“Türklərin güclənməsi dünyada balans yaradacaq” – MÜSAHİBƏ+VİDEO

   “Türklərin güclənməsi dünyada balans yaradacaq” –    MÜSAHİBƏ+VİDEO
  29 Yanvar 2023    Oxunub:8555
“Türk dövlətlərinin və xalqlarının birgə fəaliyyətləri Asiyada, Avropada və Afrikada balans yaradaraq, böyük bir bölgəyə sabitlik gətirir. “Soyuq savaş” dövründə Varşava Müqaviləsi Təşkilatı və NATO arasındakı qarşıdurmaya görə bu, çətin idi. Amma indi təhlükə olmayacaq, balans yaradılacaq”.
Bu sözləri İstanbul universitetinin prorektoru, professor İlyas Topsakal AzVision.az -a müsahibəsində deyib.


- Türk dünyasının gələcək inkişafını hansı məcrada görürsünüz?
- Qafqaz ilə Orta Asiya Çin, Hindistan və Rusiya kimi böyük regional dövlətlərin arasında yerləşir. Qarşıdurma dövründə bu bölgədə hansısa tarazlığın qurulması, balansın yaradılması çətindir. Tarixən bu bölgə Çindən Avropaya uzanan “İpək Yolu” dediyimiz ticarət marşrutunun üzərində yerləşir. Nizamsız dünyada bu aləmin nizama salınması üçün bəzi işlərin görülməsi vacibdir. İndiki qarşıdurma şəraitində buna Rusiya da, Çin də məmnuniyyətlə razı olarlar. Onların heç biri bu bölgədə qarşıdurma və savaş olmasını istəməz. Bunu istəyən başqa güclər ola bilər.
Belədə türk dünyası üçün tarixi fürsət yaranır. Bu dəhliz boyunca iqtisadi və mədəni birlik yaradaraq, sabitliyi təmin edərək ticarətin, mədəniyyətin, iqtisadi-sosial yüksəlişin olduğu bir məkan formalaşdırmaq mümkündür. Əslində indi bu imkan var. Çünki nə ruslar, nə çinlilər, nə də hindistanlılar buna qarşı çıxarlar. Yeri gəlmişkən, Avropa da buna qarşı çıxmaz, amma Amerika belə bir böyük birliyin yaranmasını həm istəyə, həm də istəməyə bilər.
İkincisi, Avropa Birliyi də bu coğrafiyada önəmli tərəfdir, çünki ən azından istehlakçı ölkədir. Çin, Hindistan kimi ölkələr istehsalçı olduqları halda, Avropa ölkələri də Türkiyə kimi istehlakçı dövlətlərdirlər. Ona görə Almaniya, Fransa, Belçika və İngiltərə kimi Avropa ölkələri də bu bölgədə qarışıqlığı istəməzlər. Necə ki, Çinlə Amerikanın qarşıdurmasında Fransa və Almaniya Vaşinqtonla razılaşmadılar. Onlar böyük həcmdə alış-veriş etdikləri Çinə göstərilən təzyiqdən narazıdırlar.
Deməli, yaradıla biləcək bu ticarət və mədəniyyət birliyini Qərbdə dəstəkləyəcək qüvvələr var. Bir sözlə, mən şəraitin yarandığını düşünürəm.
Bölgə inkişaf edəcəksə, yüksələcəksə mütləq inteqrasiyaya gedilməlidir. Bu inteqrasiya Türkiyə və mərkəzdə yerləşən Azərbaycan üçün çox əhəmiyyətlidir. Məncə, Ermənistan və Gürcüstan üçün də həmçinin. Ermənistan savaş və terror dövləti psixologiyasından çıxıb, birliyə qoşulsa, bundan qazanar. Əgər belə əmllərdən əl çəkməsələr, məhv olacaqlar.

