İmtahan suallarını "bilən bunker müəllimləri": İllüziya, yoxsa reallıq

 İmtahan suallarını "bilən bunker müəllimləri": İllüziya, yoxsa reallıq
  29 İyun 2023    Oxunub:2921
Orta məktəb şagirdikən imtahan suallarının hazırlandığı “bunker” deyiləndə Bakıdan kənarda və ya dənizin ortasında hər yerlə əlaqəsi kəsilmiş gəmidəki bir məkan gözümün önündə canlanırdı. Çünki həmin dövrdə övladları imtahan verən valideynlərin müzakirələri mənim belə qənaetə gəlməyimə səbəb olmuşdu. Sualları hazırlayan “sirli şəxslərin” kim olması mənə də maraqlı gəlirdi. Az keçmədən “Bunker müəllimi” adı ilə müəyyən şəxslər repetitorluğa başladı. İddia edilirdi ki, onlar sual kitabçalarının birbaşa hazırlanmasında iştirak etdikləri üçün bütün testləri bilirlər. Buna görə də guya “Bunker müəllimi”nin hazırladığı abituriyentlər yüksək nəticə göstərir. Bu reklam sözün əsl mənasında həmin müəllimlərin yaxşı piarı olmuşdu.
Bəs “Bunker müəllimi” reallıq idi, yoxsa, sadəcə bir illuziya?
Əvvəlcə “bunker” adlandırılan məkana və buradakı proseslərə nəzər salaq. “Bunker” Dövlət İmtahan Mərkəzinin (DİM) hazırda yerləşdiyi inzibati binanın nəzdindəki qapalı bir məkandır. Bu, nə yerin altındakı zirzəmi, nə də dənizin ortasındakı gəmidir. Bura internetə çıxışı olmayan, heç bir mobil vasitə istifadə edilməyən və kənarla əlaqəsi olmayan qapalı bir məkandır.

DİM-in dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva bildirib ki, ilk dövrlərdə imtahan sualları Bakıdan çox kənardakı məkanda hazırlandığı üçün insanlar arasında belə məlumatlar yayılırdı:

“Artıq uzun müddətdir ki, qapalı şəraitdə test kitabçalarının hazırlanması elə DİM-in inzibati binasının 8-ci mərtəbədə həyata keçirilir. İmtahandan öncə əməkdaşlıq etdiyimiz ekspertlər bura dəvət edilir və hazırlanacaq test kitabçalarının sualların üzərində redaktə işləri görülür”.

“Bunker”də qalma müddəti imtahanda iştirak edəcək kontingentin böyük və ya kiçikliyindən asılı olaraq dəyişə bilir. İri həcmli imtahanlarda, məsələn, buraxılış və ya ali təhsil müəssisələrinə qəbul imtahanlarında 7 gün qapalı şəraitdə qalınır.


K.Hacıyeva deyir ki, bura sual kitabçalarının çap prosesi də daxildir. Elə ən çox vaxtı aparan da bu müddət olur. Amma 1000 nəfərlik kontingentin imtahanında ekspertlər qapalı məkanda 1-2 gün qalırlar.

Bəs sual kitabçaları necə hazırlanır və ekspertlər necə seçilir?

K.Hacıyeva bildirib ki, imtahan gününə çox az vaxt qalmış ekspertlərlə əlaqə saxlanılır və onların həmin dövr üçün uyğunluğu soruşulur.

- Kimsə öncədən hansısa imtahanda iştirak edəcəyini bilmir. Ekspertlər razılıq verdikdən sonra işlədikləri müəssisələrə məktublar göndərilir ki, qapalı şəraitdə olacaqları dövrdə onlara problem yaradılmasın. Daha sonra qeyd olunan saatda şəxslər Dövlət İmtahan Mərkəzinə yaxınlaşır, qeydiyyatdan keçir, binanın 8-ci mərtəbəsinə qalxır. Burada ətraflı yoxlanıldıqdan sonra içəri keçirilir. Bundan sonra imtahana hazırlıq prosesi başlayır, K.Hacıyeva əlavə edib.

