Qarabağ erməniləri 2 separatçı qrupun əsirinə çevrilib

   Qarabağ erməniləri    2 separatçı qrupun    əsirinə çevrilib
  10 Avqust 2023    Oxunub:1269
Qarabağ separatçıları arasında ikitirəlik yaranıb. Qondarma "Milli Dirçəliş Partiyası"nın sədri Hayk Xanumyan yerli ermənilərin iki siyasi qütbləşmənin əlində qalmasından gileylənib.
O qeyd edib ki, hazırda rus sülhməramlılarının müvəqqəti məskunlaşdığı bölgədə iki siyasi cərəyan var.

Birinci cərəyan ermənilərin "Artsax" adlandırdıqları Azərbaycan ərazilərinin əldən çıxarmaları ilə barışan, yalnız bir məqsədi olan indiki və keçmiş "prezidentlər"dən ibarət qrupdur. Onlar qanunsuz yollarla topladıqları sərvətlərini qorumağa çalışırlar.

Xanumyan qeyd edib ki, həmin qrup aktiv şəkildə Qarabağdakı kapitallarının monetizasiyası ilə məşğuldur.

Separatçılar arasında yeni xaos - Xankəndidə 3 cəbhə formalaşıb
"Bu qrupda olanların özlərinin çirkli pullarını yuyanları, öz partiyaları və fəalları var. Bu, Ruben Vardanyanın və dörd "parlament" qüvvəsinin də daxil olduğu "prezident qrupu" hazırkı vəziyyətdən çıxış yolu təklif etmir. Lakin onların ümdə vəzifələri var: hakimiyyəti əldən buraxmamaq. Çünki hakimiyyətin itirilməsi mülklərdən məhrum olmağa səbəb olacaq", - Xanumyan qeyd edib.

İkinci cərəyan isə Qarabağ ermənilərini bu vəziyyətdən çıxarmağın yollarını aydın şəkildə göstərən, məsuliyyəti öz üzərinə götürməyə hazır olan Samvel Babayan və onun tərəfdarlarıdır. Onlar mütləq qanunsuz sərvətlərin milliləşdirilməsinə gedəcəklər: "Bu vəsait isə "Artsax"ın müqavimətini artırmaq üçün lazımdır".

Onun sözlərinə görə, yerli ermənilər sadə seçim qarşısındadır. Onlar Qarabağda yaşamaq, inkişaf etmək və güclənmək istəyirlərsə, Samvel Babayanı dəstəkləməlidirlər. Əgər xalq Arkadi Qukasyana, Bako Saakyana, Araik və onların ətrafındakıların sərvətlərini xilas etmək, Qarabağı tam itirmək və sərgərdan hala gəlmək istəyirsə, o zaman “prezidentlər partiyası”nın yanında dayanmaq seçimini etməlidir.

Qeyd edək ki, Samvel Babayan nisbətən loyal fikirləri ilə seçilir. O, hətta Xankədidə oturanların Rəsmi Bakıya qarşı çıxmasının deyil, Azərbaycanla normal danışıqlar aparmağın tərəfdarıdır.

Samvel Babayan 1994-2000-ci illərdə qondarma rejimin "müdafiə ordusunun" rəhbəri olub. Bir neçə aydır ki, erməni mediası Babayanın Xankəndidə mühüm vəzifə tutmağa hazır olduğunu yazır. Qarabağda olan əksər separatçılar isə ona qarşı çıxırlar. Hətta siyasətçilərdən biri "Samvel Nikol Paşinyanın tezislərini gündəmə gətirir” deyib.

Ruben Vardanyan isə ötən il Rusiyadan Xankəndiyə bəlli məqsədlər üçün göndərilmişdi. Onun Xankəndiyə gələn kimi "nazir" təyin edilməsi birmənalı qarşılanmamışdı. Rəsmi Bakının bu siyasi oyuna sərt şəkildə təpki verməsi nəticəsində Vardanyan vəzifədən uzaqlaşdırıldı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Qarabağ   Separatçı  





Xəbər lenti