"Azərbaycan Naxçıvanla dəmir yolu və avtomobil əlaqəsi əldə edəcək" - Paşinyan

 "Azərbaycan Naxçıvanla dəmir yolu və avtomobil əlaqəsi əldə edəcək" -  Paşinyan
  15 Oktyabr 2021    Oxunub:1342
"Bölgədə kommunikasiyaların açılması nəticəsində Azərbaycan Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu və avtomobil əlaqəsi əldə edəcək".
Azvision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Minskdə MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

O, yaxın gələcəkdə regional kommunikasiyaların açılmasında konkret nəticələr əldə olunacağına ümid edir. Paşinyan Rusiyanın sülhməramlı kontingentinin olduğu zonada insan ölümləri ilə bağlı insidentlərin araşdırılması üçün üçtərəfli mexanizmin gücləndirilməsini təklif edib.

Hökumət rəhbəri Bakının erməni məhbusları azad edəcəyi təqdirdə mina sahələrinin xəritələrini təhvil verməyə hazır olduğuna əmin edib. O, İrəvanın Rusiya və digər beynəlxalq tərəfdaşların dəstəyi ilə Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə başlamağa hazır olduğunu vurğulayıb. Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün Minsk Qrupu çərçivəsində danışıqlar prosesinin bərpasını vacib saydığını söyləyib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Nikol-Paşinyan  





Xəbər lenti