1998-ci ildən DİM-lə əməkdaşlıq edən və 2020-ci ildən fizika fənni üzrə ekspert kimi çalışan Əlövsət Rəcəbli iki illik fasilələrlə imtahan sual kitabçalarının hazırlanmasında iştirak edib.

“Bunker”ə telefon, texniki vasitə ilə daxil olmaq qadağandır. Yəni, burada olduğumuz 4-5 gün ərzində xarici aləmlə əlaqə olmur. Yalnız istirahət vaxtı televizora baxmaq mümkündür. “Bunker”də bütün ekspertiza işləri ekspertlər üçün ayrılmış otaqlarda aparılır. Həmin otaqdan hər hansı yazı işi, kitab və s. çıxardılması qəti qadağandır.

Əvvəlcə ekspertlər tərəfindən 3 rəqəmli təsadüfi ədədlər deyilir. Test bankında 10 minlərlə müxtəlif vaxtlarda tərtib olunmuş və ilkin ekpertizadan keçmiş tapşırıqlar mövcuddur. Bu rəqəmlər altında kodlaşdırılmış suallar bankdan çap olunaraq (2 variant-60 sual) iş otağında ekspertlərə təhvil verilir. Ekspertlər hər fənn üzrə qəbul proqramında olan bütün mövzuları əhatə edən 2 variantdan 1 variant seçirlər. Seçilmiş variant üzərində ekspertiza işləri həyata keçirilir” .


Ə.Rəcəbli qeyd edib ki, ekspertizada test tapşırıqlarının DİM tərəfindən verilmiş texniki tapşırığa, orta məktəb proqramına, kurikulum proqramının standartlarına, test tapşırıqlarının yazılmasında dil üslubuna, qapalı testlərin distraktorlarına, qrafik və şəkillərin düzgün və anlaşılan şəklə salınmasına, tapşırıqların imtahanda həll olunma vaxtına, testologiyanın prinsiplərinə uyğun olmasına və digər məsələlərə diqqətlə baxılır.

Seçilmiş tapşırıqlar dəfələrlə ekspertizə edilir, ən kiçik qüsurlar da aradan qaldırılır və hər dəfə yenidən çap olunur. Tapşırıqlar tam qüsursuz vəziyyətə gətiriləndən sonra nəzarətçilərə təhvil verilir. İmtahan günü hər fənn üzrə tamam başqa ekspertlər dəvət olunur və onlar da test tapşırığını (artıq imtahana göndərilmiş test kitabçalarındakı sualları) ekspertizə edərək cavabları şablonla yoxlayırlar. İmtahan yekunlaşandan sonra ekspertlər qapalı şəraitdən çıxırlar ”, Ə.Rəcəbli vurğulayıb.


Yəni “bunker”də olan dövrdə ekspert sıfırdan sual hazırlayıb test işləyə bilməz. Bu, testologiya qaydalarına ziddir. Hər bir tapşırıq bir neçə ekspert tərəfindən yoxlanılmalı, ekspertiza olunmalı, sonra test bankına daxil olmalıdır.

K.Hacıyeva qeyd edib ki, test bankı illərlə yığılmış, dəfələrlə ekspertiza olunmuş suallardan hazırlanır:
“İmtahanların məzmunundan asılı olaraq, özündə potensial hiss edən istənilən şəxs hazırladığı test tapşırıqlarını Dövlət İmtahan Mərkəzinin rəsmi səhifəsində qeyd olunan ünvana göndərə bilər. Sualların göndərilməsi hələ onların qəbul olunması deyil. Suallar mərkəzin hər fənn üzrə kuratoru tərəfindən filterdən keçirilir. Qoyduğumuz tələblərə, proqrama, sualların formatı və struktururuna uyğunluğuna baxıldıqdan sonra ekspertizaya ötürülür. Hər bir sual ən azı iki ekspert tərəfindən ekspertiza olunduqdan sonra test bankına düşür. Beləliklə, testlərin daxil olduğu bank hövzəsi formalaşır.

