Manatı “buraxmaq” lazımdırmı? – TƏHLİL

   Manatı “buraxmaq” lazımdırmı? –    TƏHLİL
  16 Sentyabr 2021    Oxunub:4477
Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə, həmçinin, gələn ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasından görünən həm də budur ki, manatın ABŞ dollarına nəzərən dəyəri mümkün dərəcədə sabit, yəni 1 dollar = 1.70 azn məzənnəsində saxlanacaq. Əbəttə, milli valyutanın dəyərini qorumaq, başqa sözlə, nəzarətdə saxlamaq vacib sayılır. Ancaq iş ondadır ki, bu, normal bazar mexanizmi əsasında çalışan bir iqtisadi sistem şəraitində eyni nöqtədə və yaxud məzənnədə donub qalmağı ehtiva etmir və etməli də deyil.
Söhbət nədən gedir, izah edim. Uzun illər ərzində milli valyutamız manatın dəyəri 1 dollar=0.78 azn məzənnəsində olub. Daha dəqiq desəm, qorunub saxlanıb. İndi həmin illəri hamımız çox gözəl, alış-verişin rahat və bol, dolanışığın indikindən yaxşı, gəlirlərin xərclərdən üstün, pulun dəyərli olduğu vaxt kimi yada salırıq. Halbuki, 2015-ci ilədək davam edən həmin məzənnə siyasətinin hökm sürdüyü dövr ərzində ölkədə qeyri-neft sektorunun inkişafı əslində ləngidi və bu sahədə artım buxovlanmaqla, bütövlükdə iqtisadi inkişaf birtərəfli xarakter daşıdı.

2014-cü ilin yayından etibarən neftin dünya bazar qiymətlərinin düşməsi nəticəsində 2015-2016-cı illərdəki böhran zamanı aydın oldu ki, qeyri-neft sektorunun inkişafında gecikmişik. Dərhal müvafiq tədbirlər görülməyə və addımlar atılmağa başlandı. Nəticədə, iqtisadiyyatın inkişafında əsas hərəkətverici qüvvənin neft-qaz sektorundan qeyri neft-qaz sektoruna transformasiyası real olaraq məhz bundan sonra başladı. 2015-ci ildəki iki devalvasiyadan və 2016-cı ildə də təqribən 14-15 faiz dəyər itirdikdən sonra manat ABŞ dollarına nəzərən 2017-ci ildən etibarən 1,70 azn nöqtəsində qərarlaşdı. Buna qədərsə o, bir ara hətta 2 manata qədər ucuzlaşmışdı.

Neftin qiymətinin sabitləşməsi, dünya bazar konyunkturasının əlverişli istiqamətə dönüşü nəticəsində, hökumət üçün manat üzərində nəzarəti bərpa etmək şansı yarandı ki, nəticədə məzənnə 1,70 azn həddinədək endirilərək, bu nöqtədə saxlandı. Həmin ərəfədə dövlət başçımız İlham Əliyev də bəyan etdi ki, manat avro ilə ABŞ dollarına nəzərən əslində yuxarı deyil, aşağı məzənnədə saxlanılmalıdır. Bu, ixracı stimullaşdırmaq məqsədinə xidmət edir.

Əvvəlki situasiya tədricən bərpa olunsa da, manat daha dollara münasibətdə bahalaşdırılmadı. Söhbət neftin dünya bazar qiymətlərinin bərpasından gedir. Çünki manatı bahalı edən məhz bu faktor idi. Dərk olunmuşdu ki, əvvəla, manatı bahalı saxlamaq qeyri-neft sektorunun inkişafını buxova alır, ikincisi də, ölkə üzrə hasilat nöqteyi-nəzərindən neft bumu da artıq, arxada qalıb. Odur ki, 1 dollar = 0.78 azn birdəfəlik tarixə çevrildi ki, əslində bu, çoxdan baş verməli idi...

Ancaq məzənnə artıq beşinci ildir eyni nöqtədə saxlandığından, indi də belə təəssürat yaranır ki, sanki növbəti dəfə səhvə yol verilir və yanlış siyasət yürüdülür. Belə ki, real olaraq dollar manatdan baha olsa da məzənnə möhkəm xarakter daşıyır. Bu da, ixracın stimullaşmasına təsiri azaldır. Odur ki, sual yaranır: Bəs, manatın dəyəri niyə buraxılmır? Nəyə görə, qarşıdakı illər ərzində də məzənnəni sabit saxlamaq nəzərdə tutulur? Gələcəkdə 1 dollar = 1.70 azn məzənnəsinə görə də qeyri-neft sektorunun ləng inkişaf etdiyinə təəssüflənməyəcəyik ki?

