Human Rights... Witch

// Qurum "insan haqları" adı ilə ifritəlik edir

 Human Rights...  Witch
  17 Yanvar 2022    Oxunub:3655
Son 30 ildə, xüsusilə də 44 günlük Vətən müharibəsi vaxtı və postmünaqişə dövründə guya insan haqlarının müdafiəsi ilə məşğul olan, əslində isə dünyanın güc mərkəzlərinin sifarişlərini yerinə yetirən bir sıra beynəlxalq təşkilatlar qərəzli anti-Azərbaycan siyasəti yürüdüblər və yürütməkdə davam edirlər. Onların hamısından çox canfəşanlıq nümayiş etdirən isə “Human Rights Watch”dur (HRW).
Dünyanın 102 ölkəsində insan haqlarının təminatı və onların məhdudlaşdırılmasını şərtləndirən amilləri dəyərləndirən “Human Rights Watch” (HRW) təşkilatı ötən ilin yekunları üzrə hazırladığı hesabatını açıqlayıb. Onsuz da uzun illərdir ki, əslində böyük dövlətlərin və müxtəlif siyasi qüvvələrin əlində təzyiq alətinə çevrilməkdə günahlandırılan HRW-nin sözügedən hesabatının Azərbaycana və Ermənistana həsr edilmiş hissələrinə nəzər saldıqda, bu sənədin hansı “ədalətə” və "fakt"lara söykəndiyi üzə çıxır.

Əvvəla, hər iki ölkəyə hesabatda eyni həcmdə yer ayırmaqla, guya qərəzsiz mövqe tutduğunu sübut eməyə çalışan HRW, əslində bu “obyektivliyi” dərhal şübhə altına qoyur. Belə ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin, bir sıra regional və beynəlxalq qurumların, elə HRW də daxil olmaqla, əksər beynəlxalq insan haqlarının müdafiəsi təşkilatlarının təcavüzkar Ermənistanla təcavüzə məruz qalan Azərbaycana eyni yanaşma sərgilədiyini nəzərə alsaq, bu hesabatın da həmin ənənəni davam etdirdiyi görünür. Özü də hesabatda hər iki tərəfə eyni həcmdə yer ayrılması “obyektivliyi” digər “ədalətli” mühakimələrin yanında toya-bayrama getməlidir.

Azərbaycan və Ermənistanda insan haqlarının təminatı məsələsinə ilk növbədə II Qarabağ müharibəsinin gedişatı, nəticələri və bölgədə yaranmış yeni reallıqlar prizmasından yanaşan HRW bəzi məqamlarda dolayısı ilə, bəzi hallarda isə açıq-aşkar ermənipərəst mövqe ortaya qoyur. Maraqlıdır ki, bu kontekstdə hesabatın istər Azərbaycan, istərsə də Ermənistan bölməsində yerləşdirilən məlumatlar nəinki əsasən bir-birini təkrarlayır, həm də əksər hallarda məhz erməni tərəfin məlumatlarına istinadən verilir.

Məsələn, “Altı həftəlik müharibənin doğurduğu nəticələr” (sənəddə belə yazılıb) adlı bölmədə "rəsmi məlumatlara" görə, II Qarabağ savaşı zamanı Ermənistan tərəfində azı 71, Azərbaycan tərəfində isə 54 məktəbin dağıdıldığı bildirilir. Çox gülünc iddia deyilmi? Əvvəla, “rəsmi mənbələr” deyiləndə çox yəqin ki, məhz Emənistan tərəfin ötürdüyü “məlumatlar” nəzərdə tutulur. Bəs görəsən, insan haqlarının müdafiəsi sahəsində özünü beynəlxalq səviyyəli avtoritetli qurumlardan sayan HRW nə əcəb müharibənin Azərbaycan ərazisində getdiyi halda, Ermənistanda ən azı 71 məktəbin necə dağıldığını araşdırmağa niyə tənbəllik edib? Yoxsa 30 ildən çox ermənilərin işğal altında saxladığı əraziləri bu təşkilat artıq çoxdan Ermənistana “peşkəş” edibmiş? Həmin ərazilərdəki ən adi daxmanın damını-daşını söküb aparan ermənilər oralarda məktəbləri qoruyub-saxlamışdılarmı ki, müharibə zamanı da Azərbaycanın hücumları nəticəsində “erməniləşdirilimiş” həmin məktəblər dağıdılaydı? Yox əgər HRW məhz Ermənistanda “dağıdılmış məktəbləri” nəzərdə tutursa, onda zəhmət çəkib hətta təcavüzkar ölkənin bütün təxribatları qarşılığında belə Azərbaycanın oraya cavab zərbəsi endirmədiyi həqiqətini niyə dilinə gətirmir və yaxud da ki, belə zərbələrin endirildiyi barədə heç bir sübut gətirmir?

