“Şuşa Bəyannaməsi bütün istiqamətlərdə fəaliyyətin yol xəritəsidir” - Nazir

   “Şuşa Bəyannaməsi bütün istiqamətlərdə fəaliyyətin yol xəritəsidir” -    Nazir
  27 Oktyabr 2023    Oxunub:1254
Şuşa Bəyannaməsi iki ölkə arasında bütün istiqamətlərdə fəaliyyətin yol xəritəsidir.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib.

Anadolu Agentliyinin Türkiyə Respublikasının 100 illiyi layihəsi çərçivəsində reallaşdırılan müsahibədə nazir Ceyhun Bayramov Türkiyə Respublikasının 100-cü ildönümü ilə bağlı səmimi təbriklərini çatdırıb, qeyd olunan tarixin yalnız Türkiyə üçün deyil, bütün türk dünyası üçün çox əhəmiyyətli bir tarix və qürur mənbəyi olduğunu bildirib.

Türkiyənin bu gün müxtəlif istiqamətlərdə bütün dünyaya liderliyini nümayiş etdirən, beynəxalq səviyyədə strateji tərəfdaşlarının sayını artıran, ölkə tarixinin bəzi mərhələlərində açıq-aşkar xarici təhdidlərlə üzləşməsinə baxmayaraq bütün bu çətinlikləri qürur duyacaq şəkildə dəf edən bir dövlət olduğunu qeyd edib.

Qardaş Türkiyənin dünyanın aparıcı güc mərkəzləri tərəfindən qəbul edilən və hörmət edilən nadir ölkələrdən biri kimi bu gün beynəlxalq miqyasda uğurlu vasitəçilik siyasəti həyata keçirdiyini diqqətə çatdırıb.

C.Bayramov son illər sürətlə inkişaf edən Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsinə əsaslanan müttəfiqlik əlaqələri barədə fikirlərini bölüşüb. Türkiyənin ölkəmizin müstəqilliyini ilk tanıyan ölkə olduğunu məmnunluqla xatırladan nazir qardaş ölkə ilə mövcud tarixi, mədəni, milli və dini bağlılıqlardan söz açıb.

Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir kəlamlarına istinad edən nazir strateji tərəfdaşlıq səviyyəsindən müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərin arxasında xalqlarımızın iradəsinin, liderlərimizin qardaşlıq münasibətlərinin dayandığını, Türkiyənin siyasi və mənəvi dəstəyinin daima gücümüzə güc qatdığını xüsusilə vurğulayıb.

Şuşa Bəyannaməsinin əhəmiyyətinə toxunan nazir qeyd olunan sənədi iki ölkə arasında bütün istiqamətlərdə fəaliyyətin yol xəritəsi kimi xarakterizə edib, bu xüsusda reallaşdırılan mühüm nəqliyyat layihələri, mövcud əməkdaşlıq perspektivlərindən söz açıb.

Həmçinin, müsahibəsində Ce.Bayramov Azərbaycan və Türkiyə arasında bir-birinə qarşılıqlı dəstək məsələlərinə toxunaraq ölkələrimizin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal rolundan, üçtərəfli və dördtərəfli əməkdaşlıq platformalarında genişlənən əməkdaşlığımızdan bəhs edib.

Şuşa bəyannaməsinin həyata keçirilməsi ilə mövcud imkanların daha da genişləndiriləcəyinə əminliyini ifadə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti