2021: Qələbə əhval-ruhiyyəsindən problemlərin həllinə keçid

      2021:    Qələbə əhval-ruhiyyəsindən problemlərin həllinə keçid
  29 Dekabr 2021    Oxunub:1514
“Atlas” Araşdırmalar Mərkəzi mütəmadi olaraq hər ilin sonunda Qarabağla bağlı yekun hesabat yayır. AzVision.az xəbər verir ki, mərkəz bu il də ənənəsinə sadiq qalaraq 2021-ci ilin əsas hadisələrini əks etdirən hesabat hazırlayıb.
Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsində qələbə qazandı, ancaq 2021-ci ilin gedişatı göstərdi ki, həllini gözləyən problemlər kifayət qədərdir.

Hulusi Akar Bakıda nəyi müzakirə etdi?

Türkiyənin müdafiə naziri Hulusi Akar 2020-ci ilin dekabrın 31-də Bakıya gəldi. Onun 2020-c ilin sonuncu gününü Azərbaycanda keçirməsinin xüsusi əhəmiyyəti var idi. Hulusi Akar Bakıda Müdafiə Nazirliyində azərbaycanlı həmkarı Zakir Həsənovla birgə müşavirə keçirdi. Hulusi Akar bundan sonra prezident İlham Əliyevlə görüşdü.

Türkiyə hərbçilərinin Qarabağa gəlişi başladı və Hulusi Akarın iştirakıyla keçirilən tədbirdə bunun xüsusi vurğulanmasına ehtiyac var idi. Bundan başqa Hulusi Akar telefon vasitəsilə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Azərbaycan, Rusiya və Ermənistan auditoriyasına bu mesajını çatdırdı: “Türk əsgəri ölkəmizdə və bütün dünyada, başda da Azərbaycanda ona verilən vəzifəni qüsursuz yerinə yetirəcəkdir”.

Ermənistan rəsmiləri illərdir Rusiyaya yalvarırdılar ki, “Türkiyənin bölgədə yerləşməsinə imkan verməyin”. Bəlkə də Kreml müharibəyə qədər İrəvanın bu yalvarışlarına qulaq verirdi, ancaq İkinci Qarabağ müharibəsindən sonra Kreml sahibi özü də etiraf etməyə başladı ki, heç bir qüvvə Türkiyə-Azərbaycan ittifaqına və Türkiyə ordusunun Azərbaycanda yerləşməsinə mane ola bilməyəcək.

Lavrov və Çavuşoğlu Qarabağı müzakirə etdilər

Rusiya və Türkiyə xarici işlər nazirləri 2020-ci ilin dekabrının son günlərində Soçidə görüşdülər. Nazirlər siyasi və iqtisadi münasibətlərdən, o cümlədən fərqli münaqişələrdən tutmuş peyvəndin birgə istehsalına qədər müxtəlif mövzuları müzakirə etdilər.

Nazirlər Dağlıq Qarabağla bağlı ortaq əməkdaşlığı da müzakirə etdilər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov dedi ki, Ağdamda ortaq monitorinq mərkəzi çəvçivəsində iki ölkənin hərbçiləri əməkdaşlığa başlayacaqlar. Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu ortaq monitorinq mərkəzinin faydalı olacağını bildirməklə yanaşı İlham Əliyevlə Rəcəb Təyyub Ərdoğanın Bakıda birgə mətbuat konfransınsa səsləndirdikləri fikri xatırlatdı: “Altılıq formatında bütün imkanlarımızı səfərbər etməyimiz lazımdır. Bu addımlar atıldıqca davamlı sülh yarada biləcəyik, bölgədəki əlaqələr normallaşacaq. Hörmətli İlham Əliyev Ermənistana sülh əlini uzatdı, xoşniyyətli olduğunu göstərdi. Hörmətli prezidentmiz Rəcəb Tayyib Ərdoğan da dəfələrlə bildirib ki, davamlı sülh olarsa, əlaqələrimizi normallaşdıra bilərik”.

Rusiya və Türkiyə müttəfiq deyillər, bu iki dövləti strateji tərəfdaş adlandırmaq da çətindir, sadəcə tərəfdaşdırlar. Əsas odur ki, bu iki ölkənin Suriya, Liviya və Dağlıq Qarabağ məsələsində yanaşmalarında fərqləri olsa da, daima dialoq içindədirlər və ortaq nöqtələr axtarmağa çalışırlar. Bu sıraya iki ölkənin birgə layihələrini də əlavə etmək lazımdır. Türkiyə ilə Rusiyanı Qərbin hər ikisinə qarşı sanksiyaları da yaxınlaşdırır. Bu yaxınlaşmadan Azərbaycan faydalanmağa çalışır.

Bortnikov bəyanata nəzarət edir

Moskvada Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun vasitəçiliyi ilə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan arasında görüş keçirildi. Bortnikov bir neçə gün əvvəl vəziyyəti yerində öyrənmək üçün Bakıda və İrəvanda olmuşdu.
Moskvada bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsinin hazırkı vəziyyəti müzakirə olunub. Bu sıraya nələr aid idi?

1. Sərhəd təhlükəsizliyi;

2. İşğaldan azad olunmuş ərazilərdə terrorçuluqla mübarizə;

3. Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş və girov götürülmüş şəxslərin taleyinin aydınlaşdırılması;

4. Meyitlərin basdırıldığı yerlərin müəyyənləşdirilməsi və əsirlərin dəyişdirilməsi.
Görüşdə zərurət yaranacağı təqdirdə məlumat mübadiləsi üçün müvafiq əlaqə kanalının təşkilinin vacibliyi də qeyd edildi.

İlham Əliyev Ermənistan hakimiyyətinə xəbərdarlıq etdi

Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn müşavirə keçirdi. Prezident müşavirədə Dağlıq Qarabağla bağlı da fikirlər söylədi. İlham Əliyevin iki açıqlamasından aydın oldu ki, o Dağlıq Qarabağdakı rusiyalı hərbçilərin fəaliyyətindən narazıdır.
Birincisi, İlham Əliyev Fransanın parlament heyətinin Dağlıq Qarabağa səfəri haqqında bunları dedi: “Əfsuslar olsun ki, rusiyalı sülhməramlı qüvvələr onlara bu icazəni verdilər. Halbuki, biz bu sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz”.

İkincisi, prezident Ermənistanın xarici işlər nazirinin Dağlıq Qarabağa səfəri haqqında bunları dedi: “Ermənistan xarici işlər nazirinin bizim torpağımıza gəlməsi qəbuledilməzdir. Artıq mən demişəm, ümid edirəm ki, onlar düzgün nəticə çıxaracaqlar. Çıxarmasalar, onların böyük problemləri olacaq və yenə də peşman olacaqlar”.
Beləliklə, İlham Əliyevin açıqlamalarından aydın oldu ki, Rusiya tərəfi Bakı ilə şifahi razılaşmanı yerinə yetirmir və Laçın dəhlizini Ermənistanla erməni separatçıların ixtiyarına verib.

Azərbaycan Ermənistandan nə istəyir?

Rusiya, Azərbaycan və Ermənistan liderləri yanvarın 11-də Moskvada müzakirə apardılar. Müzakirələrdən bir gün əvvəl Kremldən yayılan məlumatda deyilirdi ki, Rusiya prezidentinin təşəbbüsü ilə keçirilən görüşdə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın icrası və regionda problemlərin həlli istiqamətində gələcəkdə atılacaq addımlar müzakirə olunacaq.
Ermənistan hökumətinin mətbuat xidməti Moskvadakı görüşdən bir gün əvvəl bəyanat yaydı ki, baş nazir Nikol Paşinyan Moskvada ərazi məsələsiylə bağlı heç bir sənəd imzalamayacaq, yalnız kommunikasiya xətlərinin açılması və regional daşımaçılıq mövzuları müzakirə olacaq. Görünür, Paşinyan görüşdən əvvəl erməni cəmiyyətini sakitləşdirmək istəyirdi ki, Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımayacaq.
Nikol Paşinyan Moskva görüşündə əsirlərin və meyitlərin dəyişdirilməsini də müzakirə etmək istəyirdi. Paşinyan bu məsələ həll olunmadan iqtisadi əlaqələrin bərpasının mümkün olmadığını vurğulayırdı.

Türkiyənin hərbi bazaları realdırmı?

Türkiyə mətbuatı bu ilin əvvəlində yazırdı ki, Azərbaycanın ən azı 3 şəhərində hərbi baza qurulacaq. Azərbaycanın Müdafiə Nazirliyi dərhal təkzib açıqlamasıyla çıxış etdi: “Yayılan məlumatlar həqiqəti əks etdirmir. Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsi siyasətindən kənardır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və 2019-2022-ci illərdə bu hərəkatın sədridir”.

Rusiya hərbçilərinin noyabrın 10-da bu yana Dağlıq Qarabağda fəaliyyəti Azərbaycan cəmiyyətini narahat edir. Bu haqda prezident İlham Əliyev də açıqlama verdi. Bəs Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşdiriləcəyi xəbərinin yayılması niyə bu qədər narahatlıq doğurdu?
Rusiyanın Dağlıq Qarabağdakı erməni separatçılarına verdiyi dəstək verir. Azərbaycan bunun qarşısını yalnız Türkiyə ilə birgə ala bilər. Qardaş və müttəfiq dövlətin hərbi bazaları Azərbaycanda mütləq olacaq. Bu Azərbaycanın təhlükəsizlik maraqlarının təmin olunması üçün vacibdir.
Azərbaycan Ermənistanla müharibədə qələbə əldə etdi. Ancaq Azərbaycanın qarşısında başqa böyük güclər var. Onlara müqavimət göstərmək üçün strateji müttəfiqimizin hərbi bazaları Azərbaycanda olmalıdır. Azərbaycana təzyiq etmək istəyən dövlətlər Azərbaycanda Türkiyənin hərbi varlığını qəbul edib bizimlə təzyiq dilində danışmaqdan vaz keçəcəklər.

Bəziləri deyir ki, Azərbaycan Qoşulmayanlar Hərəkatının üzvüdür və ərazisində başqa dövlətin hərbi bazasını yerləşdirə bilməz. Məgər rusiyalı hərbçilərin Dağlıq Qarabağda varlığı Qoşulmama Hərəkatının prinsiplərinə uyğundurmur? Digər tərəfdən bizim üçün nə vacibdir: təhlükəsizliyimizi təmin etmək, yoxsa hansısa təşkilata üzvlüyü əlimizdə rəhbəri tutaraq Türkiyənin Azərbaycanda hərbi varlığının əleyhinə çıxmaq? Bizim üçün önəmli olan təhlükəsizliyinin əbədi təminat altına almaqdır, qalanları ikinci dərəcəli məsələlərdir.

Ərdoğan Dağlıq Qarabağda sülhməramlıların olmasını istəmir

Rusiya prezidenti Vladimir Putin 14 yanvarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək Azərbaycan və Ermənistan liderlərinin yanvarın 11-də Moskvada keçirilmiş üçtərəfli göüşü barədə türkiyəli həmkarını məlumatlandırdı.
Kremldən yayılan məlumatda deyilirdi ki, Ərdoğan Qarabağ nizamlanması ilə bağlı səylərində Putinə dəstəyini ifadə edib, Rusiya və Türkiyənin bu məsələyə dair fəaliyyətində koordinasiyanın davam etməsinin tərəfdarı olduğunu bildirib.
Putinin Ərdoğana zəng edib Moskva bəyanatı barədə türkiyəli həmkarını məlumatlandırması İrəvanda narahatlıqla qarşılandı.

Prezidentlərin telefon danışıqları ilə bağlı fərqli açıqlamalar yayınlandı. Kremlin açıqlamasında bildirilirdi ki, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarını Azərbaycan və Ermənistan liderlərinin yanvarın 11-də Moskvada keçirilmiş üçtərəfli göüşü barədə məlumatlandırıb. Öz növbəsində Ərdoğan Qarabağ nizamlanması ilə bağlı səylərində Putinə dəstəyini ifadə edib, Rusiya və Türkiyənin bu məsələyə dair fəaliyyətində koordinasiyanın davam etməsinin tərəfdarı olduğunu bildirib.

Rəcəb Tayyib Ərdoğan isə özünün “Telegram” kanalında Rusiya prezidenti ilə danışıqlarında təfərrüatlarına toxunduğuna işarə etdi.
Birincisi, Ərdoğan bildirdi ki, Putinlə Qarabağda atəşkəsə nəzarət və hərbi əməliyyatlara dair Rusiya-Türkiyə Monitorinq Mərkəzinin formalaşdırılmasını müzakirə edib.
İkincisi, Ərdoğan Putinə dedi ki, Dağlıq Qarabağda sülhməramlı və müşahidə fəaliyyətinə ehtiyac olmadan birlikdə mövcudluğu təmin edəcək şərait yaradılmalıdır: “Belə olduqda inşallah, bir daha dünyaya Türkiyə-Rusiya tərəfdaşlığının konstruktiv nəticələrini göstərəcəyik”.

Dağlıq Qarabağda yaxın gələcəkdə sülhməramlılara ehtiyacın olmayacağını bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu da ifadə etmişdi. Rəcəb Tayyib Ərdoğan və Mövlüd Çavuşoğlu nə demək istəyirlər?
Bu açıqlamalarıyla həm Ərdoğan, həm də Çavuşoğlu əslində Rusiyanın birtərəfli qaydada Dağlıq Qarabağda hərbi iştirakının əleyhinə çıxdıqlarını bildirmək istəyirdilər. Digər tərəfdən Ankara bu açıqlama ilə Moskvaya belə bir mesaj da göndərirdi ki, Rusiya hərbçilərinin Dağlıq Qarabağda varlığı müvəqqəti olmalıdır, 10 noyabr bəyənatına görə 5 ildən sonra bölgəni tərk etməlidirlər. Bu Azərbaycanın da maraqlarına uyğundur.

Ermənistan prezidentinin etirafları...

Ermənistan prezidenti Armen Sərkisyan “Dördüncü Respublikaya doğru” adlı geniş məqalə yazdı.
Ermənistan prezidenti yazdı ki, “ermənilər tarixləri boyu imperiyaların əlində alət olublar”. Doğrudur, Osmanlı Türkiyəsindəki ermənilər məhz başqa imperiyalara nökərliyə üstünlük verərək yaşadıqları dövlətə xəyanət etdilər. Ermənistan prezidentinin başqa bir etirafı isə bizim “ermənilərin heç zaman dövləti olmayıb” arqumentimizin təsdiqidir: “Əsrlər boyu dövlətimiz olmadı, bunsuz ermənilərin yox ola biləcəyi təhlükəsi yaranmışdı. Nəhayət arzumuz reallaşdı, himnimiz, bayrağımız oldu”. Bizim illərlə dediyimiz də elə budur ki, ermənilər Cənubi Qafqaza və Dağlıq Qarabağa gəlmə xalqdır.
İkincisi, Armen Sərkisyan başqa bir etirafında bildirdi ki, Ermənistan 1990-cı illərin əvvəllərində müstəqilliyini qazanıb Dağlıq Qarabağı ələ keçirsə də, dövlət quruculuğu ilə məşğul olmayıb, bu illərdə dövlət və ordu quruculuğunun yalnız imitasiyasıyla məşğul olub: “Düşmənimiz Azərbaycan isə 20 il ərzində həm ordusunu gücləndirib, həm də informasiya savaşında dünyada özünə daha çox tərəfdar toplayıb. Biz 1994-cü ildə Qarabağ savaşında qələbə əldə etdikdən sonra yanlış olaraq məsələnin həll olunduğunu düşündük və heç nə ilə məşğul olmadıq, ağır nəticəsi göz qabağındadır”.
Üçüncüsü, Ermənistan prezidenti müharibədən sonra səsləndirdiyi firkirləri bir daha təkrarladı: “Baş nazir istefa verməli, yeni seçkilər keçirilməli, buna qədər isə dövləti müvəqqəti keçid hökuməti idarə etməlidir. Sərkisyan özünün, yəni prezidentin müvəqqəti hökumətə nəzarət etməsi zərurətini vurğualyıb”.

Armen Sərkisyan Konstitusiyanın yenidən dəyişdirilməsini və prezidentin səlahiyyətlərinin artırılmasını da istədi. Halbuki, bu dediyi 3 il əvvəl mövcud idi, keçmiş prezident Serj Sərkisyan referenduma gedib Konstitusiyanı ona görə dəyişdirdi ki, prezident kreslosunu güclü baş nazir kreslosu ilə əvəz etsin. Alınmadı. İndi isə Ermənistan prezidenti Konstitusiyanı dəyişdirmək məqsədilə yenidən referendum təklif edir.

Dördüncüsü, prezident Ermənistan qarşısında dayanan hədəfləri belə sıraladı: “1. Müharibənin nətcilərini ortadan qaldırmalıyıq, əsirləri geri qaytarmalıyıq, yaralıları müalicə etməliyik, yaranan ağır sosial problemləri bərpa etməliyik; 2. Ermənistanı siyasi və iqtisadi böhrandan qurtarmaq üçün “yol xəritəsi” hazırlamalıyıq; 3. Konstutisiyanı dəyişmək məqsədilə hüquqi baza formalaşdırlamlıyıq”.
Armen Sərkisyanın fikrincə, “Üçüncü Ermənistan Respublikası” geridə qalıb, “Dördüncü Respublika” qurulmalıdır. 3 respublikanı yox edən düşüncə tərzi “dördüncüsünü” hansı düşüncə tərzi ilə quracaq? Çünki düşüncə tərzi yenə eyni olaraq qonşu dövlətlərin ərazi iddiası əsasında formalaşaqsa, “dördüncü respublikanın” ömrü də uzun çəkməyəcək.

Armen Sərkisyan geniş yazısında ermənilərə doğruları deməklə yanaşı əsas fikrin üstündən sükutla keçdi, ya da qorxub həmin tezisi yazmadı. Onun yazısında əsas tezis “Ermənistanın varlığı və gələcək inkişafı üçün qonşularla normal münasibətlər qurmalıyıq və regional əməkdaşlığın tərkib hissəsi olmalıyıq” cümləsi olmalıydı, bunsuz onun arzuladığı “dördüncü respublikanın” gələcəyi yoxdur. Buna baxmayaraq, Ermənistan prezidentinin geniş yazısının heç bir yerində Dağlıq Qarabağın gələcəyi ilə bağlı bir cümlə də yox idi, yəni bu özü etirafdır ki, bu bölgəni artıq itiriblər və geri qaytarılması üçün imkanları yoxdur və olmayacaq.

Ankara da rusiyalı hərbçilərdən narazıdır

Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu ilin əvvəlində Qarabağla bağlı tez-tez açıqlamalar verir və bu açıqlamalar Azərbaycan üçün vacib idi. Mövlüd Çavuşoğlu Ankaranın Rusiyanın Qarabağdakı siyasətindən narazı qaldığını bildirdi.

Birincisi, Çavuşoğlu dedi ki, Qarabağdakı sülhməramlı qüvvələrin statusuna dair anlaşma imzalanmalıdır və bu istiqamətdə Moskva ilə danışıqlar aparılır.
İkincisi, Çavuşoğli dedi ki, rusiyalı sülhməramlıların Laçın dəhlizindən kimin gəlib-getdiyini bölgənin sahibi Azərbaycanla razılaşdırmalıdır. Çavuşoğlu ardınca bunu dedi: “Siz, sülhməramlı olaraq varsınız, ancaq kimlərin gedib gələcəyi məsələsində qərar verməyin məsuliyyəti sizdə deyil”.
Mövlüd Çavuşoğlu Ermənistana da çağırış etdi: “Türkiyə və Azərbaycan olaraq əgər atəşkəsin daimi olduğunu müşahidə edəriksə, Ermənistan da buna inanarsa, rəsmi İrəvanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar ata bilərik”. Türkiyənin xarici işlər naziri Ermənistanla münasibətlərin normallaşmasını Azərbaycan ilə birlikdə koordinasiya edəcəyini dedi. Ermənistan Azərbaycana qarşı ərazi iddiasından imtina edərsə, Qarabağı Azərbaycan ərazisi kimi tanıyarsa Türkiyə və Azərbaycan Ermənistanla sərhəddi açar, diplomatik əlaqələr qurular və Ermənisran regional layihələrə qoşular.

