Sağ Qolun faciəsi | 20 yanvar hekayələri

   Sağ Qolun faciəsi    | 20 yanvar hekayələri
  20 Yanvar 2023    Oxunub:1088
AzVision.az yazıçı-publisist Rafiq Səməndərin 1990-cı ildə dərc olunmuş “Şəhidlər” kitabından “Sağ qolun faciəsi” adlı hekayəni təqdim edir.

- Oğul, sən mənim oğlum haqqında ölmuş kimi yazsan, ömrüm boyu lənətləyərəm səni. O ölməyib, o ölməyib… Sağ qolu kəsilib, bir gün qolsuz qayıdacaq bu evə. Bacarırsan təkcə kəsilmiş sağ qolu haqqında yaz. Eşidirsən???
-Eşitdim ana, eşitdim...


Bu sağ qolun yiyəsi Sadıqov Yusif Allahverdi oğludur. O, 1964-cü ildə anadan olub. Sağ qolu Xiyabanda 9-cu qəbirdə dəfn ediblər. Anaya söz verdiyim kimi, söhbət ancaq sağ qoldan gedəcək.

Bir ay idi sağ qolun ünvanını axtarırdım. Gecə-gündüz soraqlayırdım. Salyan kazarmasının qabağında dayanıb səkilərdən soruşurdum. Küçələrə yalvarırdım. Ağaclara baxırdım. Üzbəüz dükanın, dükanın da üstündəki evlərin aynabəndinin düz gözünün içinə baxırdım. Deyirdim bəlkə o faciədən bir an quruyub qalıb bu şüşələrdə. Bu daş divarlarda, nə qalmışdısa hamısı güllələnmişdi, qorxmuşdu, rəngi avazımışdı. Nəhayət, bir gün bir müəllimə (adı yadımdan çıxıb) zəng edib onun, o sağ qolun təxmini yerini dedi mənə. “Göyərçin” kafesinin yanı. Sonra bir də Fatma müəllimə zəng elədi. Dedi onların evi Nigar Rəfibəyli küçəsi, 85-dir…

Axşam o ünvana da getdim. Belə ünvan, belə ev, belə nömrə yox idi. Sonra kimsə dedi ki, 4-cü Dağlıq küçəsi, 85-dir. Ora da getdim… Yenə düz gəlməmişdim… Beləcə, düz bir ay keçdi. Günlərin bir günü bir yas mağarının yanından keçəndə maşını əyləyib mağara girdim. Başsağlığı verib, içəri keçdim. Mağarda söhbət əsnasında Allahverdi müəllimi, sağ qolun atasını tanıdılar. Bir yasdan götürüb o biri yasa gətirdilər məni. (Bağışla, ana, yasa yox, sağ qolun evinə gəldim). Sən demə, küçə elə hamımızın tanıdığı küçəymiş. 4-cü Dağlıq yox, 4-cü Aşırım küçəsi, 85. Göy qapının ağzında maşından düşəndə gördüm bir ata əlində zənbil harasa gedir.

Dedim:
- Bağışlayın, mənə Allahverdi müəllim lazımdır.
- Oğul, Allahverdi müəllim elə mənəm.
…Vəssalam… Beləcə, sağ qolun atasını və mənzilini tapdım. Söhbət elədim. Ancaq o görüşümdən də bir ay keçdi, o sağ qol haqqında əlimə qələm götürüb yaza bilmədim. Mənim də sağ qolum işləmirdi. Nə qədər çalışırdım, nə qədər dilimi dişimə tuturdum, yaza bilmirdim ki, bilmirdim. Sağ qolumu yola gətirə bilmirdim. Hər dəfə yazı masamın arxasına keçəndə elə bil mənim də sağ qolum yox olurdu. Güc deyil ki, yaza bilmirdim…
Kaş biz də elə öləydik... | 20 yanvar hekayələri

Bir gün şair dostum Ramiz Rövşənlə görüşəndə bu əhvalatı danışdım. Dedim ki, bu faciəni yaza bilmirəm. Dedi görünür, sən o faciəni çox danışıb boşalmısan. Danışma, heç kəsə heç nə danışma. Otur yaz, vəssalam. Danışsan, yaza bilməyəcəksən.
Elə də elədim. O gündən lal-dinməz oldum. Bir gün gördüm içim dolub az qala partlayıram. Sağ qolum öz-özünə qələmi götürdü.

Qara yanvarın qara qəzetlərindən qara sətirlər:
“Bir kişinin sağ qolu”.
“Salyan kazarmasının qarşısındakı yolun bəri qırağında bir oğlan qolu tapılıb”.
“Meyitlərlə birgə Semaşko ölüxanasına bir kişi qolu gətirib veriblər”.
“Sağ qolu kəfənləyib Şəhidlər Xiyabanında basdırıblar”.

Danışıqlarından: “Bir kişinin sağ qolu tapılıb. Gətirib ölüxanada qolu kəsik bir meyitin yanına qoyublar. Görüblər ki, düz gəlmir. O meyitin sol qolu yoxdur, bu isə sağ qoldur”.

