Növbəti sosial artımlar nə vaxt olacaq – TƏHLİL

// İmkan var, vəziyyət isə tələb edir...

   Növbəti sosial artımlar nə vaxt olacaq –    TƏHLİL
  29 İyul 2022    Oxunub:3481
İlin I yarısı hələ başa çatmamış qeyd etmişdim ki, ölkədə inflyasiyanın yüksək olması ilə əlaqədar əhalinin sosial müdafiəsini daha da gücləndirmək lazımdır. Bu məqsədlə dövlət tərəfindən növbəti sosial paketin icrasına start verilməli və pensiya, əməkhaqqları, sosial müavinət və digər ödənişlər artırılmalıdır. Buna şərait də, imkan da var.
Yada salaq ki, 2019-cu il ərzində ardı-arda 2 dəfə - birincisi martın 1-dən, ikincisi isə sentyabrın 1-dən iki sosial paket icra edilmişdi. 2020-2021-ci illərdəki aralıqdan sonra dövlət başçımız İlham Əliyevin tapşırığı ilə bu ilin əvvəlindən 3,4 milyon insanı əhatə edən, illik maliyyə tutumu 2,1 milyard manata bərabər növbəti sosial paketin icrasına da start verildi. Bu, son üç il yarım ərzində ölkədə 4 milyon vətəndaşı əhatə edən üçüncü sosial islahat paketi idi.

Həmin paketlərin icrası üçün büdcədən əlavə olaraq ümumən 6 milyard manat ayrılıb. Nəticədə minimum əməkhaqqı 2,3 dəfə, orta əməkhaqqı 51 faiz, median əməkhaqqı 81 faiz, minimum pensiya 2,2 dəfə, orta aylıq pensiya 75 faiz, yaşa görə pensiya 70 faiz, müavinət və təqaüd ödənişləri isə 3,5 dəfə artıb. Ümumiyyətlə, sırf sosial ödənişlər üzrə son 3-4 ilin ərzində 2,5 milyon nəfərə əlavə olaraq 2,8 milyard manat, əməkhaqqı dəyişiklikləri üzrə isə 1,5 milyon nəfərə 3,2 milyard manat vəsait ayrılıb ki, bu da təkrar edirəm, ümumən 6 milyard manat edir.

Bütün bunlarda sözsüz, ölkədə büdcə-vergi (fiskal) siyasəti sahəsində həyata keçirilən dəyişikliklər mühüm rol oynayıb. Söhbət qeyri neft-qaz sektorunda gəlirlərin artmasından və bir sıra vacib Fondlara transfert, habelə mədaxilin daha qənaətbəxş forma almasından gedir. Bu çox sevindirici haldır və göstərir ki, dəyişiklikləri davam etdirmək lazımdır.

Büdcəyə mədaxildə keyfiyyət göstəriciləri, başqa sözlə desəm, vergi (fiskal) siyasətində həyata keçirilən dəyişikliklər sözünü hələ də deyir. İlin ilk 6 ayının yekunlarına aid məlumatda göstərilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 6 milyard 482 milyon 100 min manat vəsait daxil olub, bu da proqnoza nisbətən 2 milyard 064 milyon 700 min manat və ya 46,7 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 2 milyard 140 milyon 100 min manat və ya 49,3 faiz çoxdur. Həmin vəsaitin 67,6 faizi və yaxud 4 milyard 381 milyon 300 min manatı qeyri-neft-qaz sektorundan daxilolmaların payına düşməklə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 206 milyon manat və ya 38,0 faiz çox nəticə əldə edilib.

İlin ilk yarısının yekunlarına dair müşavirədə Prezident İlham Əliyev də qeyd etmişdi ki, buna iqtisadi sahədə aparılan islahatlar imkan yaradıb: “Çünki şəffaflıq var, dürüstlük var, hesabatlılıq var. Biznes dairələrinə bir neçə il bundan əvvəl möhlət verilmişdi ki, onlar da normal relslərə keçsinlər, kölgə iqtisadiyyatından əl çəksinlər. Onlara himayədarlıq edənlərə də, necə deyərlər, dərs verildi. Ona görə 6 ayda 2 milyard manat əlavə ancaq vergi orqanları yığıb və biz bundan istifadə edirik".