Maraqlıdır ki, indi qəribə “obyektivlik” sərgiləməyə çalışan HRW ekspertləri nədənsə 30 ildən çox Ermənistanın işğalı altında olarkən və II Qarabağ müharibəsi zamanı həmin ərazilərdə minlərlə evlərin, məktəblərin, mədəni-tarixi irs abidələrinin, xəstəxanaların, məscidlərin və təsərrüfat subyektlərinin dağıdılmasına nəinki biganə qalıblar, heç Azərbaycan tərəfinin rəsmi məlumatlarına belə diqqət yetirməyiblər. Onda haqq-ədalət hesabatları hazırlamağa mənəvi haqqı çatmayan bu təşkilatın obyektivliyinə nə dərəcədə inanmaq olar?

Sərt olduğu qədər də ədalətli olan bu sualın verilməsini sənəddə Azərbaycan silahlı qüvvələrinin “erməni əsirlərini fiziki zorakılığa və alçaldıcı hərəkətlərə məruz qoyduğuna, erməni mülki şəxslərə, hətta yaşlı insanlara, uşaqlara qarşı işgəncə törətdiklərinə, məhkəməsiz edam hallarına yol verdiklərinə” görə ittiham edilməsi müddəasının yer alması şərtləndirir. Amma siyasi kəndirbazlığın eniş-yoxuşları barədə fundamental hiyləgərlik metodlarını yaxşı əxz etmiş HRW ekspertləri öz “obyektiv”liklərini bir sıra mötəbər regional və beynəlxalq təşkilatların bəyanatları ilə pərdələməyə çalışıblar. Məsələn, “BMT-nin insan haqları üzrə ekspertlərinin Azərbaycana çağırış edərək münaqişə zamanı əsir götürülmüş erməni hərbçilərin azad olunmasını, cəsədlərin ailələrinə qaytarılmasını istəməsi”, Avropa Parlamentinin, AŞPA-nın “erməni əsirlərini qeyd-şərtsiz azad etmək üçün” Azərbaycana çağırışları. Amma əslində heç də anti-Azərbaycan səciyyəli olmayan həmin bəyanatlar və Qətanmələr eyni dərəcədə hər iki münaqişə tərəfinə ünvanlanıb. Ən əsası isə, hər üç qurumun çağırışları ilə bağlı Azərbaycan tərəfi “erməni əsirləri” və “erməni terrorçuları” arasındakı fərqi əsaslandıraraq, öz haqlı mövqeyini onların diqqətinə çatdırıb.

Bütün “faktları” məqsədyönlü şəkildə həftəbecərə çevirən HRW isə çox təəccüblü şəkildə Azərbaycanın tutarlı arqumentlərini nədənsə “görməyib və eşitməyib”. Amma 2020-ci il noyabrın 26-da – müharibənin dayandırılması barədə imzalanmış üçtərəfli Bəyannamədən 16 gün sonra – silahlı təxribatlar törətmək üçün Ermənistandan Azərbaycana göndərilmiş terrorçuların həbsini və onların çoxunun azad olunmamasını rəsmi Bakıya irad kimi öz hesabatına salır. İstər əsir götürülmüş erməni hərbçilərinə, istərsə də erməni terrorçularına qarşı Azərbaycanın işgəncələr tətbiq etməsi “faktı” ilə bağlı hələ sentyabrın 14-də erməni ombudsmanı, “Təzim edirəm” müxalif deputat fraksiyasının üzvü Anna Mkrtçyana Ermənistan parlamentinin sədri Alen Simonyanın verdiyi cavab HRW-nin qərəzli mövqeyini sübuta yetirən ən gözəl nümunədir. Düzünü desəm, bu uydurma işgəncə səhnələrinin parlamentdə nə üçün sadalandığını mən başa düşə bilmədim,- Alen Simonyan Anna Mkrtçyanın fantaziyalarına münasibət bildirmişdi.