- Türk dünyasının potensialı bu birliyin güclənməsinə nə dərəcədə imkan verir?
- Çox yaxşı sualdır. Türkiyə Cümhuriyyəti, yəni Qərbi türklərin ölkəsi əslində tarixən Orta Asiyada böyük təsiri olan bir dövlət deyil. Çünki Qərbi türklərin Osmanlı imperiyası daha çox 5 dəniz—Hind, Ağ, Qara, Egey və Mərmərə dənizləri hövzələrində mövcud olub. Yəni əsas ağırlıq bu əraziyə düşüb. Amma Orta Asiyadakı türklərin də özünəməxsus spesifik birlikləri var. Bunlar hansılardır?
Çox qədimlərə getməyə ehtiyac yoxdur. Məsələn, Teymur dönəmində Orta Asiyada böyük bir imperatorluq mövcud idi. Teymurdan sonra birgə yaşamağı və ticarəti bilən bir potensial yarandı bu bölgədə. Bu, Şərqi Türküstandan başlayır. Yəni ticarət marşrutu Ürgəncdən tutmuş, Tacikistan, Qırğızıstan, Əfqanıstan, Türkmənistan, Özbəkistan və Azərbaycan yolu ilə Qərbə qədər uzanır. Bu məkanın insanları da Azərbaycanda olduğu kimi ticarəti yaxşı bilirlər, müəyyən düşüncəyə və şəbəkələrə sahibdirlər. Azərbaycan həmin zənginliyin Qərbə daşındığı körpüdür. Amma sovet dövründə sərbəst iqtisadiyyatları olmadığı üçün bu potensial məhdudlaşdırılıb. Ticarət etməyiblər və dünyada böyük miqyasda tanınmayıblar. Lakin SSRİ-dən sonrakı 30 ildə biz gördük ki, bölgə ölkələrindəki yaxşı tacirlər bu işlə uğurla məşğul olmağa başladılar. Bir sözlə, bölgədə böyük ticarət şəbəkəsi var. Bu Əfqanıstan, Pakistan, Hindistana qədər uzanan yoldur.
Burada güclü insan potensialı və işçi qüvvəsi də var. Siyasi təşkilatlanmaya gəlincə, bunun üçün 30 il çox azdır. Amma son 3 ildə Türk dövlətləri Şurasının yaradıldığını, sonra Türk Dövlətləri Təşkilatına çevrildiyini, yəni əslində siyasi birliyin olduğunu gördük. Elə bir siyasi təşkilat yoxdur ki, cəmi 3 ildə anlaşma potensialını və 44-ə yaxın müqaviləni ərsəyə gətirsin. Bunların arasında iqtisadiyyat, mədəniyyət və incəsənət, hətta hərbi əməkdaşlıq məsələləri var. Zatən Azərbaycanla Türkiyə arasında hərbi sahədə işbirliyi onsuz da mövcuddur və davam edir, amma indi biz bunun Özbəkistana, Qırğızıstana və Qazaxıstana da şamil edildiyini görürük.
Bu məsələdə Rusiyanı da kənarda qoymaq olmaz. Çünki Rusiyanın bölgədə 200 illik tarixi ilişgilər şəbəkəsi var. Ticarətindən, siyasətindən, idarəsindən tutmuş hərbi sisteminə qədər Rusiyanın bölgə ilə əlaqələri mövcuddur. Bunu açıq demək lazımdır, yəni Rusiyanın da bu masa arxasında əyləşə, bu coğrafiyanın sakini ola biləcəyi mümkündür. Çünki bu bölgəyə aidiyyəti olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Müstəqil Dövlətlər Birliyi (MDB) var. Həmin reallıqlar çərçivəsində razılığa gəlmədən məntiqlə bu işləri görə bilməzsiniz. Deməli, əsasında bir layihə ortaya qoymaq lazımdır.
Amma sadəcə Rusiya da kifayət deyil. Bölgədə 1,3 milyard əhalisi olan Hindistan da var. Pakistanı və Əfqanıstanı da saysanız, 2 milyard olur. Həmin ərazinin də bu bölgə ilə əlaqələri var. Çinlilər də o cümlədən, onlar da mallarını satmaq istəyirlər. Bu baxımdan, əməkdaşlıq çinlilərin də işinə yarayacaq. Problem çıxacağı halda Tacikistandan, Şərqi Türküstandan, Qırğızıstandan, Türkmənistandan, Özbəkistandan, Rusiyadan və ya Türkiyədən, İrandan keçərək Avropaya daşınmayan malın kimə nə faydası olacaq?
Kimsə ağılla baxsa görəcək ki, bu layihə bölgə üçün də, dünya üçün də qurtuluş deməkdir. Qərb də, Amerika da çox uzaqdadırlar. Amma bölgənin insanları ticarət və mədəniyyət sahəsində anlaşa bilərlərsə, qazanacaqlar. İran da nəzərdə tutulur, yolun bir qolu da oradan keçir. Yox, əgər İran və Ermənistan başqalarının haqqına qarşı getsələr, terror, təxribat törətsələr, özlərini məhv edəcəklər. Məncə, bölgənin qurtuluşu türk dövlətlərinin və qohum ölkələrin bir araya qələrək, Hindistana, Çinə, Rusiyaya və İrana münasibətdə tarazlıq yaratmasından asılıdır. Çünki tarazlıqsız dünya olmaz.