Test bankı tez-tez təftiş olunur. İstifadəyə uyğun olmayan, proqramdan çıxmış materialların yararsızlığı müəyyən edildikdən sonra bankdan çıxarılır. Test bankından eyni sualların ardıcıl imtahana düşməsi mümkün deyil. Proqram elə işlənilir ki, yaxın 3-5 il ərzində imtahanda olan suallar növbəti test kitabçasına salınmır. Yalnız 5-10 il əvvəl olan suallar bu gün üçün aktualdırsa, onların yenidən sual kitabçalarına salınma ehtimalı mümkündür”, DİM-in şöbə müdiri qeyd edib.


Bəs “bunker” ekspertləri sualları hazırlayan şəxslərlə eyni ola bilər? Bu zaman məxfilik necə qorunur?

K.Hacıyeva qeyd edib ki, sualları hazırlayan şəxslər “bunker”də ekspert kimi işləyə bilər:
“Qapalı şərait dünyadan təcrid olunmuş mühitdir və bu mühitdə çalışmağı hər kəs bacarmır. Şəxsin sağlamlığı və psixoloji durumu orada işləməyə şərait yaratmalıdır. Bura kənardan gəlmiş şəxs tamamilə qapalı şəraitdə işləyə bilməz. Test tapşırıqlarını təqdim edən ekspertlərlə biz müqavilə bağlayırıq. Müqavilənin şərtlərində şəxslər test tapşırıqlarının məxfiliyinin qorunması haqqında öhdəlik götürür. Dolayısı ilə hazırladıqları sualları üçüncü şəxsə verə bilməz. Buna görə məsuliyyət daşıyırlar. Digər tərəfdən test bankı böyükdür və konkret olaraq hansısa bir şəxsin testlərindən ibarət deyil. Burada obyektivliyi təmin etmək üçün çoxsaylı ekspertlərlə əməkdaşlıq edirik.

Mərkəzin ekspertiza zallarında da bir sıra fənlər üzrə test tapşırıqları hazırlanır. Məsələn, mətn tipli tapşırıqları kimsə evindən hazırlayıb göndərə bilməz. Ekspert dəvət olunur və test tapşırıqları kamera nəzarətində hazırlanır. Hətta övladı və yaxını imtahan verəcək şəxslər həmin ili “bunker”də ekspert kimi çalışa bilməz. Bu barədə əvvəlcədən məlumat verilməlidir”, K.Hacıyeva əlavə edib.

Digər ölkələrdə imtahanların keçirilməsinə dair təcrübə

Azərbaycanda olduğu kimi bir sıra ölkələrdə də imtahanların sualları tam qapalı şəraitdə hazırlanır. Lakin yarım qapalı şəraitdə test kitabçalarını hazırlayan ölkələr də var. Buna misal olaraq Gürcüstanı göstərmək olar. SAT Amerikada universitetlərə qəbul olmaq üçün təşkil edilən standart imtahandır və Azərbaycanda kifayət qədər yayılıb. SAT imtahanının sual kitabçaları tam qapalı şəraitdə hazırlanır. Türkiyədə YÖS imtahanları keçirilir və imtahanda düşəcək sualların test bankından çıxarılması, ekspertiza aparılması işi təşkil edilir. Onların qapalı şəraitdə apardıqları iş bizimkindən qat-qat artıqdır. Belə təcrübə Cənubi Koreyada da var. Bizdən fərqli olaraq onlarda ekspertlər şəhərdən kənar məkanda yerləşdirilir və test bankı üçün suallar həmin dövrdə yazılır. Ona görə Cənubi Koreyada bu proses bir ay çəkir. Çində, Qazaxıstanda da imtahan sualları tam qapalı şəraitdə hazırlanır.

