“O, Keyxosrov, bizsə Əfrasiyabıq” – İran-Azərbaycan münasibətlərinin arxetipik kodları

      “O, Keyxosrov, bizsə Əfrasiyabıq”    – İran-Azərbaycan münasibətlərinin    arxetipik kodları
  23 Sentyabr 2021    Oxunub:9612
Vüsal Məmmədov
Azvision.az saytının baş redaktoru

İranla Azərbaycanın arasındakı qəliz və dolaşıq münasibətləri anlamaq üçün təkcə bugünkü siyasi konteksti təhlil etmək kifayət deyil. Xeyli dərinlərə enmək, bu mürəkkəb qarşılıqlı əlaqələrin kökündə dayanan arxetipləri araşdırmaq lazımdır. Çünki İran təkcə və sadəcə ölkə deyil – o təfəkkür tərzidir, məkan matrisası üzərində qurulmuş ideoloji qoloqrammadır.
İran dövləti real, işlək institutlardan çox, kökləri kollektiv təhtəlşüura enən ideoloji konstruksiyaların üzərində bərqərardır. Buna görə də, orada arxetiplər bütün sahələrə, o cümlədən, siyasətə də güclü təsir göstərir. O dərəcədə ki, İranı uzun müddət izləməyən şəxsin bunu hətta təsəvvür etməsi də çətindir. Həmin arxetiplərin başında isə İran-Turan münasibətlərini müəyyən edən obrazlar gəlir.

Nemezis

Bəzi ideoloji sistemlərin dayanıqlı qalması üçün orada mütləq nemezisə ehtiyac var – yəni sual təkcə o deyil ki, “biz kimik”, həm də budur: “biz kimə qarşı mübarizə aparırıq”? İkinci sual birincini cavablandırır, biz mübarizəmizlə biz oluruq. Kimə qarşı mübarizə aparmağımız öz kimliyimizi də müəyyən edir. Əgər mübarizəmizin obyekti başqa olsaydı, biz də başqa olacaqdıq.

Məsələn, ermənilərdə belə nemezis Türkdür. Onları erməni edən məhz türklüyə qarşı mübarizələridir; ermənilər tutaq ki, rusa, ya farsa qarşı mübarizə aparsaydılar, indi tamam başqa bir xalq olacaqdılar.

İran üçün tarixi, qədim, ənənəvi Nemezis – Turandır. İran-Turan klassik mifoloji qarşıdurması türklərin formalaşmasına elə bir ciddi təsir göstərməyib, amma İran üçün həlledici əhəmiyyət daşıyıb (Bundan sonra yazıda “İran” deyəndə biz hazırkı İran dövlətini deyil, İran ideoloji modelini, İranın dövlətçilik obrazını nəzərdə tutacağıq).

İran özünü məhz Turanla mifoloji qarşıdurma zəminində dərk edib, tanıyıb. Onun bütün mifik qəhrəmanları bu qarşıdurmada formalaşıblar. Yeri gəlmişkən, İranla erməniləri doğmalaşdıran çox vacib amillərdən biri məhz budur: Onların hər ikisinin ictimai təhtəlşüurundakı nemezis eynidir – Türk. Ona görə, eyni dinə, hətta əksərən eyni məzhəbə qail olmağımıza baxmayaraq, ermənilər İrana bizdən xeyli yaxın və əzizdirlər: Axı ictimai təhtəlşüur dindən qat-qat güclü təsir qüvvəsinə malikdir!

İran-Turan xətti müəyyən mənada Yunan-Troya qarşıdurmasını da xatırladır. Yunanların əsas qəhrəmanları və milli şüurdakı süjetləri Troya müharibəsində püxtələşdiyi kimi, İran üçün eyni proses Turan savaşında gedib. Bu mənada, “Şahnamə”ni İranın “İliada”sı saymaq olar. Onun yaxın tarixi dövrdə yazılması sizi aldatmasın: “Şahnamə”nin yaşı 10 əsr olsa da, onun süjetləri ən azı 25-30 ərslik miflərin üzərində qurulublar. Yəni daha dərinə enib, bu istiqamətdəki mifləri xüsusi araşdırmağa ehtiyac qalmır – Firdovsi bunu artıq edib. Üstəlik, “Şahnamə” yazılanda İran məkan olaraq türk səltənətinin altında idi, buna görə də, İran təəssübkeşi Firdovsi bəlkə özü də fərqində olmadan, həmin mifləri ilkin olaraq bir dəfə dövrünün geosiyasətinə adaptasiya edib. İkinci dəfə isə bunu bir azərbaycanlı etmişdi.

