İntellektual güc nümayişi

Azərbaycan dünyanın ideoloji xəritəsində vacib dövlətə çevrilir

      İntellektual güc nümayişi
  05 Noyabr 2021    Oxunub:4009
Bu gün bəşəriyyəti əsasən üç əsas məsələ - COVİD 19-la mübarizə və post-pandemiya dövrünə hazırlıq, qlobal istiləşmə və iqlim dəyişikliyi ilə mübarizə, həmçinin, dünyada mövcud olan konfliktlərin həlli məsələləri xüsusilə narahat edir. Bunu il ərzində keçirilən qlobal miqyaslı sammitlərin müzakirə mövzuları bir daha sübut edir. Dünyanın demək olar ki, bütün dövlətlərinin qatıldığı BMT Baş Assambleyasının sentyabrda keçirilən 76-cı sammiti, “Böyük 20-liy”in (G20) oktyabrda Romada baş tutan zirvəsi və bu günlərdə Böyük Britaniyanın təşəbbüsü ilə Qlazqo şəhərində keçirilən BMT-nin İqlim dəyişikliyi konfransı (COP26) əsasən qeyd olunan mövzulara həsr olunmuşdu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-də işə başlayan Bakı Qlobal Forumunun sayca 8-ci sammitinin əsas mövzusu “COVID-19-dan sonrakı dünya” olsa da, rəsmi gündəlikdə iqlim dəyişiklikləri və münaqişələrin həlli məsələləri də geniş yer tutur. Azərbaycanın təşəbbüsü və birbaşa dəstəyilə yaradılmış bu beynəlxalq forum faktik olaraq qlobal əhəmiyyət daşıyan, bəşəriyyəti narahat edən məsələlərin həlli yollarının müzakirə edildiyi beynəlxalq əhəmiyyətə malik platforma rolunu oynayır. Bununla Azərbaycan qlobal problemlərin həlli üçün öz töhfəsini verməklə yanaşı, geosiyasi əhəmiyyətini bir daha nümayiş etdirmiş oldu.

Qlobal problemlərin həllində Azərbaycanın təşəbbüsləri barədə Forumun açılışında etdiyi çıxışda söz açan Prezident İlham Əliyev bildirib ki, “Qoşulmama Hərəkatının Sammitində biz BMT-nin Baş Assambleyasının COVID-ə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdik. Təşəbbüs beynəlxalq birliyin mütləq əksəriyyəti tərəfindən dəstəkləndi və bu xüsusi sessiya keçən ilin 3 və 4 dekabr tarixlərində baş tutdu. Bu, bizim qlobal məsələlərin müzakirəsinə olan töhfəmiz idi”.


Ölkə rəhbərinin sözlərinə görə, Azərbaycanın qlobal anlamda “COVİD-19” ilə mübarizə üçün digər addımı isə, dünya üzrə vaksinləşmə prosesinin hər bir xalqa əlçatan olması barədə verdiyi təklifdir.
- Eyni zamanda, biz BMT-nin İnsan Hüquqları Şurasında peyvəndlərlə bərabər və universal çıxış və peyvəndlərin ədalətli bölgüsünə dair təşəbbüs irəli sürdük. Biz qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan ölkələrdənik. Bəzi ölkələr artıq peyvəndin üçüncü dozasının tətbiqini planlaşdırır. Digər ölkələrdə isə vaksinasiyanın səviyyəsi aşağıdır. Beləliklə, biz bərabər imkanların yaradılması üçün bu məsələni müzakirə etməliyik,- prezident vurğulayıb.

Qeyd etmək lazımdır ki, BMT Baş Assambleyasının 76-cı sammitində çıxış edən qurumun baş katibi Antoniu Qutteriş də vaksinlərin ölkələr üzrə qeyri-bərabər paylanması məsələsinə diqqət çəkərək, belə halların yolverilməz olduğunu deyib. Qutteriş varlı ölkələrin vətəndaşlarının əksəriyyətinin peyvənd olunduğu halda, 90 faiz afrikalının hələ 1-ci doza vaksini gözləməsini “ədəbsizlik” adlandırmışdı.

