“Göyçə gölünün əsas su mənbələri Azərbaycanın nəzarətindədir” - Erməni nazir |
Qeyd edək ki, Göyçə gölünün səviyyəsi Ermənistanın son illərdə ən aktual problemlərindən biri sayılır. Çünki vaxtaşırı olaraq suvarma üçün bu göldən istifadə edilir. Ümumiyyətlə isə, İrəvan yaxın illərdə əhalinin ciddi şəkildə şirin su ehtiyatlarından əziyyət çəkəcəyini poqnozlaşdırıb. Bu səbəbdən də Ermənistan hökuməti 2021-ci ilin avqustunda 17 su anbarının tikintisi və yenidən qurulması proqramını təsdiqləyib. Onlardan dördü Göyçə üçün donor rolunu oynamalıdır.
Bir anbar Getinkvank adı ilə Yeğegis çayının yuxarı axınında, həcmi 35 milyon kubmetr olmaqla inşa ediləcək. Digər layihə Arpaçayın sol mənsəbində Cermukda tikiləcək. Onun həcmi 25 mln. kubmetr olmalıdır. Oradan isə Keçut su anbarına və iki tunel vasitəsilə Sevana su axıdılacaq.
Başqa bir su anbarı Kasax çayı üzərində tikilə bilər. Onun tutumu 11,3 milyon kubmetr hesablanıb və hazırda istifadə edilən Göyçə sularını əvəz etməlidir. İrəvanın planlaşdırdığı digər layihədə bir neçə su anbarının birləşməsi nəzərdə tutulur. Dörd donor su anbarının ümumi su təchizatı 140 milyon kubmetr təşkil etməlidir. Proqram 2026-cı ildə həyata keçiriləcək.
Bəzi iqtisadçılar layihələrə kifayət qədər maliyyə tələb olunduğundan İrəvanın yaxın illərdə gözlənilən ciddi su problemini aradan qaldırmasını real görmürlər.
Xatırladaq ki, Ermənistan 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazilərindəki çayları və şirin su ehtiyatlarını da istismar edirdi. İrəvan hətta bəzi çay yataqlarının istiqamətini dəyişmək, yayda su anbarlarını bağlamaqla cəbhə xəttinə yaxın rayon və kəndlərimizdə ekoloji problemlər yaratmışdı.
Tural Tağıyev
AzVision.az