Lavrov Laçın dəhlizinin açıq qalmasını istəyir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 18-də onlyan mətbuat konfransı keçirdi. O mətbuat konfransında Dağıq Qarabağın statusu məsələsində dedi ki, 10 noyabr bəyanatında bu barədə bənd yoxdur və gələcəkdə bu işlə Minsk Qrupunun həmsədrləri məşğul olacaqlar. Yəni Lavrov ermənilərə demək istədi ki, status mövzusu Moskva üçün aktual deyil. Lavrov Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi ideyasının “ekzotik” olduğunu və Moskvanın gündəliyində belə bir məsələnin olmadığını bildirdi.

Lavrov növbəti açıqlamasında Azərbaycanın əleyhinə fikirlər söylədi. O Laçın dəhlizi üzərindən Ermənistanla Dağlıq Qarabağ arasında gediş-gəlişin bəyanatda vurğulandığını və bunun təbii olduğunu söylədi. Lavrov demək istədi ki, əgər Azərbaycanın materik hissəsinin Naxçıvanla əlaqəsi olacaqsa, Ermənistanın da Dağlıq Qarabağla əlaqəsi olmalıdır və bu yanaşma 10 noyabr bəyanatına uyğundur. Yəni Lavrov demək istədi ki, Ermənistan rəsmilərinin Dağlıq Qarabağa səfərlərində anormal heç nə yoxdur və buna görə Azərbaycandan icazə alınmamalıdır. Lavrovun sözlərinə görə, guya buna Azərbaycan tərəfi də etiraz etmir. Halbuki, Azərbaycan prezidenti İlham Əliyev yanvarın 6-da verdiyi açıqlamada Ermənistanın xarici işlər nazirinin Azərbaycan torpaqlarına qanunsuz gəldiyini və Rusiya hərbçilərinin səlahiyyətlərini aşdıqlarını bildirmişdi.

Rusiya hərbçilərin Dağlıq Qarabağdakı təxribatları davam edir

Rusiya Müdafiə Nazirliyi açıqlama yaydı ki, Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları müşahidə məntəqələrinin müdafiəsi ilə bağlı mütəmadi təlimlər keçirirlər. Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin müşahidə məntəqələrinin hərbçilərinin atıcı silahlardan və qəlpələrdən qorunması üçün yoxlama məntəqələri blokpostlarla təchiz olunub.

- Rusiyalı hərbçilər Azərbaycan ərazisində niyə təlimlər keçirirlər?
- Rusiya bu təlimlər üçün rəsmi Bakıdan icazə alıbmı?

Rusiya Müdafiə Nazirliyi bu suallara cavab vermədi. Azərbaycan cəmiyyətində rusiyalı hərbçilərin Dağlıq Qarabağdakı fəaliyyətləri ilə bağlı sualların sayı çoxalmağa başladı. Rusiya hərbçiləri Dağlıq Qarabağdakı silahlı erməniləri tərksilah etmirlər. Rusiyalı hərbçilər Dağlıq Qarabağdakı separatçıların liderləri ilə əlaqələrini genişləndirirlər. Bundan əlavə rusiyalı hərbçilərin Dağlıq Qarabağda təlimlər keçirməsi Azərbaycan cəmiyyətində daha böyük narahatlıqlar doğurur. Rusiyalı hərbçilər Dağlıq Qarabağda tikinti işləri aparır, humanitar yardımlar həyata keçirir və çalışırlar ki, Dağlıq Qarabağa qayıdan ermənilərin sayı çox olsun.

“Altılıq formatı”: vəziyyət necədir?

Azərbaycan və Türkiyə prezidentləri Bakıda keçirdikləri son ortaq mətbuat konfransında müharibədən sonra bölgədə “altılıq formatı”nın (Azərbaycan, Gürcüstan, Ermənistan + Türkiyə, Rusiya və İran) yaradıla biləcəyini söylədilər. İran xarici işlər naziri yanvarın 25-də Bakıda olarkən Tehranın bu formata tərəfdar olduğunu söylədi. Gürcüstan prezidenti də son açıqlamalarının birində “altılıq formatı”na maraq göstərdiklərini dedi. Halbuki, Gürcüstanın Rusiya ilə diplomatik münasibəti yoxdur və 2008-ci ildəki müharibəsinə görə iki ölkə arasında münasibələr normal deyil. Buna baxmayaraq, Gürcüstan Azərbaycan və Türkiyənin təklif etdiyi regional əməkdaşlıqda iştirak etmək istəyir.

Rusiyanın xarici işlər naziri yanvarın 26-da iranlı həmkarı ilə Moskvada görüşündə bunları dedi: “İran, Türkiyə və Gürcüstan da bölgənin dinc və firavan yaşamasında maraqlıdır: “üç Qafqaz respublikasının Rusiya, İran və Türkiyənin iştirakı ilə, yeni reallıqları – müharibənin olmamasını və bütün blokadaların aradan qaldırılması barədə razılığın əldə edildiyini nəzərə alaraq yeni münasibətlər qurması barədə təşəbbüslər səsləndirirlir”. Bu o deməkdir ki, Moskva da Bakı və Ankaranın təklif etdiyi “altılıq formatı”nın tərəfdarıdır.

Ermənistan rəsmiləri ilin əvvəlində “altılıq formatı” barədə açıqlama vermirdilər. Rəsmi İrəvan üçün qərar vermək çətin idi. Ermənistanda ilin əvvəlində hələ müharibənin ağır nəticələri müzakirə olunurdu. Ermənistanda hakimiyyətlə müxalifət arasında gərgin münasibətlər davam edirdi. Ermənistan hakimiyyəti regional əməkdaşlığın tərəfdarı olsa da, ilin əvvəlində bu haqda danışmağa qorxurdu. Çünki, Ermənistanın Azərbaycanla əməkdaşlığa başlaması erməniləri çəkindirirdi. Buna görə də Ermənistanda qış aylarında regional əməkdaşlıqdan danışmırdılar. Ancaq Azərbaycan, Ermənistan və Rusiya prezidentləri 11 yanvarda Moskvada bəyanat imzalamışdılar. Həmin bəyanata görə, İrəvan Bakı ilə kommunikasiya xətlərinin açılması müzakirələrinə başlamalı idi. Martın 1-ə qədər konkret plan liderlərin masası üzərində olmalıydı.

“Isgəndər” raketindən Azərbaycana qarşı istifadə olunubmu?

Ermənistanın keçmiş prezidenti və keçmiş baş naziri Serj Sərkisyan ilin əvvəlindəki müsahibəsində dedi ki, baş nazir Nikol Paşinyan Azərbaycanla müharubə zamanı “İsgəndər” raketlərindən istifadə etmədi. Buna cavab olaraq Nikol Paşinyan dedi ki, “İsgəndər” raketlərindən istifadə edib, ancaq bu raketlər partlamayıb.
Nikol Paşinyanın “İsgəndər” raketləriylə bağlı sözləri Rusiyada etiraz doğurdu. Çünki, Paşinyan Rusiyanın hərbi texnikasının keyfiyyətsiz olduğunu söyləmişdi. Bundan sonra Paşinyan Rusiya prezidenti Vladimir Putinə zəng etdi. Paşinyan Putinə dedi ki, ona “İsgəndər” raketləriylə bağlı səhv məlumat veriblər.
Ermənistan generallarının sözlərinə görə həmin raketlərdən Azərbaycana qarşı istifadə olunmuşdu. Misal üçün həmin raketlərdən Şuşa döyüşlərində istifadə edildiyi təsdiq olunub. Eməni genarallar həmin raketlərdən 2020-ci ilin 9 noyabrında istifadə ediblər. Azərbaycan ordusu 8 noyabrda Şuşa şəhərini işğaldan azad edib. Bundan sonra Nikol Paşinyan Putinə zəng edərək müharibəni dayandırmasını xahiş edib. Paşinyan Azərbaycan prezidenti İlham Əliyevin şərtlərini qəbul edib. Ancaq həmin gün başqa hadisə də baş verib. Bakıya raket atılıb. Azərbaycan ordusu həmin raketləri neytrallaşdırıb. Ancaq əgər həmin raketlər neytrallaşdırmasaydı Bakıda partlayaca və xeyli insan həlak olacaqdı. Hərbi ekspertlərin fikrincə, həmin raketlər “İsgəndər” idi. Görünür, bəzi erməni generalları Paşinyanın siyasəti ilə razılaşmayaraq Bakıya raket atıblar.

Azərbaycan prezidenti İlham Əliyev mətbuat konfransında Rusiya hakimiyyətinə müraciət edərək bunu dedi: “İsgəndər” raketlərini Rusiyaya qaytarın”. İlham Əliyevin sözlərinə görə, Rusiya “İsgəndər” raketlərini Ermənistana pulsuz verib və ona görə həmin raketləri geri qaytara bilər.
Rusiya həmin raketləri geri qaytarmaq fikrində deyildi. Çünki Kreml Ermənistan ordusunun zəif olmasını istəmir. Rusiya əksinə Ermənistan ordusuna daha çox hərbi texnika göndərə bilər. Azərbaycan ordusu müharibə zamanı Ermənistan ordusunun hərbi texnikasının böyük hissəsini məhv etdi. Ermənistan ordusunun yeni hərbi texnikaya ehtiyacı var. Rusiya köhnə hərbi texnikasını Ermənistana göndərməyə başladı.

Köçəryan Azərbaycanla müharibə istəyirdi

Ermənistanın keçmiş prezidenti, «Qarabağ klanının» lideri, qatil Robert Köçəryan Rusiya KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransında dedi ki, Qarabağda ədalətsiz sülh yeni müharibəyə gətirib çıxaracaq və “maraqlı” misal çəkdi: “İkinci Dünya Müharibəsi də ədalətsiz Versal sülhünün nəticəsi idi”. Köçəryan fikrini belə davam etdirdi ki, “əgər tərəflərdən hansısa biri müharibənin nərticəsi ilə razılaşmırsa, deməli yeni müharibəni gözləməlisən. Bu, əlverişli geopolitik şərtlər yarananda baş verəcək: “Azərbaycanda düşünürlərsə ki, Qarabağ problemini həll ediblər, bu, əslində əks məna kəsb edir. Baxmayaraq ki, üstün mövqedədirlər”.

Köçəryanın bu açıqlaması nə demək idi?

Birincisi, Ermənistanın müharibədə məğlubiyyəti Robert Köçəryanın «keçmiş şanlı tarixi» üzərindən yekə bir xətt çəkdi. Köçəryan gəncliyindən 2020-ci ilin sentyabrın 27-ə qədər nəyin uğrunda mübarizə aparmışdısa, Azərbaycan ordusu erməni qatilninin bütün bu «mübarizəsini» sıfırladı. Köçəryan digər qatillərlə birgə Şuşanı, Laçını, Kəlbəcəri və Dağlıq Qarabağ ətrafındakı digər rayonlarımızı ona görə işğal etmişdi ki, «təhlükəsizlik zolağı» yaratsın və Dağlıq Qarabağın «müstəqilliyinə» nail olsun. «Təhlüksəzilik zolağının» ömrü 26 il sürdü və ortadan qaldırıldı, «müstəqllik» xülyası da puç oldu. Yəni Köçəryan nəyin uğrunda mübarizə aparmışdısa, savaşmışdısa, qətliamlar törətmişdisə - hamısı nəniki ermənilər üçün nəticəsiz qaldı, ermənilərin faciəsinə çevrildi. Ona görə də Köçəryan ilin əvvəlində erməniləri yenidən «mübarizəyə» səsləməyə çalışırdı. Aydındır ki, Köçəryandan «mən gərək belə etməzdim, səhv etmişəm» açıqlamasını eşitməyəcəkdik.

İkincisi, Robert Köçəryanın 10 noyabr bəyanatını Versal sülh müqaviləsi ilə müqayisəsi uğursuz idi. Bəli, Almaniya Birinci Dünya müharibəsinin nəticəsinə görə Versal sülh müqaviləsini imzalamağa məcbur idi və bu Almaniyada revanşist əhval-ruhiyyənin artması, faşistlərin hakimiyyətə gəlməsi – İkinci Dünya Müharibəsinin başlaması ilə nəticələndi. Köçəryanın müqayisəsi ona görə başdan ayağa qüsurludur ki, Ermənistan Almaniya deyil, qonşu ölkənin əhalisi azalır, Azərbaycanın və Türkiyənin əhalisi isə artır. Ermənistan hansı insani və texniki potensialı ilə bizdən “intiqam” almağa çalışacaq? Köçəryan Ermənistanda hakimiyyəti zəbt etsə hansı güclə Azərbaycana qarşı savaşacaq? İndi 1990-cı illər deyil, Azərbaycan da tək deyil, Türkiyə ilə hərbi ittifaq qurulub. Biz azad etdiyimiz ərazilərimizi göz bəbəyimiz kimi qoruyacağıq, Türkiyə də torpaqların yenidən işğalına imkan verməyəcək.
Buna baxmayaraq, Ermənistanda indi və gələcəkdə Robert Köçəryan kimilərin var olduğunu və var olacağını nəzərə alaraq Azərbaycan öz ordusunu daima gücləndirməli, modern hərbi texnika alınmalı və Türkiyə ilə hərbi ittifaqı daha da gücləndirilməlidir. Yəni əlimiz hər zaman tətikdə olmalıdır!

Armen Sərkisyan Bakıda olmayıb

Müxalifət Ermənistan prezidenti Armen Sərkisyanla bağlı ağlasığmaz şayiələr yaymağa başladı. Ermənistanın xəbər saytlarından biri xəbər yaydı ki, guya Armen Sərkisyan 2020-ci ilin noyabrın 17-də Bakıda olub. Armen Sərkisyanın təlimatı ilə Prezident Aparatı dərhal açıqlama yayaraq xəbərin dezinformasiya olduğunu, dövlət başçısının noyabrın 17-də Bakıda olmadığını, ümumiyyətlə həyatı boyu heç zaman Azərbaycan paytaxtında olmadığını bəyan etdi. Açıqlamada daha sonra bildirilirdi ki, Armen Sərkisyan ötən ilin noyabrın 17-də Kanadanın Ermənistana yeni təyin olunan səfiri ilə görüşüb.
Göründüyü kimi, Ermənistan prezidentə onun guya Bakıda olması xəbəri pis təsir edib. Prezident Aparatının təkzib açıqlamasının dərhal yayılması onu göstərirdi ki, Armen Sərkisyan məğlub olduğu ölkənin paytaxtına getməzdi.

Əsas sual budur: Sərkisyanın guya Bakıda olması xəbəri niyə yayılıb və bu kimin maraqlarına xidmət edir?

Böyük ehtimalla müxalifət prezidentin nüfuzuna zərər vurmaq üçün məlum xəbəri yaymışdı. Müxalifətin Paşinyanla yanaşı Armen Sərkisyandan da narazılığı var idi. Müxalifət hesab edirdi ki, baş nazir Nikol Paşinyanla baş qərargah rəisi Onik Qasparyan arasındakı qarşıdurmada Sərkisyan daha qətiyyətli mövqe tutmalı idi. Armen Sərkisyan isə Paşinyanın Qasparyanı istefaya göndərməsi sənədinə imza atmasa da, davam edən gərginlikdə məsuliyyəti Konstitusiya Məhkəməsinin boynuna atdı. Müxalifət prezidentin Konstitusiyaya görə məhdud səlahiyyətlərini nəzərə almaq istəmirdi. Ona görə də müxalifət və onun nəzarətindəki saytlar Paşinyandan sonra Sərkisyanı da hədəf götürdülər. Baş naziri nüfuzdan salmaq üçün “Paşinyan türkdür” şüarlarını səsləndirirdilər, Armen Sərkisyan haqqında isə “prezident Bakıda olub” dezinformasiyasını yayırdılar.

Bu arada, Nikol Paşinyan silahlı qüvvələrinin baş qərargahının keçmiş rəisi Artak Davtyanı yenidən bu vəzifəyə təyin etdi. Yeni təyinat Onik Qapsaryanın Baş Qəragah daxilində mövqelərini zəfilətmək məqsədilə həyata keçirildi. Paşinyan Artak Davtyan və onun kimilərin orduya təyinatı vasitəsilə Baş Qərargahda ikihakimiyyətlilik formalaşdırmaq istəyirdi. Artak Davtyan Ermənistanda koronavirusla bağlı tətbiq edilən fövqəladə vəziyyət rejimində 2020-ci il iyunun 7-də oğluna dəbdəbəli toy eləmişdi. Həmin toyda 100-dən çox qonaq iştirak etmişdi. Bu hadisə erməni cəmiyyətində böyük etiraz doğurmuşdu. Bundan sonra o Baş Qərargahdan Yüksək Texnologiyalar Sənayesi Nazirliyi Hərbi Sənaye Komitəsinin sədri vəzifəsinə transfer olundu. Ancaq o bu vəzfədə də çox işləməyərək 2020-ci il noyabrın 16-da istefaya göndərildi.

Qarabağda 3 hərbi parad keçirildi

Rusiya hər il 9 may tarixini Qələbə günü kimi qeyd edir, Moskvada və digər şəhərlərdə hərbi paradlar keçirilir. Rusiya hərbçiləri ermənilərin nəzarətində olan Xankəndi hava limanında da hərbi parad keçirmək istəyirdilər.

Bu xəbər Azərbaycanda narazılıqla qarşılandı. Səslənən suallar bunlar idi:
- Qarabağda hərbi parada nə ehtiyac var?
- Rusiya Xankədidə hərbi parad keçirmək üçün rəsmi Bakıdan icazə alıbmı?
- Hərbi paradda Azərbaycan Müdafiə Nazirliyinin generalları iştirak edəcəklərmi?
Rusiya bu sualların heç birinə cavab vermədi. Rusiyalı hərbçilər Xankədidə hərbi parad keçirdilər. Hərbi parada rusiyalı hərbçilərin komandiri Rüstəm Muradov başçılıq edirdi.

Erməni separatçıları da Xankəndidə 9 may gününü qeyd etdilər. Ancaq ermənilərin Xankəndidə keçirdikləri budəfəki tədbir keçmiş illərdəkindən fərqli oldu. Ötən il Xandəndidə 9 mayda şəhər meydanında hərbi texnika və tanklar keçmişdi. Bu il ermənilər hərbi parad keçirə bilmədilər. Çünki Azərbaycan ordusu 44 günlük müharibə zamanı erməni separatçılarının bütün hərbi texnikasını və tanklarını dağıtmışdı. Digər tərəfdən ermənilər 1992-ci ilin mayın 9-da Şuşa şəhərini də işğal etmişdilər. Erməni separatçıları 9 may tarixində Şuşanın işğalını da qeyd edirdilər. Azərbaycan ordusu Şuşanı azad etdiyinə görə erməni separatçıları bu dəfə Şuşayla bağlı tədbir keçirə bilmədilər.
Azərbaycan ordusu Şuşada hərbi parad keçirdi. Azərbaycan hərbçiləri Şuşanın küçələrindən hərbi marşla keçdilər. Bu həm Rusiyaya, həm də Ermənistana mesaj idi. Şuşa həmişəlik Azərbaycanın nəzarətində qalacaq. Erməni separatçıları Şuşanı birdəfəlik itirdilər. Azərbaycan ordusunu Şuşanı azad etməklə strateji yüksəkliyə nəzarət edir.

