Qırğızıstan-Tacikistan sərhədində atışma: Yaralıların sayı 40 nəfəri ötdü - YENİLƏNİB - 1

  Qırğızıstan-Tacikistan sərhədində atışma:  Yaralıların sayı 40 nəfəri ötdü -  YENİLƏNİB - 1
  16 Sentyabr 2022    Oxunub:1040
Qırğızıstan və Tacikistan sərhədində baş verən toqquşma nəticəsində Qırğızıstan tərəfindən yaralananların sayı 42 nəfərə çatıb.
Bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, Qırğızıstan və Tacikistan sərhədinin bütün perimetri boyunca şiddətli döyüşlər gedir, Tacikistan tərəfi ağır zirehli texnika, reaktiv yaylım atəş sistemləri (RYAS) və aviasiyadan istifadə edir.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sədri Stanislav Zas eskalasiya ilə əlaqədar Qırğızıstanın Təhlükəsizlik Şurasının katibi Marat İmanqulov və Tacikistan TŞ katibi Nəsrulla Mahmudzadə ilə telefonla əlaqə saxlayıb. Tərəflərin dərhal atəşkəs elan edilməsi və danışıqlara başlanılması ilə bağlı danışdığı bildirilib.

***

Qırğızıstan-Tacikistan sərhədində hərbçilər arasında silahlı toqquşma zamanı yaralanan Qırğızıstan vətəndaşlarının sayı 31 nəfərə çatıb. AzVision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

"Daha 13 nəfər Batken vilayətindəki xəstəxanalara çatdırılıb", - nazirliyin sözçüsü bildirib. Bundan əvvəl Qırğızıstan hökuməti 18 yaralı olduğunu bildirmişdi.

Toqquşmalar nəticəsində ölənlər barədə məlumat hələlik Qırğızıstanın Səhiyyə Nazirliyinə daxil olmayıb. Ölənlər arasında həm mülki şəxslər, həm də hərbçilər var.

"Vəziyyət və diaqnozlar barədə məlumat daha sonra veriləcək" - deyə nazirlikdən bildirilib.

Qırğızıstan tərəfinin məlumatına görə, cümə günü səhər Tacikistan Eki-Taş, Çir-Dobo, Kum-Mazar, Kulundu, Maksat, Janı-Cer və Orto-Boz ərazilərində, həmçinin Səmərqəndəkdə Qırğızıstanın sərhəd dəstələrini atəşə tutmağa başlayıb.

Qeyd edək ki, sentyabrın 14-də Qırğzıstan-Tacikistan sərhədində vəziyyət gərginləşib. Qırğızıstan tərəfinin bildirdiyinə görə, tacik sərhədçiləri çərşənbə günü Qırğızıstanın Batken vilayətinin Batken rayonunun Bulak-Başı bölgəsindəki sərhəd zonasına daxil olaraq döyüş mövqelərini tutublar.

Ərazini tərk etmək tələbinə cavab olaraq Tacikistanın sərhədçiləri atəş açıb, ardınca atışma baş verib. Bir neçə saat sonra Batken bölgəsindəki Kak-Sai və Paski-Arık bölgələrində də silahlı toqquşmalar olub. Axşama yaxın atışma dayanıb. Qırğızıstan tərəfi iki hərbçinin və üç mülki vətəndaşın yaralandığını bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti