul Emili Pavel öldürüldü, 90 minlik Roma qoşununun 70 mininin cəsədi döyüş meydanında qaldı.
Bu, əslində Roma imperiyasının sonu, Hannibalın bütün Romaya ağalığının başlanğıcı olmalı idi.


Lakin Roma səhvlərini, məğlub olma səbəblərini düzgün təhlil edərək, uğurlu taktika və lider dəyişikliyi ilə ardıcıl qələbələr qazanır və Hannibalın ordusunu İtaliyadan çıxarmağı bacarır.
Ordunun başına ağıllı sərkərdə Ssipion gətirilir. Onun rəhbərliyi ilə Roma ordusu Kann döyüşündən cəmi 12 il sonra e.ə 204-cü ildə Zamada Karfagen ordusunu darmadağın edir. Cəmi 3 il sonra isə Karfagen kapitulyasiya imzalamağa məcbur olur. Amma bu da onu xilas etmir…

Bir qızın tarixi dəyişən gücü

Yüzillik müharibə ingilislərin üstünlüyü ilə başlamışdı və belə də davam edirdi. Krezi (1346) döyüşündə məğlubiyyət, ardınca Puatyedə (1356) darmadağın olmaları, üstəlik, kral V Karlın ingilislərə əsir düşməsi müharibənin fransızlar üçün acınacaqlı bitəcəyindən xəbər verirdi.
Bunlar azmış kimi, 1415-ci il Azenkur döyüşündən sonra ingilislər Parisi də tuturlar. Sanki hər şey bitmişdi. Fransada vəziyyət o həddə çatmışdı ki, kilsənin hökm oxuduğu məhkumları cəzalandırmaq üçün qamçı da tapılmırdı.
Hər kəsin hər şeyin bitdiyini düşündüyü bir vaxtda Janna Dark adlı kürən bir qızcığaz ingilis işğalına qarşı mübarizəyə başlayır. Ard-arda bir neçə qələbədən sonra Orleanın müdafiəsindəki (1429) müvəfəqiyyəti ilə Fransa istiqlaliyyət savaşının simasına çevrilir. Bu hadisədən sonra onun rəhbərliyi altındakı müqavimət qüvvələri savaşın gedişatını tamamilə dəyişir, ingilislər sıxışdırılır və çox sayda strateji mövqelər geri alınır.


Janna Parisi mühasirəyə alandan sonra fransız feodallar özləri 19 yaşlı qızcığazın uğurlarından narahat olmağa başlayırlar. Cadugərlikdə ittiham olunan “Orlean bakirəsi” 1431-ci ildə tonqalda yandırılır.
Dark edam edilsə də, müharibədə dönüş yarada bilir. İngilislər müdafiə xətləri qırıldığı üçün güzətlərə getməli olurlar və 1453-cü ildə Fransa və İngiltərə arasında sülh müqaviləsi imzalanır. Nəticədə, ingilislər tutduqları əksər fransız torpaqlarını tərk edir və VII Karlı kral kimi tanımalı olurlar.
Maraqlıdır: Müharibədə uduzan böyük bir gücün başına gənc bir qızcığazın keçməsi ilə hadisələrin gedişatı ağlasığmaz formada dəyişir. Belə olan halda, liderin müharibənin gedişatını dəyişə bilib-bilməsi ilə bağlı mübahisələr vaxt itkisi olmalıdır.
Fransa və İngiltərə arasında sülh müqaviləsinin imzalandığı ildə Liderin rolunu sübut edən başqa bir böyük hadisə də baş vermişdi.

Konstantinopolun fəthi, Bəyazidin yüksəlişi və Ankara fiaskosu

II Mehmetdən əvvəl Konstantinopolu İldırım Bəyazid (1496), Musa Çələbi (1411) və Fatehin atası II Murad (1422) almağa çalışmışdılar, hamısının da cəhdi uğursuz olmuşdu. Lakin sırf II Mehmetin hərbi dühası sayəsində şəhər Osmanlı qoşunları önündə diz çökmüşdü. Bu üç sultanın Konstantinopolu mühasirə etdiyi tarixlərdən 1453-cü ilin 29 mayına qədər çox qısa zaman keçmişdi. Əsgər həmin əsgər idi, xalq həmin xalq. Dəyişən yeganə amil sərkərdə idi.


