Pekinin Baydenə olan ümidləri özünü niyə doğrultmadı?

Pekinin Baydenə olan ümidləri özünü niyə doğrultmadı?
  12 Oktyabr 2021    Oxunub:667
ABŞ-ın keçmiş prezidenti Donald Trampın 4 illik hakimiyyəti dövründə Çinlə münasibətlər xeyli gərginləşdi. Pekin ümid edirdi ki, Trampın əsas rəqibi Co Bayden Ağ Evdə əyləşəndən sonra gərginlik nisbətən azalacaq və münasibətlər keçmişdə olan dövrə qayıdacaq.
Ancaq münasibətlər əvvəlki tək gərgindir. Əksinə, Vaşinqton Çinə qarşı yeni addımlar barədə düşünür.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Çinlə mübarizədə yeni mərkəz təsis edib. “Qlobal çağırışlarla” mübarizə mərkəzinin əsas hədəfi Çindir. Çin Xarici İşlər Nazirliyi yeni mərkəzin yaradılmasını münasibətlərə daha çox zərər vuracağıyla bağlı bəyanatla çıxış edib. Rusiya da yeni təsis olunan mərkəzə etirazını bildirib. Moskvada hesab edirlər ki, bu mərkəz Çinlə yanaşı Rusiyanı da hədəf götürəcək.

Məsələni Azvision.az –a şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, Çini Vaşinqtonla münasibətlərdə son zamanlar iki hadisənin qeydə alınması da narahat edib.

- Birincisi, ABŞ-ın sualtı gəmisi Çin sahillərinə yaxınlaşaraq bəlli olmayan insidentlə üzləşib. Vaşinqton bu insident barədə beynəlxalq aləmə səhih məlumat verməyib. İkincisi, ABŞ Tayvanda hərbi fəaliyyətini genişləndirir.

ABŞ və Çin təmsilçiləri bu məsələlərə aydınlıq gətirmək üçün İsveçrənin Sürix şəhərində bir araya gəlsələr də, müzakirələrdən nəticə çıxmayıb. Görüşdə ABŞ-ı prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan, Çini isə hakim Kommunist Partiyasının beynəlxalq məsələlər üzrə şöbə müdiri Yan Tseçi təmsil edirdilər.

ABŞ-Çin münasibətlərinin gərginləşməsinə baxmayaraq, tərəflər toqquşma istəmirlər, bu kimi riskləri azaltmaq barədə bəyanat verirlər. Ancaq hadisələrin inkişafı toqquşma ehtimalını getdikcə artırır. Vaşinqton Çinin artan hərbi gücünə və Tayvan adasını ələ keçirmək planlarına seyrçi qalmayacaq.



Ekspert Tayvan rəhbərliyinin açıqlamasını xatırladaraq deyib ki, Çin 2025-ci il üçün Tayvan adasını ələ keçirmək üçün plan hazırlayıb. Pekin bu iddiaları təkzib etməyib. Belə olan halda Amerika Tayvan adasında hərbi varlığını artırmağa qərar verib.

- Amerikanın nüfuzlu “The Wall Street Journal” dərgisində yayımlanan məqaləyə görə, Mərkəzi Kəşfiyyat İdarəsi Tayvana 20 təlimçi göndərib. Həmin şəxslər Tayvan ordusunun xüsusi qruplarına intensiv təlimlər keçirlər. Amerikanın məqsədi Tayvanın müdafiə qabiliyyətini artırmaqdır. Pekinin Vaşinqtondan tələbi budur ki, ABŞ Tayvanı silahlandırmaqdan əl çəksin. Elə bu tələbin özü göstərir ki, Çin Tayvan adasını rahatlıqla ələ keçirmək üçün planlar üzərində işləyir. Cəmi bir neçə gün ərzində Çin təyyarələri Tayvan adası üzərində 150 uçuş həyata keçiriblər. Bundan narahat olan Vaşinqton da adaya yaxın əraziyə sualtı gəmilərini göndərib.

Beləliklə, Pekinin Baydenə olan ümidləri özünü doğrultmayıb. Başqa cür olması da çətindir. Çin öz hərbi gücünü artırdıqca, qonşu dövlətlərə qarşı əzələ nümayişi həyata keçirdikcə, o cümlədən Tayvan adasını ələ keçirmək üçün planlar hazırlayarkən, Amerikanın heç bir prezidenti Pekinlə münasibətləri normallaşdıra bilməyəcək.

Tural Tağıyev
Azvision.az



Teqlər: Çin   ABŞ   Tayvan   Tramp   Bayden  





Xəbər lenti