Yeni Əfqan labirinti niyə yaradılıb və Türkiyə ora niyə salındı – TƏHLİL

      Yeni Əfqan labirinti    niyə yaradılıb və Türkiyə ora niyə salındı –    TƏHLİL
  16 Avqust 2021    Oxunub:11839
Tarixən “imperiyaların qəbirqazanı” adlandırılan Əfqanıstan növbəti təlatümlə üzləşib. Uzun illərdir ki, dünyanın fövqəlgücü olan ABŞ-ın təşəbbüsü ilə digər böyük dövlətlər, habelə BMT tərəfindən terrorçu təşkilat kimi tanınaraq təqib edilən və artıq paytaxt Kabili ələ keçirən “Taliban” hərkatı qısa bir müddətdə bütün ölkəyə nəzarətə yiyələnib.
Taliblər hətta keçid hökuməti yaradılması barədə təklifləri də rədd edərək, ölkə daxilində sabitliyə riayət olunacağını, siyasi rəqiblərini təqib etməyəcəkləri, diplomatik nümayədəliklərin əməkdaşlarına toxunmaycaqları və Əfqanıstandan kənara öz təsirlərini yaymaq yönündə cəhdlər göstərməyəcəkləri vədini veriblər. Lakin artıq ölkənin ən böyük şəhərlərindən gələn həyəcan siqnalları və ABŞ-ın, NATO-nun Əfqanıstandakı təmsilçiləri ilə məsləhətləşmələrdən sonra prezident Əşrəf Qaninin vətənini təcili tərk etməsi tam əks əhval-ruhiyyədən xəbər verir. Bunu ABŞ səfirliyində ötən gün ərzində sənədlərin məhv edilməsi, amerikalı vətəndaşların təhlükəsizliyinin təmin olunması və ölkədən çıxarılması üçün mindən çox hərbçinin göndərilməsi qərarı da təsdiqləyir.

20 il əvvəl “Əl-Qaidə” terrorçu təşkilatı ilə mübarizə adı altında Əfqanıstana hərbi müdaxiləyə başlayan və hətta bunun üçün beynəlxalq koalisiya yaradan ABŞ-ın buranı tərk etməsi çox maraqlı məqamdır. Bir sıra Şərq ölkələrində olduğu kimi, əvvəlcə Əfqanıstanda da legitim hakimiyyəti (burada 1996-200-ci illərdə məhz taliblər hakimiyyətdə idilər) devirərək, ölkənin altını üstünə çevirmiş, minlərlə dinc sakinin qətlini adi hala döndərmiş, kütləvi saxtakarklıqlarla müşaiyət olunan “seçkilər”ə əsasən rəhbər kürsüsünə oturtduqları siyasətçilərin öz hakimiyyətini qoruması üçün pis-yaxşı hərbi qüvvələr formalaşdırmış ABŞ-ın indi belə asanlıqla aradan çıxması həqiqətənmi Co Baydenin xarici siyasət kursununmu nəticəsidir? Yoxsa, bəzilərinin dediyi kimi, Vaşinqtonun son iki-üç onillkidə yürütdüyü hegemonluq siyasətinin iflası?

İlk baxışdan belə təəssürat yaransa da, Vaşinqtonun çevik xarici siyasət mexanizmi tam başqa mətləblərdən xəbər verir. Vaşinqton artıq uzun illərdir ki, “idarəolunan xaos” nəzəriyyəsinə əsaslanan “parçala və hökm sür” siyasətini yürdür. Məhz bu konsept çərçivəsində ayrı-ayrı ölkələrdə və bütöv bölgələrdə ədavət toxumu səpdikdən sonra oraları tərk edir, yerli siyasi qüvvələrin uzunmüddətli qanlı-qadalı qarşıdurmasına zəmin hazırlayır. Yaxın Şərqdə nə vaxt bitəcəyi çətin proqnozlaşdırılan çəkişmələr və toqquşmalar bunun əyani sübutudur.

Bu baxımdan, Əfqanıstan məsələsi xüsusi diqqətə layiqdir. Ötən əsrin 70-ci illərinin sonunda amerikalı geostrateq Zbiqnev Bzejinskinin planı əsasında SSRİ-ni məharətlə Əfqanıstan avantürasına sürükləyən ABŞ son nəticədə İttifaqının süqutuna nail ola bildi. Sovet qoşunları 1989-cu ildə Əfqanıstandan çıxdıqdan sonra çoxmillətli ölkədə müxtəlif etnosları təmsil edən silahlı qruplaşmalar arasında hərbi toqquşmalar xeyli şiddətlənsə də, nəticədə “Taliban” hərəkatı vahid hakimiyyətə yiyələnə bildi. Nə qədər təəccüblü görünsə də, məhz “Taliban”ın hakimiyyəti dövründə Əfqanıstanda həyat yavaş-yavaş qaydasına düşməyə başladı. Əsas uğur isə narkotik vasitərləin istehsalı ilə mübarizə müstəvisində qazanıldı: Həmin illərdə Əfqanıstnda tiryək istehsalının ildə cəmi 50 tona qədər endirilmişdi. Lakin 2001-ci ildə ABŞ-ın müdaxiləsindən sonra Əfqanıstanda bu rəqəm 6000 tonu keçdi. Müstəqil araşdırmalara görə, bu yöndə amerikanın özəl hərbi şirkətləri çox fəal olublar. Son 20 ildə Əfqanıstandan ixrac edilən qanunsuz narkotik maddələrin 70%-ə qədəri məhz Rusiyada özünə satış bazarı tapıb.