Yuxarıda adını çəkdiyim Bəyazidin özü artıq fiaskoya məhkum Kosova səfərində (1389) təşəbbüsü üzərinə götürüb, döyüşün gedişini Osmanlının lehinə çevirərək, atası Muradın (Miloş Obiliç tərəfindən) öldürülməsinə baxmayaraq, Osmanlını qələbəyə aparmışdı. Hərçənd, bundan cəmi 3 il sonra, 1402-ci ildə eyni müzəffər ordu ilə Ankara döyüşündə böyük fateh Əmir Teymurun önündə diz çökür. Lider liderə, sərkərdə sərkərdəyə, beyin beyinə uduzmuşdu!..

Şah Abbasın zəkası, II Təhmasibin acizliyi və Nadir Şahın dühası


XVI əsr Səfəvi İmperiyasında Şah Xudabəndədən sonra hakimiyyətə oğlu Şah I Abbas gəlir. Onun hakimiyyətinin ilk illərində ölkədə həm siyasi, həm də, iqtisadi vəziyyət olduqca ağır idi. Belə ki, Şah Xudabəndənin hakimiyyəti dövründə Osmanlılara xeyli torpaq verilmiş, təslimçi sülhə imza atılmışdı.
Doğrudur, ilk vaxtlar Abbas şah osmanlılara müəyyən güzəştlər etsə də (1590-cı il sülhü) , zamandan yararlanıb ordunu və iqtisadiyyatı möhkəmləndirərək, bütün itirilmiş torpaqları geri qaytarmağa müvəffəq olur.
Şah Abbas 1612-ci il Sərab sülh müqaviləsi ilə Osmanlı İmperiyasından Təbrizi, Naxçıvanı, İrəvanı, Gəncəni, Şamaxını, Dərbəndi və Şah Xudabəndə zamanında itirilmiş digər torpaqları geri qaytarır.
Bu nümunədən aşkar görünür ki, ölkəni, ordunu təslimçiliyə aparan uğursuz rəhbəri daha bacarıqlı, peşəkar birinin əvəz etməsilə vəziyyət necə dərhal tərsinə çevrilir.

Mövzudan ayrılmayaq. Sonuncu səfəvi şahı II Təhmasib Osmanlılarla savaşda xeyli strateji ərazi itirir. Bununla eyni zamanda Nadir xan qoşunun önünə keçib, osmanlılarla savaşa başlayır. Bu dövr Səfəvidə ikihakimiyyətlik dövrü idi. Maraqlıdır ki, II Təhmasib Nadir xanın uğur qazanmasından narahat olub, Osmanlıya sülh sazişi təklif edərək, bir çox əraziləri onlara verməyə razılaşır. Şah II Təhmasib bu sənədlə İrəvan, Gəncə, Naxçıvan, Şirvan və bir çox önəmli torpaqları Osmanlıya güzəştə getməyə hazır idi.
Amma Nadir xan bununla razılaşmır, dövlət içində dövlət qurub, Osmanlıya qarşı hücuma keçir. Osmanlı ordusunu məğlub edərək, onları nəinki iddia etdikləri ərazilərdən uzaqlaşdırır, eyni zamanda, yeni torpaqlar da qazanır.
Bir qədər sonra özünü şah elan edib, Təhmasibi hakimiyyətdən uzaqlaşdıran sərkərdə rus qoşunlarını Xəzəryanı ərazilərdən çıxarır, habelə, uzaq Hindistana Azərbaycan bayrağını sancır.
Böyük strateq Nadir şah qısa zaman ərzində həyata keçirdiyi islahatlar və hərbi əməliyyatlarla səriştəsiz Təhmasibin səhvlərini düzəldir, onun dövləti parçalamasının qarşısını alır. Eyni xalq, eyni ordu ilə...
Əlavə etmək yerinə düşər ki, onun ölümündən (1747) dərhal sonra imperiya parçalanır, həm İran, həm də Azərbaycan ərazisində xanlıqlar yaranır.
Söhbət eyni ərazidə yaşayan eyni xalqdan gedir… Çatışmayan nə idi? Əlbəttə ki, lider!