1920-ci ildə bolşeviklərin təqibindən qaçıb, Lahıcda gizlənən həmin azərbaycanlı qaldığı evdə “Şahnamə”ni görür və oxumağa başlayır. Və o dövrdəki psixoloji vəziyyətinin də təsirilə anlayır ki, bu, təkcə bədii əsər deyil, arxetiplər yığınıdır, sadəcə, onu düzgün interpretasiya etməyi bacarmaq lazımdır. Həmin azərbaycanlının adı Məhəmməd Əmin Rəsulzadə idi. Amma Rəsulzadə Yunqun və Freydin arxetiplərə yanaşması ilə tanış deyildi, ona görə də, mifoloji dillə çatdırılan mesajları bir qədər başqa istiqamətdə yozub. Biz isə məhz arxetiplərin prizmasından yanaşaraq, bu mifləri yaradan təfəkkürün əslində hansı mesajları verdiyini anlamağa çalışacağıq.

Siyavuş

İran-Turan münasibətlərini anlamaq üçün həm ən dramatik, həm də açar fiqur Siyavuşdur. Mifoloji sistemi yaradan təfəkkür bu obrazın başına açdığı oyunlarla əslində İran-Turan münasibətlərinin mürəkkəbliyini, dolaşıqlığını gizli eyhamlarla çatdırmağa çalışır.

Siyavuşun taleyindən türk qadını faktoru qırmızı xətt kimi keçir (bunu mifin dilində əksliklərin genetik vəhdəti kimi qəbul etmək lazımdır) . Onun anası türk qızıdır. Amma həmin türk qızı Kəyan sülaləsindən olan Keykavusun həyatına legitim şəkildə gəlməyib, tale gətirib çıxarıb (bu yazı çərçivəsində detallara çox varılmayacaq, əks halda bir kitab alınar). Bununla mifin dili bizə deyir ki, Qocaman İran sakitcə oturub səltənətini sürürdü, amma tale türkləri haradansa gətirib, ürcah eləməklə, onun bütün rahatlığını (və sabitliyini) pozdu. Bu mifoloji düşüncə (“Türklər gəldi, İranın rahatlığını pozdu”) İran təfəkküründə hələ də davam edir və biz müasir siyasi proseslərdə də onun izlərini görürük (“şirin quyruğu ilə oynamayın”, “filin quyruğuna qonan ağcaqanad” kimi Firdovsi qələminə layiq ibarələr həmin təfəkkürdən doğur).


Eyni zamanda, Siyavuşun ancaq yarısının (hər mənada) türk olması da mifin məntiqində çox maraqlı detaldır. Süjeti yaradan İran təfəkkürü gəlib bu coğrafiyaya çıxan türkləri atıq tam türk saymır, genlərin qarışmasından doğan fərqli, yeni bir insan hesab edir.

Siyavuşun atası Suriya şahzadəsi, ehtiraslı və qaynar, eyni zamanda da ləçər Südabə ilə evlənəndə münasibətlərə yeni tərəf əlavə olunur, nisbi sakitlik pozulur, konflikt qırılma həddinə qədər gərilir. Müasur dövrlə fantastik bir uzlaşma var: Sanki mifin dili bizə deyir ki, Suriya mövzusu İranla Türk arasında düşmənçiliyi artıran amildir.
(Yeri gəlmişkən, balaca bir haşiyə çıxım: Adətən dindarlar dini kitablarda gələcəklə bağlı fərqli interpretasiya oluna biləcək fikirlər tapanda bunu hay-küylə “möcüzə” kimi qələmə verirlər. Elə isə, deyə bilərikmi ki, Suriya üzərindəki Türk-İran konfliktini 10 əsr qabaqdan öngörən “Şahnamə” də müqəddəs kitabdır?)