Yox!..
Məsələ bundadır ki, bu gün vəziyyət bir qədər başqadır. Ölkədən qeyri-neft sektoru məhsullarının ixracı artmaqdadır. Cari ilin ilk 8 ayında 1 milyard 580 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edilib ki, bu da, keçən ilin eyni dövrü ilə müqayisədə 37,1 faiz çoxdur. Qeyd olunan tendensiya qeyri-neft sektorunun genişlənməsində əsas faktor sayılmaqla onun inkişafını sürətləndirir.

Maliyyə Nazirliyinin açıqlamasında xarici ticarətdə ixracın strukturunun dərin diversifikasiyası, qeyri-neft məhsullarının ümumi ixracda əsas tərkib hissəsi olması çatılması vacib sayılan əsas məqsəd kimi qarşıya qoyulub. Qeyd olunub ki, 2022-ci il və ortamüddətli dövr ərzində məqsədyönlü tədbirlər nəticəsində rəqabət qabiliyyətli ixracın artması, əlverişli biznes mühitinin inkişaf etməsi və əlavə dəyərli məhsulların istehsalı 2025-ci ilədək qeyri-neft ixracını iki dəfə artırmaq üçün əsas vasitə sayılır.

Bununla belə, qeyd edim ki, bu gün dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşması Azərbaycanda hələ də inflyasiya və devalvasiya təhlükəsi yaratmağa qadirdir. Hazırda ixracımızın 90 faizdən yuxarı hissəsini neft-qaz məhsulları təşkil edir. Bəli, qeyri-neft məhsulları ixracı getdikcə artır. Lakin qeyri-neft ixracı gərək ümumi ixracın 40-45 faizi həddinə çatsın ki, ölkə iqtisadiyyatı dünya neft bazarındakı şoklardan da sığortalana bilsin.

Ancaq çətin ki, 2025-ci ilədək Azərbaycanın qeyri-neft ixracı ölkədəki makroiqtisadi sabitliyə təminat verəcək həddə çatsın. Odur ki, manatın da dəyəri belə görünür, bundan sonra hələ bir müddət də möhkəm saxlanılmağa məhkumdur.


Pərviz Heydərov
Azvision.az üçün
Müəllifin əvvəlki yazıları:

Bahalaşmaya səbəb nədir və nə etmək lazımdır – TƏHLİL
Naxçıvan “iqtisadi möcüzə”sini necə yaradır – TƏHLİL
Xarici ticarətdəki müsbət saldoya aldanmamalıyıq – TƏHLİL
Pandemiya bizi kartlandırdı, amma ona kömək də lazımdır – TƏHLİL
Pul bazasının artması nəyi göstərir? - TƏHLİL
Finlandiyadan Hindistana: “Şimal-Cənub” dəhlizi Azərbaycana nə qazandıracaq - TƏHLİL
İqtisadiyyat da artır, inflyasiya da: Səbəb nədir – TƏHLİL
“...Mey içmək bizə nöqsan olacaqdır”: Şərabçılıqda niyə uduzuruq?! - TƏHLİL
“Koronaböhran” bitir: İqtisadiyyatda artım meyilləri başlayıb- TƏHLİL
İri büdcə ödəyicilərinin effektivliyi niyə artmır – TƏHLİL
Banklar turizmə dəstək verməlidir – TƏHLİL
Qəbələyə dəmir yolu və inkişafın dəmir məntiqi – TƏHLİL
İtirdiyimiz inflyasiya: Azərbaycanda bu göstərici əslində nəyi ifadə edir – TƏHLİL
İxrac iqtisadiyyatı: Naxçıvan bunu necə bacardı – TƏHLİL
Ermənistanın iqtisadi inkişaf yolu Azərbaycandan keçir - TƏHLİL
Su təsərrüfatında daha nələr dəyişməlidir - TƏHLİL
İstehlak bazarı niyə “yanır” və nə vaxt “sönəcək”? – TƏHLİL
Avtomobil idxalı 2014-cü ilə qədərki vəziyyətə qaytarılmalıdır – TƏHLİL



Teqlər:





Xəbər lenti