- Keçin, işinizlə məşğul olun! - Allahverdi müəllimlə danışa-danışa ətrafımıza arvad-uşaq yığışırdı. Hər dəfə də Allahverdi müəllim onları beləcə söhbətimizdən uzaqlaşdırırdı:
- Keçin, işinizlə məşğul olun!

…Bu fağırların, ananın, bacının, qohumların Yusifin sağ qolundan savayı bir iş-gücləri, söhbətləri vardımı görən?
- Səksən səkkizin dekabrında köçmüşük bura… Krasnoye selo rayonunun Çil kəndində ikimərtəbəli ağ daşdan iki yüz əlli kvadratmetrlik ev atıb gəlmişəm… Gəlib bu daxmaya girmişəm. Bu daxmanın yiyəsi erməni idi. Gedib mənim ordakı evlərimə baxıb gəlib dedi ki, mənim o evi almağa gücüm çatmır. Dedim eybi yox. Başqa çarəm yoxdur… Köç get. Gedəndə onun beş yüz manat maşın pulunu da verdim. Hər il o bağımdan on ton alma-armud yığırdım. Yüz alma-armud ağacım var idi. Bax, oğlumun başı haqqı düz deyirəm. İndi burada heç bir quru budağım da yoxdu. Təkcə oğlumun kəsik sağ qolu var.

…“Sağ qol” sözünü eşidən arvad-uşaq yenə başımıza toplaşdı. Yenə Allahverdi müəllim onlara acıqlandı:
- Keçin gedin işinizlə məşğul olun!
…Yenə arvad-uşaq gözdən itdilər. Allahverdi müəllim də onların çəkildiyini görüb sözünə davam elədi:
- Dörd uşağım var. Üç oğul, bir qız. Misrəddinin otuz beş yaşı var. ADU-nun fizika-riyaziyyatını bitirib. Fizika-riyaziyyat elmləri namizədidir. Bakıda Akademiyanın yataqxanasında qalır. İki uşağı var.
Xalıqverdinin otuz iki yaşı var. ADU-nun fizika-riyaziyyat fakültəsini bitirib. Fizika İnstitutunda işləyir. Dissertantdır. Evin dərdindən evlənmir.
Sayalı qızımın otuz yaşı var. Lenin adına APİ-ni fərqlənmə ilə bitirib. Filologiya elmləri namizədidir. Nəsimi adına Dilçilik İnstitutunda işləyir. Ailə qurub. İki uşağı var.
Yusif balam da orta məktəbi qızıl medalla bitirib. 1981-ci ildə ADU-nun fizika-riyaziyyat fakültəsinə qəbul olunub. Universiteti 1986-cı ildə fərqlənmə ilə bitirib. Bir il İsmayıllının Keyvənd kəndində müəllim işləyib. 1988-ci ildə aspiranturaya qəbul olunub. İki il əla oxuyub. Namizədlik işi tam hazırdır. Bu gün-sabah müdafiə edəsidir. Sağ qolu kəsilib balamın, gəlib necə müdafiə edəcək, heç bilmirəm.

…Yenə “sağ qol” sözünü, yenə Yusif adını eşidən ana-bacı, qonum-qonşular başımıza toplaşdı. Yenə Allahverdi müəllim üzünü onlara tutdu:
- Eşitmədiz, gedin işinizlə məşğul olun!
Yenə evdəkilər evin künc-bucağına səpələndi. Yenə Allahverdi müəllim onların getdiyini görüb asta-asta söhbətinə davam elədi:
- Oğul, mən özüm də əlli ildir fizika-riyaziyyat müəllimiyəm. SSRİ xalq maarifi əlaçısıyam. Mən dərs dediyim uşaqların səksən faizi riyaziyyat meyilli idi. İndi gəlib bura Bakıda on altı nömrəli məktəbdə birinci siniflərə dərs deyirəm. Buna da şükür. Yusif balam mənə ürək-dirək verirdi. Deyirdi ata, pis günün ömrü az olar. Balamı üç ildi nişanlamışdım. Uzaq qohumumuzdur. İndi Razində yaşayırlar. İndi bilmirəm, Şəhla gəlinim oğlumun sağ qoluna ərə gələrmi?
…Yenə sağ qol! Yenə Yusif sözünü eşidən ana özünü ortaya atdı.
- Nə niyabət danışırsan, kişi… Uşaq bu gün-sabah gələr, evləndirərik. Qolunu saxla…
- Demədim işinizdə olun?
…Bu dəfə Allahverdi müəllim bu cümləni çox yumşaq, çox həlim dedi. Heç kəs çəkilib getmədi.

