İran Çinin vasitəsi ilə Qərbi Asiyanın “fabriki” olmaq istəyir

   İran Çinin vasitəsi ilə Qərbi Asiyanın “fabriki” olmaq istəyir
  14 İyun 2023    Oxunub:783
İranın Rəyasət Heyətinin Strateji araşdırmalar mərkəzi İran Xarici İşlər nazirinə göndərdiyi “məxfi” məktubda ölkə iqtisadiyyatını gücləndirmədən İranın “regional rolunun” qənaətbəxş saymadığını bildirib. Məktubda ölkəni Qərbi Asiyanın tranzit dəhlizinə və fabrikinə çevirmək istiqamətində Çinin iqtisadi əməkdaşlığa cəlb olunmasının vacibliyini vurğulanıb.
AzVision.az xəbər verir ki, İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdollahiyana ünvanlanan məktubda Çinlə istənilən növ əməkdaşlıq paketinin İranda qabaqcıl sənaye sisteminin formalaşdırılması və “Çinin dəyər zəncirində” rol oynanması kontekstində hazırlanmalı olduğu bildirilir.

Bu sənədlər İran prezidentinin internet saytının sındırılması zamanı əldə edilib. Hadisə ilə bağlı məsuliyyəti öz üzərinə götürən İranın “Qiyam Ta Serquni” adlı müxalif qruplaşması aprelin 24-də göndərilən məktubu öz Telegram kanalında paylaşılıb.

“Ölkə sənayesinin inkişafı üçün Çin texnologiyası cəlb edilməlidir. İkitərəfli əlaqələr elə qurulmalıdır ki, Çinin “dünyanın fabriki” mövqeyini davam etdirməsi İranın Qərbi Asiyanın fabrikinə çevrilməsindən asılı olsun” , - məktubda deyilir.
“2023-cü ildə Strateji Xarici siyasət təhdidləri və imkanları hesabatı” başlıqlı bu məktubda Çinin təşəbbüsü ilə reallaşdırılan “Bir kəmər, bir yol” layihəsinə yanaşma və İranın Şərq-Qərb tranzit dəhlizində iştirakı zərurəti də açıqlanır.

- İran Çinlə enerji və tranzit əməkdaşlığını “sənaye və qabaqcıl texnologiya” ölkəsi məqsədinə çatmaq üçün platformaya çevirməlidir” , - məktubda vurğulanır.

“Bir kəmər, bir yol” layihəsinə İranın qatılmaq ümidi Pekinin indiyədək 150 ölkədə 900 milyard dollarlıq layihələrə daxil olması və bu layihələrə 400 milyard dollara yaxın sərmayə qoyması ilə bağlıdır.

Ötən il Çinin bu nəhəng layihəyə investisiyasının yarısı Yaxın Şərq ölkələri ilə bağlı olsa da, İran son on ildə belə layihələrdən kənarda qalıb. Digər tərəfdən, Tehran Ticarət palatasının İnvestisiya xidmətləri mərkəzinin rəhbəri ötən ilin dekabrında Çinin İrana birbaşa sərmayə qoymadığına diqqət çəkməklə, əslində İrana Çin texnologiyası və kapitalını cəlb etməyə çalışır. Keçən il Çin şirkətləri İranla cəmi 57 milyon dollarlıq müqavilə imzalayıblar. Maraqlıdır ki, bu Çin şirkətlərinin Talibanın nəzarəti altında olan Əfqanıstanla bağladığı müqavilələrin dəyərinin üçdə birinə bərabərdir.

“Məxfi” məktubda “ABŞ-ın strategiyası və İranın yeni dünya düzənindəki rolu”na qarşı çıxmaq üçün İranın Çinlə əməkdaşlığının nə qədər vacib olduğuna diqqət yetirilir.

“İranın xarici ticarətində BƏƏ dirhəminin payı indiki 90%-dən 50%-ə endirilməlidir. İran ABŞ-nin Maliyyə nazirliyinin nəzarəti altında olan şəbəkələrdə Amerikanın məhdudlaşdırıcı tədbirlərinə qarşı tədricən elə bir vəziyyətə keçməlidir ki, neft və neft-kimya gəlirlərinin mühüm hissəsi “Çin banklarına bağlı bir neçə maliyyə qurumunun” hesabına yatırılsın və ölkənin əsas mallarının ən azı yarısı Çin yuanı ilə idxal olunsun”, - məktubda deyilir.
AzVision.az




Teqlər: İran   Çin  





Xəbər lenti