ATƏT-in ən nüfuzlu sədrinin ciddi səfəri - TƏHLİL

ATƏT-in ən nüfuzlu sədrinin ciddi səfəri - TƏHLİL
  04 İyun 2014    Oxunub:1244
İsveçrə Konfederasiyasının prezidenti və xarici işlər naziri, eyni zamanda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədri Didye Burkhalter Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində ilkin olaraq Azərbaycana gəldi və azərbaycanlı həmkarı İlham Əliyevlə yanaşı digər rəsmilər ilə müvafiq görüşlər keçirdi. Yayılan məlumata əsasən, səfərin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli və ikitərəfli münasibətlərin müzakirə edilməsidir. ATƏT sədri Azərbaycan sonra Ermənistan və Gürcüstana səfər edib.

Didye Burkxalter Ukraynada böhranın başlanması ilə təxminən eyni vaxtda, yəni 2014-cü ilin 1 yanvar tarixindən İsveçrənin prezidenti və ATƏT-in sədri kimi fəaliyyətə başlasa da, elə məhz bu böhranın fonunda qısa müddət ərzində dünya miqyasında mühüm təsirə malik fiqurlardan birinə çevrilə bildi.

Rusiyanın Krımı ilhaq etməsi, ardınca Ukraynanın şərq əyalətlərinidə gərginliyin başladığı bir dönəmdə Qərb dövlətləri gərginliyin azaldılması üçün Putini dialoqa səsləyir, Kremllə nə yolla olursa-olsun, dil tapmaq və bununla Ukraynada prezident seçkiləri keçirilənədək vaxt udmağa çalışırdı. ABŞ dövlət katibi Con Kerri, AB-nin xarici işlər üzrə komissarı Ketrin Eşton dəfələrlə Moskvanı dialoqa dəvət etsələr də, Kremldən müsbət cavab ala bilmirdilər. Məhz belə bir məqamda, Didye Burkxalter ATƏT-in fəaliyyətdə olan sədri qismində aprelin 8-də Rusiya prezidenti Vladimir Putinlə görüşməyə nail olur. Maraqlıdır ki, Burkxalter Putini mövqeyində geri çəkilməyə vadar edə bilir. Bu görüşdən sonra Putin Ukraynada keçiriləcək prezident seçkilərini dəstəkləyəcəyini, Ukrayna sərhədlərinə cəmləşən rus qoşunlarını geri çəkəcəyini bəyan etdi, eyni zamanda Donetsk və Luqansk əyalətlərindəki separatçılara refererendumu təxirə salmalarını məsləhət gördü.

Doğrudur, separatçılar Putinin “tövsiyəsi”nə baxmayaraq, referendum keçirib özlərini “müstəqil” elan etdilər. Buna baxmayaraq, Putinin bu bəyanatı regionda gərginliyin azaldılmasında həlledici rol oynadı və məhz ATƏT sədrinin vasitəçiliyi ilə Ukrayna-ABŞ-AB-Rusiya formatında Cenevrə danışıqları baş tutdu. Bu, onu göstərdi ki, Putin Amerika və Avropa rəsmilərinin bəyanatlarını saya salmadığını açıq şəkildə bəyan etməsinə baxmayaraq ATƏT-in sədri ilə hesablaşmalı oldu.

Maraqlıdır, Putinin Burkhalterlə hesablaşmasının səbəbi nədir?Yəni BMT Baş Assambleyasının qətnaməsini heçə sayan, Ukraynanın ərazi bütövlüyünün toxunulmazlığı barədə Rusiyanın da imza atdığı beynəlxalq müqaviləni görməzdən gələn Putin nəyə görə ATƏT-in təlimatlarına riayət etdi, yaxud ən azından riayət etdiyini göstərməyə çalışdı?