Bəs bu il ərzində növbəti sosial artımlar həyata keçiriləcəkmi? Prezident müşavirədə qeyd etdi ki, iqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində isə 11,5 faiz artım var. "Çox yaxşı nəticələrdir və bu nəticələri biz real həyatda da görürük. Çünki bu, imkan verir ki, biz maaşları artıraq, pensiyaları artıraq. Əhalinin gəlirləri təxminən 20 faiz artıb. Düzdür, inflyasiya bu artımın bir hissəsini, necə deyərlər, yeyir. İnflyasiya 12 faizdən bir qədər çoxdur. Amma bu, dünyada ümumi tendensiyadır",- dövlət başçısı vurğulamışdı.

Bu, o deməkdir ki, il ərzində növbəti dəfə artımlara getmək üçün hər cür imkan və əsas var. Lakin...

Dövlət başçımız müşavirədə yekun nitqində onu da əlavə etdi ki, artıq gələn ilin büdcəsi ilə bağlı müvafiq işə başlanmalı və hökumət bütün qurumların arasında keyfiyyətli koordinasiya qurmaqla, növbəti il üzrə dövlət büdcəsi sənədinin qarşıda duran bütün vəzifələri icra etməyə imkan yaratmasına nail olmalıdır. "Dürüstləşmədən sonra builki dövlət büdcəmiz məncə, Azərbaycan tarixində ən böyük büdcədir və biz istəyirik ki, artan imkanları maksimum səmərə ilə ölkəmizin inkişafına və insanların sosial rifahına yönəldək. Gələn ilin büdcəsində - əlbəttə ki, büdcənin parametrləri hələ müzakirə olunacaq, hələ vaxta var, amma mən əsas istiqamət olaraq yenə də sosial siyasəti görürəm",- deyə Prezident növbəti artımların ən geci 2023-cü ilin yanvarın 1-dən olacağı anonsunu verdi.

Prezident tapşırdı ki, insanların sosial müdafiəsini lazımi səviyyədə təmin etmək, xüsusilə də ən həssas kateqoriyadan olan insanların sosial məsələlərinin həll olunması üçün təkliflər verilsin. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, cari ilin ilk yarımilinin yekunlarına dair müşavirədə Prezidentin verdiyi tapşırığa əsasən, sosial islahatları davam etdirmək üçün təkliflər hazırlanacaq. Söhbət növbəti ildən gedir.

Sözün qısası, maaşlar, pensiyalar və sosial müavinətlər artacaq. Bu il olmasa da, ən geci gələn ilin yanvarın 1-dən etibarən...

Bəli, dünya iqtisadiyyatında inflyasiya və bahalaşmanın getdikcə gücləndiyi və geniş şəkildə tüğyan etdiyi zamanda ölkəmizdə dövlət büdcəsi olduqca əlverişli və yüksək göstəricilərlə icra edilir. Bu, çox müsbət hadisədir.
Ümumiyyətlə isə bu il ərzində də növbəti sosial paketi həyata keçirmək mümkündür və getdikcə tüğyan edən inflyasiya bunu labüdləşdirir. Bununla belə, xarici iqtisadi təsirlərin gedişatını, başqa sözlə desəm, inkişaf tendensiyasını da nəzərə almaq vacibdir. Dövlətin və hökumətin sosial istiqamətdə həyata keçirdiyi siyasətdə ən böyük təqdirəlayiq hal odur ki, ardıcıllıq və davamlılıq prinsipi hər şeydən əsas götürülür. Yəni əhalinin məhz real gəlirlərinin artmasına diqqət yetirilir.

Maaşları və pensiyaları hər zaman artırmaq mümkündür. Əsas odur, artımlar inflyasiyanın yeminə çevrilməsin. Yeri gəlmişkən, xatırladım ki, bir az əvvəl cari ilin dövlət büdcəsinə yenidən baxıldı və dəqiqləşdirildi. Diqqəti cəlb edən və xüsusi olaraq qiymətləndirilməli ən mühüm cəhət Dövlət Neft Fondundan transfert məbləğinin nəinki artırılmaması, əksinə, azaldılması oldu. Hələ buna rəğmən də ölkə üzrə minimum əməkhaqqı və pensiya məbləğini qaldırmaq mümkündür. Ancaq payızı gözləmək daha məsləhətdir.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Sosial-Siyasət  





Xəbər lenti