Beləliklə, türk-fars münasibətinə ərəb daxil olandan sonra sakit həyat pozulur, Siyavuş atasının sarayından uzaqlaşaraq, Turan hökmdarı Əfrasiyabın yanına gedir və onun qızı Firəngizlə evlənir. Mahmud Kaşğarlıya inansaq, Əfrasiyab – real tarixi personaj olmuş türk hökmdarı Alp Ər Tonqadır. Elədirsə, çox maraqlı detal alınır: Belə çıxır ki, mifi yaradan düşüncə də, Firdovsi də real türk hökmdarının qabağına əsasən mifik personajları çıxarırlar. Eynilə bugünkü İran mifləri qabağa verdiyi kimi…

Ayrılığın birgəliyi

Məhəmməd Əmin Rəsulzadə Siyavuşu İran-Turan federasiyası ideyasının daşıyıcısı kimi görürdü. Hərçənd, əgər belədirsə, mifoloji təfəkkür onu öldürməklə bu cür federasiyanı mümkün saymadığına işarə vurur. Siyavuş obraz olaraq münasibətləri qabağa aparmır, onun yeganə funksiyası düşdüyü qalmaqalların vasitəsilə İran-Turan münasibətlərinin hər iki tərəfdən nə qədər düyünlü, dolaşıq, mürəkkəb olduğunu göstərməkdir. Xüsusilə də qan qarışığı məsələlərində. Siyavuş öz varlığı ilə göstərir ki, Turan və İran qanı bir-birilə elə qarışıb ki, onlardan hansının harada başlayıb, harada qurtardığını müəyyən etmək mümkün deyil. Keykavus – iranlı idi, Əfrasiyab – turanlı, bəs Siyaviş kimdir? İki qanın/ideyanın qarışığından doğan mutant. O, məhz iki tərəfin arasında qaldığı üçün də məhv olur. Qalmaya da bilməzdi. Bununla arxetipik məntiq bizə demək istəyir ki, Turanla İranın arasında nə qəti ayırıcı xətt çəkmək mümkündür, nə də onları barışdırıb, mehribanlaşdırmaq. Onlar daim mürəkkəb mübarizəyə məhkumdurlar.

Bəlkə bu, mesaj yox, təsadüfdür? Əsla! Fikir verin ki, İran-Turan mifoloji sisteminin (eləcə də “Şahnamə”nin) digər qəhrəmanı Rüstəm pəhləvan da turanlı xanımla (Təhminə) evlənib, amma bu izdivacdan doğulan oğlu Söhrab sonda elə öz atasının qurbanı olur. Yox, mifin dili qəti şəkildə deyir: İran-Turan birliyi bəhər verə bilməz!

Turanlı xanımla evləndiyinə görə cəzalandırılan başqa bir yarımifik iranlı personaj isə Nizaminin Xosrovudur. Yenə də eyni arxetip işləyir: İran şahzadəsi türk qızını sevir. Xosrov – müəyyən mənada Siyavuş, Şirin də Firəngizdir. İki tərəfin arasındakı rəqabəti isə bibisi Mehin Banı Şirinə belə başa salır:
O, əgər aydırsa, biz afitabıq
O, Keyxosrov, bizsə Əfrasiyabıq.
Bu misralar ilk baxışda göründüyündən qat-qat dərin anlam daşıyır. Keyxosrovun geni yenə də Əfrasiyabın geni ilə birləşir, amma yenə də xoşbəxt sonluq olmur. Niyə? Niyə Nizami Xosrovla Şirinin tarixçəsini xoşbəxt sonluqla bitirmir? Çünki bu da həmin qədim mifoloji süjetin, həmin arxetiplərin davamı idi, onların məntiqi isə birmənalıdır: İranla Turan xoşbəxt izdivaca yox, mübarizəyə məhkumdurlar. Bunun əksini etsən (Xosrov kimi), mifin məntiqinə qarşı çıxdığın üçün o, səni cəzalandıracaq!

Bölünə bilinməyən malımız

Beləcə, İran təfəkkürünün əsasında duran arxetipik düşüncədə türklərlə münasibətlər bu cür kodlaşdırılıb: Bir-birinə bağlı olsaq da, ayrıyıq və birləşə bilmərik. Biz İran-Azərbaycan münasibətlərinin bütün tarixində bu arxetipik qanunun təsirini görürük. Azərbaycan dövlətlərinin əksəriyyəti coğrafi baxımdan İran ərazisində yaradılıb (bir də xatırladım: İran - ərazi deyil, ideoloji sistemdir), bəzi istisnalarla qan bizdən olub, ruh İrandan; nəticədə yaratdığımızı heç vaxt bölə bilməmişik, sonluq isə mifoloji sistemin diqtə etdiyi kimi, uğursuz qurtarıb.

