
Tədbir iştirakçıları əvvəlcə müəssisələrdə yaradılan şəraitlə tanış olublar.
Bildirilib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq ölkədə ədliyyə sisteminin müasirləşdirilməsi ilə bağlı aparılan islahatlar çərçivəsində penitensiar xidmətin fəaliyyəti təkmilləşdirilir, cəza siyasəti humanistləşdirilir, məhkumların hüquqlarının qorunması, saxlanma şəraitinin, tibbi və digər təminatlarının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər görülür.

Bununla əlaqədar Bakının Zabrat qəsəbəsində yeni istintaq təcridxanası, Naxçıvan Muxtar Respublikasında və Şəkidə müasir penitensiar komplekslər inşa olunub. Gəncə və Lənkəran şəhərlərində, habelə paytaxtın Umbakı qəsəbəsində belə müəssisələrin tikintisi aparılır.

Ombudsman Səbinə Əliyeva bildirib ki, bu müəssisələrdə dünyada mövcud olan beynəlxalq standartlara riayət olunub. Onun sözlərinə görə, müasir penitensiar müəssisələrdə böyük kitabxana, peşə məktəbi mövcuddur.

Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova vurğulayıb ki, inşa edilən yeni müəssisələrdə nümunəvi şərait yaradılıb, istirahət, psixoloq, ibadət otaqları və digər otaqlar ayrılıb, məhbusların faydalı işlə məşğul olmaları üçün istehsalat sahələri təşkil edilib. Belə ki, hər iki müəssisədə məhkumların asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə idman sahələri, təhsil və peşə ixtisaslarına yiyələnmələri üçün lazımi infrastruktur yaradılıb.

"Burada zəruri ədəbiyyatla təchiz olunmuş kitabxana, oxu zalı və kompüter otağı vardır. Peşə məktəbində məhkumlar toxuculuq, xalçaçılıq, biçmə, tikiş və şirniyyat sexlərində çalışacaqlar. Müəssisənin ikimərtəbəli tibb-sanitariya hissəsində həkim otaqları, müasir avadanlıqla təchiz edilmiş müayinə-diaqnostika və stomatologiya kabinetləri, laboratoriya, aptek, pediatr otağı və digər yardımçı otaqlar yerləşir".

Yeni penitensiar müəssisədə məhkumlarla görüşlər üçün də bina inşa olunub. Burada məhkumların ailə üzvləri ilə qısamüddətli və 3 günlük uzunmüddətli görüşü üçün hər cür məişət şəraiti, mətbəxi, gəzinti yerləri olan ayrıca otaqlar vardır. Müəssisələrin ərazisində inşa olunmuş ikimərtəbəli məktəb binasında sinif otaqları ilə yanaşı, əmək, kompüter və digər otaqlar, idman zalları yerləşir. Yaradılmış şərait məhkumların, xüsusilə yetkinlik yaşına çatmayanların təhsil almalarına və peşə ixtisaslarına yiyələnmələrinə imkan verir.

Penitensiar Xidmətinin rəis müavini, general-mayor Oqtay Məmmədov ədliyyə və penitensiar xidmətdə həyata keçirilən islahatlardan danışıb. Sonda məhkumlar üçün ədəbi-bədii hissə təşkil edilib.

Qeyd edək ki, bu müəsissələrdə 426 qadın, tərbiyə müəssisəsində isə 21 yetkinlik yaşına çatmayan uşaq məhkum saxlanılır.
Şahanə Rəhimli
Fotolar: Əhməd Xəlilov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


