Erməni valideynlər hərbi hissədə gecələyirlər: 30 əsgər yoxa çıxıb

   Erməni valideynlər hərbi hissədə gecələyirlər:    30 əsgər yoxa çıxıb
  20 Sentyabr 2022    Oxunub:1152
Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son hərbi təxribatlar İrəvana baha başa gəlib. Ermənistan itki və yaralılarla bağlı dəqiq statistikanı tam şəkildə açıqlamır. Yalnız dünən Ermənistan Təhlükəsizlik Şurası ümumi şəkildə ölü və itkin sayının 207-yə çatdığını bəyan etdi.
Əsgər valideynləri isə hakimiyyətdən adların əks olunduğu konkret siyahının dərc olunmasının tələb edirlər.

Məsələn, hüquq müdafiəçisi Janna Aleksanyan yerli mediaya açıqlama verərək deyib ki, ayrı-ayrı regionlardan olan xeyli sayda valideyn ona müraciət edərək yardım istəyir.

Ermənistan KİV: "Yaralılarımız "Qazprom"un "UAZ"ları ilə daşınırdı"
- 7 gündür 30 hərbçi valideyni Gorusdakı hərbi hissənin yaxınlığına toplaşıb. Valideynlərdən biri mənə zəng etdi. Düz 7 gündür ki, hərbi hissənin divarları arxasında gözləyən həmin insanlar övladlarının harada olması barədə məlumat almaq istəsələr də, onlara cavab verən yoxdur. Bu insanlar normal yemək və şərait olmadan küçədə gecələyirlər. Müdafiə Nazirliyi niyə heç bir izahat vermir? Bu nə hörmətsizlikdir? Hörmətli məmurlar, oğullarınızın başına belə bir hadisə gəlsəydi, bu vəziyyətdə nə edərdiniz?", - hüquq müdafiəçisi gileylənib.

Nəşr həmin narazı valideynlərdən birinin fikirlərini dərc edib.

- 7 gündür bu ərazidəyik, gözümüz yaşlıdır. Hərbi hissədə deyirlər ki, məlumatımız yoxdur, heç nə bilmirik. Bəs kim bilməlidir? Desinlər ki, ölüblər, biz də çıxıb gedək yasımızı tutaq, - narazı əsgər atası deyib.

Valideynlər övladlarının hara yoxa çıxmalarına dair suallarına cavab almayana qədər getməyəcəklərini bəyan ediblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Əsgər  





Xəbər lenti