“Xatalı” inflyasiya: Cilovlanıb, amma kəndiri qıra bilər – TƏHLİL

      “Xatalı” inflyasiya:    Cilovlanıb, amma kəndiri qıra bilər –    TƏHLİL
  12 May 2023    Oxunub:5515
Dünyada, eləcə də ölkəmizdə bahalaşma və inflyasiya səngiməyib. Cari ilin yavar-fevral ayları ərzində ölkəmizdə istehlak qiymətləri indeksi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13,9%, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları 17,3%, qeyri-ərzaq malları və əhaliyə göstərilən ödənişli xidmətlər isə müvafiq olaraq 12,2% və 10,6% artıb.
2021-ci ildən start götürən və ötən il davam edən bahalaşma və inflyasiya tendensiyası o vaxt səngiyəcək ki, ilk növbədə enerjidaşıyıcıları ucuzlaşsın. Bunun isə nə vaxt baş verəcəyi hələ məlum deyil. Söhbət, təbii ki, qlobal miqyasdan gedir. Çünki ölkəmizdəki bahalaşma və inflyasiyada məhz idxal amili əsas rolu oynayır.

Cari ilin əvvəlindən qiymətlərin artmasına bir sıra daxili amillər də təsir göstərib. Bu da ondan irəli gəldi ki, cari ildə maaş və pensiyaların artırılacağı xəbəri verilmişdi. Artımın məbləği hələ bəlli olmadığı halda qiymətlərin yüksəlişi artıq sürətlənmişdi. Bununla belə, proses nəzarətdə olduğundan, qiymətlər relsdən çox da kənara çıxmadı.

Xatırladım ki, Prezidentin 5 yanvar 2023-cü il tarixli Sərəncamı ilə minimum əməkhaqqı yanvarın 1-dən 15% artırılaraq, 300 manatdan 345 manata, minimum pensiya məbləğisə 240 manatdan 280 manata çatdırılmaqla müavinət və təqaüdlər artırıldı. Sənədə əsasən 1,9 milyon vətəndaşı əhatə edən sosial paketin icrası üçün il ərzində əlavə olaraq 750 milyon manat vəsait xərclənməsinə qərar verildi.

İlin əvvəlindən ötən dövr ərzində qiymət artımı və inflyasiya tempi əslində daha çox ola bilərdi. Lakin hökumətin nəzarəti və Mərkəzi Bankın (AMB) pul kütləsinin idarə olunması sahəsində gördüyü bir sıra tədbirlər nəticəsində prosesi cilovlamaq mümkün olub. Ancaq bunun nə qədər davam edəcəyi bəlli deyil. İdxalın getdikcə artması təzyiqi gücləndirməkdədir. İl ərzində Tarif Şurası tərəfindən tənzimlənən qiymətlər sırasında nəqliyyatda gediş haqqından başqa digər artımlara da gedilərsə, inflyasiya sıçrayış nümayiş etdirə bilər.

Müəllifin digər yazıları:
Neftin baharı: “OPEC+”un qərarı qiyməti qaldıracaq – TƏHLİL
Böhran riski hələ qalır – TƏHLİL
Neft hasılatımız azalır: Qeyri-neft sürətlənməlidir – TƏHLİL
Pis deyil, amma düz də deyil

Bəs, əslində bizi nə gözləyir?! Ölkədə sosial istiqamətdə həyata keçirilən ödənişlərin bahalaşma və inflyasiya tempinə təsiri artıq, arxada qalmış sayılır, yoxsa əksinə? İdxalın inflyasiyaya təsir və təzyiqi nədən hələ də neytrallaşdırılmır?! İl ərzində tənzimlənən qiymətlər sırasında nəqliyyatda gediş haqqından əlavə digər dəyişikliklərə də gedilə bilinərmi?!

Bu suallara cavab olaraq bir daha qeyd edim ki, bahalaşma və inflyasiyanın səngiməsi üçün enerjidaşıyıcıları ucuzlaşmalıdır. Hazırda bunun əksi baş verir. Dünya bazarlarında xam neft hələ 80 ABŞ dollarının altında oynayarkən OPEC+ olkələri hasilatı azaltmaq qərarına gəliblər. Bu isə qiymətləri yəqin ki, yenə 80-in üstünə qaldıracaq. Demək, yanacaq ucuzlaşmayacaq.

Yanacağın ucuzlaşmayacağı təqdirdə qlobal bahalaşma və inflyasiyadan doğan təsir və təzyiq davam edəcək. Yəni, ölkəmizə inflyasiya idxalı səngiməyəcək. Bunu tam olaraq neytrallaşdırmaq qeyri-mümkündür. Çünki daxili bazarımız idxal məhsullarından asılı olduğundan, yerli istehsal nə qədər çox stimullaşdırılsa belə, bundan qısa müddət ərzində yaxa qurtarmaq mümkün deyil.

O ki qaldı ölkədə sosial istiqamətdə həyata keçirilən ödənişlərin bahalaşma və inflyasiyaya təsirinə, yanvarın 1-dən tətbiq edilən artımlar keçənilki tendensiyadan yüksək olsa da, artımlar artıq inflyasiyanın yeminə çevrilmək üzrədir. Ona görə də yazmışdım ki, qeyd olunan artımlar əhalinin sosial müdafiəsinin təşkilində yalnız ilin birinci yarısı üçün yararlı olacaq, bahalaşma dayanmasa, il ərzində daha belə bir addım atmağa ehtiyac yaranacaq.

Belə bir fonda il ərzində tənzimlənən qiymətlərdən hər hansı artırılarsa, bu, qabaqcadan hesablanmış, kompensasiya edilmiş şəkildə həyata keçirilməlidir. Yeri gəlmişkən, real olaraq su, elektrik enerjisi, qaz və bəzi digər növ məhsullar üzrə tarif dəlişikliyi ilə bağlı əslində müəyyən çağırışlar mövcuddur. Ancaq buna indiki şəratdə getmək ciddi fəsadlara yol aça bilər.


Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: İnflyasiya  





Xəbər lenti