Valyuta ehtiyatlarına qənaət etməliyik – TƏHLİL

Valyuta ehtiyatlarına qənaət etməliyik – TƏHLİL
  21 Aprel 2014    Oxunub:1371
Azərbaycanın valyuta ehtiyatları durmadan artır. Cari ilin I rübü ərzində ölkənin sosial-iqtisadi inkişafına dair Nazirlər Kabinetinin (NK) aprelin 13-də keçirilən iclasında dövlət başçısı da vurğuladı ki, hazırda valyuta ehtiyatlarımız 53 milyard dollardır.

- Bu, çox böyük rəqəmdir. Xüsusilə ölkəmizin əhalisini nəzərə alsaq görərik ki, bu göstərici üzrə adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan dünyada qabaqcıl ölkələr arasındadır, – deyə Prezident qeyd etmişdi.

Bununla belə, bu vəsaitə ehtiyatla yanaşmaq və ondan qənaətlə istifadə etmək tələb olunur. Bu baxımdan, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 19 dekabr tarixli 57 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə dövlət başçısının 10 aprel 2014-cü il tarixdə imzaladığı Fərman əhəmiyyətli oldu.

Fərmana əsasən, Neft Fondunun (ARDNF) 759 milyon 900 manat vəsaitinə qənaət ediləcək ki, bu, Fondun cari il üçün nəzərdə tutulmuş büdcəsi üzrə profisiti 277 milyon 8,6 min manatdan 1 milyard 36 milyon 908,6 min manat məbləğədək artması demək oldu.

Fərmanla ARDNF-ın cari ilin büdcəsində Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsində Azərbaycanının iştirak payının maliyyələşdirilməsi ilə bağlı 800 milyon manatlıq xərc maddəsi Şahdəniz qaz-kondensat yatağının istismarının II mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin idarə edilməsi məqsədi ilə təsis edilmiş qapalı səhmdar cəmiyyətinin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi ilə əvəz olunmuş və bunun üçün tələb edilən məbləğ 40,1 milyon manat müəyyən edilib.

ARDNF-in 2014-cü il büdcəsində dövlət büdcəsinə 9 337 000,0 min manat transferdən sonra ən böyük xərc 800 000,0 min manatla TANAP layihəsində Azərbaycanının iştirak payının maliyyələşdirilməsi üçün nəzərdə tutulmuşdu. Söhbət, bunun 20 dəfəyə yaxın azaldılmasından gedir.

Yeri gəlmişkən, 2014-cü ilin dövlət büdcəsində də ən mühüm cəhət bəlli olduğu kimi ARDNF-dən transfertin keçən ildəkinə nisbətən 17,7 % az təşkil etməsidir. Yəni, bu ilki büdcədə 2013,0 milyon manata qənaət edilib. Dövlət büdcəmizin 60%-ə yaxın hissəsinin ARDNF-dan asılılığı bunu çoxdan vacib sayırdı.

Düzdür, transfertin 2013,0 milyon manat azaldılmasına əsasən cari ilin dövlət büdcəsinin ümumi gəlirləri də 2010-cü ildəkinə nisbətən az təşkil edir. Ancaq ARDNF-dən transfertin 17,7 % azalması fonunda büdcənin ümumi gəlirlərinin 4 % enməsi ciddi rəqəm deyil. Gəlirlərin azalacağına rəğmən, xərclər keçən ildəkindən 1,1 % çox təşkil edəcək. Sözümüz bunda deyil.

Neft Fondundan büdcəyə transfertin ilk dəfə olsa da, bu il azaldılması böyük hadisədir. O baxımdan ki, dövlət büdcəmizin neft pullarından asılı olmasının məhz ARDNF-dan transfertin artması hesabına güclənməsi mənfi hal idi. Belə ki, büdcə gəlirlərinin formalaşmasında sözügedən qurumun payı 2009-cu ildən 50%-dən yuxarı təşkil edir. Keçən il ARDNF-dan transfert 11 milyard 350 milyon manat təşkil edirdi ki, bu da gəlirlərin 59,2 %-i demək idi.

Bəs, ARDNF-in vəsaitinə qənaət nəylə əlaqədardır? Ölkənin valyuta ehtiyatlarına ehtiyatla yanaşmaq və ondan istifadəni məhdudlaşdırmaq tələbi nədən doğur?

ARDNF-dən TANAP layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsi xərcinin azaldılması bu sahədə layihə-smeta işləri üzrə aparılan dəqiqləşdirmələrlə əlaqədar qərara alınıb. Bunda da “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında Prezidentin bu ilin fevralın 25-ində imzaladığı Sərəncamın rolu var.

Sərəncamda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) nizamnamə kapitalı 100 milyon ABŞ dolları təşkil edən və səhmlərinin 51%-i dövlət mülkiyyətində, 49%-i isə ARDNŞ-ə məxsus qapalı səhmdar cəmiyyəti təsis etməklə Layihələrin səmərəli idarə olunmasını təmin etmək tapşırılıb ki, bununla da Fond birbasa olaraq TANAP-ın maliyyələşdirilməsində iştirak etməyəcək və bunun mexanizmi sonra aydınlaşacaq.

Demək istəyirik ki, TANAP-la əlaqədar azaldılma layihələrin idarəolunması ilə bağlıdır. Dövlət büdcəsinə gəldikdə isə ümumiyyətlə, ARDNF vəsaitinə getdikcə qənaətdə ölkəmizdə neft hasilatının azalmasının rolu var. 2011-ci ilin dövlət büdcəsinin 305,9 milyon manat profisitlə icra edilməsi fonunda ARDNF-dən həmin ildə transfert məbləği 203,2 milyon manat və yaxud 97,8 % kəsirlə həyata keçirilməsi hələ o vaxt onun gələcəkdə azaldılmağa başlanılacağı üçün siqnal oldu. Çünki dövlət büdcəsinin kəsirsiz icrasına rəğmən, transfert buna qədər 100% həyata keçirilirdi ki, növbəti ilə qalıq məbləği qalmasıına baxmayaraq, o, heç bir ildə “qayçılanmırdı”.

Yeri gəlmişkən, ARDNF-in təkcə Azəri-Çıraq-Günəşli (AÇQ) yatağının işlənməsi üzrə bu ilin yanvar-mart ayları ərzində gəliri 3 885,8 milyon dollar təşkil edib. Adı çəkilən yataq üzrə 2001-ci ildən bəri bütövlükdə isə 98 917,8 milyon dollar gəlir daxil olub. “Şahdəniz” yatağındansa cari ilin I rübü ərzində 115,6 milyon dollar götürülüb ki, 2007-ci ildən bəri 1712 milyon dollar təşkil edib. Ümumiyyətlə, bu ilin yanvarın 1-nə keçən ilin eyni dövrü ilə müqayisədə Fondun aktivi 5,1 % artaraq 35 877,5 milyon dollar olub.

ARDNF vəsaitlərindən qənaətin bir yolu da dövlət büdcəsindən xərclərə nəzarəti gücləndirməkdən keçir. Ona görə ki, ondan ən böyük xərci məhz büdcəyə transfert təşkil edir.

Qısa desək, böyük böyük məbləğdə investisiya proqramlarının icrası fonunda valyuta ehtiyatlarının artması yaxşı haldır. Ancaq iqtisadiyyatın və sahibkarlığın inkişafı, infrastruktur layihələrinin icrası öz maliyyə imkanlarımızdan da istifadə etməyi tələb edir ki, bu da sözsüz, səmərəli şəkildə həyata keçirilməlidir.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti