Həbs edilən güneyli blogerin vəziyyəti ağırlaşıb - Təfərrüatlar

Həbs edilən güneyli blogerin vəziyyəti ağırlaşıb -  Təfərrüatlar
  17 Noyabr 2022    Oxunub:864
İran hazırda müasir dövrünün ən gərgin və ağır vaxtlarından birini yaşayır. Bir aydan çoxdur ki, ölkədə ölümlərlə nəticələnən etiraz aksiyaları dayanmaq bilmir.
Hər şey ondan başladı ki, bu ilin sentyabrında Məhsa Əmini adlı 22 yaşlı gənc xanım hakimiyyətin tətbiq etdiyi hicab qaydasını pozduğuna görə əxlaq polisi tərəfindən öldürüldü. Xalq baş verən haqsızlıqlara hələ də susmur, hər ötən gün daha çox kütləvi etiraz və polislərlə toqquşma, həbs xəbərləri gəlir.

Ancaq hakimiyyətin xalqa tutduğu divana etiraz edən fəallar həbsdən sonra da rahat buraxılmırlar. Məsələn, “Amerikanın Səsi” radiosunun yaydığı məlumata görə, milliyyətcə azərbaycanlı olan tanınmış İran blogeri və ictimai fəalı Hüseyn Ronaği həbs olunandan sonra vəziyyəti ağırlaşıb. O, ötən həftəsonu xəstəxanaya yerləşdirilib.

24 sentyabrda həbs olunan Ronaği etirazlar zamanı saxlanılan onlarla məşhur insan haqları aktivisti, jurnalist və hüquqşünasdan biridir. Saxlanıldıqdan sonra Evin həbsxanasına göndərilən Ronaği 50 gündən çoxdur, aclıq aksiyası keçirir. Xarici media ilə də əməkdaşlıq edən Hüseyn İslam respublikasında yaşayan ən cəsur tənqidçilərdən sayılır.

İran rəsmiləri iddia ediblər ki, guya onun vəziyyəti stabildir. Əslində isə blogerin vəziyyəti acınacaqlıdır.


Blogerin ailəsi Hüseynin uzun illərdir böyrək xəstəliyindən əziyyət çəkdiyini deyib və bu səbəbdən hazırda xəstəxanaya yerləşdirilən aktivistin səhhətindən narahat olduğunu bəyan edib. Məsələn, Hüseynin qardaşı Həsən Ronaği Tvitter səhifəsində aktivistin həbsxanada hər iki ayağının sındırıldığını yazıb.

Həsən bazar ertəsi paylaşdığı tvitdə isə Tehrandakı insanları qardaşına dəstək olmağa çağırıb. O, "zəhmət olmasa, Hüseynin xəstəxanadan çıxarılmaması üçün Dey Xəstəxanasını mühasirəyə alın" yazıb.



Artıq nəinki, Ronaği ailəsi, beynəlxalq ictimaiyyət də sosial şəbəkələrdən blogerin səhhətinin bilərəkdən pisləşdirilməsindən narahatlıqlarını bəyan edirlər. Sosial mediada yayılan videolarda iranlı etirazçı qrupların Dey Xəstəxanasının qarşısında "Hüseyn Ronaği" şüarları səsləndirdiyi görünür. Hakimiyyət bu etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.



Maraqlıdır ki, Ronaği həbs olunmazdan əvvəl lentə aldığı videosunda bir çox insanın İran üçün öz həyatından keçməyə hazır olduğunu deyib. Bloger vurğulayıb ki, özü də İran üçün ölümə hazır olanlardan biridir. O, həmçinin iranlıların dünyanın müxtəlif yerlərindəki digər xalqlar kimi azad yaşamaq istədiklərini də deyib.

Ronaği ilə bağlı yaranmış durum ABŞ-ın da diqqətindədir. ABŞ Təhlükəsizlik Şurasının müşaviri Ceyk Salivan bazar ertəsi bəyan edib ki, “Ronaği kimi siyasi məhbuslara tətbiq olunan işgəncə və təzyiqlərə son qoyulmalıdır”.



Qeyd edək ki, Hüseyn Ronaği İran hakimiyyətinin ən çox təzyiq göstərdiyi və çəkindiyi fəallardan sayılır. Bloger İranda 2009-cu ilin prezident seçkilərindən sonra başlanan etirazlar zamanı da həbs edilmişdi. O, əvvəllər "Babək Xürrəmidin" ləqəbi ilə məqalələr yazıb. Ronaği 2009-cu ilin dekabr ayının 13-də hökumətin internet qadağasını pozduğu üçün qardaşı Həsən ilə birlikdə saxlanılıb.

Hüseyn Ronaği ürək və böyrək problemlərindən əziyyət çəkir. Hələ o vaxtı həbsxanadakı gözətçilər ona tibbi yardım göstərilməsinə icazə verməmişdilər. Buna etiraz olaraq, Hüseyn aclıq aksiyası keçirmişdir. Qardaşı azadlığa buraxılsa da, Hüseyn məşhur Evin həbsxanasında saxlanıldı. Ondan televiziyada üzr istəmək və günahını etiraf etmək tələb olunmuşdu. Bloger təklifi rədd etdikdən sonra oktyabr ayının 3-də 15 illik həbs cəzasına məhkum edildi.

Hüseyn həbsdə olarkən 4 dəfə böyrək əməliyyatı keçirib. Onun 100-ə qədər həbsxana yoldaşı aidiyyəti dövlət qurumlarına məktublar yazaraq Hüseynə tibbi yardım göstərilməsini xahiş etmişdilər. "Amnesty International" Hüseynin sadəcə ifadə azadlığından istifadə etdiyi üşün həbs olunduğunu bildirərək, azərbaycanlı fəalın dərhal azad edilməsini tələb etdi.

Hazırda Hüseynin azadlığa buraxılması real görünmür. İran çalxalanır, hətta aksiyalara qatılmağa görə ilk dəfə ölüm hökmü belə çıxarılıb.

Xatırladaq ki, İranda Rəisi hakimiyyətə gələndən sonra hicab qadağası ilə bağlı qaydalar sərtləşdirilib, əxlaq polisi nəzarəti gücləndirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Həbs   Bloger  





Xəbər lenti