Güman ki, bu sualın cavabı ATƏT-ə sədriyin məhz İsveçrə tərəfindən həyata keçirilməsi ilə bağlıdır. Rusiyalı ekspertlər dəfələrlə vurğulayıblar ki, Rusiyaya qarşı ən ağır sanksiya prezident və onun ətrafında olan oliqarxların hesablarının dondurulması ola bilər. Beynəlxalq səviyyədə neytrallığı tanınan, Avropanın mərkəzində yerləşən, lakin Avropa Birliyinə üzv olmayan İsveçrə dünyada ən etibarlı bank sisteminə malik dövlətdir. Amerika dəfələrlə öz vətəndaşlarının vergidən yayınmasının qarşısını almaq məqsədilə İsveçrə banklarından həmin vətəndaşların bank hesabları barədə məlumat əldə etmək istəsə də, buna nail ola bilməyib.

AB ilə İsveçrə arasında hüquqi islahatlarla bağlı hələ də fikir ayrılığı mövcuddur. AB İsveçrədən məhkəmə sistemini özünə uyğun qurulmasını təmin etmək üçün islahatların keçirilməsini tələb edir. Belə olan halda avropalılar məhkəmə qaydasında hansısa şəxsin bank hesabları barədə məlumat əldə edə, yaxud sanksiya tətbiq etməyə ümid edirlər. Bütün bunlara baxmayaraq İsveçrənin bank sistemi konfedensiallığı qorumağı özünün əsas üstünlüyü hesab edir. Putinin, yaxud onun yaxın ətrafının İsveçrə banklarında hesabının olub olmaması barədə hansısa məlumat yayılmasa da, Rusiya rəsmilərinin İsveçrə dövlətinin bank xidmətlərindən yararlanmadığını iddia etmək sadəlövhlük olar. İsveçrə rusların bank hesablarının dondurulması bir yana, hesablar barədə məlumat sızdırsa belə bunun Rusiya rəhbərliyinə neçə böyük zərbə olacağını proqnozlaşdırmaq o qədər də çətin deyil.

İsveçrədə mənşəyi bilinməyən və hesabatı yalnız bu ölkədə aparılan böyük miqdarda kapital toplandığı üçün ölkə əsas gəlirini də xarici iqtisadiyyatlara kapital qoyuluşundan əldə edir. İsveçrənin ÜDM-nin 65-70 faizi xarici ölkələrə qoyulmuş kapitaldan gələn gəlir hesabına formalaşır. Qərb ölkələrinə bağlı olan transmilli şirkətlərin Rusiyadan kapitalını geri çəkdiyi bir dövrdə, İsveçrənin də Moskvadan üz döndərməsi əlavə zərbə ola bilər.

Odur ki, Putinin Burkhalterlə hesablaşması tamamilə başadüşüləndir.

Belə bir məqamda Azərbaycana səfər edən ATƏT sədri bildirir ki, Dağlıq Qarabağ probleminin `Madrid prinsipləri`nə uyğun həllinə tərəfdardır. Bu, Minsk qrupunun amerikalı həmsədri Uorlikin açıqladığı prinsiplərdir ki, Azərbaycanın işğal olunmuş yeddi rayonunun ilkin mərhələdə boşaldılmasını nəzərdə tutur. Burkhalterin belə bəyanat verməsi xüsusi önəm daşıyır, çünki, ATƏT sədri bəlkə də qurumun tarixində ilk dəfə Rusiyaya təsir etmək imkanlarına malikdir. Güman ki, ATƏT sədri bu imkanından münaqişənin həlli üçün istifadə edəcək.

Digər vacib məqam isə ondan ibarətdir ki, Burkhalter İsveçrənin iş adamlarının Azərbaycan sənaye və iqtisadiyyatına kapital qoymaq arzusunda olmalarını açıqlaması ilə bağlıdır. Məlumdur ki, İsveçrə geniş kapital qoyuluşu siyasətinin həyata keçirilməsinə üstünlük versə də, riskli bazarlara girməkdən ehtiyatlanır. İsveçrə sabit inkişafa malik, itki riski faktiki olmayan iqtisadiyyatlara kapital qoyuluşu həyata keçirir.

BurkHalterin bu bəyanatı birincisi, Azərbaycanın etibarlı iqtisadi inkişafa nail olduğunu, ikincisi isə, ölkəmizə böyük miqdarda investisiya axımının həyata keçiriləcəyinin göstəricisidir.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti