Vəkil Avraam Berman: “İnsanlar işlə zövq üçün deyil, pul qazanmaq məqsədilə məşğul olurlar”

      Vəkil Avraam Berman:    “İnsanlar işlə zövq üçün deyil, pul qazanmaq məqsədilə məşğul olurlar”
  20 Sentyabr 2023    Oxunub:1691
Vzglyad.az-ın uğurlu vəkillərdən biri, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Avraam Berman ilə müsahibəsi.
- Azərbaycanda necə uğurlu vəkil olmaq olar?
- Uğurlu vəkil olmaq üçün bunu çox istəmək və buna necə nail olacağını bilmək lazımdır. Düşünürəm ki, mən uşaqlıqdan bunu istəmişəm. Anar Bağırov Vəkillər Kollegiyasının sədri olana qədər vəkillik peşəsi məni o qədər də cəlb etmirdi. Əvvəllər hüquqşünaslar əsasən məhkəmədə sadəcə qanunları oxuyardı. İnsanlar isə çox vaxt vəkillərə deyil, hakim köməkçilərinə, prokurorlara və ya müstəntiqlərə müraciət edirdilər. Üstəlik, məhkəmədə müdafiə tərəfinin nümayəndəsi olaraq şirniyyatçı kimi peşəkar təhsil almış şəxsə rast gəlmək olardı.
İnsanların çoxunun istedadlı olmasına mane olan məsələ onların işləri ilə zövq üçün deyil, pul qazanmaq məqsədilə məşğul olmalarıdır. Bu, doğru deyil.
Amma pul haqqında düşünməyəndə və sevdiyiniz işlə məşğul olmağa başlayanda pul özü gəlir. Açığı, pul məni heç vaxt maraqlandırmayıb.

-Hüquq sahəsində çətin vəzifələrdən biri müştərilərin etimadını qazanmaqdır. Bəs müştəriləriniz sizə güvənirmi? Onların etimadını qazanmaq üçün nə etmisiniz?
- Müştərimin istədiyi nəticəni əldə etmişəm. Mən hər zaman özümə sadə sual verirəm: “Müştərim məndən nə istəyir, hansı nəticəni gözləyir?”. Bir gün mənə bir qadın müraciət etdi. Daha əvvəl bütün vəkillər qəti surətdə onun işini götürməkdən imtina etmişdilər, çünki onun KİV-ə qarşı qaldırdığı iddiasını hüquqi baxımdan necə əsaslandıracaqlarını bilmirdilər. Bundan başqa, həmin qadın öz sosial statusu barədə çox danışırdı və yumşaq desək, özündən çox razı insan idi. Belə hallarda diqqəti məhz problemə yönəltmək vacib məsələdir. Bir neçə yaradıcı ideya nəticəsində bu məhkəmə işini qazandıqdan sonra həmin qadının rəfiqələri mənə müraciət etməyə başladı.

- Belə müştərilərlə işləmək çətindir?
-Xeyr, amma belə müştərilərin özünəməxsus xüsusiyyətləri var. Axı, qadınlar mahiyyətcə prinsipialdırlar və onlar prinsiplərdən başqa heç nəyi qəbul etmirlər. Bundan əlavə, qadınlar emosionaldırlar. Odur ki, onları “nəzarətdə saxlamaq” lazımdır.

- Vəkilə hər şeyi danışmaq olar?
-Lazımdır. Bu vacibdir. Əslində, həqiqəti söyləmək məhz müştərinin xeyrinədir. Bundan vəkilin hansı məsləhətləri verəcəyi və hansı sübutları axtaracağı asılıdır. Elə olur ki, müştəri natamam və ya bir qədər dəyişdirilmiş məlumat verir. O düşünür ki, bu, elə də mühüm əhəmiyyət kəsb etmir. Amma daha sonra verdiyi məlumatlara görə “sürpriz”lə qarşılaşır. Təəssüf ki, bu ona gətirib çıxarır ki, o, yalnız vəziyyətini daha da qəlizləşdirir və özü-özünə qarşı “sübutları gücləndirir”. Nəticədə istintaqa deyilənləri düzəltmək artıq mümkün deyil və ya çox çətindir.

- Məhkəmədə nələri danışmaq olmaz?
- İlk növbədə, nəinki qarşı tərəfə, hətta hakimə qarşı da təhqiramiz ifadələr söyləmək olmaz. Yalan və ya qeyri-dəqiq məlumatlardan istifadə edilməməlidir. Bu, işin gedişatına ciddi təsir göstərə bilər. Toplanmış məlumatların düzgünlüyünə əmin olmaq lazımdır.

Qızıl qayda: alacağınız cavabdan əmin deyilsinizsə və ya onun mahiyyətini başa düşmürsünüzsə, sual verməyin. Bəzi müştərilər əmindirlər ki, onlar sual verən zaman opponentləri dürüst cavab verəcəklər. Belə hallarda hər zaman müştəriyə xəbərdarlıq edirəm: “Dürüst şəkildə cavab verəcəklərinə əminsinizmi?”.

Opponentləri qiymətləndirməmək düzgün deyil. Çünki gec-tez qarşı tərəfin qəfil istifadə etdiyi arqumentə cavab verməyə hazır olmaya bilərsiniz. Məhkəmə iclasına hazırlıq prosesi zamanı müəyyən bir anda opponent kimi düşünür, özümü onun yerinə qoyuram. Onun əvəzinə bütün arqumentləri fikirləşirəm və daha sonra bu arqumentləri “darmadağın edirəm”.