İlham Əliyev Naxçıvandan bir çox dövlətə mesaj göndərdi

İlham Əliyev mayın 10-da Naxçıvana səfər etdi. O Naxçıvanda hərbi hissələrin, xəstəxanaların, yolların və su elektrik stansiyaların açılışında iştirak etdi.
İlham Əliyev Naxçıvanda Azərbaycan Dövlət Televiziyasına müsahibə verdi. İlham Əliyev xüsusi olaraq Azərbaycan Dövlət Televiziyasına müsahibə verəndə ya daxildəki, ya da xaricdəki qüvvələrə mesaj göndərir. Bu dəfə də belə oldu. İlham Əliyevin Qarabağla bağlı suala cavabını belə sistemləşdirmək olardı:

Birincisi, İlham Əliyev bir daha təkrarladı ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub: “Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi artıq yoxdur. Münaqişə öz həllini tapıb və hesab edirəm ki, bu məsələyə qayıtmaq doğru deyil”. İlham Əliyev bunu ona görə dedi ki, bəzi dövlətlər münaqişənin həll olunmasıyla bağlı açıqlamalar verirdilər. İlham Əliyevin isə məntiqi belədir ki, əgər münaqişə həll olunmayıbsa, onda noyabrın 10-da imzalanmış bəyanatın mənası nədir?
İkincisi, İlham Əliyev dedi ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycanın və Ermənistanın 10 noyabr qəbul etdiyi bəyanat münaqişənin həlliylə bağlı sənəddir. Çünki, bəziləri 10 noyabr bəyanatını atəşkəs sazişi kimi qiymətləndirir. İlham Əliyev bununla razı deyil. Çünki atəşkəs bəyanatında cəmi bir bənd olur. 10 noyabr bəyanatında isə bir neçə bənd var. İlham Əliyev məntiqi sual da səsləndirir: “Münaqişə həll olunmayıbsa, hansı kommunikasiyaların açılmasından söhbət gedə bilər? Əgər Münaqişə həll olunmayıbsa, nə üçün onda Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinləri görüşürlər, razılığa gəlirlər?”

Üçüncüsü, İlham Əliyev Kanadanın və Fransanın Azərbaycanın daxili işlərinə qarışdığını bildirərək hər iki ölkənin siyasətini sərt tənqid etdi. Azərbaycanın Kanada ilə sıx əlaqələri yoxdur. Ancaq Azərbaycanın Fransa ilə sıx əlaqələri var idi. Emmanuel Makron Fransa prezidenti seçildikdən sonra bərətərfli qaydada Ermənistanı müdafiə etdi. O İrəvana getdi, Bakıya gəlmədi. Bundan başqa Azərbaycan prezidenti və birinci vitse-prezident Mehriban Əliyeva bir neçə dəfə Parisə səfər etmişdi. Makronun yanlış siyasəti nəticəsində iki ölkə arasında münasibətlər pozuldu.

Dördüncüsü, İlham Əliyev Ermənistana mesaj yolladı: “Əgər Ermənistan Azərbaycana qarşı təxribat edərsə, onları heç kim müdafiə edə bilməyəcək, biz yenə də onları məğlub edəcəyik”. İlham Əliyev Dağlıq Qarabağa heç bir status verilməyəcəyini də dedi. Bu İlham Əliyevin həmsədr dövlətlərə - ABŞ, Rusiya və Fransaya mesajı idi. İlham Əliyevin Naxçıvana getdiyi gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya gəldi. Beləliklə, İlham Əliyev Lavrovla statusu müzakirə etməyəcəyini Naxçıvandan elan etmiş oldu.
Beşincisi, İlham Əliyev Zəngəzur üzərindən dəmiryolunun çəkiləcəyini bir daha xatılatdı. Bu dəmir yolu Azərbaycanın Zəngilan bölgəsini Naxçıvanla birləşdirəcək. Dəmiryolunun 44 kilometri Ermənistan ərazisindən – Zəngəzurdan keçəcək. İlham Əliyev Ermənistan dəmiryolunun Rusiyaya məxsus olduğunu və bu məsələnin Moskva ilə həll olunduğunu vurğuladı.
İlham Əliyevin sonuncu cümləsi Ermənistanın baş naziri Nikol Paşinyanın seçkiqabağı mövqeyini güclənirən amilə çevriləb bilər. Çünki Ermənistanın dəmiryollarını Rusiyaya keçmiş prezident və hazırda Paşinyanın əsas rəqibi Robert Köçəryan satıb. Görünür, Köçəryanın ağlına da gəlməzdi ki, Azərbaycan nə vaxtsa Zəngilana qədər torpaqları azad edəcək və onun arxalandığı Moskva Zəngəzur üzərindən dəmiryolunun bərpasına yaşıl işıq yandıracaq. Halbuki, Köçəryan dəmiryolunu Rusiyaya satmasaydı, Nikol Paşinyan bu gün qətiyyətlə Zəngəzur üzərindən dəmiryolunun açılmayacağını bildirəcəkdi. Paşinyan bunu deyə bilmir, çünki dəmiryolları Ermənistana məxsus deyil. Odur ki, Köçəryana qarşı mübarizədə Paşinyan vacib arqumentə malikdir. Ancaq Paşinyan bu məsələni çox qabarda da bilməyəcək, əks halda qarşısında Moskvanı görəcək.

Lavrov Bakıda Njdeyə qoyulan abidədən və minalalardan danışmaq istəmədi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya gəldiyi saatlarda prezident İlham Əliyev Naxçıvandan ona mesajlarını göndərirdi. Prezident birincisi dedi ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub və bu mövzunu bir daha gündəmə gətirməsinlər. İlham Əliyev ikincisi bildirdi ki, status Azərbaycanı maraqlandırmır, bu mövzu da bizim üçün bitib. İlham Əliyev Lavrovla görüşdə ona digər zəruri məsələləri də xatırlatdı.

Birincisi, dövlət başçısı dedi ki, hərbi əməliyyatlar başa çatandan sonra Azərbaycan müharibənin yekunlarına əsasən bütün hərbi əsirləri Ermənistana təhvil verib. Bu o deməkdir ki, 10 noyabrdan sonra Ermənistandan Qarabağa göndərilən və ələ keçirilən ermənilər asanlıqla təhvil verilməyəcək.
İkincisi, İlham Əliyev Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həlak olmuş 1600-ə yaxın erməni hərbi qulluqçunun cəsədlərini erməni tərəfə təhvil verildiyini bildirdi: “Müqayisə üçün deyim ki, Birinci Qarabağ müharibəsindən sonra bütün işğal illəri ərzində erməni tərəfi itkin düşmüş azərbaycanlı hərbi qulluqçulardan heç birinin cəsədini bizə verməyib, bizdə belə hərbi qulluqçuların sayı isə 4 minə yaxın olub”. Bu da Lavrova zəruri xatırlatma idi.

Üçüncüsü, dövlət başçısı Lavrova Azərbaycanın Ermənistana növbəti xoş jestini xatırlatdı: “Biz Ermənistanın işğaldan azad edilmiş ərazilərdə avtomobil yolu boyunca yerləşən yaşayış məntəqələri arasında maneəsiz kommunikasiyanı təmin edirik, avtomobil yolunun 20 kilometrdən çox hissəsi erməni vətəndaşların istifadəsindədir və bu məsələdə heç bir maneə və ya çətinlik yoxdur”.
Dördüncüsü, İlham Əliyev Lavrova onu da xatırlatdı ki, bir ay ərzində Rusiya ərazisində təmir işləri ilə əlaqədar Rusiyadan Ermənistana qaz Azərbaycan ərazisindən nəql edilib: “Bu da münaqişədən sonrakı vəziyyətin normallaşmasına yönəlmiş xoş məram jesti idi. Belə nümunələr çoxdur”.
İlham Əliyev Azərbaycanın sadaladığı addımları müqabilində Ermənistanda azərbaycanofobiya meyillərinin olduğunu bildirdi. Dövlət başçısı buna misal olaraq işğaldan azad edilmiş ərazilərdə praktiki olaraq hər şeyin dağıdıldığını, Ağdamın “Qafqazın Xirosiması” adlandırıldığını, Füzuli şəhərində bircə salamat binanın qalmadığını vurğuladı.

Görünür, Sergey Lavrov İlham Əliyevin Naxçıvandan verdiyi mesajları nəzərə alaraq Bakıdakı görüşlərin mətbuata açıq hissəsində nə statusdan, nə münaqişənin həllindən, nə də həmsədrlərin birgə fəaliyyətindən danışdı. Ancaq Lavrov Zəngəzur dəhlizinin açılması vacibliyinə də toxunmadı. Halbuki, Bakıda ona daima 10 noyabr bəyanatı və orada kommunikasiya xətlərinin açılmasıyla bağlı bənd xatırladıldı. Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında İrəvanda dediyini təkrarladı: “Kommunikasiya xətlərinin açılmasıyla bağlı dəqiq tarixi söyləmək çətindir və bu məsələlər tərəflərin razılığa ilə həll olunmalıdır”.

Sergey Lavrov İlham Əliyevlə görüşdə Azərbaycanla Ermənistan sərhəddinin delimitasiya və demarkasiya ilə bağlı məsələlərinin olduğunu bildirdi: “Bu məsələlərin hamısı asan deyil, lakin hamısı həll edilə biləndir. Biz əminik ki, hərbi ekspertlər diplomatların iştirakı ilə qarşılıqlı məqbul qərarlar barədə razılığa gələ biləcəklər”. Deməli, bu məsələ Ermənistan qədər Rusiyanı da narahat edir.
Lavrov mətbuat konfransında azərbaycanlı jurnalistin “Ermənistanın minalanmış xəritələrin Azərbaycana təhvil verməməsini və Ermənistanda faşitlərin qəhrəmanlaşdırılmasını necə dəyərləndirirsiniz?” sualına elə cavab verdi ki, Ermənistanın xətrinə dəyməsin.

Məsələn Lavrov minalarla bağlı problemin “humanitar məsələ” kimi qiymətləndirərək bunu “əsirlərin qaytarılmasıyla” əlaqələndirdi. Yəni demək istədi ki, Ermənistanın istədiyi bütün digər məsələlər həll olunduqdan sonra minalanmış ərazilərin xəritəsi Azərbaycana verilə bilər. Lavrov sualın ikinci hissəsinə cavab olaraq Ermənistanda faşist Njdeyə qoyulan abidəyə də toxunmadı: “Nasitlərin qəhrəmanlaşdırılmasını bir sıra Avropa ölkəsində, Baltik dövlətlərində və Ukraynada müşahiə edirik”. Lavrov bu sırada Ermənistanın adını çəkmədi. Bu yerdə Ceyhun Bayramov söz almaq məcburiyyətində qalaraq Ermənistanın Njde və Monte Melkonyan kimi faşistləri və terrorçuları qəhrəman kimi qələmə verməsindən tutmuş İrəvanda tanınmış siyasi və ictimai xadim Mahatma Qandinin heykəlinin yandırılmasına qədər olayları sadaladı. Lavrovun bu sözlərə heç bir reaksiyası olmadı.

Lavrov İlham Əliyevlə görüşdə belə bir cümlə də işlətdi: “Beynəlxalq mədəni irsin qorunub saxlanmasına cavabdeh olan təşkilat kimi UNESCO da bu səylərdə iştirak etməkdə maraqlıdır”. Azərbaycan torpaqları uzun illər işğal altında qalanda, məscidlər, kitabxanalar, muzeylər dağıdılanda, yandırılanda bu nə Rusiyanı, nə də UNESCO-nu maraqlandırırdı. İndi isə Lavrov və UNESCO Qarabağda araşdırmalar aparmaq istəyirlər. Məqsəd azad edilmiş ərazilərdə ermənilərin iddia etdikləri, ancaq onlara aid olmayan qədim kilsələr haqqında hesabat hazırlamaqdır.
Beləliklə, Sergey Lavrovun əvvəlcə Ermənistana, dahs sonra Azərbaycana səfəri yekunlaşdı. Heç nə baş vermədi. Lavrov sadəcə tərəfləri sakitləşdirməyə çalışdı və Azərbaycanı narahat edən heç bir məsələyə də aydınlıq gətirmədi.

Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçi olmaq istəyirdi

Gürcüstanın baş naziri İrakli Qaribaşvili mayın 12-də Ermənistanda oldu. O Gürcüstanın Azərbaycanla Ermənistan arasında vasitəçi ola biləcəyi təklif etdi. Gürcüstanın baş naziri bu təklifi bir neçə gün əvvəl Bakıda da səsləndirmişdi. Eyni təklifi Gürcüstanın xarici işlər naziri David Zalkaliani da səsləndirdi: “Gürcüstan Tbilisini Azərbaycan və Ermənistan arasında dialoq platforması üçün təklif etməyə hazırdır”.

David Zalkliani Gürcüstanın önəmli siyasi məsələlər üzrə vasitəçiliklə bağlı resursunun olmadığını desə də Tbilisidə müzakirəsi mümkün olan mövzuları bu cür sadaladı: “İqtisadi əməkdaşlıq, kiçik və orta sahibkarlıq, insanlar arasında əlaqələr və humanitar məsələlərlə bağlı vasitəçiliyimiz mümkündür”. David Zalkaliani Gürcüstanın Cənubi Qafqazın üç ölkəsi arasında dialoqa hazırlığını ifadə edərək siyasi iradə olarsa, nəzərəçarpacaq nəticələr əldə etmək mümkünlüyünü vurğuladı.
Bakının və İrəvanın Tbilisinin vasitəçilik təklifinə konkret cavabı yox idi. Azərbaycanla Ermənistan arasında vasitəçi – moderator Rusiyadır. Moskva diplomatik münasibətləri olmayan Gürcüstanın Azərbaycanla Ermənistan arasında ikinci moderator kimi meydana çıxmasına razılaşmayacaqdı. Azərbaycanla Gürcüstan bir-birlərinin ərazi bütövlüklərini dəstəkləyir və strateji əlaqələrini qoruyurlar. Buna görə də Gürcüstanın moderatorluğundan Azərbaycana zərər gəlməz. Onsuz da keçmiş illərdə də Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri əsasən Tbilisidə görüşüb fikir mübadiləsi aparırdılar. Ancaq Tbilsinin başqa mövzular üzrə vasitəçilik iddiasına Ermənistan Rusiyanın qorxusundan çətin ki, razılaşsın. Bunu Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın gürcü həmkarıyla birgə mətbuat konfransındakı sözləri də sübut edir: “Hər bir münaqişənin fərqli xüsusiyyəti var. Bu mənada həssas məsələlərdə ölçülü yanaşmanın qorunmasına ehtiyac var”. Yəni Paşinyan bu açıqlama ilə rəsmi Tbilisiyə eyham vurdu ki, Siz Azərbaycanı Ermənistandan üstün tutduğunuz halda balansı pozursunuz və bu halda Sizin vasitəçiliyinə razılaşa bilmərik.

Azərbaycan-Ermənistan sərhəddində gərginlikdir

Azərbaycan müharibədə qələbə qazandıqdan sonra Ermənistanla sərhəddi müəyyənləşdirməyə başladı. Bu proses Ermənistanda narazılıq yaratdı. Çünki, ermənilər 30 il ərzində Azərbaycanla sərhədi müəyyənləşdirməmişdilər. Ermənistan Qarabağ və ona ətraf rayonların əbədi nəzarətlərində qalacağını zənn edirdilər və buna alışmışdılar. Azərbaycan hərbçiləri onların bu “alışqanlığına” 2021-ci il ərzində son qoydu.

Ermənistan hakimiyyəti çox istəyirdi ki, Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı prosesə müdaxilə etsin. Ancaq Rusiya və təşkilat prosesə müdaxilə etmədi və bu İrəvanın daha çox narazılığına səbəb oldu. Ermənilər bu məsələdə özlərini təklənmiş kimi hiss etdilər.
Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşdə Rusiyanın işə qarışmasını xahiş etdi. Rusiya niyə müdaxilə etməli idi ki? Sərhəd iki dövlət – Azərbaycan və Ermənistan arasında həll olunmalıdır. Əgər Rusiya prosesə müdaxilə edərsə, Rusiyanın Azərbaycanın münasibətləri gərginləşəcək. Kreml bunu istəmir.
Sərhəd müəyyənləşdikcə Azərbaycan sərhədçiləri strateji məntəqələrə nəzarəti ələ keçirirdilər. Bu sıraya Ermənistanın yollarını, hava limanlarını və şəhərlərini göstərə bilərik. Bu Azərbaycan üçün strateji üstünlük qazandırır. Bu o deməkdir ki, Ermənistan gələcəkdə yenə Azərbaycana qarşı təxribata baş vurarsa, yenidən Qarabağda separatçılığa başlayarsa, bu halda müharibə yalnız Qarabağı əhatə etməyəcək. Bu dəfə Azərbaycan ordusu sərhəddən nəzarət saxladığı Ermənistanın yollarını, hava limanlarını və şəhərlərini hədəf seçəcək.

Şuşa bəyannaməsinin əhəmiyyətin nədir?

İyulun 15-də Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı. Sənəddə digər sahələrlə yanaşı, ticarət-iqtisadi münasibətlərilə bağlı məsələlər də yer alıb. Belə ki, milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf edirilməsinə yönəldilmiş səylərin əlaqələndilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər də yer alır.

- Türkiyə ilə Azərbaycan birgə hərbi texnika istehsal edəcəklər;
- Türkiyə Azərbaycanda pilotsuz uçuş aparatları istehsal edəcək;
- Türkiyə və Azərbaycanın Təhlükəsizlik Şuraları fəaliyyətlərini koordinasiya edəcəklər

Tarixi Şuşa bəyannaməsi Azərbaycanın, o cümlədən Qarabağın təhlükəsizliyini Türkiyənin təminatı altına almış oldu. 1921-ci il Qars bəyannaməsinə görə Türkiyə Naxçıvanın təhlükəsizliyinin təminatçısıdır. Qars bəyannaməsindən 100 il sonra imzalanan Şuşa bəyannaməsinə görə isə Türkiyə artıq Azərbaycanın, o cümlədən Qarabağın təhlükəsizliyinin təminatçısıdır. Bu erməni separatizminə və onun havadarlarına ciddi xəbərdarlıq mahiyyəti daşıyır. Qarabağın istənilən məntəqəsinə hücum edib işğal etmək istəyən qüvvə bundan sonra Azərbaycanla yanaşı qarşısında Türkiyəni də görəcək. Türkiyənin Azərbaycanda – Qarabağda formalaşdıracağı hərbi bazalar məmləkətimizin təhlükəsizlik təminatını daha da möhkəmləndirəcək. Türkiyənin Şuşada açacağı baş konsulluğu Şuşanın təhlükəsizliyinə faydası olacaq.
Rəcəb Tayyib Ərdoğanın Qarabağa və Şuşaya səfəri və burada İlham Əliyevlə imzaladığı tarixi sənəd erməniləri qorxutdu, Ermənistanın Xarici İşlər Nazirliyi Qarabağdakı separatçılarla birgə açıqlamalar yayınladılar.

Ərdoğan Ermənistana çağırış etdi

Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında Ermənistana çağırış etdi: “Atəşkəs anlaşmasından sonra bütün tərəflər arasında yeni əməkdaşlıq imkanları yaranıb. Ermənistan ona uzadılan bu xoş niyyət və həmrəylik əlini tutmalı, ortaq gələcəyi birlikdə qurmaq fürsətindən yaxşı istifadə etməlidir”.