Beləliklə, sual hazırlayan müəllim və ekspertlərin imtahan öncəsi heç nədən xəbəri olmur. Bütün bunlar “bunker müəlllimi”nin bütün test tapşırıqlarını bilməsi haqqında şayiələrin bir illüziya olduğunu göstərir. Bunu 40 ilə yaxın abituriyent hazırlığı, repetitorluqla məşğul olan, eyni zamanda DİM-in eksperti olan Əlövsət Rəcəbli də təsdiqləyib.

Abituriyentlərə test tapşırığı öyrədilmir. Onlara nəzəri bilik verilir. Əgər abituriyent bütün mövzuları nəzəri olaraq mükəmməl öyrənərsə, onda istənilən test tapşırıqlarını həll edə bilər. Test tapşırıqlarının həlli nəzəri bilik və bacarığın qiymətləndirmə vasitəsidir. “Bunker”də olduğum hallarda mənim hazırladığım testlərdən 1 ədəd belə imtahana düşməyib. Bu halın ehtimalı çox azdır”.

Ə.Rəcəbli dəfələrlə “bunker”də olmasına baxmayaraq, “bunker müəllimi” ifadəsi və həmin şəxslər haqqında yayılan fikirlərlə qətiyyən razı deyil:
““Bunker müəllimi” adlandırılan şəxslər hər fənn üzrə ekspertlərdir. Bu ekspertlər qapalı şəraitdə test bankından müəyyən üsullarla seçilmiş testlərin ekspertizasını həyata keçirir. Yəni, onlar “bunker”də test tapşırıqları yazmırlar və imtahan üçün hansı test tapşırıqları seçiləcəyini əvvəlcədən bilmirlər. İctimaiyyətdə (orta təhsil müəssisələrində, valideynlər arasında) “Bunker müəllimləri” haqqında yayılan bu kimi fikirlər tam yanlışdır. Özlərini “bunker müəllimləri” adlandıran şəxlərdən heç birinin “bunker” haqqında təssəvvürü yoxdur. Demək olar ki, bunların hamısı bu addan istifadə edərək, hətta düşəcək sualları bildiyini iddia edərək yalandan özlərini reklam edir, çoxsaylı abituriyent toplamaq məqsədi güdür. Bunu sosial şəbəkələrdən də müşahidə etmək olar”.

“Bunker müəllimi”ni adi məktəb müəllimindən fərqləndirən cəhət onun DİM-lə əməkdaşlıq etməsidir (əgər həqiqətən ekspert kimi çalışırsa). Repetitorluqla məşğul olanlar bu addan istifadə edərək özünə kontingent yığır və adi müəllimlərin 50 manata gördüyü işi 150 manata edir. Bu gün DİM-lə əlaqəsi olmayan elə müəllimlər var ki, onların sinifləri ən yüksək nəticələr göstərir. “Bunker müəllim”i testləri bilə bilməz. O, testologiyanı, proqramı bilə bilər ki, bunu adi müəllim xüsusi buraxılış jurnallarını oxumaqla, mütaliə etməklə, DİM-in seminarlarına qoşulmaqla da edə bilər. Həmçinin bu tip müəllimlərin hazırlıqlarında da abituriyent sıxlığı çox olur və onların öyrənmə faizi də azalır. Nəticədə isə valideynlər aldadılır.

Bir sözlə, illüziyanın yaratdığı yalançı reallıq abituriyent və onun valideyninə boş vəd və sondakı uğursuzluqdan başqa heç nə gətirmir.

Aytən Bağırova
“Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin “Bunker müəllimi: illüziya və reallıq” mövzusunda təşkil etdiyi müsabiqəyə təqdim olunur”

AzVision.az


Teqlər: DİM   İmtahan   Bunker  





Xəbər lenti