- Yusif deyirdi əsgərlər müdafiəçimizdir, güllə atmazlar. Tarixçi yanında tarixçi idi, riyaziyyatçı yanında riyaziyyatçı. Heç bir kitab buraxmazdı.
- Kişi, danışığına fikir ver…
Allahverdi müəllim keçmiş zamanda danışdığına peşiman oldu. Yenə Kəhriz arvada acıqlandı:
- Keç işinnən məşqul ol. Bir stəkan çay gətir!
Hiss elədim ki, çay söhbəti olmasaydı bu səfər Kəhriz xala otaqdan çıxmazdı.
- O gün axşam saat 6-dan 8-ə kimi Salyan kazarmasının qabağında olub. Axşam gəlib nişanlısıgilə zəng elədi ki, ayın 23-də atamgil sizə gələcək. Yəni evdə olsunlar. Sonra oturub çörək yedi. On ikiyə on beş dəqiqə qalmış soyunub yatdı. Odey ha… o gördüyün divan-kravatda… peçin böyründə… Biz də yatdıq. Hiss eləyirdim ki, havadan ölüm qoxusu gəlir. Arada dedim:
- Ay Yusif, burda nəsə var, nəsə eləyəcəklər…
Qayıtdı ki:
- Xeyr, heç nə eləməzlər…
- Vəssalam, beləcə uzanıb yatdıq. Anası birin yarısı oyatdı məni ki, Yusif yoxdur, atışma səsinə çıxıb gedib. Durub geyinib tez küçəyə çıxdım. Gördüm hamı küçədədir. Soruşdum ki, Yusifi görmədiz? Dedilər həə, Yusif getdi, dedi baxıb qayıdıram indi. Gecə gəlmədi. Səhəri hər yeri axtardıq. Heç yerdə tapa bilmədik. Fevralın 4-də Semaşkonun morquna, həkimə paltarlarının nişanəsini dedim.
…Bu vaxt Kəhriz ana yenə özünü içəri atdı:
- Elə yox, kişi… Sən gətirib sağ qolunun kəsik paltarlarını atdın ortaya. Mən baxıb tanıdım. Oğul, beş kəsik paltar çıxıb qolundan. Paltonun kəsik qolu.
- Hə, boynu qara dərili paltodur. Bir metr 86 sm uzunluğundadır palto. “Gənclik” univermağından özüm almışam ona…
- Hə, pencəyin qolu bilinmirdi. Pencəyin altındakı ağ hörmə köynəkdir. Onu mən toxumuşdum. Birin Yusifə, birin də kişiyə. Bax, kişinin əynindədir.
…Allahverdi dayı pencəyin yaxasını açıb köynəyi mənə göstərdi.
- Hə, oğul, bax bu köynəkdən birin mənə hörüb, birini Yusifə.
Kəhriz xala kişinin sözünü kəsdi:
- Hə, mən hörmüşəm onlara… İlmələrdən tanıdım. Onun da altından bala, göy nazik saroçka, onun da altından yun tuman-köynək idi. Hamısını mən tanıdım… Mənim balamın qolu idi. Mənim balamın qolu idi…

-Yaxşı, çay gətirmisən, keç qənd gətir - deyib, Allahverdi müəllim Kəhriz xalanın üstünə çımxırdı. Kəhriz xala ağlaya-ağlaya çıxdı.
- Dirsəkdən yuxarı idi… Evdə hamımız baxdıq. Baxmaq istəyirsən?
- Həəə!!!
…Gəlin, ay analar, ay atalar, ay oğullar, qoşulun mənə, ürəyimə dayaq, gözümə işıq, ayağıma güc, sağ qoluma təsəlli verin. Sağ qolumun başını aldadın, qoy götürüb baxmağa gücü olsun. Mən baxmışam. Mən çox baxmışam. Siz baxmayın.
Sağ qolumun barmaqları zülüm-zülüm ağlayırdı. Qolun barmaq-barmaq göz yaşını, barmaqların dırnaq-dırnaq göz yaşını saxlamaq mümkün deyildi.

- Keçin gedin, işinizlə məşğul olun!
…Mən evdən çıxanda ardımca gələn arvad-uşağa Allahverdi müəllim son dəfə təpindi. Arxadan Kəhriz ananın səsini eşitdim:
- Oğul, balam haqqında ölmüş kimi yazma ha… Yoxsa ömrüm boyu lənətləyərəm səni.
- Düz deyir, bacı-qardaşları hələ də axtarır onu, oğul. Ümidlərini üzdürmə.
Göy darvaza arxamca bağlananda bayaqdan möhkəm dayanan Allahverdi müəllimin gözündə yaş gilələri gördüm. Mənim də gözüm yaşardı.
- Bağışla, Allahverdi müəllim, gəlib dərdinizi təzələdim. O gün olsun, Yusif gəlsin, sağ-salamat. Sağ qolsuz, ancaq təki gəlsin.
- Allah ağzından eşitsin, oğul.

…Necə uçdum, necə qaçdım o dalandan, o küçədən, heç özüm də bilmədim. Ancaq sağ qolum möhkəm ağrıyırdı.

Şair Ramiz Rövşənlə söhbətlərimdən:
- Ramiz, bu şəhidin taleyini yazıb qurtarmışam.
- Hə, yazıb qurtarmısansa, onda danış.
- Yox… yazıb qurtarmışam, ancaq danışmağa sözüm qalmayıb.

Hazırladı: Aygün Xankişiyeva

Teqlər: 20-yanvar  







Xəbər lenti