Rəcəb Təyyub Ərdoğan daha əvvəl təklif etdiyi ““3+3” əməkdaşlıq platformasını xatırlatdı: “Bu platformada Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İranın iştirakı nəzərdə tutulur. Bu platforma ilə birlikdə bölgənin sülh içərisində yaşamasını istəyirik. Bu addımı atmaq üçün biz qardaşımla birlikdə hər cür fədakarlığa hazırıq. Hörmətli Vladimir Putin də bu cür fədakarlığa hazırdır”.
Türkiyə prezidenti bununla demək istədi ki:
1) Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi ittidalarından vaz keçib hər iki qonşusunun ərazi bütövlüyünü tanıyarsa sərhədlər açıla və diplomatik münasibətlər qurula bilər;
2) Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olmamalı və tam əksinə özü bu dəhlizdən istifadə etmək imkanı qazanmalıdır.
Buna baxmayaraq, Ermənistan parlament seçkisinin nəticələrini gözləmək lazım idi. Ermənistan 2021-ci ilin ortalarında Ərdoğanın Şuşada söylədiyi konstruktiv təkliflərə müsbət cavab vermək iqtidarında deyildi. Çünki Ermənistandakı siyasi qüvvələr seçkiqabağı təbliğatlarını anti-türk əhval ruhiyyəsində davam etdirirdilər. Ermənistanda formalaşacaq yeni hökuməti gözləmək lazım gələcəkdi. Ərdoğan Ermənistana çağırış edərkən təsadüfən Rusiya prezidenti Vladimir Putini xatırlatmadı. Əslində Ərdoğan Putinə çağırış etdi ki, Kreml sahibi Rusiyadan asılı olan Ermənistana ağıl qoysun.

Türkiyənin Azərbaycanda hərbi bazası olacaq

Rəcəb Tayyib Ərdoğan NATO toplantısının, amerikalı həmkarı Co Baydenlə görüşsün yekunları, o cümlədən Azərbaycana səfəri ilə tarixi Şuşa bəyanaməsinin imzalanmasına dair türkiyəli jurnalistlər üçün mətbuat konfransı keçirdi. Ərdoğan jurnalistlərdən birinin “Azərbaycan prezidenti İlham Əliyev Şuşa bəyannaməsini Qars anlaşmasına bənzətdi. Azərbaycan cəmiyyətində Türkiyənin Azərbaycan hərbi baza yaratması tələbi var. Yeni anlaşma çərçivəsində Türkiyənin Azərbaycanda hərbi bazanın yaratması mümkündürmü? Şuşa bəyannaməsi hərbi bazanın yaradılmasını nəzərdə tuturmu” sualıma belə cavab verib: “Bu imzaladığımız sənədin çərçivəsindədir. Bəyannaməni yeni bəndlərlə genişləndirə bilərik”.

Türkiyənin Azərbaycanda hərbi bazası və ya bazaları olacaq və Türkiyə prezidentinin sözlərinə görə Şuşa bəyannaməsi buna tam şərait yaradır. Bu həm Azərbaycanın, həm Türkiyənini, həm də çox önəmlisi Türkiyə-Azərbaycan hərbi ittifaqınını tələblərinə cavab verir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peksov Türkiyənin Azərbaycanda hərbi baza yaratması istəyinə belə reaksiya verdi: “Türkiyə Azərbaycanda hərbi baza yaradarsa, Rusiya müəyyən addımlar atmalı olacaq. Rusiya Türkiyənin hərbi baza qurmaq istəyini yaxından təqib edir. Türkiyənin bu həmləsi qarşısında Rusiya öz təhlükəsizliyini və maraqlarını təmin etmək üçün addımlar atmalı olacaq”. Bu cümlələrdə açıq-aşkar hədə var idi.

Moskva daha çox ermənini Qarabağa qaytarmaq istəyir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Grandi ilə görüşdə erməni qaçqınların Qarabağa qaytarılmasından danışdı. Sergey Lavrov ilk dəfə deyildi ki, beynəlxalq təşkilatların nümayəndəsi ilə görüşdə erməni qaçqınların geri qayıdışı vacibliyini bildirirdi.
Maraqlıdır ki, Ermənistan hakimiyyəti Rusiya qədər qaçqınların Qarabağa qayıtması istiqamətində fəal deyil. Ermənilər Qarabağa qayıdıb harda və hansı şəraitdə yaşayacaqlar? Ona görə də Ermənistan hakimiyyəti məcburi şəkildə erməniləri geri qaytarmağa çalışmır, çünki etirazdan çəkinir. İrəvan əksinə Ermənistanda Qarabağ qaçqınları üçün minimum şərait yaratmaq üçün nələrsə edirdi.
Rusiya hakimiyyətini isə ermənilərin Qarabağa qayıdıb hansı şəraitdə yaşayacağı maraqlandırmırdı. Kreml üçün önəmli olan o idi ki, Qarabağda daha çox erməni yaşamasını təmin edilsin ki, Rusiya hərbçilərinin bölgədə varlığının aktuallığı olsun. Elə buna görə müharibədən sonra Rusiyadakı mənbələr saxta məlumatlar yayaraq Qarabağda guya 50-55 min yaşadığını bildirirdilər. Halbuki, Qarabağ erməni separatçılarının lideri Araik Arutunyan özü etiraf etdi ki, bölgədə 35 min erməni yaşayır. Bu rəqəmin ilk mənbədən açıqlanması Moskvanın yalanını ortaya qoydu.

Avropa İttifaqı Cənubi Qafqazda fəallaşmaq istəyir

Avropa İttifaqı Cənubi Qafqaz ölkələrinə - Azərbaycana, Ermənistana və Gürcüstana heyət göndərdi. Heyətə Avstriya, Litva və Rumıniyanın xarici işlər nazirləri Aleksandr Şallenberq, Qabrielius Landsbergis və Boqdan Auresku başçılıq edirdilər. Nümayəndə heyəti əvvəlcə Bakıda, sonra İrəvan və Tiflisdə oldular.

Bu heyət bölgəyə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin tapşırığı əsasında gəlmişdi. Brüssel 2021-c ilin ortalarından fəallığını artırmağa başladı. Avropa İttifaqının nümayəndə heyətini Bakıda iki sual maraqlandırırdı.
Birinci sual: Rəsmi Bakı Ermənistanla sülh sazişi imzalamağa hazırdırmı?
İkinci sual: Rəsmi Bakı Avropa İttifaqı ilə stareji saziş imzalamağa hazırdırmı?

Azərbaycan prezidenti Avropa İttifaqının nümayəndə heyəti ilə görüşdə hər iki suala müsbət cavab verdi. Azərbaycan Ermənistanla sülh sazişi imzalamağa hazırdır. Bakı Brüsselə saziş imzalayacaq.
Tiflisə Avropa İttifaqının nümayəndə heyəti ilə görüşən Gürcüstanın baş naziri İrakli Qaribaşvili Gürcüstanın Azərbaycanla Ermənistan arasında vasitəçiliyini davam etdirəcəyini bildirdi.
Avropa İttifaqının bölgədə fəallaşması Azərbaycanın maraqlarına cavab verirdi. Çünki Fransa Ermənistanı dəstəkləyir və bu Azərbaycan cəmiyyətində və hakimiyyətində narazılıq yaradır. Brüssel isə Azərbaycanla Ermənistan arasında balansı qorumağa çalışır, tərəflərdən birini dəstəkləmirdi. Məsələn Brüssel Parisdən fərqli olaraq əsirlərlə yanaşı minalanmış ərazilərin xəritələri məsələrini də müzakirə edir. Rəsmi Bakı Avropa dövlətlərindən məhz balanslı mövqe sərgiləmələrini istəyir.

Münaqişə bitməyib

Qarabağdakı erməni separatçıları yenə atəşkəsi pozdular. Erməni separatçıları iyulun 14-də Şuşa şəhəri iqtiqamətinə pulemyot və avtomatlardan atəş açdılar. Bundan əvvəl erməni separatçıları Ağdama doğru atəş açmışdılar. Ağdama atəş açmaqla bu şəhərdə yenidənqurma işlərinə mane olmaq istədilər. Xarici ölkələrin Azərbaycanda akreditasiya olunan səfirlərinin Şuşaya səfəri erməni separatçılarını narahat etdi. Bu dəfə də Şuşaya atəş açdılar.
Erməni separatçılarının sağa-sola atəş açmaları Qarabağdakı Rusiya hərbçilərini narahat etmirdi. Moskva Bakının izahat tələblərini cavab vermirdi. Rəsmi Bakı bu vəziyyətdə nə etməlidir? Əsas sual budur. Azərbaycan müharibədə qələbə çaldı, ancaq 2021-c il ərzində Qarabağdakı təxribatların davamı göstərirdi ki, münaqişə hələ bitməyib.

Münaqişə o zaman bitəcək ki:

1) Azərbaycan hərbçiləri ilkin mərhələdə Şuşanın kəndlərinə və Xocalıya daxil olacaqlar;
2) Qarabağdakı erməni separatçıları tərksilah olacaqlar;
3) Qarabağın tamamı Azərbaycan Konstitusiyasına və qanunlarına tabe olacaq;
4) Laçın dəhlizi başda olmaqla Ermənistanla sərhəd tam nəzarət altına alınacaq.

Avropa İttifaqının Cənubi Qafqaza marağı artıb

Avropa İttfaqı Cənubi Qafqaz ölkələri ilə əlaqələri genişləndirməyə çalışır. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel iyul ayında Ermənistanda, Azərbaycanda və Gürcüstanda oldu.
Şarl Mişel Tiflisdə Gürcüstan, Ukrayna və Moldova prezidentləri ilə birlikdə görüşdü. Bu 3 ölkə Avropa İttifaqı ilə “assosiativ saziş” imzalayıb. Gürcüstan, Ukrayna və Moldova Avropa İttifaqının üzvü olmaq istəyirlər. Brüssel tələsmir, Gürcüstana, Ukraynaya və Moldovaya üzvlük vədi vermir. Buna baxmayaraq, Avropa İttifaqı tərəfdaş ölkələrə maliyyə dəstəyini artırmaq qərarını verib.
Avropa İttifaqı “Şərq ölkələri tərəfdaşlıq proqramı” çərçivəsində 6 ölkəyə - Azərbyacan, Gürcüstan, Ukrayna, Moldova, Belarus və Ermənistana yaxın 5 ildə 17 milyard avro vəsait ayrılması ilə bağlı qərar qəbul edib. Ən böyük yardımı Gürcüstan alacaq. Avropa İttifaı 5 il ərzində Gürcüstana 3.9 milyard avro verəcək. Ermənistana isə 5 ildə əvvəl 2.6 milyard avro maliyyə veriləcək. Azərbaycana isə 5 ildə 140 milyon avro vəsait ayrılacaq.

Bəs Avropa İttifaqı Azərbaycana niyə Gürcüstan və Ermənistandan az yardım edəcək?
Birincisi, Avropa İttifaqının Gürcüstan və Ermənistanla sazişləri var, Azərbaycanla saziş isə hələ imzalanmayıb.

İkincisi, Brüsseldə hesab edirlər ki, Gürcüstan və Ermənistandan fərqli olaraq Azərbaycanın maliyyəsi çoxdur və kənar yardıma böyük ehtiyacı yoxdur.

Azərbaycan hökuməti 2021-ci ildə də Avropa İttifaqı ilə strateji saziş imzalamadı. Brüsselin Bakıdan əsas tələbi Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyü həll etməsidir. Rəsmi Bakı bu məsələdə qərar verməyib. Halbuki, Azərbaycan Dünya Ticarət Təşkilatına üzv olarsa, bu Azərbaycan bazarını xarici biznesə açar, şəffaflıq artar, gömrük siyasəti beynəlxalq təcrübəyə uyğunlaşdırılar.
Avropa İttifaqının Cənubi Qafqazdakı əsas ticarət tərəfdaşı Azərbaycandır. Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi, iqtisadi əlaqələri Cənubi Qafqazın digər iki ölkəsiylə ticarət dövriyyəsindən dəfələrlə çoxdur. Məsələn, 2020-ci ildə Avropa İttifaqının Azərbaycanla ilə ticarət dövriyyəsi 9 milyard 340 milyon dollar olub, Ermənistanla isə cəmi 1 milyard dollar olub.

İlham Əliyev Rusiyaya mesajlar göndərdi

Qarabağda vəziyyət gərginləşdiyinə və Rusiyanın Ermənistanın və erməni separatçılarının təxribatlarına dəstəyi artdığına görə Azərbaycan prezidenti İlham Əliyevin bu məsələlərə reaksiyasına ehtiyac var idi. İlham Əliyev avqustun 14-də Türkiyənin “CNN Türk” kanalına geniş müsahibə verdi. İlham Əliyev mesajları üçün ona görə Türkiyənin məşhur kanalını seçdi ki, Azərbaycan-Türkiyə siyasi və hərbi ittifaqının dönməz olduğunu bir daha vurğulasın. İlham Əliyevin müsahibə zamanı Türkiyəyə də mesajı oldu.

Birincisi, İlham Əliyev keçmiş illərdən fərqli olaraq Rusiyanı “strateji tərəfdaş” kimi deyil, sadəcə qonşu olaraq adlandırdı və həmin qonşunun Ermənistanı silahlandırmağa davam etdiyini anlamadığını bildirdi. Azərbaycan prezidenti sadə məntiqə toxunaraq demək istədi ki, 30 ildir Ermənistanı silahlandırdınız, nəyə nail oldunuz? Sizin Ermənistana verdiyiniz hərbi texnika məhv edildi və bu gün Bakının mərkəzində Hərbi Qənimətlər Parkında sərgilənir. İlham Əliyev onu da Kremlə xatırlatdı ki, Rusiya bundan sonra da Ermənistana pulsuz silah və hərbi texnika göndərsə nəticə dəyişməyəcək və hərbi üstünlük yenə Azərbaycanın tərəfində olacaq. Azərbaycanın artan hərbi büdcəsi və aldığı modern silahlar da bundan xəbər verir.

Kremlin Azərbaycan prezidentinin xəbərdarlığını nəzərə alaraq Ermənistanı silahlandırmadan vaz keçəcəyini söyləmək mümkün deyil. Rusiya Ermənistanı məhz ona görə silahlandırmaqda davam edəcək ki, bu ölkə Azərbaycan qarşısında tam gücsüz vəziyyətə düşməsin.

İkincisi, İlham Əliyevin Rusiyaya daha bir sətiraltı mesajı var idi: “Ermənistan xalqı müharibədə məğlub olan Nikol Paşinyana parlament seçkisində yenidən səs verdi. Bu o deməkdir ki, erməni xalqı məğlubiyyətlə barışıb. Tarixdə görünməmiş bir mənzərədir ki, məğlub edilmiş rəhbərlik, yenidən xalqdan səs alır. Belə olan halda, əlbəttə ki, Ermənistanı silahlandırmaq heç bir məntiqə sığmır”. İlham Əliyev bununla demək istədi ki, Nikol Paşinyan və erməni cəmiyyəti məğlubiyyətlə barışdığı halda Moskva Ermənistanı yenidən silahlandırmaqla qonşu dövləti Azərbaycanla yeni müharibəyə hazırlaşıdırır. Halbuki, əgər Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında məlum bəyanatlar imzalanıbsa, Kreml həmin bəyanatların yerinə yetirilməsində maraqlı olmalıdır. Ancaq belə deyil. İlham Əliyevin sözlərindən bəlli oldu ki, həmin bəyanatları pozan və Ermənistanı da pozuculuğa sürükləyən elə Rusiyadır.

Üçüncüsü, İlham Əliyev minalanmış xəritələrin cəmi 25 faizinin doğru olduğunu bildirdi. Bu da Kremlə mesaj idi ki, Sizin vasitəçiliyinizi qəbul edib terrorçuları Ermənistana təhvil verdik və əvəzində xəritilərin bir qismini əldə etdik. Ancaq bəlli oldu ki, xəritələr reallığı əks etdirmir. Demək Kremlin bu istiqamətdəki vasitəçiliyi də işə yaramadı.

Dördüncüsü, İlham Əliyev Laçın dəhlizi və Qarabağda nəzarətsiz qalan ərazilər barədə də fikir bildirməliydi. Çünki, Azərbaycan cəmiyyətində ən çox iki sual da gündəmdədir: Azərbaycan ordusu Laçın dəhlizini nəzarət altına alacaqmı və Qarabağdakı erməni separatçılarının tərksilah olunması planlaşdırılırmı? Azərbaycan prezidenti bu məsələlərə belə aydınlıq gətirdi ki, Laçın dəhlizindən nəyin daxil olduğunu, nəyin çıxdığını dəqiq bilirik, Qarabağdakı ermənilər isə Azərbaycan qanunlarına tabe olub Azərbaycan cəmiyyətinə inteqrasiya olunmalıdırlar.

İndiki şərtlər altında Qarabağda yaşayan ermənilərin öz istəkləri ilə Azərbaycan cəmiyyətinə inteqrasiya olunacaqlarını söyləmək çətindir. Qarabağda belə düşünən ermənilər olsa belə, onlar həyatlarını riqsə atıb bu haqda açıq danışmayacaqlar. Çünki başlarının üzərlərində silahlı separatçıları və Qarabağın Azərbaycana tabe olmasını əngəlləyən rusiyalı hərbçilər var. Qarabağ erməniləri silahlı separatçılardan və Rusiyanın himayəsindən qurtulduqdan sonra Azərbaycan qanunları ilə yaşamağa hazır ola bilərlər.

Beşincisi, İlham Əliyev Ermənistan, erməni separatizmi və Rusiya haqqında fikirlərini belə yekunlaşdırdı ki, bölgədə müharibə və ya anti-terror əməliyyatları istisna deyil və bəlkə də yaxın zamanlarda zərurətə çevriləcək. Bunu prezidentin müsahibə zamanı işlətdiyi cümlələr də göstərirr: “Biz qabaqlayıcı tədbirlər görəcəyik”, “erməni faşizmi baş qaldırmağa cəhd edərsə, biz onun başını bir daha əzəcəyik”, “İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlara dərs olmayıb” və “yeni hədəfimiz qələbəni və zəfəri möhkəmləndirməkdir”.
İlham Əliyevin müsahibədə yeni format təşəbbüsünü də irəli sürdü: “Cənubi Qafqazda Azərbaycan, Gürcüstan, Ermənistan arasındakı üçtərəfli əlaqələrin yaradılması üçün ilkin addımlar atılmalıdır, biz buna hazırıq”. İlham Əliyev bu cümlə ilə Rusiyanın müdaxiləsi olmadan Ümumiqafqaz evinin qurulması gərəkliyinə işarə etdi.

İlham Əliyev müsahibədə Azərbaycan-Türkiyə siyasi və hərbi ittifaqının dönməz olduğunu bir neçə dəfə vurğuladı, Şuşa bəyannaməsinin müttəfiqliyin zirvə nöqtəsi olduğunu xatırlatdı. Ancaq İlham Əliyev Türkiyə haqqında danışarkən ik dəfə müttəfiqliyə təhlükənin varlığı haqqında da fikir söylədi: “Boşluq olmamalıdır, ara olmamalıdır ki, kimsə bu araya girməsin. Çünki elələri də var. Çalışacaqlar ki, aramıza girsinlər, çalışacaqlar ki, provokasiyalar, təxribatlar, uydurmalar ortaya atılsın”.
Rusiya Qarabağ ermənilərinə pasport paylaya bilərmi?
Rusiya hərbiçləri 2021-ci il ərzində Qarabağda bir neçə dəfə hərbi təlim keçirdi. Rusiyalı hərbçiləri bu fəaliyyəti Azərbaycan cəmiyyətində ciddi suallar doğurdu. Sülhməramlılar Qarabağda niyə təlim keçirirdilər?