- Belə demək olarmı ki, əslində Türk sivilizasiyası böyük Avrasiya məkanında birləşdirici qüvvədir?
- Çox doğru düşünürsünüz. Amma təkcə Asiya və Avropanı yox, hətta Afrikanı da, bütövlükdə İslam dünyasını da düşünün. Baxın, ruslar sayca çox deyillər: bölgədə 300 milyona yaxın türk, cəmi 80-100 milyon da rus var. Beləliklə, onlar bizimlə bərabər hərəkət etmək məcburiyyətindədirlər. Bu məsələdə gücə yox, demoqrafik vəziyyətə diqqət yetirmək lazımdır.
Onu da nəzərə almaq lazımdır ki, önəmli mövqeyə malik olan Çin və Hindistan bizimlə bərabər hərəkət etməyə bilərlər. Amma bizimlə bərabər hərəkət etsələr, sərvətlərini artıracaqlar.

- Bəs Tük dünyasının İslam sivilizasiyasına gələcəkdə töhfəsi nə olacaq?
- Məncə, hər şeydən əvvəl, Türk dünyası bir örnəkdir. İran, İraq, Suriya, Qətər, Körfəz dövlətləri, digər tərəfdən Qərbi Afrikadakı Misir, Əlcəzair, Tunis, Mərakeş kimi ölkələr ötən əsrin 60-cı illərindən sonra müstəqillik qazandıqları üçün dövlətçilik mədəniyyətləri çox güclü deyil. Ən son birlik münasibətləri Osmanlı dövründə olub. Osmanlı imperiyasından sonra Qərb buraları işğal etdi, insanları qətlə yetirdi, əmlaklarını əlindən aldı. Yalnız 60-cı illərdə yeni dövlətlər kimi müstəqil oldular. İndi bizim belə bir layihəni həyata keçirməyimiz onlarda da analoji məfkurəni formalaşdıracaq: “Əgər müsəlman Türk dövlətləri birləşdilərsə, deməli, biz də həmin addımı ata bilərik”.
Əslində artıq onların da müəyyən qurumları var: İslam Əməkdaşlıq Təşkilat və ya Ərəb Dövlətləri Liqası mövcuddur.
Türkiyə Atatürk dönəmindəki Qurtuluş savaşı ilə həmin ölkələrə nümunə göstərib. Suriyada, İraqda, Liviyada müstəqillik mübarizələrinə dəstək olub. Həmin ölkələrin müstəqillik qazanmasında Atatürkün böyük xidməti var. Elə indi də Türkiyə həmin qaydada bütün İslam ölkələrinə dəstək verə bilər.
Bilirsiniz ki, onlarda məzhəb qarşıdurmaları mövcuddur. Amma onlar da görəcəklər ki, qarşıdurma vəziyyətində yox, sülh şəraitində yaşamaq zənginlik gətirir. Sülh şəraitində yaşamaq üçünsə yalnız sənin öz ölkənin daxilindəki anlaşma kifayət etmir, ətrafındakı dövlətlərlə də razılığa gəlmək lazımdır. Bu işdə Türk Dünyası örnək olacaq. Onlar öz aralarında birliklər quracaqlar, Türkiyə isə aparıcı rol oynayacaq. Çünki Türkiyə həm Osmanlı dövründə, həm də indi bölgədə hami rolunda çıxış edib.