Həmin “bəzi istisnalar” da əsasən Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilərin dövlətinin Təbriz mərhələsinə aiddir. Çünki Əmir Teymurun hücumu Turanın təntənəli şəkildə İranı basıb keçməsi idi. Bu, İran ruhuna elə bir zərbə endirmişdi ki, bir müddət öz coğrafiyasında belə, özünü bərpa edə bilmədi. Ona görə həm qanı, həm də ruhu Turandan mayalanan sülalələr (Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi) taxta çıxdılar. Amma İran ruhu bərpa olunandan sonra yenidən Turan-İran simbiozluğunun generasiya etdiyi kollektiv təhtəlşüur oyun qaydalarını diqtə etməyə başladı. Nadirin də, Qacarın da səltənəti belə idi. Hər ikisini biz də haqlı olaraq özümüzünkü sayırıq, İran da. Onlar siyavuşlardırlar – Bəs Siyavuş kimi təmsil edirdi: İranı, yoxsa Turanı?!


Adətən iki nəfər çəkişəndə “Bölünə bilinməyən nəyiniz var?” sualı ilə üzləşirlər. Bizim İranla bölünə bilinməyən ortaq tariximiz, geni bizdən, ruhu onlardan olan dövlətlərimiz var. Amma təəssüf ki, bu ortaq tarixi müəyyən edən genetik-arxetipik kodlar bizi birliyə yox, qarşıdurmaya dartır. Ortada heç bir dövlət, sərhəd, beynəlxalq hüquq olmayanda bizi mübarizəyə çəkən arxetiplər bu gün yenə İranın ictimai, hətta siyasi təfəkkürünün gizli mexnizmlərini hərəkətə gətirirlər.

Bundan qurtulmaq mümkündürmü? Bəlkə də hə, amma yaxın tarixdə real görünmür. Çünki İran düşüncəsinin “Turan” nemezisindən, “Mən Turanla mübarizə apardığım üçün İranam” ekzistensial formulundan imtina etməsi lazımdır. Yeri gəlmişkən, eyni fikir yüzdə-yüz ermənilərə də aiddir. Ermənilərlə İranı bir-birinə bağlayan həm də budur: Kollektiv altşüurdakı süjetlər.

İslam bu münasibətləri bir az qəlizlədirir, çünki o da digər iki avramist din kimi nemezis təfəkkürü üzərində qurulmuş düşüncə sistemidir. İslam sanki inanan şəxsə deyir ki, səni sən edən Allahı necə sevməyindən daha çox, Şeytanla necə mübarizə aparmağındır. Əsas olan kimin yanında yox, kimə qarşı durmağındır. Zatən avramist dinlərin Allahını allah edən də öz nemezisi – İblis deyilmi? Əgər onların mifoloji sistemindən İblis personajını çıxarsaq, avtomatik olaraq, bütün sistem çökəcək. Belə bir din Qədim İran arxetiplərinin olduğu ictimai şüurla birləşəndə ortaya dəmir-beton qarışıqlı ideolji sistem çıxır. Diqqət etsəniz, orada da xeyli arxetiplər görəcəksiniz: İranlının təsəvvüründəki Həzrəti Əli – əslində mifologiyadakı Rüstəm Zalın (yeri gəlmişkən, Siyavuşun müəllimi) dördüncü xəlifənin real personasının üzərinə köçürülmüş obrazıdır və s. Bu düşüncə qəlibləri çətin ki, asanlıqla dəyişsin. Amma əsas olan bugünkü münasibətlərin köklərində nələrin dayandığını bilməkdir. Bunu bir növ geosiyasi psixoterapiya da saya bilərsiniz.

Vüsal Məmmədov
Azvision.az saytının baş redaktoru

Müəllifin digər yazıları:
“Üçüncü Roma” yox, “İkinci Bizans”: Rusiyanın Güney Qafqaz siyasətinin geosiyasi kodları
Qarabağ meydanı: ABŞ oyuna daxil olur – TƏHLİL



Teqlər: İran   Turan   Azərbaycan   Arxetip   Şahnamə   Mifologiya  





Xəbər lenti