Prussiyanın yüksəlişi


XIX əsrin sonuna qədər Almaniya çoxsaylı xırda dövlətlərdən ibarət idi. Dövləti vahid mərkəzdə birləşdirməyə dəfələrlə cəhdlər olsa da, hamısı uğursuzluqla nəticələnmişdi.
Lakin 1862-ci ildə İmperator Vilhelmin Otto fon Bismarkı baş nazir (kansler, kayzer, qeysər) təyin etməsindən sonra vəziyyət dəyişir. Almaniyanı "dəmir və qanla birləşdirəcəyəm” deyən Bismark 1864-cü ildə Şlezviq və Holşteyni Danimarka krallığından geri alır, 1866-cı ildə Sodova döyüşündə Avstriyanı məğlub edib, 1867-ci ildə alman konstitusiyasını təsdiqləyir. 1870-71-ci illərdə Fransaya qalib gələrək Almaniya İmperatorluğunun yaranmasını elan edir.


Bununla Müqəddəs Roma İmperiyasının parçalanmasından sonra mövcud olan yüzlərlə alman dövlətciyini vahid mərkəzdə birləşdirən böyük şəxsiyyət olaraq tarixə düşür.
Bu işdə təşəbbüs əsrlərlə vahid mərkəzdə birləşə bilməyən dağınıq alman xalqında idi, yoxsa, onların başına keçib, böyük Almaniyanı yaradan dəmir güc Bismarkda?!
Zənnimcə, mübahisə etməyə dəymir...

Mustafa Kamal Paşa

Atatürk tarixin nadir siyasi personajlarından biridir ki, təkcə sərkərdəliyi ilə deyil, siyasi-mədəni bacarıqları ilə məhv olmaqda olan min illik bir dövləti xilas etdi. Ona türk xalqının Bismarkı desək, yanılmarıq.
I Dünya mübaribəsində Osmanlı İmperiyası məğlub olaraq, 30 oktyabr 1918-ci ildə Mudros təslimiyyət aktına razılaşmağa məcbur olmuşdu. Ardınca 10 avqust 1920-ci il Sevr müqaviləsi ilə ittifaq dövlətləri – Yunanıstan, Fransa, İngiltərə arasında bölüşdürülmüşdü.
Atatürk 1921-ci ilin avqustun 4-də yekdilliklə Türk Ordusunun Ali Baş Komandanlığına təyin edilib, Milli Azadlıq Hərəkatını başladanda dövlət parçalanmış, xəzinə boşalmış, ordu təchizatsız və təminatsız qalmış, ölkə xaotik hala düşmüşdü. Belə bir vəziyyətdə Atatürk işğalçılara qarşı türk milli burjuaziyasını birləşdirməyi, eyni zamanda, ölkənin milli mənafeyi naminə Bolşevik Rusiyası ilə əlaqələr qurub, hərbi-siyasi dəstək almağı bacarmışdı.


Söhbət Liviyada (1911), Balkan yarımadasında (1912), Yaxın Şərq və şimal-şərqi Anadoluda (1914-18) ağır məğlubiyyətlər alaraq, tamamilə tənəzzül etmiş bir ölkədən gedir. Belə bir coğrafi-siyasi vəziyyətdə təşəbbüsü ələ alan Mustafa Kamal Paşa İstiqlaliyyət Savaşında 1-ci və 2-ci İnönü, Kütahya-Əskişəhər, Sakarya, Dumlupınar kimi önəmli döyüşlərdə işğalçı qüvvələri Anadoludan silib ataraq, modern Türkiyə dövlətinin qurur.
Unutmayaq ki, Atatürk bu ordunu son 10 ildə bir-birinin ardınca olduqca ağır məğlubiyyətlərə uğramış, psixoloji və mənəvi vəziyyəti tamamilə alt-üst olmuş xalqdan təşkil etmişdi. O, mənfi istiqamətdə cərəyan edən tarixi xətti, müsbət istiqamətə çevirən ən önəmli tarixi obrazlardan biridir.