Böyük ehtimalla, Vaşinqton indi də Rusiya üçün Əfqanıstanla bağlı yeni başağrısı planı hazırlayıb. Bütün cəhdlərə baxmayaraq, Mərkəzi Asiyada Moskvanın nüfuzunu sındıra bilməyən ABŞ gizli danışıqlar yolu ilə Əfqanıstanda hakimiyyəti məhz taliblərə güzəştə gedərək, onların Mərkəzi Asiyaya islam radikalizmini ixrac etməsinə kart-blanş verib. Bu mənada, Şimali Əfqanıstanın lideri və bir müddət əvvəl Əfqanıstanı taliblərin qəbiristanına çevirməyi vəd edən marşal Rəşid Dustumun təcili surətdə öz vətəni Özbəkistana keçməsi gələcəkdə böyük fəsadlara yol aça bilər.

Belədə, Vaşinqtonun son zamanlar xeyli güclənmiş Rusiyanın postsovet məkanında reallaşdırmağa çalışdığı inteqrasiya proseslərinə Mərkəzi Asiya kimi böyük bir məkanda ciddi zərbə endirmək niyyətini inkar etmək mümkün deyil. Sözsüz ki, bütün bunları nəzərə alan Moskva Əfqanıstan hadisələrini diqqətlə izləyir və taliblərlə dialoqa və əməkdaşlığa hazır olduğunu bildirir.

Əlbəttə ki, İran faktorunu da unutmaq olmaz: ABŞ-a münasibətdə radikal qüvvənin hakimiyyətə gəldiyi bu şiə ölkəsinin qonşuluğunda aqressiv sünni rejiminin yaradılması Vaşinqtonun planlarının digər cinahı haqda düşünməyə əsas yaradır. Bu kontekstdə Türkiyənin gündəmə gətirilməsi narahatlıq doğurur. Təxminən 2 ay əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Co Baydenlə görüşündə ABŞ hərbi kontingentinin Əfqanıstandan çıxdıqdan sonra Türkiyə hərbçilərinin Kabildəki aeroportun təhlükəsizliyini təmin etmək üçün burada qalacağı barədə anlaşma əldə olunduğu barədə məlumat açıqlandı. Bunun üçün Vaşinqtonun Ankaraya lazımi dəstək göstərəcəyi də bildirildi. Bu məramı qıcıqla qarşılayan “Taliban” Əfqanıstanda hakimiyyətə gəldikdən sonra Türkiyə ilə sıx əməkdaşlıq quracağını və buna görə də Kabil aeroportunu qorumaq üçün türk hərbçilərinin iştirakına gərək olmadığını açıqladı.

Digər tərəfdən, Əfqanıstandakı türk kontingenti heç vaxt hərbi əməliyyatlarda iştirak etməyib və Türkiyə bu ölkədə xeyli təsirə malik olan Pakistanla müttəfiqlik münasibətlərinə malikdir. Son zamanlar istər Yaxın Şərqdə, istər müsəlman aləmində, istərsə də qlobal miqyasda nüfuzunu xeyli gücləndirmiş Ankaranın Əfqanıstanda sülhün və sabitliyin yaradılmasına ciddi töhfə verəcəyinə ümidlər çoxdur. Lakin bu məsələdə maraqları daban-dabana zidd olan ABŞ-la Rusiyanın məhz Türkiyəni Əfqanıstana çəkməklə bağlı unison avazları çox müəmmalı görünür. Hər iki dövlətin tarixən “ilanı Seyidəhməd əli tutmaq” siyasəti yürütdüyünü nəzər alsaq, onların indi də Türkiyəni növbəti avantüraya sürükləmək məqsədi güdmədiklərinə kim təminat verə bilər? Xüsusilə də, öz milli maraqlarını müttəfiqlik anlayşından qat-qat üstün tutan güc mərkəzlərinin “səmimiyyət”inin bir qara qəpiyə dəymədiyini nəzərə alsaq. Əks təqdirdə, Vaşinqton və Moskvanın hələ də BMT, ABŞ və Rusiya tərəfindən adı beynəlxalq terrorçu təşkilatlar siyahısından çıxarılmamış “Taliban”la əvvəllər gizlin, sonra isə aşkar sövdələşmələr aparmasını necə anlayasan?

Sahil İsgəndərov, politoloq
Azvision.az üçün


Teqlər: Əfqanıstan   ABŞ   Türkiyə  





Xəbər lenti