Birləşmiş Millətlərin Faydasız Təşkilatı: BMT Qarabağda reabilitasiya oluna bilərmi – Ədalət Verdiyevin təhlili

      Birləşmiş Millətlərin Faydasız Təşkilatı:    BMT Qarabağda reabilitasiya oluna bilərmi –    Ədalət Verdiyevin təhlili
  25 Avqust 2021    Oxunub:6657
Müharibənin başa çatmasından 1 ilə yaxın zaman keçməsinə baxmayaraq, bəzi ölkə və təşkilatlar 30 il ərzində darmadağın edilən Qarabağ və ətraf rayonların bərpasını deyil, münaqişə zamanı baş verən prosesləri müzakirə edirlər.
30 il ərzində Ermənistan bu əraziləri bütün dünya birliyinin, o cümlədən, keçən il baş verənləri müzakirəyə çıxarmaq niyyətində olanların gözü qarşısında talan edirdi. Dəfələrlə Azərbaycan bütün tribunalardan Ermənistan rəhbərlərinin törətdiyi vəhşiliklər barədə bəyanatlar verirdi, sübutlar təqdim edirdi, Beynəlxalq qurumları Qarabağa dəvət edirdi, amma çoxları bunları nə görmək istəyirdi, nə də eşitmək. Həmin ərazilər azad olunandan sonra isə Azərbaycan ilə Ermənistan arasında münaqişəni nizamlamağa məsul olan ölkə və təşkilatlar öz fəaliyyətsizlikləri nəticəsində Qarabağın viran olmuş mənzərəsini görməmək üçün o ərazilərə getməkdən də imtina etdilər. Həqiqətən də özünü bilərəkdən lal, kar və kor kimi təqdim etmənin bundan bariz nümunəsini tapmaq çətindir.

Əgər həmsədr və BMT TŞ-nın üzvü olan ölkələr Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsi barədə BMT qətnamələrinin yerinə yetirilməsini təmin etsəydilər, nə on minlərlə insan itkisi olardı, nə Azərbaycanın əraziləri dağıdılardı, nə də bəzilərinin müdafiə etməyə çalışdıqları Ermənistan rəzil duruma düşərdi.

Keçən illərdə ATƏT-in Minsk qrupunun və BMT-nin TŞ-nın Ermənistana qarşı real addımlar atmaması bu ölkənin daha da cəsarətlənməsi ilə nəticələnirdi. Prezident İlham Əliyevin Azərbaycanın işğalla barışmayacağına və münaqişənin istənilən yolla həllinə dair dəfələrlə səsləndirdiyi bəyanatlar isə nizamlama prosesinə məsul ölkə və təşkilatlara nəyə görəsə “çatmadı”. İşğalçı ilə işğala məruz qalan tərəf arasında fərq qoymayaraq prosesi dondurmaqla münaqişəni mümkün qədər uzatmağa çalışanlar gözlərini açanda artıq Azərbaycanın Bayrağı Şuşada dalğalanırdı. Odur ki, həm münaqişənin 30 il ərzində uzanmasına, həm də 44 günlük müharibənin başlamasına görə məsuliyyət yalnız Ermənistanın deyil, həm də onun işğalçılıq siyasətinə 30 il göz yuman beynəlxalq birliyin üzərinə düşür.

Dünyanın ən nüfuzlu təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasının Liviya və Yuqoslaviyaya qarşı yeganə qətnamələri anında tətbiq edildiyi halda, məsələ Azərbaycan ərazilərinin azad edilməsinə çatanda ATƏT-in Minsk qrupunun yaradılması yada düşdü, halbuki, Minsk qrupunun hər 3 üzvü eyni zamanda BMT-nin Təhlükəsizlik Şurasının üzvləri idilər. Minsk qrupu hər il bir neçə dəfə gəlib-getdi, amma bir dəfə olsun, “Ermənistan işğalçıdır” bəyanatını vermədilər; bir dəfə olsun imza atdıqları 4 qətnamənin haqqında “yerinə yetirilməlidir” demədilər. Hətta dağıdılan ərazilərimizə görə təsssüf hissi də keçirmədilər. Beləliklə, Qarabağımızın və ətraf ərazilərimizin dağıdılmasında, işğalın 30 il davam etməsində, Ermənistanın özünü olduğundan böyük görməsində məsuliyyət məhz Minsk qrupunun üzərinə düşür.

Maraqlıdır ki, digər bütün münaqişələr barədə daim bir-birinə zidd mövqelərə malik Minsk “üçlüyü” 28 il davam edən Qarabağ məsələsində tamamilə həmrəy oldular. Fəaliyyətlərinin nəticəsiz olmasının kökündə də onların “münaqişəni daha uzun müddətə yaymaqla dondurulması” məqsədi dururdu. Əgər bu üçlük zamanında işğalçının haqq etdiyi sanksiyaların tətbiqini həyata keçirsəydi, iqtisadi cəhətdən zəif Ermənistan heç bir tərəddüd etmədən ən azı ətraf 5 rayonu boşaldacaqdı. Bu isə müharibənin və insan itkisinin qarşısını ala bilərdi. Odur ki, beynəlxalq təşkilatlar öz günahları ucbatından baş verən və 1 il qabaq başa çatan münaqişə barədə danışmaqdansa, münaqişənin baş verməsinin səbəbləri haqda ictimaiyyətə məlumat versinlər.

