“Azərbaycanın Avropa qaz bazarında önəmli oyunçu olmağa yaxşı şansları var” - İvan Us

   “Azərbaycanın Avropa qaz bazarında önəmli oyunçu olmağa  yaxşı şansları var” -    İvan Us
  11 Fevral 2022    Oxunub:3222
Son 3 ayda Avropada qazın qiyməti kəskin tərəddüdlər edir. Ötən ilin dekabrında qazın birja qiyməti min kubmetr üçün rekord 2200 dollar həddini keçmişdi. Amma fevralin əvvəlində 900 dollardan aşağı düşüb. Qaz bazarında qiymətlərlə bağlı vəziyyət maliyyə və əmtəə bazarlarının analitiklərinin, eləcə də sadə insanların diqqətini cəlb edən bir növ “Amerika təpələri” idi.
Dünya iqtisadiyyatının dinamikasından və qlobal siyasətdən tutmuş, fyüçers müqavilələri ilə spekulyasiyalara qədər bir çox amillər bu proseslərə təsir göstərir. Ukraynanın Milli Strateji Araşdırmalar İnstitutunun Xarici Siyasət Araşdırmaları Mərkəzinin baş məsləhətçisi, iqtisad elmləri namizədi İvan Us AzVision.az -a müsahibəsində deyib ki, pandemiyanın qlobal iqtisadiyyata vurduğu 3 trilyon dollarlıq ziyanın mənfi təsirinin yenidən qiymətləndirilməsini də bura əlavə etmək lazımdır.

- Bunun nəticəsində qaz da daxil, bütün növ xammalın qiymətlərində kəskin artım oldu. İkincisi, Şərqi Asiyada iqtisadi fəallığın sürətli bərpası qaza tələbatın artmasına və nəticədə qaz alverçilərinin fəallaşmasına gətirib çıxardı. Üçüncüsü, Rusiya ilə bağlı siyasi gərginliklər öz təsiri göstərir. Bütün bu amillər Avropanın fyüçers bazarlarındakı möhtəkirlərə qiymət artımları ilə oynamaq imkanı verdi. Bunların hamısı birlikdə rekord qiymətlərə gətirib çıxardı.

- Sizcə, Avropada qazın qiymətinin qalxması nə vaxta qədər davam edəcək?
- Əgər yuxarıda sadalanan amillər Avropada qazın qiymətinin kəskin artmasına səbəb olmuşdusa, bundan sonra gələn hadisələr də kəskin şəkildə aşağı saldı. Avropada qiymətlərin kəskin sıçrayışı dünya qaz treyderlərini Asiyaya gedən tankerlərin üzünü Avropaya doğru döndərməyə sövq etdi. Bunun ardınca ABŞ fəal hərəkətə keçdi. O, Rusiya Federasiyasının yaratdığı gərginliyə, eləcə də verdiyi müxtəlif ultimatumlara sözdə deyil, əməldə cavab olaraq, Avropanı Rusiya Federasiyasının iştirakı olmadan qazla təmin etmək strategiyası yürütməyə başladı.

Yanvarın son günü Vaşinqtonda ABŞ prezidenti ilə Qətər əmiri arasında keçirilən görüşdə Avropa bazarında Rusiya qazının Qətər qazı ilə əvəzlənməsi imkanları müzakirə edildi. Bu görüşdən dərhal sonra Rusiya Federasiyasını təmsil edən “Qazprom” bu il fevral ayının ilk günü Ukrayna ərazisindən Avropaya qaz tranzitini iki dəfə artırdı. Əgər yanvarda Ukrayna ərazisindən vurulan qazın həcmi sutkada orta hesabla 54 milyon kubmetr idisə, fevralın 1-də bu rəqəm sutkada 108 milyon kubmetr oldu.

Hesab edirəm ki, yuxarıda sadalanan amillərə görə, Avropada qazın qiymətindəki ralli uzun sürməyəcək və fevralın sonuna qədər sabitləşəcək.

- Avropa İttifaqının spot müqavilələrin xeyrinə uzunmüddətli müqavilələrdən imtina etməsini nə ilə bağlı idi?
- Avropaya qaz tədarükü variantlarının artması onun üzərində rəqabət səviyyəsinin artmasına da səbəb olur. Nəticədə müəyyən üstünlükləri əldə etmək üçün daha çox imkanlar yaranır. Qiymətlərin aşağı düşməsi tendensiyası fonunda ölkələr anlayırlar ki, uzunmüddətli müqavilələr sərfəli olmaya bilər. Odur ki, spot müqavilələrə üstünlük verirlər.

- Avropa İttifaqı Ukrayna ətrafındakı vəziyyətlə bağlı Avropaya qaz nəqlində fasilələrin qarşısını almaq üçün ABŞ, Qətər və Azərbaycanla svop-sazişin mümkünlüyünü müzakirə edir. Avropada qaz böhranının həllində Azərbaycana hansı rol həvalə edilə bilər? Azərbaycan qazının Şərqi Avropaya nəqli perspektivlərini necə qiymətləndirirsiniz?
- Doğrudan da, əvvəldə qeyd etdiyimiz kimi, ABŞ-ın Avropanın Rusiya qazından asılılığını minimuma endirmək üçün irəli sürdüyü strategiyada onun özündən əlavə (son bir neçə ayda ABŞ-dan Avropa limanlarına təxminən 40 tanker sıxılmış təbii qaz daxil olub) Qətər və Azərbaycan da var. Bu səbəbdən Azərbaycandan Trans-Adriatik qaz kəməri vasitəsilə qaz nəqlinin artırılmasına dair razılaşma əldə etmək üçün yaxın vaxtlarda Aİ-nin enerji Komissarının Bakıya səfəri gözlənilir. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Komissarı isə öz bloqunda Azərbaycanı ABŞ və Qətərlə birlikdə Aİ-nin qaz təchizatının əsas mənbələrindən biri kimi qeyd edib. Beləliklə, Azərbaycanın Avropa qaz bazarında əhəmiyyətli oyunçu olmaq üçün kifayət qədər yaxşı şansları var.

- Sizcə, 2022-ci ildə Avropa qaz bazarını nə gözləyir?
- 2022-ci ildə Avropa qaz bazarının taleyi bir çox cəhətdən geosiyasi vəziyyətdən asılı olacaq. Əgər Rusiya Federasiyası ABŞ-a, NATO-ya və ATƏT-ə qarşı ultimatum siyasətindən uzaqlaşarsa və əvvəllərki həcmlərdə qaz tədarükünü bərpa edərsə, o zaman Avropa bazarının əhəmiyyətli hissəsini özündə saxlayacaq. Hərçənd, işə salınan layihələr bu hissəni tədricən azaldacaq.

Əks halda, 2022-ci ildə Rusiya Federasiyasının əvəzlənməsi səyləri daha da güclənəcək, çünki əsas arqument onun sürprizləri olacaq. Bu isə “Qazprom”un müştərilərini qane etməyəcək. Bu il Avropa qaz bazarında rəqabətin səviyyəsi istənilən halda yalnız artacaq. ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsinin artırılması ilə bağlı bəyan etdiyi siyasəti nəzərə alsaq, qazın (eləcə də digər xammalın) qiyməti böyük ehtimalla aşağı düşəcək.

Samir Vəliyev
Nadir Quliyev



Teqlər: Qaz  





Xəbər lenti