1. Qarabağın gələcəyi
Prezidentin qeyd olunan istiqamətlər üzrə çıxış və müsahibələrindəki fikirləri ümumiləşdirdikdə belə bir qənaətə gəlmək olar ki, Azərbaycan Ermənistanla sülh danışıqlarına getməyə hazırdır, amma sülh danışıqlarında “Dağlıq Qarabağın statusu” məsələsi ümumiyyətlə müzakirə mövzusu olmayacaq.
Sülh danışıqları iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat dəhlizlərinin açılması, iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması və hörmətlə yanaşması, münasibətlərin bərpası və mehriban qonşuluq şəraitində bundan sonrakı yaşamın davam etdirilməsi mövzuları ətrafında aparılmalıdır. Bu şərtlər altında Azərbaycan istər Minsk Qrupu, istərsə digər beynəlxalq qurumun vasitəçiliyi ilə danışıqların başlanmasına razıdır.
Prezidentin Vətən Müharibəsi dövründə işlətdiyi 10 məşhur ifadə |
Prezidentin hər çıxış və müsahibəsində “Dağlıq Qarabağ” adlı ərazinin mövcud olmadığı və belə bir münaqişənin həll edildiyini təkidlə vurğulaması ilk növbədə yuxarıda qeyd olunan mövqeyi ilə bağlıdır. Bu mənada BMT Baş Assambleyasındakı çıxışı daha çox diqqəti cəlb edir: “Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq “Dağlıq Qarabağ” adında inzibati ərazi vahidi yoxdur. Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratmışıq. Fürsətdən istifadə edərək, mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram”.
2. Təzminat
Prezidentin çıxış və müsahibələrində digər əsas aparıcı mövzu kimi erməni faşizmi və vandalizmi nəticəsində Azərbaycana dəymiş ziyan, bunun mənəvi-hüquqi qiymətləndirilməsi, erməni cəmiyyətində mövcud olan faşist və nasist meyillərin regional təhlükəsizliyə yaratdığı hədələr, Azərbaycanofobiya və islamofobiya meyillərinin qonşuluq siyasətinin qurulmasına yaratdığı maneələri vurğulamaq olar.
Məsələn Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsində İlham Əliyev qeyd edir ki, “Ermənistan törətdiyi cinayətlərə - bizim əmlakımızın talan edilməsinə, tarixi abidələrin, vətəndaşların əmlakının məhv edilməsinə, meşələrin qırılmasına, çaylarımızın və göllərimizin çirkləndirilməsinə, işğal altında olan ərazilərimizdə faydalı qazıntılardan qanunsuz istifadə edilməsinə görə cavab verməlidir, bütün bunlar hesablanır”.
Yaxud Prezidenti İlham Əliyevin sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciətində bildirir ki, “Ermənistanda hakimiyyət dəyişikliyi olub, ancaq düşmənin xisləti dəyişmir. Ermənistanda tüğyan edən azərbaycanofobiya, islamofobiya psixi xəstəlik dərəcəsinə çatıb. Azərbaycanlılara qarşı olan nifrət orada rəsmi ideologiya kimi bərqərar edilib. Əks təqdirdə, bu qədər vəhşilik törədilməzdi. Azad edilmiş torpaqlara hər gələn insan dəhşətə gəlir ki, bunu törədən insan deyil. Mən hətta deyə bilərəm ki, bunu törədən heyvan da deyil. Bunu törədən azğınlaşmış, quduzlaşmış, azərbaycanofob kütlədir, qəbilədir. Buna başqa ad vermək olmaz və bütün dünya bunu görməlidir. Ermənistanın havadarları bunu görməlidirlər. Görmək istəməsələr də, görməlidirlər və görəcəklər, biz göstərəcəyik, bütün dünyaya göstərəcəyik ki, biz hansı bəlanın dərsini verdik, biz bölgəmizi hansı bəladan xilas etdik”.
