"Əvəllər özünü dartan Erməni rejissor bu dəfə başqa cür idi" - Ayaz Salayev

 "Əvəllər özünü dartan Erməni rejissor bu dəfə  başqa cür idi" -  Ayaz Salayev
  27 Dekabr 2021    Oxunub:3985
Azərbaycan və Ermənistandan bir qrup ziyalı Moskvada Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun vasitəçiliyi ilə görüşüblər. Bu görüşdə Azərbaycanı Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Ermənistanı İrəvan Dövlət Tibb İnstitutunun rektoru Armen Muradyan, Dövlət Kukla Teatrının bədii rəhbəri Ruben Babayan, İrəvan Rus Dram Teatrın direktoru Marianna Mxitaryan və Ermənistan Kinematoqrafçılar İttifaqının prezidenti Harutyun Xaçatryan təmsil edib.
Görüşdə iştirak edən rejissor Ayaz Salayev təəssüratlarını AzVision.az ilə bölüşüb:

- Əvvəllər də bu tipli görüşlərdə iştirak etmişəm. Bu isə müharibədən sonra bizim ilk görüşümüz idi. Mən maraqla getmişdim. Maraqlı idi ki, görüş necə keçəcək, bunların münasibəti necə olacaq. Görünən o idi ki, bizim qələbə onlara əməlli-başlı təsir edib. Artıq dəyişiklikləri hiss etmək olurdu.
"Bir-birimizə tikanlı atmacalar atmadıq" - Ermənilərlə görüşən Kamal Abdulla

- Sizi necə qarşıladılar? Münasibət necə idi ki?
- Belə də. Nə çox soyuq, nə də çox mehriban.

- Erməni ziyalılarının içərisində əvəllər münasibətiniz olanlar var idimi?
- Var idi. Rejissor Harutyun Xaçatryanla İsveçrədə festivalda tanış olmuşduq. Bu dəfə isə o xeyli dəyişmişdi. O vaxt mənə yuxarıdan aşağı baxmağa çalışırdı. Bu dəfə isə tamam başqa idi.

- Onunla şəxsən söhbətiniz oldumu? Nədən danışdınız?
- Bəli. O təklif etdi ki, hər iki tərəfin Qarabağ mövzusunda çəkdiyi filmlərə baxaq. Onlar bizim mövqeyimizə, biz də onların mövqeyinə nəzər salaq.

Fərhad Bədəlbəyli, Kamal Abdulla çox gözəl danışdılar. Mina xəritələri ilə bağlı mövzulara toxunduq. Onlar isə qarşılığında bizdə olan ermənilərin qaytarılmasını xahiş etdilər. Bildirdik ki, ermənilər gec-tez qayıdacaq. Amma həlak olan adamlar heç vaxt qayıtmayacaqlar. Onlar isə bunu sakit qarşıladılar.

- Necə düşünürsünüz, belə bir görüşlər fayda verə bilərmi?
- Olmalıdır. Faydası nə dərəcədə olacaq onu deyə bilmərəm.

- Bu erməni ziyalıları Qarabağ ermənilərinə, Ermənistan cəmiyyətinə hansısa formada təsir edə bilərlərmi?
- İnanmıram. Ancaq bilmək də olmaz...

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Dialoq  





Xəbər lenti