Qarabağda atəşkəs 2021-ci ildə tez-tez pozulurdu. Erməni separatçıları rusiyalı sülhməramlıların nəzarət etdiyi bölgələrdən Şuşanı və Kəlbəcəri atəşə tuturdular.
Moskva Qarabağda yaşayan ermənilərə Rusiya pasportları paylaya bilərmi?
Moskva Rusiya pasportlarını Abxaziyada və Cənubi Osetiyada (Gürcüstan), Dnest bölgəsində (Moldova) və Donbasda (Ukrayna) paylayıb. Moskvanın parport paylamaqla məqsədi separatizmi dəstəkləmək və qonşu dövlətlərin ərazi bütövlüklərinin bərpasına mane olmaqdır. Rusiya separatçıların nəzarət etdiyi bölgədə insanlara pasport payladıqdan sonra həmin bölgələri nəzarəti altına alır. Çünki, artıq həmin bölgələri Rusiyanın nəzarətindən çıxmaqçaq çətinləşir.

Rusiya xarici işlər naziri Sergey Lavrovun Rusiyanın beynəlxalq hüququ pozmasına cavabı belədir: “Yalandır, Rusiya beynəlxalq hüququ pozmur, birincisi, hər bir ölkə özü müəyyənləşdirir ki, kimə vətəndaşlıq verə bilər, ikincisi, hər bir insan da hansı ölkənin vətəndaşı olmaqda sərbəstdir”.
Lavrov bununla demək istəyirdi ki, Rusiya bundan sonra da qonşu ölkələrin separatçılarına Rusiya pasportları paylayacaq. Yəni əgər Qarabağda yaşayan ermənilər də Rusiya pasportları almaq istəsələr, Lavrovun məntiqinə görə onlara da bu pasportlar paylana bilər. Moskva bu addımı Qarabağda da atarsa Azərbaycanla münasibətləri gərginləşdirmiş olacaq.

Prezident Xankəndi və rusiyalı sülhməramlılar haqqında nə düşünür?

Müharibə ilə bağlı Azərbaycanda ən çox səslənən suallardan biri budur: “Azərbaycan ordusu Şuşanı azad edəndən sonra Xankəndiyə niyə daxil olmadı və rəsmi Bakı rusiyalı sülhməramlıların Qarabağda yerləşdirilməsinə niyə razılaşdı?”

Yerli və xarici jurnalistlər müharibədən sonra prezident İlham Əliyevə bu sualı verməyiblər və dövlət başçısı özü də konkret olaraq Azərbaycanın nəzarət etmədiyi ərazilərə və rusiyalı hərbçilərin bölgədə yerləşməsi məsələsinə geniş şəkildə münasibət bildirməyib.

Buna baxmayaraq, İlham Əliyev cəmiyyət və siyasi ekspertlər arasında bu mövzunun müzakirə olunduğunu bilir. Ona görə də İlham Əliyev Azərbaycanın nəzarət etmədiyi ərazilər və rusiyalı hərbçilərin bölgədə yerləşməsi mövzusuna başqa formada cavab verməyə çalışır. Misal üçün dövlət başçısı avqustun 26-da şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zaman bunları dedi:

- “Müharibənin bizim tərəfimizdən dayandırılması da tamamilə əsaslı bir addım idi. Çünki müharibə davam etsəydi, birincisi biz daha çox itkilər verəcəkdik. Müharibə davam etsəydi, Kəlbəcər və Laçın rayonlarının azad edilməsi müəyyən çətinliklərlə üzləşə bilərdi. Çünki o bölgənin təbii iqlimi, dağları bizə problem yarada bilərdi. Bir də ki, qış başlayırdı. Eyni zamanda, Azərbaycan müharibəni müharibə qanunları ilə aparırdı. Biz ermənilərdən fərqli olaraq hərbi cinayət törətməmişik, etnik təmizləmə siyasəti aparmamışıq. Bu, bir daha xalqımızın böyüklüyünü, siyasətimizin müdrikliyini göstərir. Ona görə biz hər şeyi vaxtında etdik, hər şeyi vaxtında. Torpaqlarımızı vaxtında azad etdik, müharibəni vaxtında dayandırdıq və tarixi Zəfərə çatdıq.

- Mən görürəm, bəzi xarici mətbu orqanlarında deyilir ki, Azərbaycan yeddi rayonu azad edib. Bu həqiqətə uyğun deyil. Yeddi rayonu azad edib, amma bununla bərabər Şuşa şəhərini azad edib, bununla bərabər Hadrutu azad edib, bununla bərabər Xocavənd rayonunun 60 faizini azad edib, Suqovuşan qəsəbəsini azad edib. Ona görə biz yeddi rayondan daha çox ərazini azad etmişik. Bu ərazilərin strateji əhəmiyyəti göz önündədir. Hər kəs xəritəyə baxıb görə bilər ki, Azərbaycan hakim strateji nöqtələrə sahibdir, istər Qarabağ bölgəsində, istər Azərbaycan-Ermənistan sərhədində”.
İlham Əliyev bununla haqqında danışılan suala sətiraltı cavab verdi. Birincisi, Azərbaycan ordusu Şuşanı azad etdikdən sonra Xankəndiyə daxil olsaydı beynəlxalq birlik Azərbaycanı etnik təmizləmədə ittiham edə bilərdi, ölkəmizə qarşı təzyiqlər artacaqdı. Digər tərəfdən qış ayları yaxınlaşdığına görə işğaldakı rayonları ordumuzda itki vermədən danışıqlar yolu ilə azad edilməsi vacib idi və buna nail olundu. Bunun qarşılığında mümkün variant kimi ermənilər yaşayan bölgələrdə rusiyalı hərbçilərin müvəqqəti yerləşidirlməsinə razılıq verildi. İkincisi, Azərbaycan ordusu yalnız Dağlıq Qarabağın ətrafını – 7 rayonu deyil, içərisindəki bir qisim ərazini də, o cümlədən Hadrut və Şuşanı azad edib və bu daha böyük uğurdur. Azərbaycan ordusu həm Dağlıq Qarabağın ətrafını azat etdi, həm də Dağlıq Qarabağın içərisinə daxil oldu.

Buna baxmayaraq, İlham Əliyev növbəti mərhələ haqqında da düşünür. Bu mərhələdə 4 ildən sonra rusiyalı hərbçilərin Qarabağı tərk etməsi və Qarabağdakı ermənilərin Azərbaycan qanunlarına tabe olması aktuallaşacaq. Bunun üçün müharibəyə ehtiyac olmaya da bilər. Ancaq rəsmi Bakı bu mərhələdə də müxtəlif problemləri həll etməli olacaq.

Türkiyə Azərbaycanda hərbi gücünü artırır

2021-ci ildə Türkiyə Silahlı Qüvvələrini Azərbaycanda təmsil edəcək Xidmət Qrupu Komandanlığına 4 general təyin edib. Bunlar generalllar Bəxtiyar Ersay, Abdulla Qatırçı, Ender Güner və Zəkəriyyə Yalçın idi. Ankara il ərzində Türkiyə Silahlı Qüvvələrinin Bakıdakı hərbi atteşesini də dəyişdi. 4 generalın təyin edilməsi ilə Türkiyə Silahlı Qüvvələrinin Bakıdakı nümayəndəliyinin sayı da artdı.
Türkiyənin Azərbaycandakı xüsusi komandanlığı 1992-ci ildən fəaliyyət göstərir. Ancaq bugünə qədər həmin komandanlıqda aşağı rütbəli zabitlərlə təmsil olunurdu.

Beləliklə, Azərbaycan və Türkiyə 2021-ci il ərzində hərbi əməkdaşlığını daha da gücləndirdi. Bu Azərbaycan və Türkiyə prezidentlərinin 15 iyun 2021-ci ildə imzalanmış “Şuşa Bəyannaməsi”nə uyğun idi. İki ölkə arasında hərbi-texniki əməkdaşlıq da gücləndirilib. İki ölkə arasında hərbi təlimlərin sayı artıb. Türkiyə ilə Azərbaycan Müdafiə Nazirlikləri arasında koordinasiya gücləndirilib. Azərbaycanın müdafiə naziri və yeni baş qərargah rəisi Türkiyəyə səfər etdilər, Rəcəb Təyyub Ərdoğanla və müdafiə naziri Hulusi Akarla görüşdülər. Müdafiə naziri Zakir Həsənov bir daha dedi ki, Azərbaycan ordusu Türkiyənin dəstəyi vasitəsilə moderləşdirildi və müharibədə qələbə qazandı.

Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının gücləndirilməsi niyə vacibdir?

Birincisi, 2021-ci ildə Azərbaycana qarşı təxribatları artdı. Qarabağdakı Rusiya hərbçiləri erməni separatçılarını tərksilah etmədilər. Bundan başqa Rusiya hərbçiləri Laçın dəhlizindən keçən yüklərə nəzarət etmirlər. Həmin dəhlizdən isə Ermənistandan Qarabağ separatçılarına hərbü yüklər də daşınır. Türkiyənin Azərbaycanda möhkəmlənməsi Rusiyaya xəbərdarlıq mesajıdır ki, Ankara Qarabağda separatçılığın güclənməsinə imkan verməyəcək və bu məsələdə Azərbaycana dəstəyini artıracaq.

İkincisi, prezident İlham Əliyev demişdi ki, “Azərbaycan ordusu Türkiyə ordusunun kiçik modelinə çevrilməlidir”. Türkiyə bunu reallaşdırdırır.

Üçüncüsü, Türkiyə Müdafiə Nazirliyi Azərbaycanda xidmət edəcək generalları təyin etməklə Azərbaycandakı hərbi gücünü artırır. Bu Türkiyənin Azərbaycanda hərbi bazalar yaratmasının başlanğıcı da ola bilər.

Rusiya hərbçiləri Qarabağda olmamalı idi

ATƏT-in Minsk Qrupunda 1999-2001-ci illərdə amerikalı həmsədri Kerri Kavanonun Qarabağa Rusiya sülhməramlıların yerləşdirilməsi ilə bağlı açıqlaması Azərbaycanda geniş müzakirə olundu. Kavano 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan danışarkən dedi ki, Rusiya sülhməramlılarının yerləşdirilməsi istisna olmaqla, bu razılaşmanın bütün elementləri Minsk Qrupunun həmsədrləri ilə müzakirə edilib.
Kavanonun sözlərinə görə, sülhməramlıların və ya müşahidəçilərin Minsk Qrupu ölkələrindən olmaması müzakirə edilib. “Düşünürəm ki, Rusiya bununla tam razılaşdı, çünki bu məsələyə siyasi cəhətdən ən sərfəli yanaşma idi”. Bəs, niyə Rusiya Qarabağa öz sülhməramlılarını göndərdi? “Düşünürəm ki, bu vəziyyətin təhlükə dərəcəsi, erməni tərəfinin nəzarətindəki əraziləri itirmək sürəti və Şuşa ətrafında hadisələrin sürətli inkişafı ilə əlaqədardır” deyə, Kavano bildirib.
Kerri Kavano haqlı idi. Minsk Qrupu çərçivəsində razılıq belə olmuşdu ki, gələcəkdə Qarabağda yerləşəcək sülhməramlılar həmsədr dövlətlərin təmsilçiləri olmamalıdırlar. Yəni ABŞ, Fransa və Rusiya hərbçiləri sülhməramlı kimi Qarabağda yerləşməməlidirlər. Rusiya bu qərara riayət etmədi. Rusiya başqa dövlətlərin hərbçilərinin Qarabağa gəlişinə icazə vermək istəmədi. Moskva bununla böyük dövlətlərə nümayiş etdirdi ki, Azərbaycanla Ermənistan arasında əsas vasitəçi Rusiyadır.
Azərbaycan ordusu Şuşanı azad etdikdən sonra Xankəndiyə istiqamətlənəcəkdi. Rusiya bunun qarşısını almaq məqsədilə öz hərbçilərini Qarabağa göndərməyi nəzərdə tutan maddəni 10 noyabr bəyanatına saldı. Kreml tələsirdi. Çünki Rusiya hakimiyyəti 200 illik Qarabağ probleminin Azərbaycanın xeyrinə həllinə mane olmaq istəyirdi. Azərbaycan ordusu ərazilərin böyük hissəsini azad etdi.

Azərbaycanın növbəti hədəfi Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Şuşanın kəndləri olacaq, bu yerlərdə də Azərbaycan bayrağı dalğalanmalı, qanunları işləməlidir. Ancaq bunun üçün Azərbaycam rusiyalı hərbçilərin 4 ildən sonra bölgəni tərk etməsinə nail olmalıdır.

Türkiyə Qarabağda mövqelərini möhkəmləndirir

Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Azərbaycana səfər etdi. Bu Türkiyə Cumhurbaşqanının 2021-ci ildə Azərbaycana 3-cü səfəri idi. Ərdoğan İkinci Qarabağ müharibəsindən sonra əvvəlcə Bakıya gəldi və Qələbə paradında iştirak etdi. Türkiyə prezidenti ikinci dəfə Şuşaya getdi və Azərbaycan prezidenti İlham Əliyevlə birgə müttəfiqlik bəyanatına imza atdı. Ərdoğan üçüncü səfəri birbaşa Qarabağa etdi, onun təyyarəsi yeni tikilən Füzuli hava limanına endi.

Ərdoğan bu səfərləriylə sübut etdi ki, Türkiyənin Cənubi Qafqazda, Azərbaycanda və Qarabağda mövqeləri güclənib.
Rəcəb Tayyib Ərdoğan Füzuli hava limanının açılışından sonra İlham Əliyevlə birlikdə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur Dəhlizi) təməlini qoydu. Bu o demək idi ki, Türkiyə və Azərbaycan Zəngəzur dəhlizinin açılmasına hazırlaşırdılar.
Rəcəb Tayyib Ərdoğanın Qarabağa səfərinin başqa əhəmiyyəti də var idi. Rusiya hökumətinə yaxın “RİA Novosti” agentliyi xəbər yayımladı ki, noyabrın ilk həftəsində Rusiya, Azərbaycan və Ermənistan liderləri Moskvada görüşəcəklər. Onların Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşdirilməsi və Zəngəzur dəhlizinin açılmasıyla bağlı yeni bəyanat imzalayacaqları gözlənilirdi. Azərbaycan prezidenti Moskvadakı görüşün detalları barədə Rəcəb Tayyub Ərdoğanı məlumatlandırıb. İkinci Qarabağ müharibəsindən sonra rəsmi Bakı Ermənistanla bağlı siyasətini Türkiyə ilə razılaşdırır. Bu Azərbaycanla Türkiyə arasında müttəfiqlik və Şuşa bəyannaməsinin ruhuna uyğundur. Eyni ilə rəsmi Ankara da Ermənistan siyasətini rəsmi Bakı ilə razılaşdırır. Misal üçün Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu bildirdi ki, Türkiyə Ermənistanla sərhəd məsələsini rəsmi Bakı ilə məsləhətli şəkildə həll edəcək.

Fuzuli hava limanı Azərbaycan üçün niyə vacibdir?

Füzuli hava limanı oktyabrın 26-da açıldı. Füzuli beynəlxalq hava limanı cəmi 10 ay ərzində tikildi. Bu rekord göstəricidir. Hava limanının açılışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etdi. Hava limanın tikintisini Türkiyə şirkətləri həyata keçirdilər.

Füzuli hava limanının əhəmiyyəti nədir?

Birincisi, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra bölgədə inşaat çalışmalarına başladı. Füzuli hava limanının tikintisi 2021-ci ilin yanvar ayında başladı. Hava limanı ilə bərabər yolların tikintisi də başladı. Bundan sonra Qarabağa getmək üçün nəqliyyat yoluyla Bakıdan 6-7 saata Qarabağa getməyə ehtiyac yoxdur. Füzuli hava limanı yolu qısaltdı. Füzuli hava limanından Şuşaya cəmi 100 kilometr məsafə var.

İkincisi, Füzuli hava limanı vasitəsilə təyyarələrlə Qarabağ bölgəsinə tikinti materaillarını daha tez çatdırmaq olar.

Üçüncüsü, Füzuli hava limanında hərbi məqsədlər üçün də istifadə etmək olar. Həmin hava limanına hərbi təyyarələr də enə bilər. Bu Azərbaycan ordusunun Qarabağda manevr imkanlarını gücləndirir.
Dördüncüsü, Rusiya Müdafiə Nazirliyi Qarabağa yükü Ermənistandan deyil, Füzuli hava limanından da daşıya bilər. Bu Azərbaycan üçün əhəmiyyətlidir. Çünki Laçın dəhlizi Azərbaycan ordusunun nəzarətində deyil. Rusiya öz yüklərini Füzuli hava limanından ermənilərin yaşadığı əraziyə çatdırarsa, Azərbaycan yüklərin nə olduğunu biləcək.

Beşincisi, Füzuli hava limanından başqa Qarabağda daha iki hava limanı olacaq. Zəngilandakı hava limanı gələn il hazır olacaq. Bundan sonra Laçında hava limanı tikiləcək. Beləliklə, Azərbaycanın Qarabağda 3 hava limanı olacaq. Azərbaycan bu hava limanlarından istifadə etməklə bölgədə separatizmə daha ağır zərbə vuracaq.

Xankəndi şəhərinin ətrafında da hava limanı var. Həmin hava limanını erməni separatçıları təmir ediblər. Ancaq separatçılar həmin hava limanından istifadə edə bilmirlər. Çünki Azərbaycan icazə vermir. Ancaq əgər Qarabağdakı erməniləri Azərbaycan qanunlarına tabe olarlarsa həmin hava limanı da işə düşə bilər. Sadəcə, Xankəndidəki hava limanında Azərbaycan sərhəd və gömrük xidməti fəaliyyət göstərməlidir.

Azərbaycanla Ermənistan sərhəddi necə müəyyənləşəcək?

Rusiya prezidenti Vladimir Putin “Valday” forumunda çıxış edərkən Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşdirilməsi 1920-ci illərin hərbi xəritələri əsasında olacağını dedi. Bu məsələ 2021-ci ildə həm Azərbaycanda, həm də Ermənistanda ciddi müzakirə olunurdu. Əsas sual bu idi: Putinin nəzərdə tutduğu xəritələr kimin xeyrinədir: Azərbaycanın yoxsa Ermənistanın?
İki ölkə arasındakı sərhəd 1920-ci illərin xəritələrinə istinad edilsə, bu Azərbaycanın zərərinə olmayacaq. Əlbəttə, həmin tarixə qədər Zəngəzur Ermənistana verildi. Buna baxmayaraq, 1922-ci ildə qurulan SSRİ-nin tərkibində olan Azərbaycanla Ermənistan arasındakı sərhəd o illərdə mübahisə doğurmadı. Əgər sərhədin müəyyənləşməsi zamanı 1920-ci illərin xəritələri əsas götürülərsə, o zaman Ermənistan Qazaxın 7, Naxçıvanın 1 kəndini Azərbaycana qaytaracaq.

Azərbaycanla Ermənistan arasındakı sərhədin mübahisəli hissəsi Qarabağ istiqamətindədir. Çünki Ermənistan 30 il Qarabağı işğal altında saxladı. Bu zaman Azərbaycan sərhədləri də işğal altında oldu. Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazandı və ordu Ermənistanla sərhəddə yerləşdi. Ermənistan hakimiyyəti və cəmiyyəti sərhədin müəyyənləşməsi vacibliyini anlayır. Misal üçün Azərbaycan sərhəddəki Qara gölü nəzarətə götürdükdə Ermənistan narazılığını bildirdi. Ancaq aylar keçdikdən sonra Ermənistanda Qara göl barədə danışa yoxdur. Azərbaycan Gorus-Qafan yolunun 21 kilometrini nəzarətə götürəndə də Ermənistan siyasətçilər etiraz etdilər. Ancaq Qara göl nümunəsində olduğu kimi Ermənistan cəmiyyəti Azərbaycanın Gorus-Qafan yolunu nəzarətə götürməsini qəbul etdi. Deməli, Ermənistan siyasətçiləri və cəmiyyəti sərhədin digər istiqamətlərini də qəbul edəcəklər.

