Astanada Sərkisyanın sifəti niyə əyilmişdi - Təhlil

Astanada Sərkisyanın sifəti niyə əyilmişdi - Təhlil
  31 May 2014    Oxunub:1642
Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın mayın 29-da Astanada təsis olunan Avrasiya İqtisadi İttifaqına ancaq BMT tərəfindən tanınan indiki sərhədləri çərçivəsində daxil ola biləcəyinə dair irəli sürdüyü şərt Ermənistanda siyasi böhrana səbəb olub.

Prezident Əliyev Avrasiya İttifaqını təsis edən ölkələrin prezidentlərinə Ermənistanın bu ittifaqa ancaq indiki sərhədləri çərçivəsində daxil ola biləcəyi, bunun Ermənistanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyündə olduğu kimi xüsusi qeydlə göstərilməli olduğu barədə məktub göndərib.

Azərbaycanın mövqeyini Astana sammitində Qazaxıstan prezidenti Nursultan Nazarbayev elan edib və bidirib ki, Ermənistan bu məsələni müzakirə edib ittifaqa üzvlüyü ilə bağlı yaxın 15 gündə qərar verməlidir.

Azərbaycan prezidentinin göndərdiyi məktub və Avrasiya İttifaqını təsis edən üç ölkədən ən azı birinin prezidentinin bu məktubda əks olunan mövqeni dəstəkləməsi Ermənistanı əməlli-başlı qarışdırıb. Ona görə ki, Ermənistan Avrasiya İttifaqına indiki sərhədləri çərçivəsində üzv olmağı qəbul etsə, o zaman işğal altında saxladığı Dağlıq Qarabağla sərhədində gömrük postu yerləşdirməli olacaq. Bu isə Ermənistanda “Qarabağın itirilməsi” kimi başa düşülür.

Analitiklərin qənaətinə görə, Azərbaycan prezidentinin məktubu və Qazaxıstan prezidentinin bu məktubun nəzərə alınmalı olduğunu Ermənistan prezidenti Serj Sərkisyana hamının qarşısında açıq şəkildə çatdırması əsl sensasiyadır. Çünki bununla Ermənistanın qarısında sərt şərt qoyulur: Ermənistan yeni ittifaqa ya indiki sərhədləri çərçivəsində daxil ola bilər, ya da bu ittifaqdan imtina etməli olacaq.

Əgər Ermənistan Azərbaycanın şərtini qəbul edib Avrasiya İttifaqına qoşulsa, bu, avtomatik olaraq o demək olacaq ki, İrəvanın Dağlıq Qarabağa və onun ətrafındakı rayonlara mümkün iddiaları onun yeni ittifaqdakı gələcək partnyorları, o cümlədən Rusiya tərəfindən tanınmayacaq.

“Exo Moskvı” radiostansiyasının şərhşisi Arkadi Dubnov bildirir ki, Astana sammitinin ev sahibi Nursultan Nazarbayev Azərbaycan prezidentinin məktubu və orada yer alan şərt barədə elan edəndə Ermənistan prezidenti Serj Sərkisyanın sifəti əyilmişdi , həmin anların onun həyatında yumşaq desək, heç də ən xoşbəxt dəqiqələr olmadığını aydın sezilirdi.

“Xoşagəlməz mövzu var” - deyə Nazarbayev bildirib. “Azərbaycanda bir nəfər yoldaşı qəzəbləndirməmək üçün siz Ümumdünya Ticarət Təşkilatına necə daxil olmusunuzsa, Avrasiya İttifaqına da o cür daxil olmalısınız. Yəni BMT tərəfindən tanınmış indiki sərhədlər daxilində” - Qazaxıstan prezidenti üzünü başına sanki qaynar qazandan su tökülmüş Sərkisyana tutaraq əlavə edib.

Ermənistan prezidenti ötən ilin payızında onu Avropa yolundan döndərib Gömrük İttifaqına qoşulmaq qərarı verməyə məcbur edən Vladimir Putinin Nazarbayevin bu sözlərinə necə reaksiya verəcəyini gözləsə də Rusiya prezidenti məsələnin üstündən sükutla keçib. Bu da Sərkisyanın pərtliyini daha da artırıb.

Ermənistan prezidenti düşdüyü vəziyyətdən çıxmaq üçün “iki-üç gün vaxt” istəyib. Sərkisyan ölkəsinin Avrasiya İttifaqına iyunun 15-də üzv olmaq istədiyini deyib, bu tarixin rəsmiləşdirilməsini xahiş edib.

Həmin gündən Sərkisyandan səs çıxmır, ancaq erməni rəsmiləri və diplomatları bir-birinin ardınca bildirirlər ki, Ermənistan Qarabağla sərhədində gömrük postu yerləşdirmək niyyətində deyil.