Afrika kampaniyası

Daha yaxın tarixə nəzər salaq. Afrika kampaniyası İkinci Dünya müharibəsinin gedişatında önəmli yer tutur. 1940-cı il sentyabrın 13-də Mussolini İtaliyası tərəfindən başladılan kampaniya 3 il sonra 1943-cü il mayın 13-də müttəfiqlərin tam qələbəsilə başa çatır. Lakin burada mühüm bir nüansa diqqət yetirmək lazımdır.
1941-ci ilin fevralında Alman qoşunları general Ervin Rommelin rəhbərliyi altında Liviyaya göndərilir. O vaxta qədər italyanlara güclü müqavimət göstərən britaniyalılar “Səhra tülküsü”nün qarşısında duruş gətirə bilmirlər. 1942-ci ilin yayında almanlar Tobruku ələ keçirirlər və Britaniya komandanlığı 8-ci ordunun Misirə çəkilməsini əmr edir.
Savaşın müttəfiqlərin xeyrinə növbəti dönüşü isə General Bernard Lou Montqomerinin Britaniyanın 8-ci ordusunun rəhbərliyinə gətirilməsi ilə baş verir.
Oktyabrın 23-də Britaniya qoşunları General Montqomerinin rəhbərliyi altında Əl Alameyn rayonunda hücuma keçərək, düşmənin müdafiə xəttini yarır və cəbhədə ciddi üstünlük qazanırlar. Bir müddət sonra Tobruk, Tripoli kimi şəhərlər britaniyalılar tərəfindən ələ keçirilir.
Təkcə bu tarixi nümunəni izləməklə, qısa zamanda iki dəfə lider dəyişikliyi ilə iki dəfə üstünlük dəyişimini müşahidə edə bilirik.

44 günlük müharibə

Mövzuya aid ən son və ən yeni tarixi nümunə Qarabağ savaşıdır.
Təxminən 30 il əvvəl Azərbaycan və Ermənistan arasında baş vermiş I Qarabağ müharibəsi zamanı Azərbaycan dövləti və ordusunun başında səriştəsiz, təsadüfi şəxslər dayanmışdı. Nəinki orduda, həmçinin, dövlətdə də mərkəzi idarəetmə sistemi formalaşdıra bilməyən rəhbərlik yanlış xarici siyasət fonunda bölgədə marağı olan güclərlə münasibətləri korlayaraq, onları əks tərəfə dəstək verməkdən çəkindirə bilmir. Nəticədə pərakəndə və mərkəzi iradəetməsi olmayan ordu düşmənə yenilir, ərazimizin 20%-I itirilir.
Bir qədər sonra hakimiyyət dəyişir, dövlətin başına dərin dövlətçilik biliyi və təcrübəsi olan Heydər Əliyev (1993), ardınca onun siyasi kursunu davam etdirən İlham Əliyev (2003) gəlir. Bu müddət ərzində bölgədə baş verən siyasi-coğrafi vəziyyət dərindən analiz edilir, uğurlu ordu quruculuğu aparılaraq, güclü hərbi potensial yaradılır. Regional güclərlə münasibətlər yüksək səviyyəyə qaldırılır, beynəlxalq aləmdə sözü keçən qüvvələrlə müttəfiqlik münasibətləri inkişaf etdirilir.
Nəhayət, 2020-ci il sentyabr ayının 27-də əks hücuma keçən Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında itirilmiş torpaqları cəmi 44 gün ərzində Ermənistan işğalından azad edə bilir.


Belə olan halda, uduzan xalq idi, yoxsa, rəhbər?! Təbii ki, xalq 30 il ərzində hektorlar, axilleslər, herkuleslər, torlar... “spaydermen”lər, “betmən”lər yetişdirməmişdi. Xalq həmin xalq idi, 30 il əvvəl olduğu kimi qeyrətli, qorxmaz, qətiyyətli, mərd. Fərq bu xalqın özgüvənini qaytaran, ölkədəki iqtisadi-siyasi nizamı quran, mərkəzləşdirilmiş hökumət formalaşdıran, ordunu sıfırdan yaradıb, dünyanın ən güclü Silahlı Qüvvələrindən birinə çevirən, dərin strateji biliklərə malik liderdə idi.
Əlbəttə, silsiləni uzatmaq da olar. Yazının əvvəlində dediyimiz kimi, tarixdə belə nümunələr yüzlərlə, bəlkə də, minlərlədir.

P.S. Şahmatda mat edən tərəf rəqibi fiqur sayına görə üstələyən yox, dərin kombinasiya qurub, düzgün gedişlər edən tərəf olur. Baxmayaraq ki, hər şey “mittelşpil” vəziyyətində, yəni qüvvələr bərabər ikən başlayır.

Tural Bakuvi
Tarixçi, bəstəkar
Xüsusi olaraq Azvision.az üçün


Teqlər: Tarix   Təhlil   Böyük-suallar  





Xəbər lenti