"Lüğətdə hörümçəkkimilər, hörümçəyəbənzər sözləri var" - Möhsün Nağısoylu
Onun sözlərinə görə, lüğətin çapa gedən kompüter variantında, yəni siqnal nüsxədə "hörümçək" sözü olub: "Ola bilər ki, lüğət bir kompüterdən digərinə köçürüləndə o söz çıxıb. Bunu qəsdən çıxarmağımız mümkünsüzdür. Bunun təxribat olmasına da inanmıram, bu, sırf texniki məsələdir. Əgər bizim məqsədimiz o sözü çıxarmaq olsaydı, onda niyə eyniköklü digər sözləri saxlayırdıq? Axı orada hörümçəkkimilər, hörümçəyə oxşar, hörümçəyəbənzər sözləri var".
"Bizim əlimizdə bir neçə mühüm əsas var: Birincisi, bu söz bizim kompüterimizdə, yəni nəşrə gedən sonuncu variantda var. İkincisi, kitab şəklində bizə təqdim olunan siqnal variantında var. Üçüncüsü, lüğətdə bu sözlə eyniköklü olan ifadələr var. Dördüncüsü, "spayder" sözünün "hörümçək" deyil, məhz başqa məna daşıması ilə bağlı əsas mənbə var - bu da 2016-da çap olunub, internetdə də mövcuddur. Bir daha demək istəyirəm ki, yeni lüğətdəki "spayder" sözü isə hörümçək sözünün tərcüməsi anlamında verilməyib və bu sözün texniki termin kimi mənası mövcuddur. Bütün bunları izahat kimi Ramiz Mehdiyevə deyə bilərəm", - akademik M.Nağısoylu əlavə edib.
Qeyd edək ki, Ramiz Mehdiyev ötən gün AMEA Rəyasət Heyətinin iclasında Dilçilik İnstitutunun nəşr etdirdiyi Orfoqrafiya lüğəti ilə bağlı mətbuatda yazılanlara münasibət bildirib. O deyib ki, lüğətin nəşrinə məsuliyyət daşıyan şəxslərin verdikləri izahatlarla razı deyil. R.Mehdiyev onlardan daha ciddi və əsaslı izahatlar gözlədiyini söyləyib.
Xatırladaq ki, hazırda qalmaqala çevrilən lüğətin elmi redaktoru həmin vaxt Dilçilik İnstitutunun direktoru vəzifəsində çalışan akademik Möhsün Nağısoylu olub.
AzVision.az
Teqlər: