Bir müsahibə ilə şah və mat – TƏHLİL

   Bir müsahibə ilə şah və mat –    TƏHLİL
  30 Sentyabr 2021    Oxunub:1967
Prezident İlham Əliyevin Türkiyənin “Anadolu” agentliyinə müsahibəsi demək olar, bütövlükdə Qarabağ məsələsi və onun ətrafında gedən danışıqlar, regionda son dövrlər intensivləşən hərəkətlənmələrə həsr olunmuşdu. Ölkə rəhbəri müsahibəsində sanki Azərbaycanın ayrı-ayrı məsələlərə dair mövqeyini lazım olan ünvanlara çatdırırdı.
ATƏT-in Minsk Qrupu və onun yarıtmaz fəaliyyətilə bağlı Prezidentin konkret misallarla ətraflı danışmasının altında iki məqsədin dayandığını ehtimal etmək olar. İlk növbədə İlham Əliyev müxtəlif bəhanələrlə regiona müdaxilə etmək istəyən və bu məqsədlə Minsk Qrupundan maşa kimi faydalanmağa çalışan həmsədr ölkələrə öz mövqeyini çatdırır. Həmin mövqe belədir: Ermənistanla Azərbaycan arasında yeni danışıqlarda Minsk Qrupunun vasitəçi olmasına etiraz etmirik, ancaq bu danışıqlar “Dağlıq Qarabağ” adlı qondarma mövzu ətrafında aparılmayacaq.
- Mən onlara (ATƏT-in Minsk Qrupunun üzvlərinə) dedim ki, siz təklif verin. Biz bu məsələni həll etdik, Dağlıq Qarabağ münaqişəsi başa çatdı, “Dağlıq Qarabağ” adlı inzibati ərazi, yəni, qurum mövcud deyil,- deyən Prezident daha sonra əlavə edir ki, “Bu günlərdə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sessiyasında çıxışımda da mən bütün ölkələrə müraciət etdim və dedim, rica edirəm ki, bundan sonra “Dağlıq Qarabağ” ifadəsi işlədilməsin, Azərbaycan ərazisində belə bir qurum yoxdur. Qarabağ zonası var, Şərqi Zəngəzur var. Belə olan halda Minsk qrupunun fəaliyyəti üçün bu gün yeni məsələlər ortalığa çıxmalıdır. Yəni, Dağlıq Qarabağ münaqişəsi bitdi. Yeni məsələ nə ola bilər? Mənim fikrimcə, etimad tədbirləri, ondan sonra, yolların, dəhlizlərin açılması, sülh prosesinə dəstək vermək, Ermənistan-Azərbaycan əlaqələrini tənzimləmək, bizim təklif etdiyimiz sülh müqaviləsinin imzalanmasına çalışmaq. Yəni, məncə, onların fəaliyyət dairəsi bu gündən sonra bundan ibarət olmalıdır.

Bu, həm də Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh danışıqlarına başlamaq üçün şərt kimi irəli sürdüyü Minsk Qrupunun vasitəçiliyinin bərpa olunmasına İlham Əliyevin cavabı kimi qiymətləndirilə bilər. Yerevan hesab edir ki, Minsk Qrupunu ortaya atmaqla qondarma “status” məsələsini gündəmə gətirəcək və belə olan halda, Azərbaycan tərəfi danışıqlara getməyəcək. Nəticədə Azərbaycanın adı sülh danışıqlarından yayınan tərəf kimi hallanmağa başlayacaq. Ermənistanın məqsədi isə bu yolla ilk növbədə vaxt udub, növbəti manevrləri üçün güc toplamağa çalışmaqdır.

Beləliklə, İlham Əliyev mümkün sülh danışıqlarının ATƏT-in Minsk qrupunun vasitəçiliyilə keçirilməsinə etiraz etmir, ancaq bu zaman qondarma status məsələsilə spekulyasiyalara yol verməyəcəyini bəri başdan açıqlayır: “Olmayan qurumun statusu ola bilərmi? Əlbəttə ki, yox. Mən demişəm, bir daha demək istəyirəm ki, əgər kimsə “Dağlıq Qarabağ”a status vermək istəyirsə, öz ölkəsində bir ərazi versin, orada bir qurum yaratsın, onların müstəqilliyini tanısın, biz də tanıyaq. Amma Azərbaycan ərazisində yox!” Bu bəyanatla prezident ilk növbədə mesajını Ermənistana bu məsələdə havadarlıq edən Fransaya çatdırır. Ona görə də, bu müsahibəsindən bir neçə gün sonra fransızların İlham Əliyevdən müsahibə almaq istəyinin altında Bakının Parisə münasibətdə mövqeyini aydınlaşdırmaq istəyi dayanırdı.

Paşinyanın Türkiyə ilə münasibətlərini bərpa etmə təklifi və prezident Ərdoğanın bu təklifə müsbət yanaşması məsələsinə gəldikdə isə, İlham Əliyevlə Ərdoğanın bir-birinə necə uğurlu ötürmələr həyata keçirdiklərini və beləliklə, birlikdə qələbə topunu vurmaq üçün irəlilədiklərini sezməmək mümkün deyil. Xatırlatmaq yerinə düşər ki, Ərdoğan Paşinyanın onunla görüşmək təklifinə ilkin şərt olaraq Zəngəzur dəhlizinin açılmasını irəli sürmüşdü. Həmçinin, Türkiyə prezidenti Yerevandan “müsbət addım” gözlədiyini deyərək, ötürməni İlham Əliyevə göndərmişdi.
İlham Əliyevin isə müsahibəsində “Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını, əlbəttə, biz istəyirik ki, bütün bölgədə sülh olsun. Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi 3+3 platforması, hesab edirəm ki, bunun ən gözəl yolu ola bilər. Ancaq Ermənistan hələ ki, buna razılıq verməyib. İndi bu, Türkiyə Prezidenti tərəfindən səslənir, Ermənistana şans verilir. Azərbaycan bunu dəstəklədi, Rusiya dəstəklədi, İran dəstəklədi, ancaq Ermənistan bunun əleyhinə çıxır. Bunun əleyhinə çıxan Ermənistan indi bəyan edir ki, Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir”,- deməsi məhz Ərdoğanın “müsbət addım” söyləməklə nəyi nəzərdə tutduğunun açıqlamasıdır.