Aydındır ki, Azərbaycanla Ermənistan arasındakı sərhədlərin müəyyənləşməsi qısa zaman ərzində həll olunmayacaq. Azərbaycan danışıqların başlanmasını istəyir. Ancaq danışıqlar illərlə uzana bilər. Misal üçün Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır. Buna baxmayaraq, Azərbaycan-Gürcüstan sərhədinin müəyyənləşməyən hissələi var. Gürcüstan Azərbaycan tərəfdəki xristian məbədinin onlara verilməsini istəyir. Azərbaycan isə buna razı deyil.
Sərhədin 1920-ci illərə əsasən müəyyənləşdirilməsi Rusiyanın da maraqlarına uyğundur. Rusiya 2014-cü ildə Krımı işğal edərkən əsas qarmumenti bu idi ki, Krım 1956-cı ilə qədər Rusiyanın tərkibində olub. Bu baxımdam Rusiya sərhədlərin müəyyənləşməsində 1920-ci illərin xəritələrinə istinad edərkən Krım məsələsində də mövqelərinin gücləndirmək istəyir.

Həmsədlər Cənubi Qafqaza gəlmək istəyirdilər

ATƏT-in Minsk qrupunun həmsədrləri noyabrın 10-da Parisdə ayrı-ayrılıqda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla və Fransanın xarici işlər naziri Jan-İv Lö Drian görüşdülər. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edirdi. Həmsədrlər bu görüşlərdən bir gün sonra ortaq bəyanatla çıxış etdilər.

Birincisi, həmsədrlər və xarici işlər nazirləri gərginliyin azaldılması ilə bağlı Nyu-Yorkda başlanan danışıqları, gələcək görüşləri və həmsədrlərin regiona mümkün səfərini müzakirə etdilər.
İkincisi, həmsədrlər və nazirlər 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda qəbul edilmiş öhdəliklərin icrasını da müzakirə etdilər.
Üçüncüsü, həmsədrlər humanitar məsələlər, o cümlədən məhbuslar, minaların təmizlənməsi, itkin düşmüş şəxslər, mədəniyyət obyektlərinin və köçkünlərin könüllü geri qaytarılması ilə bağlı irəliləyişi təsdiqlədilər.
Dördüncüsü, həmsədrlər həmçinin qızışdırıcı ritorikadan və təxribat xarakterli hərəkətlərdən çəkinməyə çagırdılar.

Həmsədrlərin bu bəyanatı da o birilər kimi boş söz yığnağı idi. Həmsədrlər özləri də anlayırlar ki, oyundankənar vəziyyətdə qalıblar və bölgəyə gələcək səfələrinin də əhəmiyyəti yoxdur. Həmsədlərin içərəsində bircə rusiyalı diplomat rahatdır ki, ölkəsi Qarabağ məsələsində əsas vasitəçi statusunu əldə edib. Bu bəyanatın mətnindən də görsənirdi ki, həmsədlər üçün fəaliyyət sahəsi qalmayıb. Bəyanatda vurğulanan “məhbusların dəyişdirilməsi”, “minaların təmzinlənməsi” və digər məsələlərin həlli ilə ayrı-ayrı dövlətlər və birliklər – Rusiya, Gürcüstan, ABŞ və Avropa İttifaqı məşğul olurlar, onların özlərinə isə həmsədrlik institutu gərəkli deyil. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə gəldikdə isə o vəzifəsini faktiki müharibədən sonra itirib. Çünki onun səlahiyyətləri Ağdamda fəaliyyət göstərən Rusiya-Türkiyə monitorinq xidmətinə keçib.

Kreml Azərbaycanın təhlükəsizlik maraqları ilə hesablaşmır

Qarabağda Rusiya hərbçilərinin hərbi düşərgəsinin ərazisində “Rusiya Şöhrət Xiyabanı” açıldı. Xiyabanda Rusiyanın tarixi və mədəniyyətinin 10 tanınmış xadiminin – Aleksandr Nevski, Denis Davıdov, Mixail Lermontov, Qavril Derjavin, Aleksandr Puşkin, Nikolay Karamzin, Lev Tolstoy, Anton Çexov, Vasili Şukşin və Mixail Şoloxovun büstləri qoyuldu. Bundan başqa işğal altındakı Xocalıda kilsə inşa etdilər.

Rusiyalı sülhməramlıların keçmiş komandanı Rüstəm Muradov yenə Qarabağa gələrək Moskva bəyanatının qəbul edilməsinin bir illiyi ilə bağlı medallar payladı.

Azərbaycanda rus ədiblərinə, Lermontovdan tutmuş Puşkinə qədər böyük hörmət var, əsərləri məktəblərdə tədris olunur. Bakının mərkəzi bağlarının birində Puşkinə heykəl də qoyulub. Ancaq Rusiya hərbçilərinə kim səlahiyyət verib ki, onlar Azərbaycanın işğal altındakı torpaqlarında büstlər qoya bilərlər? 1992-ci ildə erməni separatçılarının Rusiyanın 366-cı alayı ilə birgə Xocalıda törətdikləri soyqırım ərazisində başqa heykəl də qoyulub – Rusiyalı əsgər ona gül verən erməni qızına minnətdarlığını bildirir. Xocalıda kilsə inşa edilməlidirsə, buna da qərarı Moskvada deyil, Bakıda verməlidirlər. Rüstəm Muradova gəldikdə, bu hərbçi il ərzində işğal altındakı torpaqlara səfərlərinə ara vermədi. Qarabağda kilsənin tikintisi, abidələrin qoyulması birbaşa Moskvanın təlimatıyla həyata keçirilirdi. Əgər Rusiya Müdafiə Nazirliyi Qarabağdakı hərbçilərinin fəaliyyəti - inşaat çalışmaları, kilsə və abidələrin qoyulması barədə Azərbaycan Müdafiə Nazirliyini əvvəlcədən məlumatlandırmırsa demək Moskva Bakı ilə hesablaşmır.

Rusiya Müdafiə Nazirliyi Qarabağdakı silahlı insidentlər barədə də yaydığı açıqlamalarda ermənilərin “məntiqinə” əsaslanırdı. Şuşada 8 noyabrda Zəfər bayramının keçiriləcəyi və həmin tədbirdə dövlət başçısı İlham Əliyevin xarici qonaqlarla birgə iştirakı əvvəlcədən bəlliydi. Rusiya hərbçilərin Qarabağdakı komandanı bunu bilərkən ermənilərin Şuşa yaxınlığında “su borularının dəyişdirilməsi” adı altında şübhəli çalışmalarını əngəlləyə və ya başqa tarixdə keçirilməsini təmin edə bilməzdimi? İnsident baş verdi və Rusiya ermənilərin itki verdiyi xəbərini yayımladı.

Azərbaycan Ermənistanla sərhəddə strateji yüksəkliklərə nəzarət edir

Nikol Paşinyanın noyabrın 15-də müdafiə naziri Arşak Karapetyanı istefaya göndərdi. Bunun səbəbi nə idi? Çünki Nikol Paşinyan Arşak Karapetyanı bir neçə ay əvvəl müdafiə naziri təyin etmişdi. Paşinyan hakimiyyətdə olduğu müddətdə 4 müdafiə naziri dəyişib.

Paşinyanın Karapetyanı vəzifəsindən azad etməsinin səbəbi Azərbaycan hərbçilərinin Ermənistanla sərhəddə qazandıqları üstünlüklə bağlı idi. Azərbaycan sərhədçiləri qış aylarına qədər strateji mövqelərdə möhkəmlənməkdə davam etdilər. Ermənistan Müdafiə Nazirliyi buna mane ola bilmədi.
Ermənistan Müdafiə Nazirliyi əvvəlcə xəbərləri təkzib etməyə çalışırdı, ancaq internetdə yayımlanan görüntülər real durumu əks etdirdiyinə görə bundan sonra nazirlikdən etiraf dolu açıqlmalar yayımlayırdı. Nikol Paşinyan də elə buna görə Arşak Karapetyanı istefaya göndərdi ki, o nə sərhədi qoruya bildi, nə də reallığı əks etdirən açıqlamalar verdi. Paşinyan anlayırdı ki, erməni ictimaiyyətini aldatmaqla problem həll olunmayacaq.

Buna baxmayaraq, Paşinyanın Arşak Karapetyanın yerinə müdafiə naziri postuna Suren Papikyanı təyin etməsi Ermənistan üçün problemin həllini yaxınlaşdırmayacaq. Suren Papikyan yeni təyinata qədər Nikol Paşinyanın müavini olub. Paşinyan ona inanır. Suren Papikyan Paşinyanın inandığı məmur olsa da, yeni nazir Müdafiə Nazirliyi sistemində yaddır. Görünür, Paşinyana müdafiə sistemində artıq generallar yox, gənc menedcerlər lazımdır. Bu Paşinyanın Ermənistan ordusunda yeni eksperimentidir və şübhəsiz Qarabağ klanının simasında radikal müxalifətin növbəti mitinqi üçün əsas yaradacaq.

Azərbaycan-Ermənistan sərhəddində nə baş verdi?

Azərbaycan-Ermənistan sərhədində noyabr ayındakı döyüşləri proqnozlaşdırmaq olardı. Çünki Ermənistanla Azərbaycan arasında müharibə bitsə də, tərəflər arasında sülh sazişi imzalanmayıb, sərhəd müəyyənləşməyib, Zəngəzur dəhlizi açılmayıb. Bu qeyri-müəyyənlikdir. Belə vəziyyətdə gərginlik azalmayacaqdı. Köhnə status-kvo yoxdur, təzəsi isə hələ formalaşmayıb. Bu durumda güclü tərəf – Azərbaycan zəif tərəfə - Ermənistana öz şərtlərini diqtə etməli idi.
Birincisi, Azərbaycan ordusu sərhəddə möhkəmləndikcə, bu Ermənistanda neqativ reaksiya doğuracaq. Ermənistan Azərbaycana müqavimət göstərmək məqsədilə təxribata meyllənəcək. Reallıqda isə Ermənistan hərbçiləri həm ölürlər, həm də Azərbaycan ordusuna əsir düşürlər. Bu Ermənistanın vəziyyətini daha da ağırlaşdıracaq, Ermənistanda xaosu artıracaqdı.
İkincisi, Azərbaycan Ermənistana hərbi nöqteyi-nəzərdən təzyiqi artırmalıdır ki, rəsmi İrəvanı Bakı ilə masada oturmağa məcbur qalsın. Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiya və demarkasiya müzakirələrinə başlamağa qorxur. Çünki o bilir ki, Rusiyanın da tərəfdar olduğu danışıqlar başlasa Ermənistan sərhəddə müəyyən ərazilərdən imtina etməli olacaq və bu onun reytinqinə zərbə vuracaq. Ancaq bu Paşinyanın problemidir. Azərbaycanın vəzifəsi isə Paşinyanı yeni razılaşmalara məcbur etməkdir. Bunun üçün isə Azərbaycan Ermənistana hərbi təzyiqi artırmaq məcburiyətindəydik.

Nikol Paşinyan istəyirdi ki, Rusiya hərbçiləri Qarabağda olduqları kimi Ermənistan-Azərbaycan sərhəddində də yerləşsinlər. Paşinyan elə buna görə sərhəddəki insidentdən sonra Rusiya prezidenti Vladimir Putinə zəng etdi. Bundan başqa Rusiyanın müdafiə naziri Sergey Şoyqunun erməni və azərbaycanlı həmkarlarıyla telefonla danışdı. Nəticədə atəşkəs elan olundu. Ancaq atəşkəs yenə pozula bilər. Çünki əgər Paşinyan sərhədin müəyyənləşməsiylə bağlı Bakı ilə danışıqlardan imtina edərsə, Azərbaycan ordusunun sərhədin strateji nöqtələrində möhkəmlənməsindən başqa alternativi yoxdur.

Kreml bu vəziyyətdə nə edəcək? Putin rusiyalı hərbçiləri Qarabağa göndərdiyi kimi Ermənistan-Azərbaycan sərhədinə də göndərə bilərmi?

Kremlin rusiyalı hərbçiləri Qarabağa göndərmək planı İkinci Qarabağ müharibəsi başladığı ilk günlərdən mövcud idi. Ancaq Kremlin rusiyalı hərbçiləri Ermənistan-Azərbaycan sərhədində yerləşdirməsi planı obyektiv səbəbdən olmayıb və indi də yoxdur. Obyektiv səbəbdən ona görə ki, Rusiya üçün Azərbaycan-Ermənistan sərhədi qeyri-müəyyəndir, rusiyalı hərbçilər gəlib sərhədin hansı hissəsində yerləşəcəklər? Misal üçün Azərbaycan sərhədçiləri Qara gölə nəzarət edirlər, Emənistan isə iddia edir ki, guya gölün böyük hissəsi onlara aiddir. Bu halda Rusiya hərbçiləri gölün hansı hissəsində yerləşəcəklər? Rusiyalı hərbçilər gölün kənarında yerləsşələr bu Ermənistanı narazası salacaq. Çünki bu o demək olacaq ki, Rusiya Qara gölün Azərbaycana aid olduğunu qəbul edib. Rusiya hərbçilər gölün ətrafından azərbaycanlı sərhədçiləri sıxışdırmağa çalışsalar bu Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirəcək. Bu baxımdan indiki şərtlər altında Kreml nə Azərbaycanı, nə də Ermənistanı qıcıqlandırmaq istəyir.

Atəşkəsi qorumaq istəyən Kremlin yeganə alternativi iki ölkə arasında sərhədin delimitasiyasına və demarkasiyasına başlamaq üçün Paşinyana təzyiq etməkdir. Yalnız bu halda sərhəddə gərginlik azalacaq və danışıqlar prosesi başlayacaq. Əks halda lokal toqquşmalar davam edəcək.
Bu arada, Azərbaycan və Ermənistan liderləri dekabrın 15-də Brüsseldə Avropa İttifaqı-Şərq Tərəfdaşlığı sammiti çərçivəsində görüşmək barədə razılığa gəldilər. Liderlərin görüşməsinə və danışıqlar aparmasına ehtiyac var idi. İki ölkə müharibədən sonra yerdə qalan problemli məsələləri masa ətrafında həll etməyə çalışmalıydılar. Sərhəddəki gərginliyin artırılması nə Azərbaycana, nə də Ermənistana faydalıdır. Bizə lazımdır ki, Ermənistanın baş naziri Nikol Paşinyan sərhədlərin müəyyənləşməsiylə bağlı danışıqlara razılaşsın, dəhlizin açılmasını sürətlənsin, sülh sazişinin mətni üzərində iş başlasın. Bunun üçün müxtəlif səviyyələrdə danışıqlaraın başlaması faydalıdır. Əlbəttə, bir və ya bir neçə görüşdən nəticə çıxamayacaq, ancaq indiki şərtlər altında danışıqların alternativi yoxdur.

Paşinyan ikisindən birini seçməlidir

Nikol Paşinyan noyabrın 18-də sərhəddəki son olaylarla bağlı parlamentdə çıxış edərək deputatların suallarına cavab verdi. Paşinyanın çıxışından və sualla verdiyi cavablardan onun hansı qərarlar verəcəyi qənaətinə gəlmək olardı:

Birincisi, Paşinyan etiraf etdi ki, uzun illər Ermənistanla Azərbaycan arasında sərhəd olmayıb, çünki Ermənistan Azərbaycan ərazilərinə nəzarət (oxu: işğal ) edib. Ona görə də hazırki toqquşmalar qeydə alınır. Yəni Paşinyan mövcud toqquşmaları labüd hesab edirdi.

İkincisi, Paşinyan etiraf etdi ki, beynəlxalq aləmdən və beynəlxalq təşkilatlardan dəstək ala bilmirlər və bu proses o hakimiyyətə gəlmədən öncə formalaşmağa başlayıb. “Böyük dövlətlər Ermənistanın şikayətlərindən beziblər” deyən Paşinyan bu məsələdə haqlı idi, hətta İrəvana müxtəlif zamanlarda dəstək verən dövlət və mərkəzlər ermənilərin daimi ağlaşmalarından beziblər. Paşinyan “böyük dövlətlər və beynəlxalq təşkilatlar Ermənistana və Azərbaycana məsləhət görürlər ki, problemlərinizi öz aranızda həll edin” fikrində də haqlıdır. Bununla əslində Paşinyan Qarabağ klanının simasında radikal müxalifətə işarə etdi ki, Rusiyaya olan ümidlər özünü doğrultmur, Ermənistan Azərbaycanla qarşıdurmada təklənib. Elə bunun nəticəsidir ki, Ermənistan hakimiyyəti sərhəd məsələsində Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına dəstək məqsədilə yazılı müraciət etməyi lazım bilmir. Görünür, anlayırlar ki, müraciət nəticəsiz qalacaq.

Üçüncüsü, Nikol Paşinyan parlamentdəki çıxışında bildirdi ki, Azərbaycanla bütün məsələləri həll etməyə, o cümlədən Bakı ilə sülh sazişini imzalamağa və sərhədi müəyyənləşdirməyə hazırdır. Azərbaycan üçün Ermənistanla imzalanan sülh sazişi o deməkdir ki, rəsmi İrəvan nəhayət ki, Azərbaycanın ərazi bütövlüyünü - Qarabağı Azərbaycan ərazisi kimi tanıyacaq.

Paşinyan iki seçim qarşısında qaldı. Birinci seçim Azərbaycanla dəhlizin açılması, sərhədlərin müəyyənləşməsi və sülh sazişiylə bağlı danışıqlara başlamaqdır. Ancaq bu seçim Ermənistan daxilində ona qarşı müqaviməti artıracaq, müxalifəti daha çox radikallaşdıracaqdı. İkinci seçim Azərbaycanla həll olunmalı məsələləri uzatmaq yolu ilə qeyri-müəyyənliyi davam etdirmək idi. Ancaq bu seçim də Paşinyana yaxşı heç nə vəd etmirdi. Azərbaycanla razılaşmaların olmaması Ermənistanın itkilərini artıracaq ki, buna görə də Paşinyan cəmiyyəti qarşısında cavab verməli olacaq.

Sərhəd məsələsində Azərbaycana təzyiq yoxdur. Türkiyə Azərbaycan dəstəkləyir. Müdafiə naziri Hulusi Akarın verdiyi mesajlar digər dövlətlərə xəbərdarlıqdır ki, Azərbaycanı təkləməyə çalışmasınlar. Böyük dövlətlərdən və beynəlxalq təşkilatlardan Azərbaycanın iki gözləntisi var. Birincisi, liderlər və beynəlxalq təşkilatlar Azərbaycan əleyhinə açıqlama verməsinlər, ikincisi İrəvana zəng edəndə, Bakıya da zəng etsinlər. 2021-ci ildə buna ümumən buna riayət olundu.

Moskva Brüsselin vasitəçiliyinə mane olacaqmı?

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin dekabrın 15-də görüşəcəyi xəbəri yayıldıqdan sonra Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı oldu.

