İrəvandakı mitinqdən çıxan 10 nəticə - TƏHLİL

// "Müharibə partiyası"nın zəifliyi nədən xəbər verir?

   İrəvandakı mitinqdən çıxan 10 nəticə -    TƏHLİL
  07 Aprel 2022    Oxunub:3086
Brüsseldə baş tutan üçtərəfli görüşdən bir gün qabaq İrəvanda müxalifətin mitinqi keçirilmişdi. Vaxtilə Paşinyanın hakimiyyətdən uzaqlaşdırdığı keçmiş məmurların 11 min nəfərlik mitinqdə erməniləri Rusiyanın ətrafında birləşməyə çağırmaları aksiyanın Moskvadan dəstəkləndiyi deməyə əsas verir. 5-10 nəfərin toplandığı əvvəlki mitinqlərin Ermənistan polisi tərəfindən dağıdıldığını müşahidə edənlər, bu dəfə əksinə, polisin mitinqə sanki dəstək verməsini təəccüblə izlədilər. Asayiş keçikçilərinin bircə mitindəkilərə qoşulub, plakat qaldırmaları çatışmırdı.
Mitinqdə iştirakçıları sayı barədə məlumatlar fərqlidir. Müxalifət aksiyada 20 minə yaxın insanın iştirak etdiyini iddia edir. İqtidar isə 10-11 mindən danışır. Ortalama 15 min götürək. Belə çıxır ki, Ermənistanın ən həssas problemi kimi qələmə verilən Qarabağ məsələsi bu gün ölkə əhalisinin 0,005 faizini narahat edir. Nəzərə alsaq ki, iştirakçıları əksəriyyəti vəzifələrini itirən məmurlar və Azərbaycan torpaqlarından qovulan erməni silahlıları idi, o zaman Qarabağ məsələsinin Ermənistan əhalisi üçün aktuallığını itirdiyini əminliklə deyə bilərik.

Mitinqə gələnlərin sayı, tərkibi və orada səslənən fikirlər bunları deməyə əsas verir:

1. Ermənistan müxalifətinin iqtidarın icazəsilə keçirdiyi mitinqi uğursuz aksiya kimi yadda qaldı.

2. Mitinqə gəlməməklə erməni xalqı əvvəlki iki seçkidə olduğu kimi, bu dəfə də revanşistlərə - Koçaryana, Sarqsyana və onların Qarabağdakı uzantılarına dəstək vermədi. Ermənistan cəmiyyətində “müharibə partiyalası”nın, ilk növbədə Sarqsyan və Koçaryanın reytinqi aşağıdır.

3. Nə qədər tənqid olunsa da, Paşinyan ötən il parlament seçkiləri nəticəsində aldığı etimad mandatını hələ də qoruyub saxlayır. Odur ki, danışıqlarda “müxalifətin təzyiqi” kartından istifadə edə bilməz.

4. Müxalifətin Paşinyanı məğlubiyyət siyasəti yürütməkdə, Ankara və Bakının maraqlarına xidmətdə ittiham etməsinə baxmayaraq, erməni xalqı buna tam inanmır.

5. Ermənistan ictimaiyyətinin əksəriyyəti müharibədən qorxur və bunu istəmir, amma paralel olaraq məğlub tərəf kimi Paşinyanın birgə Bəyanatın şərtlərinə uyğun yeni sənədlər imzalamasını da qismən qəbul etmir.


6. Ermənistandakı iqtidar komandası ictimaiyyəti Qarabağın Azərbaycan ərazisi olduğuna və buna dair tez-gec sənəd imzalanacağına hazırlamaq istəmir.

7. Ermənistanın güc strukturları, hərbi qurumları və ekspert dairələri mümkün əməliyyatlara hazır olmadıqlarını yazılı olaraq ölkə rəhbərliyinə bildirib. Ümumiləşdirilmiş raportda Ermənistan ordusunun mənəvi, texniki və döyüş hazırlığının mümkün müharibə üçün yetərli olmadığı əksini tapıb.

8. Ermənistan Silahlı Qüvvələrinin “beyin mərkəzi” sayılan və mümkün əməliyyatları planlaşdırmalı olan Baş Qərargahın rəisi vəzifəsinə hələ də namizəd tapılmaması cəmiyyətdə suallar yaradır.

9. Ermənilər son müharibəni uduzan Paşinyanı hələ də sevə bilmirlər, amma Serjik və Robertə nifrətləri də getdikcə artır. Cəmiyyət onların ölkəni böhran vəziyyətindən çıxara biləcəklərinə inanmır. Onların hakimiyyətlərini bərpa etmək arzusunu erməni xalqının maraqlarına zidd sayırlar. Paşinyan Ermənistanın siyasi sahəsində “pislərin içində ən yaxşısı” hesab olunur.

10. Moskva regiondakı proseslərə Avropanın artan marağını diqqətlə izləyir, görüşlərin keçirilməsinə mane ola bilməsə də, müəyyən təsir mexanizmlərini qoruyub saxlamaqdadır.

Aksiyada səslənən fikirlər göstərirdi ki, erməni xalqı Rusiya ilə 30 illik tərəfdaşlıqdan sonra işğal yolu ilə əldə etdiklərini itirdiyinə görə, Moskvaya bağlı olan keçmiş siyasətçilərin yenidən hakimiyyətə qayıtmasını daha təhlükəli hesab edir. Sağlam düşüncəyə malik ermənilər son 100 ilin ən çətin dövrünü yaşadıqlarını anlamaqla bərabər, Brüsselin vasitəçiliyi ilə Paşinyanın Əliyevlə danışıqları davam etdirməsinə qarşı çıxmırlar.

Ədalət Verdiyev
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Ermənistan   Mitinq  





Xəbər lenti