"Elə məlumatlar yayırlar ki, yaralı qəlbimizi daha da incidirlər" - Əsir əsgərimizin anası

 "Elə məlumatlar yayırlar ki, yaralı qəlbimizi daha da incidirlər" -  Əsir əsgərimizin anası
  19 Aprel 2023    Oxunub:3147
"Bir az öncə Beynəlxalq Qırmızı Xaç Komitəsindən bizimlə əlaqə saxladılar. Dedilər ki, Ermənistan tərəfindən nümayəndələr övladlarımıza baş çəkib. Normal vəziyyətdədirlər".
Bunu AzVision.az -a açıqlamasında Ermənistanda saxlanılan əsgər Aqşin Bəbirovun anası Dürdanə Bəbirova deyib:

"Yaşadıqlarını soruşdum, dedi yaxşıdırlar. Bildirdim ki, niyə valideynləri ilə danışmırlar? Biz onların səsini eşitmək istəyirik. Görüntülü görmək istəyirəm ki, balam necədir? Mənim başımın altına yastıq qoyub, yaxşı deyərlər, sonra balam pis vəziyyətdə gələr. Ona görə onların necə olmasını görmək istəyirik".

D.Əliyeva dövlətdən kömək istədiyini qeyd edib. "Ümidimiz dövlətimizədir. İnanırıq ki, övladlarımızı tez zamanda qaytaracaqlar. Ombudsman Səbinə Əliyeva ilə görüşdə də bildirildi ki, iş nəzarətdədir. O da bizi əmin etdi ki, oğlumuzla görüntülü danışa biləcəyik. Ona görə bizə yalnız məktubun verilməsi ilə kifayətlənməyəcəyik".

Dürdanə Bəbirova sosial şəbəkə istifadəçilərinə də müraciət edib: "Elə sözlər yazırlar ki, bilmirsən övladımızın acısını çəkək, yoxsa onlara cavab verək. Elə məlumatlar yayırlar ki, yaralı qəlbimizi daha da incidirlər. Hər gün iynə dərmanla ayaqüstə dururam. Tək istəyim övladımın qayıtmasıdır".

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib. Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti