İrəvana təzyiq artmalıdır: Kommunikasiyaların bərpası niyə uzanır?

   İrəvana təzyiq artmalıdır:   Kommunikasiyaların bərpası niyə uzanır?
  18 Avqust 2021    Oxunub:1046
Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupu avqustun 17-də Moskvada yenidən toplandı. Görüşdə tərəflər regionunda nəqliyyat kommunikasiyalarının bərpasının perspektivlərini və üç ölkə rəhbərinin yanvarın 11-də imzaladıqları bəyanatın yerinə yetirilməsi məsələlərini müzakirə etdilər.
Ermənistan bir müddət komissiyanın işinə qatılmaqdan imtina etdi. İrəvanın birinci bəhanəsi o idi ki, parlament seçkiləri keçirildikdən və yeni hökumət formalaşandan sonra komissiyanın işinə qatıla bilərlər. Ermənistanın ikinci bəhanəsi sərhəddəki gərginliklə bağlı idi. Yəni belə iddia edilirdi ki, qarşı tərəf Azərbaycanla gərginlik olduğu müddətdə kommunikasiya xətlərinin açılmasına razılaşa bilməz. Bu bəhanələrə baxmayaraq, Ermənistan hakimiyyəti yenidən masaya qayıtdı.

Məsələni Azvision.az –a şərh edən politoloq Elxan Şahinoğlu deyir ki, üçtərəfli işçi qrupun yenidən Moskvada toplanaraq kommunikasiya xətlərinin açılmasıyla bağlı müzakirələri davam etməsi hələ Ermənistan hakimiyyətinin məsələni uzatmayacağından xəbər vermir:



“Ermənistan baş naziri Nikol Paşinyan bir tərəfdən deyir ki, Azərbaycanla dəhlizin açılması zərurəti yarana bilər, o biri tərəfdən Zəngəzur koridorunun əleyhinə olduğunu vurğulayır. Paşinyan tərəddüd içərisindədir. O bir yandan dəhliz vasitəsilə bölgədə sülhün bərpası istiqamətində önəmli addımın atılacacağını anlayır, digər tərəfdən güzəştə gedən tərəf kimi görsənmək istəmir. Onun tərəddüdünü Moskva çözə bilər. Rusiya 11 yanvar bəyanatının əsas bəndini əlində rəhbər tutaraq koridorun açılmasını təmin edə bilər. Ancaq problem ondadır ki, Rusiyanın özü də 10 noyabr və 11 yanvar bəyanatlarına sadiq deyil. Əks halda Laçın dəhlizindən silah, hərbi texnika və muzdlu hərbçilər Qarabağa keçməməli, Qarabağda qanunsuz postlar qurulmamalıydı və erməni separatçıları tərksilah olunmalıydı. Bunların heç biri baş vermir.

Rusiyanın bölgədə sülh quruculuğu ilə məşğul olmadığını Prezident İlham Əliyev də son müsahibəsində etiraf etdi. Ona görə də Moskvanın kommunikasiya xətlərinin açılması məsələsində də ikili oynadığına dair şübhələr var”.

Elxan Şahinoğlunun sözlərinə görə, Kreml kommunikasiya xətlərinin açılmasıyla Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələrinin bir-birləriylə sıx bağlanacaqlarından ehtiyat etməyə başlayıb. Halbuki, Zəngəzur dəhlizindən Rusiyanın özü də bəhrələ bilər:

“Moskvada anlamalıdırlar ki, Abxaziya, Cənubi Osetiya və ya Donbas separatçılarından fərqli olaraq Qarabağdakı erməni separatçıları mühasirədədirlər və Azərbaycan ordusu bu mühasirəni daraltmaq istiqamətində fəaliyyətini davam etdirəcək. Ona görə də nə qədər ki, növbəti müharibə başlamayıb, Moskvanın 10 noyabr və 11 yanvar bəyanatlarının yerinə yetirilməsini təmin etməsinə ehtiyac var. Yeni müharibə Ermənistan kimi Rusiyanın da maraqlarına cavab vermir. Biz isə istənilən varianta hazırıq. Növbəti mərhələdə Ermənistanın Azərbaycanla sülh sazişi və sərhədlərin müəyyənləşməsi məqsədilə danışıqlara başlaması zərurəti də yaranacaq. Biz istədiyimiz nəticələri əldə etmək üçün təzyiqlərimizi davam etdirməliyik ”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Rusiya   Ermənistan   Dəhliz  





Xəbər lenti