Türkiyə Orta Asiyada Rusiyanı əvəzləyə bilərmi? – AUDİOKAST

   Türkiyə Orta Asiyada Rusiyanı əvəzləyə bilərmi? –    AUDİOKAST
  26 İyul 2022    Oxunub:3703
“Hazırda dünyanın başlıca məsələsi inflyasiya problemini həll etməkdir. Amerika Çinin iqtisadi inkişafının qarşısını kəsməyə çalışmasaydı, inflyasiya ilə mübarizə daha rahat ola bilərdi. Bu gün Amerika inflyasiya ilə mübarizə üçün faizləri artırır. Əsas səbəb Çin ilə iqtisadi rəqabətdə geridə qalma qorxusudur. Belə bir zamanda Rusiya və Ukrayna arasında baş verən müharibə riskləri artırdı”.
Bu sözləri AzVision.az -a müsahibəsində türkiyəli iqtisadçı-ekspert Neşat Gündoğdu deyib. Onun sözlərinə görə, nəticədə bölgə ölkələri üçün fürsətlər yaranmasına baxmayaraq, dünyada ağır risklər ortaya çıxır. Enerjidaşıyıcılarının qiyməti inflyasiyanın strukturunda aparıcı rol oynadığından, Qərb ölkələri artıq faiz artımlarının da mənasız olduğunu düşünürlər. Çin Asiya ölkələrini müxtəlif adlar altında özündən asılı vəziyyətə salıb. Bu da onlarla iqtisadi əlaqələr qurmaq istəyən Qərbə açıq çətinliklər yaradır.



Əgər Rusiya enerji ölkəsidirsə, Çin enerjidən savayı hər şey istehsal edə bilən dövlətdir. Rusiya və Çinin ortaq pul vahidi ilə iqtisadi birlik yaratma ehtimalı var. Bura Orta Asiya ölkələri də qoşulsalar, tamam fərqli mənzərə yarana bilər. Qarşımızdakı dövr üçün masada çoxlu ssenarilər var. Hansı ssenarinin gerçəkləşməsi oyunçuların atacağı addımlardan asılı olacaq.

- Özbəkistan və Qazaxıstanla Türkiyənin iqtisadi əlaqələrində hansı yeniliklər gözlənilir?
- Türkiyə Putinin “dost” siyahısındakı ölkələrdəndir. Gömrük Birliyininin üzvü və Avropaya çıxışı olduğu üçün Rusiya Türkiyədə sürətli şəkildə şirkətləşməyə başladı. Avropadan qovulan bir çox oliqarxlar Türkiyəyə üz tutdular. Burada şirkətlər qurmağa, şirkətlərini Türkiyəyə daşımağa və ortaqlıqlar yaratmağa başladılar. Məqsəd Avropaya mal ixrac edə bilməkdir. Xırda ticarətdə rus malları artıq Avropa bazarına girir. Rusiya üçün Türkiyə sözün əsl mənasında açar rolunu oynayır. Rusiyanın Türkiyəyə ehtiyacı var. Biz bunu İranda gerçəkləşən toplantıdan anlaya bilərik: otaqda iki dəqiqə gözlədilən Putini xatırlayın. Onun səsini çıxara bilməməsi Rusiyanın Türkiyəyə nə qədər möhtac olduğunu nümayiş etdirir. Rusiya çox güclüdür və düşmənlərini təhdid edə bilər, lakin iqtisadiyyatının açıq qapıya ehtiyacı var. O açıq qapı isə Türkiyədir. Türkiyənin verdiyi bu fürsət Rusiya üçün əvəzedilməzdir. Bu səbəbdən Rusiya və Türkiyənin arasındakı iqtisadi inteqrasiya daha da güclənəcək.

O cümlədən, keçdiyimiz aylarda Özbəkistanla müəyyən müqavilələr bağlandı. Özbəkistanın Türk Dövlətləri Təşkilatına qatılması böyük bir hadisə idi. Türkmənistanın müşahidəçi üzv olması da həmçinin. Əlaqələrdə sürətlənmə müşahidə olunur. Özbəkistandakı hadisələrdə Türkiyənin tutduğu mövqe də vacib idi. Türkiyə digər türk dövlətləri ilə bərabər səviyyəli münasibət qurduğundan, bu siyasəti təqdir olunur. Bu səbəbdən regionda həqiqi birlik yaranır.

- Türk Dövlətləri Təşkilatı Avrasiya İqtisadi Birliyinə alternativ iqtisadi bir gücə çevrilə bilərmi?
- Avrasiya İqtisadi Birliyi çox vacibdir. Rusiyanın narahatlığının az da olsa, azalmasında kömək olur. Eyni zamanda fayda əldə edilməsinə hesablanan bir sistemi var. Ancaq istənilən səviyyəyə gələ bilmədi. Diqqət yetirsəniz, ora üzv ölkələr hansısa bir texnoloji ixracat edə, dünyanın inkişaf etdirəcək addım ata bilmir. Nəticədə yaradılmış iqtisadi işbirliyi müəyyən sahələrdə ölkələri bir-birindən asılı hala salır. Büdcəyə xeyri təbii ki var, ancaq iqtisadiyyatın inkişafına heç bir faydası yoxdur. Buna görə də, Avrasiya İqtisadi Birliyinin gələcəyinin olduğunu demək olmur.

Türk Dövlətləri Təşkilatının isə 2030-cu il vizionu var. Bu vizionda inteqrasiya proqramı mövcuddur. Həyata keçirilib-keçirilməyəcəyini gələcəkdə görəcəyik. Bu o qədər də asan bir proses deyil. Ancaq qeyd etmək lazımdır ki, Avrasiya İqtisadi Birliyinin yaşadığı problemlər Türk Dövlətləri Təşkilatı üçün də keçərlidir. Yenə kapital yığılması, texnoloji ixrac olmayacaq. Türkiyə hələ də texnoloji ixracatda dünya ilə rəqabət edəcək səviyyəyə çatmayıb.

Eyni anda iki gömrük təşkilatı ilə əməkdaşlıq mümkün deyil. Türkiyə onsuz da Avropanın gömrük birliyindədir. İkinci birlik üçün gərək oranı tərk etsin. Türkiyə bundan vaz keçməz, çünki trilyonlardan söhbət gedir. Düşünürəm ki, real variant kimi enerji sektorunda vahid pul ilə hansısa layihədən söhbət gedə bilər.

Bəxtiyar Məmmədov
AzVision.az


Teqlər: Orta-Asiya  





Xəbər lenti