Ermənistan prezidentinin mətbuat katibi Armen Saqatelyan “Azadlıq” radiosuna bildirib ki, Sərkisyan yaxın günlərdə ölkənin Avrasiya İtttifaqına üzvlüyü ilə bağlı məsələlərə aydınlıq gətirəcək. Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov isə Ermənistanın “Dağlıq Qarabağla vahid iqtisadi zona olduğuna” dair bundan əvvəlki rəsmi mövqeləri xatırladıb.

Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan da Dağlıq Qarabağla sərhəddə gömrük postunun yerləşdirilməsi ilə bağlı rəsmi mövqenin dəyişmədiyini bildirib. Lakin Avrasiya iqtisadi komissiyasının rəsmisi Anton Azarov birmənalı şəkildə bildirir ki, əgər Ermənistan yeni ittifaqa daxil olacaqsa, Qarabağla sərhədində gömrük postu qoymalıdır. Çünki Dağlıq Qarabağın nə Gömrük İttifaqına, nə Avrasiya İttifaqına və ya başqa kimi ittifaqalara qoşulmasından söhbət belə gedə bilməz.

Ermənistan müxalifətinin təmsilçiləri isə bildirir ki, heç bir siyasi partiya, heç bir hakimiyyət Avrasiya İttifqına Dağlıq Qarabağsız girə bilməz. Müxalif Erməni Milli Konqresinin üzvü Vahan Xaçatryan deyir ki, əgər belə olsa, Ermənistan Qarabağla sərhəddə, məsələn Gorusda gömrük postu yerləşdirməlidir. Bu da Ermənistanın Qarabağla iqtisadi əlaqələrini mürəkkəbləşdirəcək.

Sərkisyanın yaxın günlərdə hansı qərarı qəbul etməsindən asılı olmayaraq birmənalı şəkildə aydındır ki, Azərbaycan prezidentinin Astana sammitinə göndərdiyi məktub Ermənistana ciddi siyasi və diplomatik zərbədir. Çünki Azərbaycan Avrasiya İttifaqından məsafə saxlayan, bu ittifaqa qoşulmayan ölkə olduğu halda Ermənistanın ora üzvlüyünü ciddi şəkildə mürəkkəbləşdirməyə nail olub.

Prezident İlham Əliyev Astana sammitindən cəmi bir gün əvvəl - 28 may Respublika Günü ilə bağlı keçirilən rəsmi qəbulda Ermənstanın və onun hakimiyyətinin ünvanına kəskin çıxış edərək demişdi ki, Azərbaycan Ermənistanı bütün regional layihələrdən təcrid edib və bu təcrid siyasəti bundan sonra da davam edəcək.

Görünür, prezident Əliyev həm də Ermənistanın Avrasiya İttifaqına üzvlüyünü çətinləşdirmək üçün neçə vaxtdır apardığı diplomatiyanı da nəzərdə tuturdu.

Çünki Azərbaycan hələ Astana sammitindən əvvəl Qazaxıstan və Belarusla olan yaxın tərəfdaşlıq münasibətlərindən istifadə edərək Ermənistanın Gömrük İttifaqına, daha sonra isə Avrasiya İttifaqına üzvlüyünün xüsusi Qarabağ şərtinə bağlanmasına nail ola bilmişdi. Məhz bu səbəbdən Ermənistan Gömrük İttifaqına üzvlük prosedurunu başa çatdıra bilmədi və nəticədə Astanada Avrasiya İttifaqının təsisçisi olmaq imkanını əldən verdi.

Əgər Sərkisyan demarş edib ölkəsinin Azərbaycanın irəli sürdüyü şərtlə Avrasiya İttifaqına üzv olmayacağını elan etsə, o zaman Ermənistanın düşdüyü vəziyyət daha da mürəkkəbləşəcək. Çünki Ermənistan Avropa İttifaqı ilə Assosiasiya Sazişi imzalamağa yaxın olduğu bir vaxtda qəfil üzünü Gömrük İttifaqına çevirdi. Nəticədə Avropa İttifaqı ilə inteqrasiya perspektivlərinin üstündən xətt çəkmiş oldu. Bəs indi Sərkisyan Avrasiya İttifaqından imtina edib hara girəcək? Yaxud o, Rusiyanın iqtisadi və təhlükəsizlik çətirinin altına girməkdən hansı cəsarətlə imtina edəcək?

Əgər Sərkisyan İlham Əliyevin qoyduğu şərti qəbul etməli olsa, o zaman ölkəsində onsuz da gərgin olan siyasi vəziyyət daha da gərginləşə və Serjikin kövrək hakimiyyətini sarsıda bilər. Çünki bu halda Ermənistan müxalifəti dərhal Sərkisyanı “Qarabağı satmaqda” ittiham edərək ona qarşı səfərbər olacaqlar. Xüsusən də nəzərə alınsa ki, Sərkisyanın keçmiş səngər yoldaşı Robert Köçəryan, onun yeni müttəfiqi, oliqarx Qaqik Tsarukyan və daşnaklar, habelə güclü erməni diasporu çoxdandır onu aşırmağa fürsət gözləyirlər...

Virtualaz.org



Teqlər:





Xəbər lenti