“Əlvan metallar 50-70% bahalaşacaq” - İrek Qalyamov (Müsahibə)

   “Əlvan metallar 50-70% bahalaşacaq” -    İrek Qalyamov (Müsahibə)
  23 May 2022    Oxunub:2639
Dünya bazarında ərzaq məhsullarının bahalaşması artıq planetin gündəmindəki bir nömrəli məsələdir. Lakin bahalaşan təkcə ərzaq deyil. Qiymətlərə və insanların həyatına dolayı təsir edən amillər də var. Onların arasında əlvan metallar xüsusilə önəmli yer tutur. Rusiyanın “Pozitiv Konsaltinq” mərkəzinin rəhbəri İrek Qalyamov bu barədə gözləntilərini AzVision.az ilə bölüşüb.
- Əlvan metallar bazarında hansı proses gedir?
- Qlobal miqyasda logistika zəncirlərinin və bazarların istiqamətinin dəyişdirilməsi, fikrimcə, əlvan metalların qiymətlərinin 50-70%-ə qədər artmasına səbəb olacaq. Bu, bir növ əlvan metallara tələbatın olduğu, lakin geosiyasi vəziyyətə görə məhdudlaşdırıldığı klassik iqtisadiyyatdır. Bu zaman tələb aktiv, təklif isə məhdud olur. Elə bir vəziyyət yaranır ki, əlvan metalların qiymətləri nəzəri olaraq da artmalıdır.

- Əlvan metalların qiymətinə hansı amillər təsir göstərir?
- Əlvan metallar bazarına hər şeydən öncə Rusiyadan mal ixracına ciddi məhdudiyyətlərin qoyulması təsir edir. Təkcə “Norilsk Nikel” zavodu paslanmayan poladdan əlavə, dünya palladium istehsalının 40, batareyalarda istifadə olunan nikelin təxminən 20%-ni verir. Avstraliya hakimiyyətinin alüminium istehsalı üçün xammal ixracına qadağa qoymaq haqda qərarını da qeyd etmək lazımdır. Hazırda tədarük zəncirlərinin yenidən qurulması və əvəzedici məhsullardan istifadə məsələsi ortaya çıxır. Rusiyanın daxili bazarında yenidən istiqamətləndirmə gözlənilir və istehsal bütövlükdə bu problemin həllindən asılı olacaq. “Norilsk Nikel”ə dividend ödənişi elan edildi, bu, şirkətin özünü rahat hiss etməsi deməkdir və müəyyən artımı təmin edəcək. Növbəti məsələ Ukraynadakı xüsusi əməliyyatın və geosiyasətin əlvan metalların artmasına təsiridir.

- Çin faktoru əlvan metallar bazarına nə dərəcədə təsir edir?
- Biz Çin rəsmilərindən stimullaşdırıcı tədbirlərlə bağlı vədlər eşidirik. İkincisi, Çinin enerji sektoru hazırda yüksəlişdədir, üçüncüsü, Çin hökuməti pandemiya ilə əlaqədar iqtisadiyyatın real sektorunu dəstəkləyir. Növbəti məqam müvafiq olaraq Rusiyada əlvan metal istehlakının artması, yəni şirkətlərin yeni investisiya layihələrinə başlamasıdır. Rusiya əvvəlki dövrlərdən fərqli olaraq dünya bazarı istehlakçılarından biri olacaq.

- Metalların qiyməti bərpa olunan enerji mənbələri bazarına necə təsir edir?
- Sanksiya təzyiqi şəraitində Rusiyada “yaşıl iqtisadiyyata” keçid ləngiyəcək, ümumilikdə isə dünya bazarı artıq buna yaxınlaşıb. Bu məsələdə son sözü əhali – özünüdərki formalaşdıran aktiv istehlakçılar deyəcək. “Yaşıl enerji”nin təşviqi və dövlətlərin dəstəyi bərpa olunan enerji mənbələrinə keçiddə fundamental rol oynamağa davam edəcək.
İqtisadi blokda “dairəvi iqtisadiyyat” deyilən bir anlayış var. Bu anlayışdan elmi dairələrdə, maşınqayırmada və sənayedə də istifadə olunur. Hələlik çalışmalar nəzəri səviyyədədir. Məncə, bu məsələyə daha dərindən nəzər yetirmək lazımdır. Fakt budur ki, dəyişən texnologiya yox, insanlardır, çünki müştərinin avatarını son nəticədə insan amili, yəni bərpa olunan enerji mənbələrinə tələbat müəyyən edir. Əgər planetin əhalisi bunu psixoloji nöqteyi-nəzərdən qəbul etməyə, əvəzini ödəməyə hazır olsa, o zaman bərpa olunan enerji mənbələri ənənəvi enerji resursları ilə ciddi rəqabət aparacaq. Amma bu istiqamətdə müəyyən işlər görülməlidir. Bəli, dövlətlər banklar, iri şirkətlər səviyyəsində “yaşıl iqtisadiyyat” siyasəti aparır, amma mövzu əslində yeni dəbə minib.
Ümumiyyətlə, istehlak psixologiyası iqtisadiyyatla sıx bağlıdır. Bu gün Avropada, ABŞ-da, bütövlükdə dünyada yetişməkdə olan gənc nəsil “yaşıl iqtisadiyyat”a meyillidir. Lakin bu məsələdə sənaye böyük rol oynayır.

Seymur Məmmədov
Nadir Quliyev



Teqlər: Metallurgiya  





Xəbər lenti