Niyə Ermənistana sanksiyalar tətbiq olunmur? – TƏHLİL

Niyə Ermənistana sanksiyalar tətbiq olunmur? – TƏHLİL
  29 Aprel 2014    Oxunub:1527
Aprelin 17-də Ukrayna-ABŞ-AB-Rusiya danışıqlarında əldə olunmuş razılaşmaya əsasən Rusiya Ukraynadakı vəziyyətin tənzimlənməsi ilə bağlı öhdəlik götürməsinə baxmayaraq, ölkənin cənub-şərq əyalətlərində vəziyyət gərgin olaraq qalmaqdadır. Vəziyyətin gərginləşməsində Rusiyanın əli olduğunu bütün dünya dövlətləri bəyan etsə də, rəsmi Moskva bunu boynuna almır.

Amerika prezidenti Barak Obama bunu əsas gətirərək, Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq olunacağını bildirib. Yeni sanksiyalara əsasən Rusiyanın 17 iri şirkətinə qarşı qadağalar tətbiq olunacaq. Eyni zamanda Rusiya prezidentinin yaxın ətrafından olan 7 vəzifəli şəxs ABŞ-ın qara siyahısına düşüb.

Amerika prezidentinin son səfərləri və bəyanatları onu deməyə əsas verir ki, Rusiyaya qarşı pressinq bununla bitməyəcək və Vaşinqton məsələyə daha geniş miqyasda kompleks yanaşmanın tərəfdarıdır. Obama Rusiyaya qarşı Avropa ölkələri ilə yanaşı, şərqin Yaponiya, Cənubi Koreya, Filippin və Malaziya kimi dövlətlərini də qatmaqla vahid cəbhədən çıxış etməyi və birgə razılaşdırılmış qərarların qəbul olunmasını istəyir. Asiya səfəri çərçivəsində Filippinin paytaxtı Manilada mətbuat konfransı keçirən Obama Avropa dövlətlərinin Rusiyaya qarşı vahid cəbhədən çıxış etməsinin vacibliyindən danışıb və yaranmış böhranın Rusiya-Amerika qarşıdurması kimi görünməsini istəmədiyini deyib.

Obama Yaponiyaya səfəri zamanı Çin ilə Yaponiya arasında mübahisəli hesab olunan Senkaku adalarının Yaponiyaya məxsus olduğunu bildirib və adaların ərazisinə hücum baş verəcəyi təqdirdə Vaşinqtonun Tokiyoya lazımi hərbi yardım göstərəcəyini söyləyib. Amerika prezidenti Rusiyaya qarşı iqtisadi təzyiq məsələsində öz tərəfdaşlarından dəstək umduğunu da Yaponiyanın hökumət rəhbəri Sindzo Abeyə xatırlatmağı unutmayıb.

Filippinlə ABŞ arasında isə hərbi əməkdaşlığın genişləndirilməsi barədə razılaşma imzalanıb. Yeni razılaşma Amerikaya Filippində yerləşdirdiyi hərbi bazalarının sayını artırmaq imkanı verir. Obama Manilada olarkən Çin rəhbərliyinə müraciət edərək daha zəif ölkələri hədələməməyə çağırıb.

Xatırladaq ki, 2012-ci ildə Çin hərbi gəmiləri Filippinlə mübahisəli hesab olunan Skarboro Şon arxipelaqını nəzarətə götürüblər. Maraqlıdır ki, Asiya turnesi çərçivəsində Obama Çinə səfər etməyib.

Amerikanın Çinə bu yolla təzyiq göstərməsi də Rusiya ilə bağlıdır. Doğrudur, Pekin açıq şəkildə Moskvanın Krımla bağlı mövqeyini dəstəkləməyib və BMT Baş Assambleyasında Krımın anneksiyasını pisləyən qətnamə ilə bağlı keçirilən səsvermədə bitərəf qalmağı üstün tutub. Söhbət ondan gedir ki, Rusiyaya qarşı daha geniş miqyaslı sanksiyalar tətbiq ediləcəyi halda, bundan Çinin öz iqtisadi maraqları üçün istifadə etməsi ehtimalı var.