3. Qonşularla münasibətlər
Postmüharibə dövrünə gəldikdə isə, İlham Əliyev ilk növbədə qonşu ölkələr, əsasən isə Rusiya və Türkiyə ilə münasibətlərin əhəmiyyətindən söz açmaqla yanaşı, bu əlaqələrin qurulması və daim yüksək səviyyədə qalmasında onun hər iki ölkənin başçısı ilə şəxsi münasibətlərinin rolonu vurğulayıb.
Korotçenkoya müsahibəsində Prezident “Ermənistan istisna olmaqla bütün qonşularımızla yaxşı, demək olar ki, yaxın dostluq münasibətlərimiz var, biz bu münasibətləri qiymətləndiririk”,- deyir, daha sonra Rusiya ilə Azərbaycanın münasibətləri barədə geniş danışarkən “Rusiya Prezidenti ilə bizi çox böyük etimada əsaslanan münasibətlər bağlayır. Siyasətçilər arasında, xüsusən qonşu ölkələrin siyasətçiləri arasında bir-birinə bu cür etimadın olması vacibdir. Bizim aramızda məhz bu cür münasibətlər mövcuddur. Bir də, əlbəttə, dərin qarşılıqlı hörmət hissi. Bizim məqsədlərimiz tamamilə üst-üstə düşür” deməsi yuxarıda qeyd olunan fikri bir daha təsdiq edir.
“Anadolu” agentliyinə müsahibəsində də Prezident oxşar fikir səsləndirir: “Rusiya-Azərbaycan münasibətləri kifayət qədər yüksək səviyyəli münasibətlərdir. Biz bütün məsələləri açıq şəkildə müzakirə edirik – prezidentlər səviyyəsində, müdafiə və xarici işlər nazirləri səviyyəsində. Hansısa tərəfi narahat edən istənilən məsələ ilə bağlı biz dərhal təmasda olur və məsələləri həll edirik. Deyə bilərəm ki, bu gün Rusiya-Azərbaycan münasibətlərində hansısa təcili məsələni həll etməklə bağlı bir mövzu da yoxdur. Çünki bu münasibətlər kifayət qədər müsbətdir”.
Türkiyə ilə münasibətlərə gəldikdə isə, prezident bütün çıxış və müsahibələrində Ankaranın Azərbaycanın qələbəsindəki xüsusi rolunu qabartmaqla yanaşı prezidentlərin şəxsi dostluqlarının bu məsələdə roluna toxunmağı da lazım bilib: “Mən hesab edirəm ki, belə çox güclü bir tarixi, mədəni zəmin üzərində bu cür gözəl münasibətlər sarayını tikmək bizim xüsusi xidmətimizdir. Həm hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın, həm də mənim. Burada mən təvazökarlıqdan uzaq olmalıyam və bu, həqiqətdir”,- deyən İlham Əliyev daha sonra səsləndirdiyi fikirlərlə Ərdoğanla səmimi dostluğunu ortaya qoyur: “Türkiyədə bunu bir çoxları bilir ki, mən savaş bitəndən sonra hörmətli Prezidenti (Rəcəb Tayyib Ərdoğanı) Şuşaya dəvət etdim. O vaxt demişdim ki, o, Şuşaya gəlməyənə qədər oraya hansısa başqa ölkədən heç kim gəlməyəcək. Hətta Türkiyədən gələnlər olmuşdu, ora getmək istəyənlər olmuşdu. Mən onlara dedim ki, sağ olun, amma gözləyin, Qardaşım gəlsin getsin, ondan sonra yolunuz açıqdır”.
Nəhayət, Prezidentin postmüharibə dövrünə olan baxışını açıqlayan digər məqam isə onun mümkün regional əməkdaşlıq platformaları ilə bağlı dedikləridir. Bu mənada əminliklə söyləmək olar ki, Azərbaycan birmənalı olaraq “3+3” regional əməkdaşlıq platformasının tərəfdarıdır. Ermənistan bununla bağlı mövqeyi isə hələ ki, qeyri-müəyyəndir.
Tofiq Vahid
Azvision.az