Anna Mkrtçyanın emosiyalarını coşduran əsas məqam isə Ermənistanın ən yüksək vəzifəli məmurlarının erməni əsrləri ilə Azərbaycan məhbəsində daha yaxşı rəftar edildiyi, zəruri tibbi yardım göstərildiyi və qidalandırıldığı üçün onların hələ bir neçə ay da Azərbaycanda həbsdə qalmalarının daha məqsədəuyğun olması barədə səsləndirdikləri bəyanatlar idi. Sonradan Azərbaycanın azad etdiyi bəzi erməni hərbçilərin Ermənistanda təqibə məruz qalması, həmin bəyanatların düzgün olduğunu təsdiqlədi. Yeri gəlmişkən, “obyektivlik” naminə bu təqiblərlə bağlı HRW-nin hesabatında Ermənistana xala-xətrin qalmasın deyə bir irad da tutulub. Amma, Azərbaycanın təkidlərinə baxmayaraq, ahıl yaşlı ermənini təhvil almaqdan rəsmi İrəvanın imtina etməsi faktı sənəddə öz əksini tapmayıb.

Ən maraqlı məqam isə budur ki, II Qarabağ müharibəsi zamanı bütün beynəlxalq konvensiyaları pozan Ermənistanın bəşəriyyətə qarşı törətdiyi cinayətlər barədə HRW-nin öz arxivində saysız-hesabsız sənədlər olduğunu təşkilatın “unutmasıdır”. Bunu 2020-ci il oktyabrın sonlarında BBC-nin saytında dərc olunan “Human Rights Watch Azərbaycanda araşdırma aparacaq” başlıqlı məqalə birmənalı şəkildə sübuta yetirir. Həmin vaxt Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin təkidli dəvətlərindən sonra Human Rights Watch və Amnesty International təşklilatlarının ölkəmizə səfərə gələn təmsilçiləri və ekspertləri Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan və Tərtər rayonlarının şəhər və kəndlərinini Ermənistanın ballistik raket və iri kalibrli artilleriya silahlarından atəşə tutması barədə çoxsaylı faktlarla tanış olublar. O vaxt bununla bağlı elə HRW-nin hazırladığı məruzədə Ermənistan hərbi qüvvələrinin qeyri-qanuni olaraq kasetli silahlardan istifadə etməsi, hərbçilərə və mülki əhaliyə fərq qoymadan hər kəsi vurğulanıb. Məhz Ermənistanın bu cinayətləri nəticəsində II Qarabağ savaşı zamanı onlarla azərbaycanlı mülki şəxs qətlə yetirilib və yüzlərlə insan yaralanıb. Bütün bu cinayətlərdən xəbərdar olan HRW həmin faktları öz hesabatına salmağa nədənsə ehtiyac duymayıb.


Son 30 ildən çox bir müddətdə qətlə yetirilmiş və aiqbəti hələ də bəlli olmayan minlərlə dinc azərbaycanlının, Xocalı faciəsinin qurbanlarının və bir milyondan çox qaçqın və köçkün soydaşımızın faciəsinə biganə qalmış və qalmaqda davam edən Human Rights Watch təşkilatının son hesabatı guya insan haqlarının müdafiəsi adı altında fəaliyyət göstərən bu qurumun əslində müəyyən qüvvələrin diqtəsi ilə ermənipərəst mövqe sərgilədiyini sübuta yetirir. Özü də yalnız bu yazıda toxunduğumuz kontekstdə yox.
Gələn yazımızda açıqlayacağımız məqamlar bunun növbəti sübutu olacaq.

Sahil İsgəndərov, politoloq
AzVision.az


Teqlər: HRW  





Xəbər lenti