İlham Əliyev eyni zamanda Ankara ilə münasibətlərin bərpa olunmasının ikinci əsas şərtini açıqlayır: “Ermənistan konstitusiyasında Türkiyəyə qarşı torpaq iddiası var, ondan əl çəkməlidir. Öz konstitusiyasını yenidən işləyib, qəbul etməlidir”.

Prezident ilk dəfə olaraq İranın yük maşınlarının Azərbaycan ərazisinə daxil olması, həmçinin Azərbaycanla sərhəddə hərbi təlim keçirilməsi məsələsinə açıq şəkildə münasibət bildirib: “İran tırlarının qanunsuz olaraq Qarabağ bölgəsinə getməsi birinci dəfə baş vermir. Bu, işğal dövründə də dəfələrlə olan hadisələrdir”,- deyən dövlət başçımız hadisələri bütün xırdalıqlarına qədər sadalamaqla, məsələlərdən tam xəbərdar olduğunu qarşı tərəfə çatdırır və sonda belə bir sual ortaya qoyur: “İndi orada - rus sülhməramlı qüvvələrinin nəzarətində olan Qarabağ bölgəsində cəmi 25 min adam yaşayır. Yəni, bu bazar o qədərmi önəmlidir? O ticarət o qədərmi önəmlidir ki, dost, qardaş saydığın ölkəyə qarşı belə nümayişkaranə hörmətsizlik edirsən?”

Əliyev məsələyə iqtisadi maraqları kontekstindən yanaşır və tərəzinin bir gözünə heç də “dostluq, qardaşlığı” deyil, əslində İranla Azərbaycanın “Şimal-Cənub” nəqliyyat dəhlizi, “3+3” platformasında əməkdaşlıq və İranın TANAP-a qoşulma perspektivlərini, digər gözünə isə, 25 min erməniyə mazut satmaqdan əldə olunacaq gəlirləri qoyur.

“O ki qaldı, bizim sərhədimizin yaxınlığında keçirilən hərbi təlimlərə, bu, çox təəccüb doğuran bir məsələdir”,- deyən İlham Əliyev ardınca əlavə edir ki, “Nə üçün məhz indi? Nə üçün məhz bizim sərhədimizdə? Bu sualları mən yox, Azərbaycan ictimaiyyəti verir. Bu sualları dünya azərbaycanlıları verir”.

Əslində Tehranın heç bir məntiqə sığmayan təlimləri sonunda ölkədaxili sabitliyin pozulması və azərbaycanlı əhalinin etirazı ilə nəticələnə bilər. II Qarabağ müharibəsi dövründə belə hallar dəfələrlə olmuşdu. İranın eyni siyasəti yeridib fərqli nəticələr umması bir başqa lətifənin mövzusudur. İlham Əliyev bu bəyanatları ilə sadəcə olaraq, Tehrana qeyd olunan məqamları dolayı yolla xatırladır.

Nəhayət, Rusiya ilə Azərbaycanın münasibətləri, Rusiyanın Ermənistana təmənnasız silah verməsilə bağlı prezidentin dediklərindən belə qənaətə gəlmək olar ki, Kremlin siyasətinə təsir göstərmək iqtidarında olan müxtəlif maraqlı qüvvələr var: “Ermənistan və Rusiyada fəaliyyət göstərən erməni lobbisi hər gün müntəzəm olaraq çalışır ki, Rusiya-Azərbaycan münasibətlərində bir çat yaransın. Onların gündəlik peşəsi Azərbaycanı ləkələmək, Rusiya mediasında Azərbaycan haqqında mənfi imic yaratmaq, Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaqdır. Hesab edirlər ki, belə olan halda, revanşist qüvvələr nə vaxtsa yenə də baş qaldırıb, bizə qarşı yeni savaşa çıxa bilərlər. Amma onlar yanılırlar”.

Bunun ardınca Prezidentin “Rusiya-Azərbaycan münasibətləri kifayət qədər yüksək səviyyəli münasibətlərdir. Biz bütün məsələləri açıq şəkildə müzakirə edirik – prezidentlər səviyyəsində, müdafiə və xarici işlər nazirləri səviyyəsində. Hansısa tərəfi narahat edən istənilən sualla bağlı dərhal təmasda olur və məsələləri həll edirik” deməsi həmin qüvvələrə özünəməxsus tərzdə bir mesajdır ki, Putinlə onun birbaşa – vasitəçisiz münasibəti var və hər bir məsələnin prezidentlər formatında dərhal müzakirəsinə heç bir maneə yoxdur. Qısası, Azərbaycanla Rusiya arasında münasibətlərin pozulmasına yönəlmiş addımlar nəticə verməyəcək.

Tofiq Vahid
Azvision.az


Teqlər: İlham-Əliyev   Diplomatiya  





Xəbər lenti