Kremlin mətbuat xidmətindən yayımlanan məlumatda bildirildi ki, Putin və Paşinyan 2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar tarixlərində imzalanmış üçtərəfli bəyanatların yerinə yetirilməsi kontekstində regiondakı vəziyyətin və onun sabitləşdirilməsi üçün görülən tədbirlərin müzakirəsini davam etdirdilər. Paşinyan telefon danışığı zamanı Rusiyanın fəal vasitəçilik səylərinə görə Kreml sahibinə minnətdarlığını bildirdi.

Bu, Putinlə Paşinyan arasında həftə ərzində sayca ikinci telefon danışığı idi. Nədən qısa müddət ərzində Putinlə Paşinyan iki dəfə telefonla danışdılar? Misal üçün Putin Paşinyanla telefonla danışdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevlə telefonla danışmadı. Çünki Vladimir Putinlə İlham Əliyev arasındakı münasibətlərdə problem yoxdur. Putin isə Paşinyana inanmır. Ona görə də Rusiya prezidenti Nikol Paşinyanı nəzarət altında saxlamaq istəyir. Paşinyanın özü də Putinə inanmır. Paşinyan hesab edir ki, Putin onun problemlərini artırmaq istəyir. Paşinyanın keçmiş prezidenti Robert Köçəryana qarşı sərt siyasəti Putinin xoşuna gəlmir. Çünki Köçəryan Putinin dostudur.

Putinin və Paşinyanın bir-birlərindən şübhələnmələri üçün başqa səbəblər də var. Paşinyan Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşdirilməsi və Zəngəzur dəhlizinin açılması məqsədilə Putinin yanaşmasından, Putin isə Paşinyanın Brüsselin vasitəçiliyi gerçəkləşəcək danışıqlarda ortaya qoyacağı mövqedən narahat idi. Vladimir Putin Nikol Paşinyanla İlham Əliyevi Brüsseldən əvvəl Rusiya ərazisində görüşdürmək istəyirdi.

Nikol Paşinyan Vladimir Putinin növbəti təklifindən imtina edə bilmədi. Noyabrın 26-da Putin, Paşinyan və Əliyev Soçidə üçtərəfli görüş keçirdilər. Görüşdə konkret nəticə əldə olunmadı. Görüşdən sonra yayımlanan açıqlamada bildirilirdi ki, kommunikasiya xətlərinin açılması və sərhədin müəyyənləşdirilməsi vacibdir. Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşdirilməsi məqsədilə Rusiyanın iştirakıyla növbəti üçtərəfli komissiya yaradılacaq. Açıqlamada “Zəngəzur dəhlizi” ifadəsi işlədilmədi. Bu o demək idi ki, Rusiya ilə Ermənistan “dəhliz” deyil, “kommunikasiya xətlərinin açılması” ifadəsinə üstünlük verirdilər. Ayrıca, Vladimir Putin görüş zamanı bildirdi ki, 53 min nəfər Qarabağa qayıdıb. Halbuki, İlham Əliyev Qarabağda cəmi 20 min ermənin qaldığını bildirmişdi. Bundan başqa Vladimir Putin “Dağlıq Qarabağ” ifadəsi işlətdi. Halbuki, Azərbaycan prezidenti “Dağlıq Qarabağ” terminin artıq mövcud olmadıığını, həmin bölgənin “Qarabağ” və “Şərqi Zəngəzur” olduğuna qərar verib.

Rusiya Zəngəzur dəhlizini açmaq istəyirmi?

Rusiya prezidenti Soçi görüşündən əvvəl baş nazirin müavini Aleksey Overçuku Bakıya və İrəvana göndərmişdi. Azərbaycan prezidenti İlham Əliyev noyabrın 24-də Aleksey Overçukla görüşdə Rusiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyətini, ticarət dövriyyəsinin artırılmasını, qarşılıqlı sərmayə qoyuluşu məsələlərini müzakirə etmişdi. Görüşdə qeyd olunmuşdu ki, Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının tezliklə açılması bölgədə sabitliyə və iqtisadi inkişafa öz töhfəsinin verəcək.

Aleksey Overçuk il ərzində bir neçə dəfə İrəvanda da oldu. Overçukun Bakıda və İrəvanda müzakirə etdiyi əsas mövzu regional kommunikasiya xətlərinin açılması idi. Aleksey Overçuk səfərlərində dəhliz ifadəsi işlətmədi. Overçuk son açıqlamasında belə demişdi: “Bütün kommunikasiya xətləri ölkələrin ərazi bütövlüyünə hörmət edilərək çəkilməlidir”. Overçuk dəhliz əvəzinə “kommunikasiya xətləri” ifadəsini işlətdikdə və Ermənistanın Zəngəzurdan keçən dəmiryoluna və avtomobil yoluna nəzarət edəcətinə işarə edirdi.

Əgər Ermənistan Kremlin dəstəyi ilə Zəngəzur dəhlizindən keçəcək nəqliyyat yollarına nəzarət etmək istəyirsə, rəsmi Bakı da Moskva qarşısında Laçın dəhlizinin Azərbaycan sərhədçiləri və gömrük xidməti tərəfindən nəzarətə götürülməsi məsələsini qaldırmalıyıq. Bu da Azərbaycanın təbii haqqı idi.

İl ərzində əsas suallardan biri bu idi: Rusiya prezidenti Zəngəzur dəhlizinin açılmasına nə dərəcədə maraqlıdır?

Rəsmi Bakı arxayın idi ki, Zəngəzur dəhlizi olacaq və Azərbaycan vətəndaşları maneəsiz Naxçıvana və Türkiyəyə keçə biləcəklər. İlham Əliyev Soçidən sonra Türkmənistanın paytaxtı Aşqabadda İqtisadi Əməkdaş Təşkilatının liderlər toplantısında iştirak etdi. İlham Əliyev oradakı çıxışında da “Zəngəzur dəhlizi olacaq” ifadəsini işlətdi. Bundan başqa İlham Əliyev Aşqabadda Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanla görüşdü. Görüşdən sonra Ərdoğan jurnalistlərə dedi ki, İlham Əliyev əmindir ki, Zəngəzur dəhlizi fəaliyyətə başlayacaq.

Ermənistan reallığı qəbul etməlidir

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın tele-müsahibəsi yayıldı. Uzun zamandan bəri öz praqmatik çıxışları ilə digər populist erməni siyasətçilərdən fərqlənən təcrübəli dövlət adamı yeni müsahibəsində deyirdi ki, bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır və bu, o deməkdir ki, məsələ bitib.

Ter-Petrosyan Azərbaycanın Qarabağ münaqişəsində səbrli davrandığını, həlledici müharibəyə uzun zaman hazırlaşdığını və qüvvələr nisbətini dəyişdiyini qeyd edərək ermənilərin bu reallığı hələ də dərk etmədiklərini bildirirdi. O, keçmiş prezident Robert Köçəryanın Şuşanı və Hadrutu geri almaq barədə bəyanatını təhlükəli saydığını qeyd edərək bunları dedi: “Başa düşmək lazımdır ki, bu, hansı problemlərə gətirib çıxara bilər. Köçəryan doğrudanmı düşünür ki, Azərbaycan oradan çıxacaq? Köçəryan yeni müharibə başlada bilər və bu erməni xalqı üçün yeni itkilərə səbəb olar. Heç bir qüvvə Azərbaycanı oradan çıxmağa vadar edə bilməz. Sizcə, bunu Rusiya edəcək? Heç vaxt. Bütün dünya bizə deyir ki, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasıyla razılaşmaq lazımdır. Bizdən artıq heç nə asılı deyil. Hər şey qurtarıb. Əgər razılaşmasaq, bizi qorxunc problemlər gözləyir”.
Levon Ter-Petrosyan vaxtilə baş nazir Nikol Paşinyanın lideri olub. Levon Ter-Petrisyan Ermənistanın Azərbaycan və Türkiyə ilə barışmasını və münasibətlərinin normallaşmasını istəyirdi. 1997-ci ildə Levon Ter-Petrosyanı buna görə hakimiyyətdən uzaqlaşdırdılar. Hakimiyyətə gələn “Qarabağ klanı” düşünürdü ki, Azərbaycan Qarabağın işğalı ilə barışacaq. Ancaq belə olmadı. Ermənistan İkinci Qarabağ müharibəsində məğlub oldu.

Buna baxmayaraq, keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan Ermənistanın Qarabağda itirdiyi mövqeləri yenidən geri qaytaracaqlarını bildirirdilər. Bu mümkün deyil və bu məsələdə Levon Ter-Petrosyan haqlıdır. Azərbaycan azad etdiyi ərazilərdən heç zaman geri çəkiməyəcək. Əhalisi 3 milyondan az olan Ermənistan əhalisi artan və hazırda 10 milyon nəfər olan Azərbaycan üzərində qələbə çala bilməz. Bunu Levon Ter-Petrosyan və Nikol Paşinyan anlayırlar və reallığı qəbul edirlər. Robert Köçəryan və Serj Sərkisyan isə reallığı dəyişə biləcəklərini düşünürlər. Müharibə yenə olsa Azərbaycan qələbə çalacaq və Ermənistan daha çox itki verəcək. Ermənistan cəmiyyəti isə artıq Qarabağ uğrunda müharibə aparmaq istəmir.

Dəhliz olmayacaq

Nikol Paşinyan dekabrın 14-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə keçirilmiş üçtərəfli görüşün yekunları ilə bağlı sosial şəbəkədəki səhifəsində bunları yazdı: “Şarl Mişel və İlham Əliyevlə üçtərəfli görüş zamanı biz Azərbaycan prezidenti ilə dəmiryolunun fəaliyyətinin bərpası ilə bağlı razılığı təsdiqlədik. Dəmir yolu qarşılıqlı prinsip əsasında beynəlxalq səviyyədə tanınmış sərhəd və gömrük qaydalarına uyğun olaraq ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərəcək. Ermənistan İran və Rusiya Federasiyasına dəmir yolu ilə çıxış əldə edəcək”.

Bununla Nikol Paşinyan bir daha Zəngəzur dəhlizinin yerinə kommunikasiya xəttinin açılacağını vurğulamış oldu. Paşinyan Brüsseldə vəd etdi ki, Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirəcək. O bildirdi ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcək.

Öz növbəsində Azərbaycan prezidenti İlham Əliyev bu mövzuya NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşdən sonra keçirilən mətbuat konfransında bu şəkildə münasibət bildirdi: “Laçın dəhlizində heç bir post yoxdur. Təbii ki, Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq. Biz hər iki varianta açığıq. Ya hər iki tərəfdən olmalıdır, ya da olmamalıdır”.
Beləliklə, Qərbi Zəngəzurda maneəsiz keçid mümkün olmayacaq. Ancaq bu narahatlıq üçün əsas olmamalıdır. Ermənistan Qərbi Zəngəzurda bizə maneəsiz keçid yaratmayacaqsa, biz də Laçında ermənilərin maneəsiz keçidinin qarşısını almalı, sərhədi mütləq şəkildə nəzarətə götürməliyik. Kreml İrəvanla eyni mövqedən çıxış edərək, “Ermənistanın Qərbi Zəngəzurdan keçəcək nəqliyyat vasitələrinə nəzarət etmək hüququ var” prinsipini dəstəkləyib. Bu sərhəddə yoxlama deməkdir. Zəngəzur dəhlizində yoxlama bizə əsas verir ki, eyni yoxlamanı bizə də Ermənistanla sərhədin Laçın hissəsisində həyata keçirək.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Brüsselin Ermənistan və Azərbaycana texniki yardım göstərməklə sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərində kömək edəcəyini bildirib. Şarl Mişel qeyd etdi ki, sərhədlərin demarkasiyası və delimitasiyasına dəstək üçün ekspertlər (məsləhətçilər qrupu) təqdim edəcək. Yaxşı təklifdir, sadəcə gərək sərhədləri müəyyənləşdirən komissiya yaransın ki, bundan sonra maraqlı tərəflərin iştirakı təmin olunsun.

Şarl Mişelin üçtərəfli görüşün yekunuyla bağlı yaydığı bəyanatda belə bir cümlə var idi: “Hər iki liderə Avropa İttifaqının hərtərəfli sülh sazişi ilə dəstəklənən regionda davamlı sülhün təmin edilməsi məqsədilə münaqişənin aradan qaldırılmasında, əməkdaşlıq və etimad mühitinin yaradılmasında Ermənistan və Azərbaycanla yaxından işləmək öhdəliyinə sadiq olduğuna əmin edib”.
Bu abzasda “Azərbaycanla Ermənistanın qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıdığını ehtiva edən sülh sazişinə ehtiyac var” cümləsinə ehtiyac var idi. Ancaq hər halda Avropa İttifaqı xoş niyyətini ortaya qoydu və Azərbaycanla Ermənistana sülh əldə etməkdə yardım əlini uzadır.
Rusiya sülhməramlılarla bağlı siyasətini dəyişdirirmi?

Kollektiv Təhlükəszilik Müqaviləsi Təşkilatına üzv olan dövlətlərin hərbi nümayəndələri BMT-nin sülhəmarlı təcrübəsini öyrənmək məqsədilə dekabr ayının əvvəllərində Livanda oldular. Onlar Livanda BMT-nin bu ölkədəki hərbi missiyasının fəaliyyəti ilə tanış oldular. Bu o deməkdirmi ki, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı tərkibində sülhməramlı qüvvələrin yaradılması barədə düşünür və əgər belə bir misssiya yaradılarsa, bu ilk olaraq harada sınaqdan keçiriləcək?
Kollektiv Təhlükəsizlik Müqaviləti Təşkilatının keçmiş SSRİ ərazisində heç bir ortaq missiyası yoxdur. Bu bölgədə nə edilirsə, Rusiya təkbaşına edir. Buna baxmayaraq, Moskva tərəfdaşlarını da sülhəramlı qüvvələrdə fəaliyyətə cəlb etməyə çalışır. Təsadüfi deyil ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin baş qərargah rəisləri dekabrın 8-də onlayn müzakirəsində haqqında danışılan mövzunu müzakirə ediblər. Rusiyanın Baş Qərargah rəisi Valeriy Qerasimovun sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ortaq sülhməramlı qüvvələri BMT-nin sülhəramlı missiyasında iştirak edə bilər. Qerasimov beynəlxalq sülhəramlı missiyada iştirak üçün hərbi müşahidəçilərin hazırlanması gərəkliyini bildirib.
Rusiyanın KTMT çərçivəsində formalaşdırmaq istədiyi sülhməramlı missiya gələcəkdə Qarabağda rusiyalı hərbçilərə qoşula və ya onları əvəz edə bilərmi? Bu mənada başqa bir sual da aktuallaşır: KTMT-nin sülhməramlı missiyası Qarabağda yerləşmək istəyərsə, Azərbaycanın mövqeyi necə olmalıdır?

Rusiya Qarabağdakı hərbi missiyasının saxlanılmasına kifayət qədər maliyyə ayırır. Buna baxmayaraq, Moskva şikayətçi deyil. Kremli belə məsələlərdə xərclənən maliyyə düşündürmür, onun üçün önəmli olan Rusiyanın Azərbaycanda hərbi varlığını davam etdirməkdir. Ancaq Kremldə hiss edirlər ki, rəsmi Bakı Rusiya hərbçilərinin Qarabağda müvəqqəti yerləşdiyi firkrini hər dəfə xatırladır. Ona görə də Kreml Azərbaycanda hərbi “fəaliyyətini” qeyri-müəyyən müddətə davam etdirmək məqsədilə rəsmi Bakının razılığını almaq üçün mövcud hərbi missiyasına Bakının tərəfdaşları olan Qazaxıstan və Belarus hərbçilərini də daxil etmək istəyə bilər. Ancaq buna razılaşmaq olmaz. Bu hiylədir. Hər nə qədər Qazaxıstan və Belarus Azərbaycanın tərəfdaşları olsa da, onlar Qarabağda Rusiyanın istəklərinə tabe olacaqlar. Bununla Azərbaycanın Qazaxıstan və Belarusla münasibətlərində əlavə suallar yaranacaq ki, bu tərəflərin heç birinin maraqlarına uyğun deyil.

“3+3” formatı işə başladı

Dekabrın 10-da Moskvada Cənubi Qafqazda regional əməkdaşlıq mexanizmlərinə həsr olunan "3+3" formatında görüş keçirildi. Görüşdə Azərbaycan, Rusiya, Türkiyə, Ermənistan xarici nazirlərinin müavinləri və İran XİN-in baş direktoru iştirak etdilər.

Görüş zamanı çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu. Platformanın işini onun bütün iştirakçılarını maraqlandıran praktiki məsələlərə yönəltmək razılaşdırılıb. Bunlara ölkələr arasında etimadın artırılması, ticarət-iqtisadi, nəqliyyat, mədəni və humanitar sahələrdə qarşılıqlı fəaliyyət, ümumi çağırış və təhdidlərə qarşı mübarizə tədbirləri daxildir.
Görüşdə Gürcüstan nümayəndəsi iştirak etmirdi. Beş ölkənin nümayəndəsi Gürcüstanın platformanın işinə qoşulmasında maraqlı olduqlarını və onun üçün qapının açıq olduğunu bildirdilər.

“3+3” formatı region ölkələri üçün nə vəd edir?

Bu formatın təşəbbüskarı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandır. Bu təşəbbüsü Rusiya və İran da dəstəkləyib. “3+3” platformasının məqsədi Cənubi Qafqazı münaqişələr regionundan ticari-iqtisadi əməkdaşlıq məkanına çevirməkdir. Regioan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilə bilər. Bunun üçün isə regionun bütün ölkələrinin prosesdə istirakı zəruridir.
Gürcüstan gələcəkdə “3+3” formatında iştirak edəcəkmi?

Gürcüstan Xarici İşlər Nazirliyi ölkələrinin platformasının ilk iclasında iştirak etməyəcəyini əvvəlcədən bildirmişdi. Rəsmi Tiflis Rusiya faktoruna görə “3+3” platformasında işitrak etmək istəmir. Mövcud Abxaziya və Cənubi Osetiya problemlərinə Kremlin müdaxilə etməsi və iki ölkə arasında yaxın keçmişdə yaşanan qısamüddətli müharibəni nəzərə alaraq rəsmi Tiflisin platformada iştirak etməməsi başa düşüləndir.

Buna baxmayaraq, Gürcüstan gələcəkdə “3+3” formatının iqtisadi müzakirələrinə qoşula bilər. Onsuz da platformanın əsas məqsədi regional iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etməkdir. Digər tərəfdən Bakı və Ankara platforma çərçivəsində Gürcüstanla Rusiya arasında vasitəçi ola bilərlər.
Bu arada, Qazaxıstanın lideri Nursultan Nazarbayev Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünü təklif edib. Bu məsələ Bakıda müzakirə olunmur. Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmaq istəmir, ancaq Avrasiya İqtisadi Birliyinə üzvlük və ya müşahidəçi statusunda qatılması məsələsi müzakirə oluna bilər. Azərbaycanın təşkilatda üzvlüyü Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasından asılıdır.

Bakı-Xankəndi dəmir yolu mümkündürmü?

Azərbaycan Dəmir Yolları idarəsinin rəhbəri Cavid Qurbanov deyib ki, Xankəndi istiqamətində dəmiryol xəttinin çəkilməsi planlaşdırılır. Onun sözlərinə görə, Şuşa istiqamətində də layihələndirmə işləri gedir. Cavid Qurbanovun mövzuyla bağlı sonuncu cümləsi də maraqlı idi: “Amma tikinti işlərinə nə zaman başlanılacağını deyə bilmərəm. Nə zaman qərar verilsə, ondan sonra işlərə başlanılacaq”.
Əlbəttə, Bakıdan Xankəndiyə dəmir yolunun çəkilməsi böyük hadisə sayıla bilər. Bu o deməkdir ki, Xankəndi Azərbaycanın nəzarətinə keçib və Azərbaycan vətəndaşları bu şəhərə rahat gedib-gələcəklər. Cavid Qurbanovun Xankəndiyə dəmiryolunu çəkilməsiylə bağlı verdiyi açıqlama ermənilərə mesaj əhəmiyyəti daşıyır ki, “Azərbaycan vətəndaşları Xankəndiyə qayıdacaqlar”. Ancaq təəssüf ki, bugünkü reallıq fərqlidir.

