“Üç Qardaş-2021”: Azərbaycan, Türkiyə, Pakistan birgə hərbi təlimlərə başlayırlar

      “Üç Qardaş-2021”:    Azərbaycan, Türkiyə, Pakistan    birgə hərbi təlimlərə    başlayırlar
  14 Avqust 2021    Oxunub:7690
Azərbaycan, Pakistan və Türkiyə arasında istənilən sahədə münasibətlərin ən yüksək səviyyədə olması heç kimdə, hətta rəqiblərimizdə belə şübhə yaratmır. Hər üç qardaş ölkə istənilən beynəlxaq və regional platformalarda biri-birini tərəddüdsüz dəstəkləyir. Üç strateji tərəfdaşın arasında siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə əməkdaşlıq getdikcə sıxlaşır.
Xalqlar arasında dostluq və qardaşlığın səviyyəsini qısaca şəkildə ifadə etmək üçün həm 44 günlük İkinci Qarabağ Müharibəsi dövründə ölkəmizin hər yerində - küçələrdə, binalarda, maşınlarda və müxtəlif tədbirlərdə Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı Pakistan bayrağının dalğalanmasını, həm də Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi qələbələrin qardaş ölkələrdə çoşğu ilə qarşılanmasını qeyd etsək, kifayətdir.

27 iyulda Milli Məclisdə 3 qardaş ölkə arasında hərtərəfli əməkdaşlığın gücləndirilməsi üçün mühüm əhəmiyyətə malik “Bakı bəyannaməsi” imzalanması bu münasibətləri rəsmiləşdirməklə bərabər, daha üstün səviyyəyə daşıdı. Bundan qabaq imzalanan “Şuşa Bəyannaməsi” Azərbaycan ilə Türkiyə qardaşlığının zirvəsi hesab olunurdusa, sonradan imzalanan “Bakı Bəyannaməsi” hər üç strateji tərəfdaş ölkənin təhlükəsizliyinin birgə təminatı baxımından mühüm əhəmiyyət daşıyır. Bəyannamə terror təhlükəsindən kiberhücumlara, asimmetrik savaşdan hədəfli dezinformasiya kampaniyalarına qədər bir çox təhdidlərə qarşı birgə mübarizə aparılması üçün hüquqi bazanı təmin etdi. Bu bəyannamənin yerinə yetirilməsi çərçivəsində Bakıda “Üç Qardaş-2021” beynəlxalq təliminin keçirilməsi planlaşdırılır.
Avqustun 12-də və 13-də təlimin yekun planlaşdırılma konfransı da Bakıda, hər 3 ölkənin nümayəndələrinin iştirakı ilə keçirildi. Əslində bu təlimlərin keçirilməsinə dair ilk rəsmi məlumat yanvarın ortalarında mövcud idi, lakin detalları məlum deyildi. Əgər planlaşdırılması üzrə konfrans başa çatıbsa, deməli, praktiki olaraq təlimlər bir aya qədər başlaya bilər.

Əslində Türkiyə həm Pakistanla, həm də Azərbaycanla ikitərəfli təlimləri uzun müddətdir ki, həyata keçirir. Adətən bu təlimlərdə 3-cü tərəf müşahidəçi kimi təmsil olunurdu. Müşahidəçi statusu isə həmin ölkənin yaxında ikitərəfli təlimlərdə üçüncü tərəf kimi iştirak edəcəyini ehtimal etməyə əsas verirdi. Bu il ikeçiriləcək “Üç Qardaş-2021” beynəlxalq təlimlərində ilk dəfə hər üç ölkənin birgə iştirakı təmin ediləcək.

“Üç Qardaş-2021” birgə təlimləri Azərbaycan, Pakistan və Türkiyənin xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə keçiriləcək. Təliminin proqramı, məqsədi, qarşıya qoyulan tapşırıqlar, iştirakçıların sayı və digər təşkilati məsələlər son konfransda dəqiqləşdirilsə də, onlar barədə açıqlama verilmir. Bu detalları yalnız ehtimal etmək mümkündür.

Təlimlər yəqin ki, bir neçə istiqamətdə, əsasən də yüksək dağlıq ərazilərdə keçiriləcək. Xüsusi təyinatlı qrupların paralel olaraq helikopterlər vasitəsilə şərti düşmənin nəzarətindəki ərazilərin dərinliyinə məhdud görmə şəraitində çatdırılması, desantın endirilməsi, potensial düşmənin obyektinin məhv edilməsi, sənəd, əsir və silah nümunələrinin ələ keçirilməsi, həmçinin rəqibin potensial təxribat qrupu ilə birbaşa təmasda yaralıların təxliyəsi kimi vəzifələrin icrası gözlənilir.

Müxtəlif ölkələrin hərbçilərindən ibarət yığma qrupların birgə və ya iki şərti rəqib tərəfin bir-birinə qarşı fəaliyyəti, həmçinin təlim zamanı gözlənilməz vəzifələrin yerinə yetirilməsi istisna edilmir. Bu detalların icrası təlim rəhbərlərinin yekun konfransda qəbul etdikləri qərarlardan asılıdır. Fiziki hazırlıq, atəş hazırlığı, xüsusi ixtisas hazırlığı və s. üzrə yarış məqsədli tədbirlər, təlimdə fərqlənən heyətlərin təltif edilməsi və təlimin ümumi nəticələrinə həsr olunan yekun toplantının keçirilməsi də gözləniləndir.

Təlimlərdə dağlıq ərazidə yerləşən və qanunsuz silahlı bölmə tərəfindən müdafiə olunan yaşayış məntəqəsinin azad edilməsi üzrə vəzifələrin icrasını da istisna etmək olmaz. Bu həm də Azərbaycan XTQ-sinə Şuşanın azad edilməsi üzrə malik olduğu əfsanəvi təcübəsini tərəfdaşlarımızla praktiki olaraq ərazidə bölüşməyə imkan verə bilər.

“Üç Qardaş-2021” beynəlxalq təlimi dost və tərəfdaş ölkələrin hərbi qulluqçularının sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılması üçün əlverişli mühitin yaradılmasına müsbət təsir göstərəcək. Pakistanın dağlıq ərazilərdə, Türkiyənin terrorla mübarizədə, Azərbaycanın isə Vətən Müharibəsində əldə etdiyi döyüş təcrübəsi təlimlərdə qardaşlar arasında paylaşılacaq.

Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələri uzun müddətdir ki dünyanın ən hazırlıqlı bölmələri sayılırlar. Azərbaycanın XTQ-si isə Aprel döyüşlərində özünün potensialı haqqında ilkin siqnalları versə də, Vətən Müharibəsində imkanlarını daha geniş şəkildə dünyaya nümayiş etdirə bildi. Dünyanın bir çox nüfuzlu hərbi resursları Azərbaycan XTQ-sinin nailiyyətləri barədə məqalələr dərc etdi. Belə olan vəziyyətdə hər üç ölkənin ən elit bölmələrinin birgə təlimləri, qarşılıqlı əlaqəsi və təcrübə mübadiləsi bu birliyə rəqib olmaq istəyən ölkələrin qarşılaşa biləcəkləri fəlakətin miqyası barədə onlara kifayət qədər aydın icmarıc vermis olacaq.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq Azvision.az üçün


Teqlər: Hərbitəlim   Türkiyə   Pakistan  





Xəbər lenti