Macarıstan Avropanın birliyini niyə pozur – TƏHLİL

// Rusiyaya qarşı altıncı paket Budapeştdən o yana keçə bilmir

   Macarıstan Avropanın birliyini niyə pozur –    TƏHLİL
  20 May 2022    Oxunub:2049
AB-nin Rusiyaya qarşı altıncı sanksiyalar paketi Macarıstanın vetosuna ilişib qalıb. Məsələ ondadır ki, paketdə altı ay ərzində xam neftin, 2023-cü ildən isə neft məhsullarının idxalına qadağa qoyulması təklifi var. Müzakirənin ilkin mərhələsində Macarıstan, Slovakiya və Çexiya neft embarqosunun əleyhinə idilər, çünki enerji təchizatı məsələsində Rusiyadan çox asılıdırlar.
Avropa Komissiyası onları başa düşərək, Macarıstan və Slovakiyaya 2024-cü ilin sonuna qədər, Çexiyaya isə 2024-cü ilin iyun ayınadək Rusiyadan neft idxalına davam etməyə icazə verdi. Bundan sonra Bratislava və Praqa etirazlarını geri götürüblər. Lakin Budapeşt vetosunu ləğv etməyə hələ də hazır deyil.

Mayın 16-da Aİ nazirlərinin iclasında Viktor Orban hökumətinin mövqeyi kəskin tənqid edilib. Litvanın xarici işlər naziri Qabrielius Landsbergis jurnalistlərə bildirib ki, “Macarıstan Avropa İttifaqını girov saxlayır” . Avropa diplomatiyasının rəhbəri Josep Borrell Budapeştin müdafiəsinə qalxaraq, Macarıstanın etirazlarının siyasi deyil, iqtisadi olduğunu bildirib. O izah edib ki, ölkə yeni infrastrukturun yaradılması və yeni avadanlıqların alınması problemindən narahatdır. Rusiya neftini rədd edən Budapeşt onu digər tədarükçülərdən daha yüksək qiymətə almalı olacaq ki, bu da Macarıstan iqtisadiyyatına təsir edəcək.

Viktor Orban bundan əvvəl Rusiya neftindən imtina etməyi “Macarıstan iqtisadiyyatına vurulan nüvə zərbəsi” ilə müqayisə etmişdi. O xatırladıb ki, Macarıstanın dənizə çıxışı yoxdur və buna görə də nefti kəmərlə qəbul etməyə məcburdur. "Macarıstana gələn boru kəməri Rusiyadan başlayır... bu, reallıqdır", - o, deyib.


Macarıstanın Rusiya enerjisindən asılılığı həqiqətən əhəmiyyətlidir - ölkə neftin 60%-ni, qazın isə 85%-ni Rusiyadan alır. Orban bildirib ki, neft emalı zavodlarını və digər infrastrukturu qeyri-rus mənbələrindən gələn xammalı emal etməyə hazırlamaq üçün ölkəyə beş il vaxt lazımdır. Bu proses nəhəng investisiyalar tələb edəcək və neftin maya dəyərinin yüksəlməsi işsizliyin artmasına gətirib çıxaracaq, Rusiya enerji resurslarının aşağı qiymətlərinə əsaslanan kommunal xərclərin azaldılması üzrə milli proqramı şübhə altına alacaq.

Ölkədəki yüksək inflyasiya və büdcə kəsiri, o cümlədən, pandemiyadan sonra Macarıstan iqtisadiyyatının bərpası üçün nəzərdə tutulan 8 milyard avroluq tranşı Brüsselin bloklaması (səbəb Budapeşt ilə Brüssel arasındakı hüquq davasıdır) önəmli risklər daşıyır. Mayın 16-da Budapeşt oyuna qoyduğu “stavka”nı artırmaq qərarına gəldi: Macarıstanın xarici işlər naziri Peter Siyarto ölkənin enerji infrastrukturunun 18 milyard avroya tam modernləşdirilməsinin zəruri olduğunu söylədi. Daha sonra Macarıstanın Brüsseldən yeni təklif gözləməyə haqqı olduğunu ifadə etdi. Həmin vaxt Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Budapeştdə getsə də, onun Orbanla danışıqları heç bir nəticə vermədi.

Altıncı sanksiyalar paketindən Macarıstanın vetosunun götürülməsi üçün iqtisadi üstünlüklər bəndi Aİ-nin mayın sonunda keçirilməsi planlaşdırılan qeyri-rəsmi sammitinə təqdim oluna bilər. “Financial Times” adı açıqlanmayan avropalı rəsmiyə istinadən yazıb ki, Aİ Macarıstanın baş nazirinə sərfəli təklif etməlidir. "Orban çox praqmatikdir, bu, biznesdir", - o bildirib.

Nadir Quliyev
AzVision.az



Teqlər: Sanksiya  





Xəbər lenti