Bakıdan Xankəndiyə dəmiryolunun çəkilməsi və gediş-gəlişin bərpası üçün

1) bölgədəki separatçılar tərksilah olunmalıdırlar;
2) bölgədəki ermənilər Azərbaycan qanunlarına tabe olmalıdırlar.

Bu ikisi reallaşmadan Xankəndiyə nə dəmir yolu çəkilə, nə də Azərbaycan vətəndaşlarının Xankəndiyə gediş-gəlişi təmin oluna bilər. Təsadüfi deyil ki, Cavid Qurbanov sonda özünü sığortalayan “dəmiryolu ilə bağlı nə zaman qərar verilsə, ondan sonra işlərə başlanılacaq” cümləsini işlədib. Elə əsas da bu qərara şərait yaradacaq çalışmaların sürətləndirilməsidir. Qatarla Xankəndiyə getmək istəyən Azərbaycan vətəndaşları özlərini təhlükəsiz hiss etməlidirlər. Digər tərəfdən keçmişdə Xankəndidə yaşayan azərbaycanlıların evləri onlara qaytarılmalıdır.

SSRİ illərində Bakı-Xankəndi marşrutu ilə qatarlar işləyirdi. Ancaq Qarabağda erməni separatçıları torpaqları işğal etməyə və azərbaycanlıları öldürməyə başladıqdan sonra dəmir yolu fəaliyyətini dayandırdı. Əlbəttə, həmin dəmiryolunu yenidən bərpa etmək çətin deyil. Ancaq bunun üçün Azərbaycan Qarabağ ərazisinin tamamına nəzarət etməlidir. Əslində dəmiryolunu işə düşməsi Qarabağdakı ermənilərin də xeyrinədir. Onlar bu dəmiryolu vasitəsilə Rusiyaya da gedə bilərlər.

Tehran-Bakı münasibətlərində inkişaf var

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian dekabrın 22-də Azərbaycana səfər etdi. O Bakıda prezidentlə, parlamentin sədri ilə və xarici işlər naziri ilə görüşdü.

İranlı nazir Bakıda olmağından məmnunluq ifadə edərək Azərbaycan prezidenti ilə çox faydalı görüşün keçirdiyini və hərtərəfli müzakirələrin apardığını söylədi. İranlı nazir azərbaycanlı həmkarı Ceyhun Bayramovla iki arasında iqtisadi, ticarət və humanitar sahələrdə uğurla həyata keçirilən əməkdaşlıq münasibətləri barədə fikir sölyədikdən sonra diqqət çəkən bir cümlə də işlətdi: “İranla Azərbaycan hərbi-siyasi sahədə əməkdaşlıq etmək barədə müzakirələr aparıb”. Bunun ardınca, iranlı nazir bildirdi ki, region ölkələri arasında olan problemləri həmin dövlətlər özləri həll etməlidir.
Ceyhun Bayramov bildirdi ki, Azərbaycan İranın ərazilərin minalardan təmizləmə təcrübəsindən yararlanmaq istəyir. Bəli, bu mümkündür. O ki qaldı, iranlı nazirin “region ölkələri arasında olan problemləri həmin dövlətlər özləri həll etməlidir” cümləsinə, bunu necə anlamaq lazımdır? Azərbaycan Ermənistanın işğalına öz gücüylə son qoydu, ancaq hələ görüləcək işlər də var. Azərbaycan İranla münasibətlərdə yaranan gərginliyi də üçüncü ölkə olmadan yoluna qoydu.
Azərbaycan İranla münasibətlərində üçüncü ölkənin müdaxiləsinə imkan vermir. ABŞ və İsrailin İrana qarşı sərt siyasət həyata keçirirlər. Azərbaycanın ABŞ və İsraillə tərəfdaşlıq münasibətləri var. Ancaq rəsmi Bakı ABŞ və İsrailin İrana qarşı siyasətini dəstəkləmir. Azərbaycanın müxtəlif dövlətlərlə münasibətləri üçüncü dövlətlərə qarşı yönəlməyib. Yəni Azərbaycanın ABŞ və İsraillə münasibətləri İrana qarşı yönəlməyib.

Tehran-Bakı münasibətlərində gərginlik arxada qaldı. Münasibətlərin gərgin olması nə Azərbaycanın, nə də İranın maraqlarına cavab verir. Hazırda iki ölkənin rəsmilər münasibətlərin inkişafı üçün ortaq layihələri müzakirə edirlər. ABŞ-ın sərt sanksiyaları ilə üz-üzə qalan Tehranın Azərbaycan və Türkiyə ilə əməkdaşlığını genişləndirməsi İran üçün faydalıdır.

Ankara Ermənistan siyasətini Bakı ilə razılaşdırır

Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu ilin sonuna yaxın “3+3 platforması” və Ermənistanla əlaqələr mövzusunda açıqlamaların sayını artırdı və bu səbəbsiz deyildi. Türkiyəli nazir Əfqanıstandakı humanitar vəziyyətlə bağlı İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçirilən fövqəladə iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən bildirdi ki, azərbaycanlı həmkarı Ceyhun Bayramovla bu mövzularla bağlı müzakirə aparıblar. Mövlüd Çavuşoğlu dedi ki, “3+3 platforması” çərçivəsində növbəti görüş Türkiyədə olacaq və həmin toplantıda Gürcüstanın da iştirakı gözlənilir.

Mövlüd Çavuşoğlu Ankaranın Ermənistan siyasətini Bakı ilə razılaşdığı fikrini də xatırlatdı: “Türkiyə Böyük Millət Məclisində son çıxışımda da Ermənistan və Türkiyə arasında əlaqələrlə bağlı xüsusi nümayəndə təyin olunacağını demişdim və bu icra olundu. Ceyhun Bayramovla görüşümüzdə bu istiqamətdə də müzakirə apardıq”. Mövlüd Çavuşoğlu bir daha vurğuladı ki, Türkiyə regional məsələlər, xüsusilə Cənubi Qafqaz mövzusunda Azərbaycanla birgə məsləhətləşmələr aparır və birgə qərarlar verir. Nazir onu da qeyd edib ki, hazırda Ermənistanın hava yolları vasitəsilə Türkiyə ilə əlaqə qurması istiqamətində istəyinə də baxılır.

Bu arada, həm Ankara, həm də İrəvan ikitərəfli danışıqlarda təmsilçilərini müəyyənləşdirdilər.
Türkiyə Ermənistanla munasibətlərin normallaşdırılması prosesində xüsusi təmsilçisinin adını açıqladı. Türkiyənin Ermənistan təmsilçisi səfir Sərdar Kılıç təyin olundu. Sərdar Kılıç keçmiş illərdə Türkiyənin ABŞ və Yaponiyadakı səfiri olub, ayrıca Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi vəzifəsində çalışıb. Bu o deməkdir ki, Ankara İrəvanla danışıqlara xüsusi əhəmiyyət verir və ona görə Ermənistanla danışıqlara böyük təcrübəsi olan diplomatı təyin edib.

Eyni ilə Ermənistan da Türkiyə ilə təmaslara xüsusi əhəmiyyət verdiyindən Yerevanı Ankara ilə danışıqlarda Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan təmsil edəcək. Ruben Rubinyan 1990-cı ildə İrəvanda anadan olub. Avropada təhsil alıb. 2017-ci ildə Türkiyədə yaşayıb. Bu o deməkdir ki, Ruben Rubinyanın Türkiyənin siyasəti haqqında təsəvvürü var.
Mövlüt Çavuşoğlu bildirdi ki, bir tərəfdən Azərbaycanla Ermənistan arasında etimad artıran adımlar atılır, digər tərəfdən paralel olaraq Ermənistanla öz aramızda addımlar atmamızda fayda gördük. Türkiyəli nazir bununla demək istədi ki, Ankara ilə Bakı Ermənistanla bağlı razılaşdırılmış və bölgə üçün faydalı siyasət həyata keçirirlər.

Ermənistan Türkiyə ilə təyyarə reysinin açılmasında çox maraqlıdır. Çünki Türkiyədə on minlərlə Ermənistan vətəndaşı çalışır və onlar evlərinə maliyyə göndərirlər. Digər tərəfdən həmin ermənilərin təyyarə ilə Ermənistana gediş-gəlişləri onlar üçün daha rahat olacaq.

Ermənistanda hakimiyyətə müxalif olan “Qarabağ klanı” Ermənistan-Türkiyə dialoqunun əleyhinədir. Çünki “Qarabağ klanı”nın liderləri, keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan hesab edirlər ki, dialoq nəticəsində Ermənistanın Türkiyədən iqtisadi asılılığı artacaq. Bu yanaşmada həqiqət var. Sərhəd açıldıqdan və iki ölkə arasında iqtisadi münasibətlər qurulduqdan sonra Türkiyənin malları Ermənistan bazarına böyük paya sahib olacaq. Bundan başqa Ermənistanın Türkiyə yatırımlarına ehtiyacı artacaq. Bütün bunlardan sonra İrəvan istər-istəməz Türkiyə əleyhinə siyasətini korrektə etmək məcburiyyətində qalacaq. Bu isə Türkiyəni düşmən hesab edən “Qarabağ klanı”nın maraqlarına cavab vermir. Ancaq münasibətlər normallaşma mərhələsinə daxil olduqdan sonra “Qarabağ klanı” prosesi tərsinə çevirə bilməyəcək. Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında Qərb ölkələri də maraqlıdır.

Türkiyə-Ermənistan münasibətlərinin addım-addım normallaşması Azərbaycanın da maraqlarına cavab verir. Ermənistan Azərbaycan və Türkiyə ilə kommunikasiya xətlərini açdıqdan sonra İrəvan istər-istəməz Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtina etmək məcburiyyətində qalacaq. Bu regional əməkdaşlığa təkan verəcək. Gələcəkdə hətta Türkiyə-Azərbaycan-Ermənistan dialoq formatının təsis edilməsi də mümkündür.

Paşinyan “3+3 platformasında” Gürcüstanın da iştirakını istəyir

Nikol Paşinyan dekabrın 20-də Gürcüstana səfər etdi. Nikol Paşinyan gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə əvvəlcə təkbətək görüşdü, daha sonra liderlərin iştirakı ilə hökumətlərarası iqtisadi komissiyanın iclası keçirildi. Bu Paşinyanın Gürcüstandakı müzakirələrlə bağlı yayımlanan məlumatdır.

Nikol Paşinyan Gürcüstana səfəri zamanı qapalı müzakirədə Qaribaşvilinin “3+3 platforması”na mövqeyini də öyrənib. Gürcüstan bəlli səbəblərə görə platformanın Moskvadakı ilk ilcasında iştirak etmədi. Növbəti iclas Ankarada keçiriləcək və türkiyəli rəsmilər çalışırlar ki, budəfəki toplantıda Gürcüstan təmsil olunsun. Abxaziya və Cənubi Osetiyanın işğalı və Rusiya ilə diplomatik münasibətlərin yoxluğu fonunda Gürcüstan hökumətinə “3+3 platformasıyla” bağlı qərar vermək çətindir. Ancaq təklif Ankaradan gəlib və Türkiyə tərəfdaşı Gürcüstanın regional dialoqda iştirakını arzulayır. Bu səbəbdən Tiflisin Ankaraya “yox” deməsi çətinləşib.

Nikol Paşinyan Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın irəli sürdüyü əməkdaşlıq platformasının əleyhinə deyil. Bunun iki səbəbi var. Birinci səbəb Nikol Paşinyan Türkiyə ilə əməkdaşlıq etmək istəyir. İkinci səbəb yeni platformanı Ermənistanın iki tərəfdaşı – Rusiya və İran da dəstəkləyib. Ancaq Gürcüstanın platformada iştirak etməməsi Paşinyanın Ermənistan daxilində mövqeyini zəiflədir. “Qarabağ klanının” timsalında radikal müxalifət Paşinyanı onsuz da Türkiyə və Azərbaycana satılmaqda ittiham edir. Paşinyan platformada Gürcüstanın olmasını istəyir ki, tək qalmasın. Gürcüstan da patformada iştirak edərsə, Paşinyan müxalifətə deyəcək ki, “Ermənistan bölgə ölkələrinin tamamının iştirak etdiyi platformadan kənarda qala bilməzdi”.
İrəvan Bakı ilə birbaşa dialoq istəyir

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirdi ki, erməni tərəfi regional məsələləri müzakirə etmək üçün həm Bakıya, həm də Ankaraya səfər etməyə hazırdır. Armen Qriqoryan eyni zamanda Azərbaycan və Türkiyə nümayəndə heyərlərini İrəvanda qəbul etməyə hazır olduqlarını da səsləndirdi. O qeyd etdi ki, Ermənistan tərəfi regional məsələlər üzrə işləməyə və müzakirə təşkil etməyə hazırdır. Armen Qriqoryanın bu açıqlaması nəyə hesablanmışdı?
Birincisi, Moskvadan sonra “3+3 platformasının” növbəti görüşü Ankarada keçiriləcək. Ermənistan təmsilçisi Ankaraya gedəcək. Ona görə də Ermənistan hökuməti Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan vasitəsilə indidən erməni cəmiyyətinə mesaj yollayır ki, Ankaraya gedəcəklər.
İkincisi, Armen Qriqoryannı mesajı həm də beynəlxalq aləmədir, özləri haqqında müsbət imici formalaşdırmağa çalışırlar. Demək istəyirlər ki, müharibədə Azərbaycana məğlub olmalarına və xeyli itki vermələrinə baxmayaraq, qonşularıyla birbaşa dialoqa hazırdılar.
Əgər İrəvan Bakı ilə birbaşa dialoqa hazır olduğunu nümayiş etdirirsə, bundan faydalanmaq olar. Rusiyanın vasitəçilikdə inhisarçı mövqeyini azaltmaqda fayda var. Ona görə birbaşa dialoq imkanlarından da istifadə etmək lazımdır.

Yeni Konstitusiya Paşinyanın nəyinə lazımdır?

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə Konstitusiyasını dəyişdirmək istəyinin arxasında hansı səbəblər dayanır? Məsələ burasındadır ki, keçmiş prezident Serj Sərkisyanın istəyi ilə 2015-ci ildə tələsik qəbul olunan Ermənistan Konstitusiyasında boşluqlar var. Misal üçün hazırki konstitusiyaya görə baş nazirin Konstitusiya Məhkəməsinin rəhbərini vəzifəsindən azad etmək hüququ yoxdur. Nikol Paşinyan 2018-ci ildə inqilab yolu ilə Serj Sərkisyanı devirdi və növbədənkənar parlament seçkində qazandığı qələbə hesabına hakimiyyətə yiyələndi. Ancaq bu hakimiyyət Paşinyana Konstitusiya Məhkəməsinin tərkibini dəyişdirməyə imkan vermədi. Konstutisya Məhkəməsinin üzvlərini və rəhbərini isə keçmiş prezident Serj Sərkisyan təyin etmişdi. Keçmiş hakimlər Sərkisyanın adamları olduğundan Nikol Paşinyana uzun müddət problemlər yaratdılar.

Nikol Paşinyanın ölkənin əsas qanununu dəyişdirməkdə əsas məqsədi gələcəkdə prezident kürsüsünə yilyənləməsi də ola bilər. Serj Sərkisyan Konstitusiyanı 2015-də ona görə dəyişdirmək həvəsinə düşdü ki, hakimiyyətdəki müddəti bitirdi, parlament və və baş nazirin statusunu artırmaqla özü yeni kürsüyə sahib olmaq istəyirdi. Ancaq onun bu planı alınmadı. Sərkisyan baş nazir kürsüsündə cəmi bir neçə ay otura bildi. Nikol Paşinyan tərəfdarlarını küçəyə çıxardaraq “mən baş nazir olmayacam” deyən Sərkisyana vədini xatırlatdı və onu devirdi. İndi isə belə çıxır ki, Paşinyan Sərkisyanın yolunu tərsinə getmək istəyir.

Nikol Paşinyan Konstitusiya islahatları ilə bağlı fərman imzalayıb. Bu fərmana görə islahatlarla məşğul olacaq şura təsis ediləcək. Şuranın tərkibi hələ müəyyənləşməyib. Tərkibin formalaşmasının özü böyük mübahisələrə səbəb olacaq, hamı orada öz adamını görmək istəyəcək.
Nikol Paşinyan tələsmir. O yeni Konstitusiya islahatlarına razılaşmaqla sadəcə radikal rəqiblərinin zəiflətmək istəyir. İslahatlar məşğul olacaq şuranın təsisi və yekun sənədin hazırlaması xeyli vaxt aparacaq. Bu zaman kəsiyində isə Paşinyan mövqelərini gücləndirməyə çalışacaq.

Ermənistan 1974-cü il xəritəsinə istinad edir

Ermənistan hakimiyyəti Azərbaycanla sərhədin müəyyənləşməsi məqsədilə özü üçün xəritələri müəyyənləşdirib. Hakim partiyanın deputatı Arman Eqoyan bildirdi ki, Rusiya Ermənistana müxtəlif xəritələri təqdim edib: “Biz 1926-cı ilin xəritəsinə istinad edirik. Həmin xəritə həm Azərbaycan SSR, həm də Ermənistan SSR tərəfindən qəbul olunmuşdu. Moskva bizə Rusiya Baş Qərargahında mövcud olan 1974-cü ilin xəritəsini təklif edib. Bu xəritədə keçmiş kolxozlar arasında dəyişikliklər olub”.

Rəsmi Bakının Ermənistan hakimiyyətinin istinad etdiyi 1926 və 1974-cü il xəritələrini ciddi tədqiq etməsinə ehtiyac var. Çünki, Ermənistan hakimiyyəti özünün zərərinə olan xəritəni qəbul etməz, bunu mübahisə predmetinə çevirərdi.

SSRİ 1922-ci ildə quruldu. Azərbaycanın SSRİ-nin tərkibinə daxil olanda 114 min kvadrat kilometrlik ərazisi var idi. Bunu təsdiq eləyən sənədlər, xəritələr var. Azərbaycan 1991-ci ildə SSRİ-nin tərkibindən çıxanda isə ərazisi 86,6 min kvadrat kilometr idi. Yəni Azərbaycan 70 ildə ərazisinin təxminən 26 min kvadrat kilometrini itirmişdi. Həmin ərazilər Ermənistana verilmişdi. Azərbaycanın itirdiyi ərazilər bunlardır: Zəngəzur, Dərələyəz və Göyçə.

SSRİ dövründə müxtəlif çoğrafi xəritələr mövcud olub. Həmin xəritələr Moskvadakı arxivlərdədir. Azərbaycanla Ermənistan arasında sərhədi müəyyənləşdirəcək birgə komissiya həmin xəritələrin hamısını araşdıracaq. Ermənistan öz maraqlarına uyğun xəritələrə, Azərbaycan isə öz maraqlarına uyğun xəritələrə istinad edəcək. Bu o deməkdir ki, sərhədin delimitasiya və demarkasiyasıyla bağlı danışıqlar bir neçə il çəkəcək. Ancaq önəmli olan sərhədin müəyyənləşdirilməsiylə bağlı danışıqların başlamasıdır. Məsələ gələn ilə qaldı.

Tural Tağıyev
AzVision.az




Teqlər:





Xəbər lenti