Müharibənin 36-cı günü: Biz qovuruq, onlar qaçır

   Müharibənin 36-cı günü:  Biz qovuruq, onlar qaçır
  01 Noyabr 2021    Oxunub:1378
Əlbəttə, hər böyük mübarizədə olduğu kimi bədəllər ödəyirik. Terrorla mübarizədə şəhidlər verdik. Amma unutmamalıyq ki, hər şey bu ərazilərin vətən olması üçündür. Əgər vətənə sahib olmaq istəyirsənsə, mübarizə aparmalısan. Türkiyə bundan sonra da azərbaycanlı qardaşlarının yanında olacaq, Qarabağ məsələsində açıq və qətiyyətli mövqe nümayiş etdirəcək.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Samsunda keçirilən konfransında dediyi bu sözlər Ankaranın xalqımızın haqq işini dəstəkləməisnə, regionda nühuz sahibi olmasına qərəzli müansibət sərgiləyənlərə tutarlı cavab idi.
2020-ci il noyabrın 1-də ölkəmizə gəlmiş Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunu qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev bu həqiqəti xüsusi vurğuladı.
- Bu günlər ərzində bizə Türkiyə vətəndaşları, bizim qardaşlarımız tərəfindən göstərilən dəstəyə görə bütün qardaş Türkiyə xalqına təşəkkürümü bildirmək istəyirəm. Türkiyənin media nümayəndələri də gecə-gündüz döyüş meydanlarında öz həyatlarını risk altına atırlar və bu görüntüləri dünya daha çox Türkiyə mediası vasitəsilə görür və bilir. Gəncənin, Bərdənin namərdcəsinə bombalanmasından sonra buraya ilk gələn bizim Türkiyədən olan qardaşlarımızdır. Ona görə bu, bir daha Türkiyə-Azərbaycan birliyini göstərir, -Prezident İlham Əliyev dedi.


Azərbaycannın bütün müstəvilərdə güclü dövlət olduğunu dünyaya göstərdiyini deyən Mövlud Çavuşoğlu

“Biz Sizin döyüş meydanındakı qələbələrinizlə fəxr edirik. Bütün dünyaya türkün gücünü göstərdiniz, qürur duyuruq. Qarabağ məsələsini, davam edən bu əməliyyatları vətəndaşlarımız çox yaxından izləyir və bizə daim “Azərbaycana daha çox dəstək verin, onu tək qoymayın”, - deyə xəbərdarlıqlar edirlər. “Bizi də cəbhəyə göndərin” deyən çoxları var. Əminəm ki, Sizə yazılan məktublarda da bunlar vardır” -deyə vurğuladı.

Vətən müharibəsinin 36-cı günündə keçirilən bu görüşdə Azərbaycan Prezidenti bildirdi ki, Rusiya prezidentinə kömək barədə məktub göndərməklə əslində Paşinyan artıq Ermənistanın məğlubiyyətini etiraf edib. Bu isə çox yaxın günlərdə ərazi bütövlüymüzü tamamilə bərpa edəcəyimizin göstəricisidir.

Həmin gün bu danılmaz həqiqəti təsdiqləyən daha iki önəmli fakt məlum oldu. Qarabağdakı separatçıların lideri Araik Arutunyanın guya iki gün əvvəl Şuşa kilsəsində çəkilən və sosial şəbəklərədə yayılan videomüraciətinin ən azı oktyabrın 22-23-də lentə alındığı aşkarlandı. Həmin çəkilişdən dərhal sonra isə Araikin öz quldurları ilə dabana tüpürərək Ermənistana qaçdığı məlum oldu. Beləliklə də, öz dərisini xilas etmək hayında olan canilərin Qarabağdakı ermənilərin taleyinə biganə qaldıqları bir daha sübuta yetdi.

Digər bir maraqlı fakt isə Birinci Qarabağ müharibəsinin qatillərindən biri Şage Acemyanın onun özü kimi keçmiş cinayətkar komandiri, separatçı rejimin sabiq başçısı Bako Saakyanı gözüyaşlı gördüyünü etiraf etməsi oldu. Acemyan bunun Xankəndindəki kilsədə dua mərasimindən sonra baş verdiyini bildirdi.



Bu caniləri acı göz yaşları tökməyə məcbur edən Azərbaycan Ordusu müharibənin 36-cı günü düşmənə döyüş meydanlarında yeni zərbələr endirdi. Həmin gün Ermənistan silahlı qüvvələrinin 022 saylı xüsusi təyinatlı hərbi hissəsi darmadağın edilib. Hərbi hissənin şəxsi heyətinin ölənlər və yaralıları da daxil olmaqla 70 faizi sıradan çıxarıldı.

Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində gedən döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, 1 ədəd PDM, 8 ədəd müxtəlif tipli topu, 2 rabitə qülləsi, 5 ədəd avtomobil texnikası məhv edildi və sıradan çıxarıldı. Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində bölmələrimizin mövqelərini atəşə tutan düşmənin 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi dağıdıldı.

Həmin gün aparılan əməliyyatlar zamanı Ermənistan tərəfdən Azrəbaycana qarşı vuruşan PKK/YPG terrorçularını daşıyan yük maşınına endirilən zərbə nəticəsində 9 muzdlu məhv edildi. Bundan bir gün əvvəl isə Şuşa istiqamətində PKK-nın Suriya qanadı olan YPG terror təşkilatındakı qruplaşmalardan birinin rəhbəri, Suriyanın şimal-şərqində fəaliyyət göstərən “Qamışlı Hərbi Şurası” qruplaşmasının üzvü olmuş Fırat Piran öldürülmüşdü.

Yeri gəlmişkən, Bako Saakyanın ağlamasının şahidi olmuş Şage Acemyan da 1-ci Qarabağ savaşına Suriyadan diaspor xətti ilə gətirilmiş terrorçudur. Hazırda İrəvanda yaşayan bu cani ölkəmizə qarşı çirkin təbliğat aparmaqla məşğuldur.

Amma atalar “Su sənəyi suda sınar”,-deyiblər. Bu cür macəra axtaranların gec-tez öz layiqli cəzalarını aldıqlarını tarix dəfələrlə sübut edib. Bu baxımdan, Şahe Acemyanın taleyinin onun digər “məsləkdaşları”nınkından fərqli olmayacağı şübhə doğurmur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Müharibə   Türkiyə  





Xəbər lenti