Ermənistan təslim olub və kapitulyasiya aktını imzalayıb. Mühasirə təhlükəsində ordusunun qalıqlarını xilas etmək üçün işğalçı ölkə Kəlbəcər, Laçın və Ağdamı, həmçinin Qubadlı və Zəngilanın 100-ə yaxın kəndini boşaltmağa məcbur oldu. Amma yenə də barbarlığından əl çəkməyən düşmən son dəqiqədə də olsa, evləri və meşələri yandıraraq, ərazilərimizdən çıxırdı. Bütün bunlara baxmayaraq, münaqişə bitib. Bu münasibətlə onlarla ölkə Azərbaycan Prezindetini və xalqını təbrik edib.

Əgər Azərbaycan müharibə və erməni əsgərlərini Qarabağdan fiziki təmizləmək niyyətində olsaydı, son nəfəsdə olan Ermənistan ordusuna geri çəkilmək üçün 20 gün zaman verməzdi. Azərbaycan sadəcə ərazilərini azad etmək üçün mübarizə aparıb. Xankəndi, Xocalı və Xocavəndin azad edilməsi maksimum 3-5 günlük məsələ idi. Döyüş meydanından qaçan düşmənin darısqal dağ yolunda 3 km-ə qədər uzanan karvanlarını məhv etmək su içmək qədər asan idi. Etmədik, çünki münaqişə başa çatmışdı, sənəddə imzamız var idi. Əgər biz də Ermənistan kimi imzamıza hörmət etməsəydik, noyabrın 10-dan 30-na qədər Qarabağdan heç bir silahlı erməni sağ çıxa bilməzdi. Əgər kimsə sağ qalıbsa, bu, Azərbaycanın imzasına və verdiyi sözə yüksək hörmətinin sayəsində olub. Əslində münaqişənin nizamlanmasına məsul olan qurumlar və Ermənistan buna görə də Azərbaycana dərin təşəkkürünü bildirməli idilər.

Planetin ən böyük nüvə potensialına malik və ən çox silah satan ölkələrinin BMT TŞ-nın üzvu olması hələ dünyamızı çox fəlakətlərə sürükləyəcək. Öz imzalarına hörmət etməyənlərin vəzifələrini Azərbaycan Əsgəri həyatı bahasına olsa da, ləyaqətlə yerinə yetirdi. Azərbaycan tarixi və ilahi ədaləti, beynəlxalq hüququn normalarına və BMT TŞ-nın qətnamələrinin şərtlərinə tam uygun olaraq, bərpa etdi. Özü də bunu 4 qətnaməyə imza atanların nəinki köməyi, bəzən hətta təzyiqlərinə rəğmən, təkbaşına etdi. Buna görə Prezidentimizin, xalqımızın və Ordumuzun BMT-dən təbrik alması ən təbii haqımız idi, amma təəssüf ki, “Azərbaycan Əsgəri bizim etməli olduğumuzu etdi, buna görə ona minnətdarıq” bəyanatını səsləndirməyə cürətləri çatmadı.

30 illik işğal dövründə Azərbaycan ərazilərində tarixi abidələrimizə dəymiş ziyanla tanış olmaq üçün dəfələrlə bölgəyə dəvət edilən UNESKO bu təkliflərdən daim imtina edirdi. Müharibə bitəndən sonra isə qurumun bölgəyə gəlmək istəyi birmənalı olaraq ikili standartdır. Münaqişə başa çatandan sonra Azərbaycan üçün yaxın prioritet vəzifələr ərazilərin təhlükəsizliyinin təmin edilməsindən, minaların təmizlənməsindən, infrastukturun bərpasından və vətəndaşları doğma yurd-yuvalarına qaytarılmasından ibarətdir. Bu fəaliyyətləri daim nəzarətdə saxlayan Prezident İlham Əliyev azad olunan ərazlərə münaqişənin başa çatmasından sonrakı 9 ayda 10 dəfədən çox səfər edib. Bu ərazilərdə paralel olaraq 3 hava limanı və 700 km. maqistral yol çəkilir. Avtomobil və dəmir yolları ilə bərabər, hava limanlarının inşası həm təhlükəsizlik, həm də iqtisadi inkişafın təmin olunmasında mühüm əhəmiyyət daşıyacaq. Zəngəzur dəhlizinin açılması bu ərazləri beynəlxalq logistika mərkəzinə çevirəcək. Odur ki, beynəlxalq qurumlar geriyə baxmaq əvəzinə, günahları üzundən darmadağın edilən Azərbaycan ərazilərinin bərpasında yaxından iştirak etməlidirlər. Bu onların vicdanlarının təmizlənməsi üçün bir tarixi bir şans kimi də dəyərləndirilə bilər. BMT və digər təşkilatların Qarabağın bərpasında iştirakına yəqin ki, Azərbaycan tərəfi də etiraz etməz. Bu sahədə əməkdaşlıq, zədələnən münasibətlərin bərpası üçün münbit şərait yarada bilər.

Ədalət Verdiyev, hərbi ekspert
Azvision.az üçün


Teqlər: BMT   Qarabağ  





Xəbər lenti