- Vəkilin hakimlər, prokurorlar və müştərilərin xoşuna gəlməsinə ehtiyac varmı?
- Əgər kiminsə xoşuna gəlmək istəyərsəm, bu, mənim böyük səhvim olar. Heç də hər kəsin xoşuna gəlmədiyimi düşünmək bəzən mənə xoş olur. Amma bu, vacib məsələ deyil. Məhkəmə zalında yalnız bir nəfərlə - hakimlə danışmaq lazımdır. Məhkəmə mənim sözlərimin məntiqli olduğunu görməli və tərəfimi tutmalıdır. Məhkəmənin arqumentlərimi qəbul etməsi üçün mənim həqiqətimi bəyənməlidir.

- Heç bir pul müqabilində götürməyəcəyiniz iş kateqoriyaları varmı?
- Zərərçəkənin azyaşlı, müştərimin isə təqsirləndirilən şəxs olduğu işi götürmürəm. Məsələ burasındadır ki, ola bilər ki, tam soyuqqanlı ola bilməyəcəyim üçün müştəriyə peşəkar hüquqi yardım göstərə bilmərəm. Bu, əlində skalpel olan cərrahın əməliyyatdan qabaq əllərinin titrəməsinə bənzəyir. Yəni emosiyalarla bağlı olan məsələdir.

-Təcrübənizdən xatırladığınız və peşəkarlıq nöqteyi-nəzərdən sizin üçün vacib olan ən maraqlı işləri qeyd edə bilərsinizmi?
-Maraqlı işlərdən biri: müştəri övladlarını qaytarmaq istəyən ana, qarşı tərəf isə onları gizlədən ata idi. Təxminən 4 ay ərzində ata ölkənin bir rayonundan digərində gizlənirdi. Bizə “ana və uşaqlar arasında ünsiyyət haqqında” məhkəmə qərardadı daxil olduqdan sonra onun icrası uşaqların atasının qeydiyyatda olduğu rayonun məhkəmə icraçısına göndərilib. Amma ata bu və ya digər rayonda yaşadığına dair arayışlar ala bilirdi. Qanuna görə, məhkəmə icraçısı işi yaşayış yeri üzrə rayonun məhkəmə icraçı orqanına göndərməlidir. Əlbəttə ki, o, axtarışda idi, amma bununla bağlı heç bir nəticə yox idi. Odur ki, mən hiylə işlətməli oldum. Belə ki, uşaqların atasının köhnə dostunu tapdım. O, həmin şəxsdən bir dəfə pul götürüb və qaytarmayıb. Mən onu polisə dələduzluqla bağlı şikayət verməyə inandırdım. Bunun arxasında bizim dayandığımız uşaqların atasının ağlına belə, gəlməzdi. Doğrudur, o, polis əməkdaşı tərəfindən çağırılan zaman polis bölməsinə gəlmədi, lakin şikayətçi ilə görüşmək və təfərrüatları müzakirə etmək istədi. Bizə isə sadəcə onların görüşünü gözləmək və axtarış şöbəsinin əməkdaşını həmin yerə göndərmək qalırdı. Amma bu da ən maraqlı hissə deyil.

O, saxlanıldıqdan sonra uşaqlar analarına təhvil verilib. Boşanma məhkəməsi davam edərkən ata uşaqlarla ünsiyyət üçün məhkəməyə müraciət etdi. Məhkəmənin qərarına əsasən, ana ataya uşaqlarla ünsiyyət imkanı yaratmağı öhdəsinə götürdü. Amma ata uşaqlarla görüşəndən sonra yenə onları götürərək gizlənə bilib. Yadımdadır ki, uşaqların anası kabinetimə gəlib bu sualı verdi: “Yaxşı, biz yenə məhkəməyə müraciət edəcək və atanın arxasınca qaçacağıq?” Həmin vaxt o bilmirdi ki, mən belə bir vəziyyətin yaranacağını qabaqcadan düşünmüşəm və buna hazıram. Məsələ burasındadır ki, uşaqlar anaya təhvil verildikdən sonra “uşaqla ünsiyyət” anlayışı hüquqi qüvvəsini itirib. Bu halda, tərəf “uşaqların anası ilə ünsiyyəti”nə müvəqqəti tədbir təyin edilməsi ilə bağlı yenidən müraciət etməli olacaqdı. Amma artıq bunu etməyə ehtiyac yox idi. Çünki bütün bunlardan əvvəl uşaqların babaları, dayıları və nənələri mənim məsləhətimə qulaq asaraq müxtəlif rayonların birinci instansiya məhkəmələrinə “uşaqlarla onlar arasında müvəqqəti ünsiyyətin təmin edilməsi üçün” ərizə ilə müraciət etmişdilər. Beləliklə, onların işləri üzrə icra vərəqələri uzun müddət ərzində ayrı-ayrı sahələr üzrə məhkəmə icraçılarının əlində idi. Sadəcə bunu məhkəmə icraçılarına bildirməyim qalırdı. Ata üçün isə üç məhkəmə icraçısının təzyiqi çox çətin vəziyyət yaratmışdı. Bundan sonra o, uşaqları könüllü olaraq analarına verib. İndi uşaqlar anaları ilə yaşayırlar. Müştəri görülən işdən razıdır, mən də nəticədən razı qalmışam.

-Hər hansı məhkəmə işinə başlamağa necə qərar verirsiniz? Bunun üçün işlər maraqlı olmalıdırmı?
-Bir işi götürməyə qərar verəndə həmin şəxsə kömək edə biləcəyimi anlamalıyam. Heç bir şey edə bilməyəcəyimi başa düşdüyüm təqdirdə həmin işi götürə bilmərəm. Yəni tunelin sonunda işıq görməliyəm.
İkincisi, məni anlayan, ortaq dil tapa biləcəyim, sadəcə vəkil tutduğunu düşünməyən insan, müştəri lazımdır.

Seymur Məmmədov
AzVision.az


Teqlər:





Xəbər lenti