Belə ki, Avropa Rusiyadan neft və qaz alışını azaldacağı təqdirdə Çin üçün daha ucuz və sərfəli şərtlərlə enerji daşıyıcıları əldə etmək imkanı yaranacaq. Nəticədə sanksiyalar gözlənilən effekti verməməklə yanaşı, Çin iqtisadiyyatının daha da güclənməsi üçün də şərait yaranacaq. Vaşinqton üçün hazırki məqamda Çinin ən azı neytral qalması vacibdir. Bunu əldə etmək üçün isə, amerikalılar Filippin, Malaziya və İndoneziyanın yardımından yararlanmağa çalışırlar. Belə ki, bu ölkələr Çin üçün vacib ixrac bazarları hesab olunur.

Belə qənaətə gəlmək olar ki, Amerika Rusiyaya qarşı kompleks iqtisadi sanksiyalar tətbiq edilməzdən əvvəl Moskvaya yardım göstərə biləcək ölkələri neytrallaşdırmaq istəyir. Bu ölkələrdən ilkin olaraq İran neytrallaşdırıldı. Tehrana qarşı sanksiyalar ləğv olundu və İrana enerji resurslarını Rusiyaya deyil Avropaya ixrac etməsi üçün şərait yaradıldı. Eyni zamanda İranla Rusiya arasında olan mal müqabilində neft layihəsi dayandındırıldı. Digər mümükün yardımçı ola biləcək ölkə Çindir və Obamanın Asiya səfəri məhz Pekinin neytrallaşdırılması məqsədini güdür.

Rusiyaya açıq-aşkar dəstək göstərdiyini gizlətməyən ölkələrdən biri də Ermənistandır. Kəskin qütbləşmənin getdiyi belə bir məqamda Azərbaycanın vəziyyətdən istifadə edərək Yerevanı da Amerikanın qara siyahısına salmaq istəyi başa düşüləndir. Azərbaycan Prezidenti İlham Əliyev artıq ikinci dəfədir ki, çıxışında Ermənistanın beynəlxalq hüquq normalarına zidd olaraq ölkəmizin ərazilərini işğal etdiyini bildirir və haqlı olaraq belə bir sual ortaya qoyur ki, nəyə görə Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmur.

Əslində, qərb ölkələri Ermənistanın beynəlxalq hüquq normalarını pozmasını, Azərbaycan ərazilərini işğalda saxlamalarını çoxdan bilirlər. Prezident İlham Əliyevin yaranmış vəziyyətdə bunu bir daha bəyan etməsi, Vaşinqton və Brüsselə geosiyasi qütbləşmənin ruhuna uyğun xəbərdarlıq xarakteri daşıyır və dolayı yolla onlara anladılır ki, Ermənistanın da düşmən mövqedə dayanır. Məqsəd onu göstərməkdir ki, Ermənistan nəinki Azərbaycanın, eyni zamanda bütün sivil dünyanın, Amerika və Avropanın düşmənidir və real təhlükə mənbəyidir.

Güman ki, Amerika Ermənistanın zəif olması ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq olunacağı təqdirdə bu ölkəyə hər hansı ciddi dəstək göstərəcəyinə inanmır. Məhz buna görə, Yerevana qarşı hansısa sanksiyaların tətbiqinə tələsmir. Eyni zamanda, əlavə sanksiyaların tətbiqi Ermənistan ictimaiyyətində anti-qərb əhval-ruhiyyəsinin yaranmasına səbəb ola və rəsmi Yerevan bundan istifadə edərək, ictimaiyyət qarşısında Gömrük İttifaqına daxil olmasına haqq qazandıra bilər.

Ehtimal etmək olar ki, Qərb Moskvaya qarşı sanksiyalar tətbiq edildikdən sonra tamamilə Rusiya asılılığına düşmüş Ermənistanın daha da ağır vəziyyətə düşəcəyinə və əhalinin təzyiqi ilə rəsmi Yerevanın Rusiyaya inteqrasiyadan əl çəkəcəyinə ümid edir.

Tofiq Əsgərov
AzVision.az



Teqlər:





Xəbər lenti