Azərbaycan isə öz vətəndaşının peyvənd olunmasını təmin etməklə yanaşı, qlobal mənada vaksinasiya prosesinə yardım göstərməkdən çəkinməyib. “Qoşulmama Hərəkatının sədri qismində biz 30-dan artıq ölkəyə maliyyə və humanitar yardımı etmişik. Bir neçə ölkəni peyvənd dozaları ilə təmənnasız təmin etmişik. Eyni zamanda, biz yoxsul ölkələrin dəstəklənməsi üçün Dünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi etmişik. Bunlar bizim qlobal səviyyədə atdığımız addımlardır”,- deyə prezident İlham Əliyev qeyd edib.


Bakı Qlobal Forumunda müzakirə olunan digər vacib məsələ isə təbii ki, qlobal istiləşmə və bununla bağlı görüləcək tədbirlərlə bağlı idi. Azərbaycanın bununla bağlı gördüyü işləri Böyük Britaniyanın baş naziri Boris Consonun Foruma ünvanladığı müraciətində dəqiq öz əksini tapıb. Müraciətdə qeyd olunur ki, “Bu Forum qlobal istiləşməni məhdudlaşdırmaq kimi ümumi məqsədimizə çatmaq üçün mühüm imkan yaradan COP26 ilə eyni vaxtda keçirilir. Ümid edirəm ki, COP26 davam etdiyi bir vaxtda Azərbaycan çox uğurlu nəticələr əldə etmək istiqamətində öz rolunu oynayacaq. Mən Sizin “yaşıl enerjiyə” verdiyiniz xüsusi dəyəri və Azərbaycanda bərpa olunun enerjinin rolunun artırılması planlarınızı alqışlayıram”.

Nəhayət münaqişələrin həlli ilə bağlı Azərbaycanın qlobal anlamda ən böyük töhfəsi BMT Qətnamələrinə uyğun olaraq, Ermənistan-Azərbaycan münaqişəsini həll etməsi oldu. Nəhayət uzun illərdən sonra dünyada mövcud olan münaqişə ocaqlarından biri də söndürüldü və bununla da ümumilikdə regionda sülhün bərqərar olunması reallaşacaq. Prezident İlham Əliyev də Ermənistan-Azərbaycan münaqişəsi barədə danışarkən məsələyə qeyd olunan rakursdan yanaşıb.


Ümumilikdə Bakı Qlobal Forumu Azərbaycanın beynəlxalq nüfuzunun və təsir gücünün artırılmasını hədəfləyən unikal diplomatik vasitədir. Azərbaycan bir tərəfdən qlobal problemlərin həllinə bu yolla öz töhfəsini verərkən, digər tərəfdən milli maraqlarımızın beynəlxalq səviyyədə təbliğini həyata keçirir. Praktiki olaraq Azərbaycan bu Forumla nəinki Cənubi Qafqaz, eyni zamanda Şərqi Avropada lider dövlətlərdən birinə çevrilməsini təmin edir.

Onu da qeyd etmək lazımdır ki, Forumda xarici ölkələrin keçmiş dövlət və hökumət rəhbərlərinin fəal iştirakı, onların Azərbaycanla sıx təması bu şəxslərin ölkəmizin maraqlarını beynəlxalq miqyasda dəstəkləməsinə gətirib çıxarır. Keçmiş hökumət və dövlət rəhbərlərinin öz ölkələrində olan nüfuzundan Azərbaycanın maraqları naminə istifadə olunması xarici ölkələrdəki ictimai rəyin ölkəmizin xeyrinə yönləndirilməsinə şərait yaradır. Qərb ölkələrində ictimai rəyin xarici siyasi prioritetlərin müəyyən olunmasında mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alarsaq Forumun Azərbaycanın Avropa İttoifaqına üzv olan dövlətlərlə əlaqələrinin dərinləşməsində nə dərəcədə vacib rol oynadığını anlamaq olar.

Tofiq Vahid
AzVision.az



Teqlər: Qlobal-Forum   Bakı-Forumu  





Xəbər lenti