Hər 500 ildən bir… - Türk tarixindəki qanunauyğunluq

      Hər 500 ildən bir…    - Türk tarixindəki qanunauyğunluq
  14 Noyabr 2022    Oxunub:4869
Belə bir nəzəriyyə var ki, tarixdə hər 5 əsrdən bir türk xalqlarının və dövlətlərinin yüksəliş, intibah, inkişaf dalğası müşahidə olunur. Əslində buna “nəzəriyyə” də yox, hətta “qanunauyğunluq” deyə bilərik, çünki yoxlamaq çətin deyil ki, indiyə qədər məhz belə də olub. Ümumiyyətlə, həyatda hər şey, o cümlədən, tarix də təkrarlanan dövrlərdən, tsikllərdən ibarətdir. Bəs bu, türklərin tarixində özünü necə göstərir?
6-cı əsrdə ilk dəfə adında “türk” sözü işlənən dövlət – Göytürk xaqanlığı yaranıb. Əfsanəvi şəxsiyyətlər - Bumın və İstəmi qardaşlarının əsasını qoyduqları göytürklərin xaqanlığı müxtəlif vaxtlarda Krımdan Çinə qədər olan nəhəng əraziləri əhatə edib, mərkəzi isə Orxon çayının hövzəsində yerləşirdi.
Bu haqda saatlarla danışmaq olar, çünki göytürklər – bir növ türkçülüyün klassikasıdır. Səbəbi aydındır: ümumiyyətlə, “türk” sözünə yazılı olaraq ilk dəfə məhz Göytürklər dönəminə aid Orxon abidələrində rast gəlinib. Düzdür, bu ilin yayında Monqolustanda aparılan arxeoloji qazıntılar nəticəsində İltəriş Qutluq xaqana həsr edilmiş 12 sətirlik daha bir qədim türk yazılı abidəsi tapıldı. Bu, son illərin ən vacib arxeoloji kəşflərindən idi. Amma burası artıq başqa əhvalatdır, geniş mənada isə İltəriş Qutluq da göytürk xaqanlarından olduğundan, vəziyyət dəyişmir - Göytürk xaqanlığı türklərin dövlətçilik şüurunun inkişafında böyük rol oynayıb və bu tarix 6-cı əsrdən başlayır.

500 il sonraya baxsaq, 11-ci əsr dövrün və ümumilikdə tarixin ən güclü, əhəmiyyətli türk səltənətlərindən olan Səlcuqluların yarandığı və gücləndiyi dövrdür. Zamanın ən güclü imperiyalarından birini qurmaqla türklər nəinki Orta Asiyaya, indi “İran” adlanan yerə, Güney Qafqaza, Anadoluya, Yaxın Şərqə hakim olur, həm də xilafəti praktik olaraq ərəblərdən alırlar və İslamın inkişafını öz üzərlərinə götürürlər. Bundan sonra İslam məhz türklərin sayəsində və türklərin dini qlobal dinə çevrilmək istiqamətində gedəcək. Bu, 11-ci əsrdə baş vermişdi.


Daha 500 il sonraya boylansaq, 16-cı əsrdə Osmanlı İmperiyasının ən güclü vaxtını görürük. Türklər üç qitədə - Avropada, Afrikada və Asiyada parlaq qələbələr qazanır və böyük ərazini, əhalini idarə edirlər. Faktik olaraq o vaxtkı dünya nizamını müəyyənləşdirən güclərdən biri türklər idi.

Bundan da 500 il sonraya sıçrasaq, 21-ci əsrə düşürük. Türk dünyasında növbəti intibahın əlamətləri açıq-aşkar ortadadır. Planetdə 7 müstəqil türk dövləti var və onların arasında nəinki heç bir konflikt yaşanmır, əksinə, öz kimliklərini dərk edərək, böyük keçmişlərindən güc alaraq, birlikdə böyük gələcəyi qurmaq istəyirlər. Türk Dövlətləri Təşkilatının bu həftə baş tutan Səmərqənd sammiti də bunu təsdiqləyirdi…

21-ci əsrin Türk əsri olacağını iddia etmək heç də romantik utopiya deyil. Müasir türklər qədim etnos olduqları qədər də gənc xalqlardırlar, böyük passionarlıq enerjiləri var, inkişafları üçün resurslar mövcuddur, ən əsası isə, ağıllı, uzaqgörən liderləri də yetişib. İstər Ərdoğan olsun, istər İlham Əliyev, öz xalqlarına uğurla, müdrikcəsinə rəhbərlik etdikləri kimi, bütün türk dünyasına da mayak ola biləcək şəxsiyyətlərdirlər. Bunun özü də bir resursdur.

Diqqət edin: müasir qərb ölkələri siyasi liderliyi aşındıraraq, güclü liderlik institutundan imtina edirlər. Amma onların biznes kitablarını oxusanız, görəcəksiniz ki, əksəriyyəti liderlik haqqındadır. Halbuki normalda biznesə lider yox, menecer tələb olunmalıdır. Demək istədiyim odur ki, fərqi yoxdur – biznesin, siyasi partiyanın, dövlətin, xalqın… inkişafı üçün lider ən vacib resurslardan biridir və bu gün türk dünyasında bu da var.

Vüsal Məmmədov
AzVision.az



Teqlər: Türk-Birliyi  





Xəbər lenti