Yeri gəlmişkən, İslam dünyasında Misir də önəmli ölkədir. Bu baxımdan, Türkiyə və Misir Səudiyyə Ərəbistanı ilə birlikdə həmin bölgədə nümunə göstərə bilərlər. Doğrudur, bu elə də asan deyil. Çünki oradakı həm sərmayə, həm də siyasi düşüncə türk ölkələrindəki kimi deyil. Ora fərqli məkandır. Ora Amerikaya, İngilyətəyə və Fransaya daha çox bağlı olan bir coğrafiyadır. Amma həmin bölgələrdə Qərb nə qədər düşmənçilik siyasəti yürüdəcək, nə qədər insanı məhv edəcək? Bunlar davam etdiriləcək hərəkətlər deyillər. Ona görə də, düşünürəm ki, bizim indi yaratdığımız birlik orada da imkanın meydana çıxması üçün nümunə olacaq.

- Siz Türklərin sülhpərvər və əməkdaşlığa meyilli bir sivilizasiya olduğunu göstərdiniz. Amma təəssüflər olsun ki, xüsusilə də, Qərbdə bir çox ekspertlər sivilizasiyaların qarşıdurması və rəqabətindən söhbət açırlar. Hərbi yox, iqtisadi baxımdan yanaşsaq, Türk Dünyası həmin rəqabətə davam gətirə biləcəkmi?
- Rəqabət istehsalçı ölkələrin arasında olur. Yəni Avropa ilə Çin arasında, Çinlə Hindistan arasında, Sinqapur, Tayvan arasında, Amerika ilə Çin arasında... Bu baxımdan, bizim coğrafiyamız rəqabətçi deyil. Bizdə xammal və logistika var.
Məncə, nə Türkiyənin, nə Türk ölkələrinin və Rusiyanın, hətta İranın da heç bir şəkildə rəqabətə müdaxilə etməsinə ehtiyac yoxdur. Amma mövcud sərvətlər üzərində onların sistemli rəqabəti olacaq. Bu baxımdan, həmin zənginliyə və yollara sahib olan ölkələrin birgə addımlar atması, habelə ümumi hərbi birliyi lazımdır. Bu ölkələr istehsal yolu ilə Hindistan, Çin, Amerika və Qərb kimi ola bilməzlər. Amma bütün türk cümhuriyyətləri birləşərək, tarazlıq yarada, anlaşmalar imzalayaraq, infrastrukturu formalaşdıra bilərlər. Nəticədə Çin və ya Hindistan bu infrastruktur vasitəsilə mallarını daşıyar, logistikanı həyata keçirirlər. Bölgəyə müdaxilələri də məhdudlaşdırılar. Yalnız ortaq hərəkət etdikdə tarzlığa nail ola bilərik. Təkbaşına addım atdıqda isə bu nizamsız və rəqabətçi dünyada müharibəsiz yaşamaq mümkün deyil. Onda ordun çox güclü olmalıdır.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Türklər-və-dünya  





Xəbər lenti