Serbiya-Kosovo: Böhran bir ay təxirə salınır – TƏFƏRRÜATLAR

      Serbiya-Kosovo:    Böhran bir ay təxirə salınır –    TƏFƏRRÜATLAR
  03 Avqust 2022    Oxunub:3251
Kosovo hökuməti avqustun 1-nə keçən gecə Belqrad və Priştina arasında qarşıdurmanın yumşaldılması barədə qərar qəbul edib. Məhz həmin gün Kosovo hakimiyyətinin ölkənin şimalında yaşayan serb vətəndaşlarına Serbiyada verilmiş avtomobil nömrələrinin dəyişdirilməsi, habelə Kosovoda qaldıqları müddətdə şəxsi sənədlərinə məcburi qaydada xüsusi sertifikatların əlavə edilməsi barədə qərarı qüvvəyə minməli idi. Buna Belqrad kəskin etirazını bildirmişdi.
Serbiya prezidenti xəbərdarlıq etmişdi: “Biz təslim olmayacağıq. Əgər onlar serbləri təqib etmək, təhqirə məruz qoymaq və öldürmək qərarına gəlsələr, Serbiya qalib gələcək”. Bundan sonra Kosovo serbləri iki keçid məntəqəsində - Serbiya-Kosovo sərhədindəki Yarin və Brnjakda barrikadalar qurdular, Kosovo polisi bu iki sərhəd keçid məntəqəsini bağladı, respublikanın şimalında serblərin məskunlaşdığı müxtəlif yerlərdə partlayış və atışma səsləri eşidildi.

KFOR-un tərkibində Kosovoda yerləşdirilən NATO qoşunları vəziyyəti “gərgin” qiymətləndirərək, sabitliyə növbəti təhlükə yaranarsa, müdaxiləyə hazır olduqlarını bildirdilər. Rusiya Xarici İşlər Nazirliyi Kosovo hakimiyyətinin planlarını “serb əhalisinin qovulması istiqamətində atılan addım” adlandırıb, “ Priştinanı və onun arxasında duran ABŞ və Aİ-ni təxribatları dayandırmağa , Kosovodakı serblərin hüquqlarına hörmət etməyə” çağırdı.


Gecə yarısına yaxın ABŞ-ın Priştinadakı səfiri Ceff Hovenier Kosovo prezidenti Vyosa Osmani və baş nazir Albin Kurti ilə görüşərək, avqustun 1-dən qüvvəyə minəcək qərarların icrasını təxirə salmağı tələb etdi. “Görünür, bu qərarlarla bağlı yanlış məlumat və anlaşılmazlıq var”,- səfir izah verdi.

Bundan sonra Priştina rəsmi məlumat yaydı: “Avqustun 1-də bütün barrikadaların götürüldüyü və Kosovonun şimalında bütün istiqamətlərdə tam hərəkət azadlığı bərpa edildiyi təqdirdə Kosovo hökuməti 29 iyun tarixli iki qərarını sentyabrın 1-dək təxirə salmağı öhdəsinə götürür ". Hökumət eyni zamanda “Belqradın hazırladığı və həvəsləndirdiyi yol blokadalarını, atışmaları və təcavüz aktlarını” pisləydi.

Aİ rəhbərliyi Priştinanın addımını alqışlayıb, vasitəçiliyə görə ABŞ-a təşəkkür edib, nömrələr və şəxsi sənədlər probleminin qarşılıqlı məqbul həllinə nail olmaq üçün gələn ay Serbiya-Kosovo dialoqunu təşkil etməyə hazır olduğunu bildirib. Aİ diplomatiyasının rəhbəri Cozep Borrel “bütün açıq problemlər üzrə dialoqu davam etdirmək üçün” artıq Aleksandr Vuçiçi və Albin Kurtini Brüsselə dəvət edib.


Serbiya-Kosovo münasibətlərindəki vəziyyət bir çox cəhətləri ilə ötən ilin sentyabr ssenarisini təkrarlayır. O zaman da avtomobil nömrələri problemilə bağlı yaranan böhran əvvəlcə silahlı qarşıdurmaya çevrildi, sonra isə Aİ-nin vasitəçiliyi ilə həll olundu: hər iki tərəf dövlət nömrə nişanlarını çıxarmaq əvəzinə onların üzərinə Serbiyanın və Kosovonun dövlət rəmzlərini görünməz edən xüsusi etiketlər yapışdırmağa başladılar.

Ancaq Belqrad və Priştina götürdükləri öhdəliklərə baxmayaraq, son on ayda problemin uzunmüddətli həllinə nail ola bilməyiblər. Bu dəfə də oxşar hadisə baş verə bilər.

Bu ilk növbədə tərəflərin mövqelərinin üst-üstə düşmədiyi şəxsi sənədlərlə bağlı vəziyyətə aiddir. Kosovonun baş naziri Albin Kurti təkid edir ki, giriş-çıxış sertifikatına Serbiyanın özündə olduğu kimi, bütün şəxslərə verilən sənədlər əlavə olunsun. Serbiya prezidenti Aleksandr Vuçiç isə son günlər dəfələrlə bildirib ki, bunun Kosovoda yaşayan serblərə aidiyyatı yoxdur. Serbiya prezidentinin mövqeyini Moskva da dəstəkləyib.

Bazar ertəsi Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Kosovonun tələblərini əsassız hesab edir və “Belqradın Aleksandr Vuçiçin açıqladığı konstruktiv mövqeyini” dəstəkləyir. "Vəziyyət cəmi bir ay təxirə salınıb, ona görə də hər iki tərəfin ehtiyatlılıq nümayiş etdirməsi çox vacibdir", - Dmitri Peskov əlavə edib.


ABŞ-ın vasitəçiliyi ilə qəbul edilən qərar Belqrad və Priştina arasında qarşıdurmanı ləngidir. Hazırda Serbiya ilə Kosovo arasında ciddi münaqişə ehtimalı azdır. Kosovonun baş naziri Albin Kurti sələfləri kimi ABŞ və Aİ-nin güclü təsiri altında olmasa da, Serbiya ilə qarşıdurmadan qaçmaq üçün Qərbin tövsiyələrinə qulaq asmağa məcburdur.

Serbiya prezidenti Aleksandar Vuçiçə isə Qərbin gözündə özünü sülhməramlı kimi təqdim etmək sərfəlidir və o, NATO qoşunlarının KFOR qüvvələrinin tərkibində yerləşdiyi Kosovo ilə hər cür hərbi qarşıdurmadan qaçır. Buna görə də, Serbiya Prezidenti hazırkı böhranın qızğın çağında belə nə Kosovo ilə normallaşmaya dair danışıqların dayandırılması, nə birgə enerji layihələrindən çıxmaq, nə də Belqradın Kosovo hökuməti və ya parlamentindəki adamlarının (“serb siyahısı”) tam olaraq getməsi haqda danışır. Lakin bütün bunlar heç də o demək deyil ki, Serbiya ilə Kosovo arasında münasibətlərin normallaşması mümkün deyil.

Nadir Quliyev
AzVision.az




Teqlər: Serbiya   Kosovo   Böhran  





Xəbər lenti